Fəsil 114
Xatirə gecəsi
İSA MƏSİH həvarilərin ayağını yuyub qurtardıqdan sonra onlara Müqəddəs Yazılardan Məzmur 41:9 ayəsini sitat gətirir: «Mənimlə çörək kəsən mənə xəyanət etdi». Bu sözlərdən sonra o, daxilən həyəcan keçirir və bəyan edir: «Sizlərdən biri məni satacaq».
Bunu eşidəndə həvariləri qəm-qüssə bürüyür və bir-bir ondan soruşurlar: «Ağa, bu mən deyiləm ki?» Hətta Yəhuda İskariot da bu sualı verir. İsanın yanında əyləşən Yəhya ona tərəf əyilib soruşur: «Ağa, sən kimi deyirsən?»
İsa cavab verir: «O adam mənimlə bir qabdan yeyən on iki həvaridən biridir. Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi, gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı». Bundan sonra Şeytan Yəhudanın ürəyinin korlandığından istifadə edərək yenidən onun qəlbinə girir. Bir qədər sonra İsa yerində olaraq Yəhudanı «həlaka məhkum edilmiş adam» adlandırır.
O, Yəhudaya deyir: «Nə edəcəksənsə, tez elə». O biri həvarilər İsanın nəyi nəzərdə tutduğunu başa düşmürlər. Pul qutusu Yəhudada olduğu üçün bəziləri elə bilir ki, İsa ona: «Bayram üçün lazım olan şeyləri al», — deyir, yaxud da gedib kasıblara bir şey paylamağı tapşırır.
Yəhuda gedəndən sonra İsa sadiq həvariləri ilə yeni bir bayram, Xatirə Gecəsini təsis edir. O, çörək götürür, Allaha şükür edir, çörəyi bölür və həvarilərə verərək deyir: «Götürün, yeyin». Sonra izah edir: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin».
Onların hər biri bu çörəkdən yeyir. Sonra İsa əlinə şərab camını götürür. İsa yenə də Allaha şükür edir, camı həvarilərinə ötürür və xahiş edir ki, ondan içsinlər. O deyir: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir».
Beləliklə, bu, İsanın ölümünün Xatirə Gecəsidir. İsanın dediyi kimi, onu hər il nisanın 14-ü yad etmək lazımdır. Bu hadisə Xatirə Gecəsində iştirak edənlərə İsanın və onun Atasının bəşəriyyəti ölümün pəncəsindən qurtarmaq üçün nələr etdiklərini xatırladacaqdı. İsanın əslən yəhudi olan davamçıları üçün bu mərasim Pasxanı əvəz edəcəkdi.
İsanın tökülən qanı vasitəsilə qüvvəyə minən yeni əhd köhnə Qanun əhdini əvəz edir. İsa Məsih Yehova Allahla 144 000 məsh olunmuş məsihçilər arasında vasitəçi rolunu oynayır. Yeni əhd günahların bağışlanması ilə yanaşı, yeni bir xalqın — padşah-kahinlərdən ibarət səmavi xalqın təşkil olunmasına imkan yaradır. Matta 26:21—29; Mark 14:18—25; Luka 22:19—23; Yəhya 13:18—30; 17:12; 1 Korinflilərə 5:7.
▪ İsa bir yoldaşı ilə bağlı Müqəddəs Yazılardan hansı ayəni sitat gətirir və nəyi bəyan edir?
▪ Həvarilər nəyə görə kədərlənirlər və hər biri nə soruşur?
▪ İsa Yəhudaya nə deyir və o biri həvarilər bunu necə başa düşürlər?
▪ Yəhuda gedəndən sonra İsa hansı mərasimi təsis edir və bu mərasim hansı məqsədə xidmət edir?
▪ Yeni əhd kimlər arasında bağlanır və bunun sayəsində nə mümkün olur?