Müqəddəs Yazıların kitabı nömrə 38 Zəkəriyyə
Yazan: Zəkəriyyə
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. 518-ci il
Əhatə etdiyi dövr: b. e. ə. 520-518-ci illər
ƏTALƏT! Zəkəriyyə peyğəmbərlik etməyə başlayanda, Yerusəlimdə Yehovanın mə’bədinin tikintisi bu vəziyyətdə idi. Birinci mə’bədi Süleyman yeddi il yarıma tikmişdi (1 Pad. 6:37, 38). Yəhudilərin sürgündən Yerusəlimə qayıtmasından artıq 17 il keçmişdi, ancaq mə’bədin tikilib başa çatmasına hələ də çox qalmışdı. Axırda Artaxşastanın (Bardiya və ya Qaumata) əmri ilə tikinti işi tamamilə dayandırılmışdı. Lakin qadağaya baxmayaraq, israillilər yenidən işə başladılar. Yehova Haqqay və Zəkəriyyəni göndərmişdi ki, tikintini yenidən başlayıb, sona çatdırmaq üçün xalqı oyatsınlar (Ezra 4:23, 24; 5:1, 2).
2 Qarşıdakı iş yəhudilərə dağ boyda görünürdü (Zək. 4:6, 7). Düşmənlərin sayı çox, özləri isə az idilər, Davud nəslindən olan Zerubbabil onların rəisi olsa da, özlərinin padşahı yox idi, yadellilər onlara hökmranlıq edirdilər. Belə bir vəziyyətdə təslim olmaq və yalnız özünü düşünmək necə də asan idi. Zaman isə onlardan möhkəm iman və qətiyyət tələb edirdi! Zəkəriyyə yəhudilərin diqqətini Allahın həm o günlər, həm də gələcək üçün olan möhtəşəm niyyətlərinə yönəldib, onları başladıqları işi sona çatdırmağa həvəsləndirmək üçün çağırılmışdı (8:9, 13). İndi naşükür ata-babalarına oxşamağın vaxtı deyildi (1:5, 6).
3 Zəkəriyyə kim idi? Müqəddəs Kitabda Zəkəriyyə adlı 30-a yaxın adam xatırlanır. Lakin adını daşıdığı kitabın müəllifi, «İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbər» kimi təqdim olunur (Zək. 1:1; Ezra 5:1; Neh. 12:12, 16). Onun adı (ibranicə Zexarya) «Yehova yada salıb» mə’nasını daşıyır. «Zəkəriyyə» kitabı aydın surətdə göstərir ki, «Ordular Rəbbi» Yehova Öz xalqını unutmur və Öz adı naminə xalqına xeyirxahlıq edir (Zək. 1:3). Kitabdakı tarixlər ən azı iki il ərzində cərəyan edən hadisələri əhatə edir. «Daranın hakimiyyətinin ikinci ilində, səkkizinci ayda» (b. e. ə. 520-ci il, oktyabr-noyabr) mə’bədin tikintisi yenidən başlandı, elə həmin ildə də Zəkəriyyə peyğəmbər tə’yin olundu (1:1). Kitabda habelə ‘Padşah Daranın hakimiyyətinin dördüncü ili, doqquzuncu ay olan Kislev ayının dördüncü günü’ (təxminən b. e. ə. 518-ci il, 1 dekabr) xatırlanır (7:1). Deməli, şübhə yoxdur ki, Zəkəriyyə b. e. ə. 520-518-ci illərdə peyğəmbərlik xidmətində olmuş, həmçinin peyğəmbərliklərini qələmə almışdır (Ezra 4:24).
4 Zəkəriyyə kitabını tədqiq edənlər üçün onun doğruluğunu sübut edən çoxlu sayda dəlillər mövcuddur. Tirin nümunəsini götürək. 13 illik mühasirədən sonra Babil padşahı Navuxodonosor Tiri viran qoydu. Ancaq bu hələ Tirin tam süqutu deyildi. İllər sonra, Zəkəriyyə Tirin yerlə-yeksan ediləcəyini söyləmişdi. Makedoniyalı İsgəndər Tirin ada hissəsini, tikdiyi məşhur bəndin vasitəsilə darmadağın edib, şəhəri amansızcasına yandırdı və bununla da, Zəkəriyyənin iki əsr əvvəl söylədiyi peyğəmbərliyi yerinə yetirdia (Zək. 9:2-4).
5 Kitabın Allahdan ilham almasına ən inandırıcı sübut İsa Məsihlə bağlı orada yazılan peyğəmbərliklərin yerinə yetməsidir. Zəkəriyyə 9:9 — Matta 21:4, 5 və Yəhya 12:14-16; Zəkəriyyə 12:10 — Yəhya 19:34-37; Zəkəriyyə 13:7 — Matta 26:31 və Mark 14:27 ayələrini müqayisə etsək, bunu görəcəyik. Habelə Zəkəriyyə 8:16 — Efeslilərə 4:25; Zəkəriyyə 3:2 — Yəhuda 9; Zəkəriyyə 14:5 — Yəhuda 14 ayələri arasındakı oxşarlığı da nəzərdən qaçırmaq olmaz. Allahın Kəlamındakı həmahənglik doğrudan da valehedicidir!
6 Bir çox Müqəddəs Kitab tənqidçiləri iddia edirlər ki, 9-cu fəsildən başlayaraq kitabın yazı üslubu dəyişdiyi üçün bu hissəni Zəkəriyyə yazmamışdır. Ancaq üslubun dəyişilməsi yalnız və yalnız mövzu ilə əlaqəlidir. İlk səkkiz fəsildə daha çox Zəkəriyyənin günlərindəki insanlar üçün əhəmiyyət daşıyan məsələlərdən danışılır, 9-dan 14-dək olan fəsillərdə isə peyğəmbər uzaq gələcəyə nəzər salır. Digərlərini isə Mattanın Zəkəriyyədən gətirdiyi sitatı Yeremyanın adına yazması təəccübləndirir (Mat. 27:9; Zək. 11:12). Sadəcə olaraq bir vaxtlar Sonrakı Peyğəmbərlərin birincisi, müasir Müqəddəs Kitabda olduğu kimi Yeşaya deyil, Yeremya hesab edilib. Matta Zəkəriyyəni «Yeremya» adlandırmaqla yəqin ki, Müqəddəs Yazıların bütöv bir hissəsini, həmin hissənin birinci kitabının adı ilə adlandıran yəhudi ən’ənəsinə müvafiq hərəkət etmişdir. İsa da Yazılar adlı hissəyə daxil olan bütün kitabları ‘Məzmurlar’ adlandırmışdı (Luka 24:44)b.
7 Kitabın 6-cı fəslinin 8-ci ayəsinədək Daniel və Yezekelin gördüyünə bənzər, əsasən mə’bədin bərpasına aid, səkkiz görüntü yazılıb. Onlardan sonra isə təmiz ibadət, bərpa və Yehovanın müharibəsinə dair Allahın hökmləri və peyğəmbərliklər yazılıb.
BİZƏ FAYDASI
23 Zəkəriyyənin peyğəmbərliyini öyrənib, üzərində düşünsək imanımızı möhkəmlədən biliyə sahib olarıq. Zəkəriyyə 50 dəfədən artıq ‘Ordular Rəbbi’ Yehovanın Öz xalqı üçün vuruşduğunu və onu müdafiə etdiyini, ona lazımi gücü verdiyini vurğulayır. Dağa bənzər müqavimətlər mə’bədin tikilib tamamlanması üçün təhlükə yaradanda Zəkəriyyə e’lan etdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” deyir Ordular Rəbbi. Sən kimsən, ey uca dağ? Zerubbabilin önündə düzənliyə çevriləcəksən». Mə’bəd Yehovanın ruhunun köməyilə tikilib qurtardı. Eynilə bu gün, maneələrlə üzləşəndə Yehovaya iman etsək, onların öhdəsindən gələcəyik. İsa öz şagirdlərinə demişdi: «Sizdə bir xardal toxumu qədər iman olarsa və siz bu dağa: ”Buradan oraya köç”, — desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz» (Zək. 4:6, 7; Mat. 17:20).
24 Zəkəriyyə 13-cü fəslin 2-6-cı ayələrində Yehovanın xalqını başqalarından fərqləndirən sədaqəti təsvir edir. Yehovanın təşkilatında bu gün müşahidə olunan sadiqlik təsvir olunur. Bu, insanlar arasındakı hər bir münasibətdən, hətta qan qohumluğundan da üstün olmalıdır. Əgər yaxın qohum Yehovanın adından yalan peyğəmbərlik edərsə, başqa sözlə, Padşahlıq xəbərinə zidd danışarsa, yığıncaqda Allahın xalqına pis tə’sir göstərməyə çalışarsa onun ailə üzvləri yığıncağın çıxardığı istənilən hüquqi qərarı dəstəkləməlidir. Yalan peyğəmbərlik edən yaxın dosta qarşı da eyni mövqe tutulmalıdır ki, o, hərəkətindən utansın və peşman olsun.
25 İlk abzaslarda oxuduğumuz kimi, İsanın ‘eşşəyə minən’ həlim padşah kimi Yerusəlimə gəlməsini, ‘otuz gümüşə’ ələ verilməsini, həmin vaxt şagirdlərinin pərən-pərən düşməsini və dirəkdə asılarkən əsgərin nizə ilə onun böyrünü deşməsini Zəkəriyyə təfərrüatı ilə qabaqcadan söyləmişdi (Zək. 9:9; 11:12; 13:7; 12:10). Peyğəmbərlikdə həm də Yehovanın mə’bədini inşa edən ‘Pöhrədən’ danışılır. Yeşaya 11:1-10; Yeremya 23:5 və Luka 1:32, 33 ayələrini müqayisə etsək görərik ki, o, «Əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək» İsa Məsihdir. Zəkəriyyə ‘Pöhrəni’ taxtda oturan kahin adlandırır ki, bu da həvari Pavelin sözlərinə uyğun gəlir. O yazırdı ki, İsa ‘əbədiyyətə qədər Məlkisedeq rütbəli Baş Kahinimiz olmuşdur’ və «O, göylərdə, Əzəmətli Allahın taxtının sağında oturmuşdur» (Zək. 6:12, 13, KM; İbr. 6:20; 8:1). Peyğəmbərlikdə ‘Pöhrənin’ Baş Kahin olduğu və göydə Allahın taxtının sağında oturduğu göstərilsə də, Yehova var olan hər şeyin Hökmdarı adlanır: «Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq» (Zək. 14:9).
26 O dövrdən danışanda peyğəmbər «O gün» ifadəsini 20 dəfə təkrar edir, hətta peyğəmbərliyinə də bu ifadə ilə yekun vurur. Tez-tez işlənən bu ifadənin kontekstinə nəzər salsaq görərik ki, Yehovanın bütün bütlərin adlarını siləcəyi və yalan peyğəmbərləri yer üzündən kökünü kəsəcəyi bir gün olacaq (13:2, 4). Həmin gün Yehova təcavüzkar xalqlarla müharibə edəcək, aralarında çaxnaşma salıb, onları məhv edəcək, öz xalqına isə ‘dağlarındakı vadidə’ sığınacaq verəcək (14:1-5, 13; 12:8, 9). Bəli, «O gün özlərinin Allahı Rəbb xalqının sürüsü kimi onları xilas edəcək» və hər kəs qonşusunu öz tənəyinin, əncir ağacının altına çağıracaq (Zək. 9:16; 3:10; Mik. 4:4). Bu möhtəşəm gündə Ordular Rəbbi Yehova Öz xalqının ‘arasında’ yaşayacaq, «Yerusəlimdən həyat verən sular axacaq». Zəkəriyyənin sözlərinə görə ‘o gündə’ baş verən hadisələr Padşahlıq və’dindəki ‘yeni bir səma və yeni bir yerin’ carçısı olacaqdır (Zək. 2:11; 14:8; Vəhy 21:1-3; 22:1).
27 «Bu günü kim əhəmiyyətsiz hesab edə bilər?», deyə Yehova soruşur. Təsəvvür edin! Bütün Yer kürəsində belə firavanlıq hökm sürəcək: ‘Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq üçün Yerusəlimə gələcək, müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək’. «O gün» atın zınqırovlarında da «Müqəddəslik Yehovaya məxsusdur!» (YD) sözləri yazılacaq. Bu ürəkaçan peyğəmbərlikləri tədqiq etmək son dərəcə faydalıdır, çünki onlar Yehovanın adının Padşahlıq Zürriyyəti vasitəsilə müqəddəs tutulacağını göstərir (Zək. 4:10; 8:22, 23; 14:20).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 531, 1136, (ing.).
b «Encyclopaedia Judaica», 1973, c. 4, sütun 828; «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 1080, 1081, (ing.).