Fəsil 117
İsanın iztirabı
GECƏDƏN xeyli keçib. İsa Məsih duasını bitirir. O və on bir sadiq həvarisi Yehovaya mədhiyyə oxuyur. Sonra onlar evdən çıxır və bu zülmətli gecənin sükutunda Kidron vadisindən keçərək Betaniyaya tərəf yollanırlar. Yolda onlar çox xoşladıqları Getsemani bağında ayaq saxlayırlar. Bu bağ Zeytun dağında, yaxud onun yaxınlığında yerləşir. İsa həvariləri ilə bu zeytunluqda tez-tez yığışardı.
Ola bilsin, İsa səkkiz həvarisini bağın girişində qoyur və onlara tapşırır: «Siz burada oturun, mən isə gedim dua edim». Peteri, Yaqubu və Yəhyanı isə özü ilə götürüb bağın içərilərinə doğru gedir. İsanı dərin kədər və həyəcan bürüyür. «Ürəyimdən qara qanlar axır, kədərim hədsizdir. Siz burada durun və mənimlə birgə oyaq qalın», — deyə onlara müraciət edir.
Sonra özü bir az irəliyə gedərək üzüqoylu yerə döşənib hərarətlə dua edir: «Ata, əgər mümkünsə, bu camı məndən kənar et. Lakin qoy mən yox, Sən istəyən kimi olsun». Bu sözlərin mənası nədir? Nəyə görə İsa bu qədər kədərlidir? Bəlkə o, ölümdən və canını qurban verməkdən qorxur?
Əsla! İsa ölümdən qaçmaq üçün Allaha yalvarmır. Həyatını qurban verməkdən yayınmaq fikrinin özü (bir dəfə Peter də İsanı bu fikirdən daşındırmağa cəhd etmişdi) artıq onda ikrah oyadır. İsanı narahat edən başqa şeydir. O, adi cinayətkar kimi öləcəyinin Atasının adına ləkə vuracağından qorxur. İsa dərk edir ki, bir neçə saatdan sonra o, Allaha küfr edən mənfur bir adam kimi edam olunacaq. Ona əzab verən məhz budur.
Xeyli dua etdikdən sonra İsa həvarilərin yanına qayıdır və görür ki, onlar yatırlar. O, üzünü Peterə tutub deyir: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz? Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz». Lakin sarsıntı keçirdiklərini və gec olduğunu başa düşərək İsa onlara deyir: «Ruh güclü, bədən isə zəifdir».
Sonra ikinci dəfə dua etməyə gedir və Allahdan «bu camı», başqa sözlə, Allahın onunla bağlı niyyətini ondan kənar etməyi xahiş edir. Geri qayıdanda yenə də görür ki, həvarilər sınağa məruz qalmamaq üçün dua etmək əvəzinə yatırlar. İsa danışanda onlar bilmirlər, nə desinlər.
İsa üçüncü dəfə dua etmək üçün çəkilir və onlardan bir daş atımı qədər uzaqlaşır. Sonra diz çökür və göz yaşı tökə-tökə uca səslə: «Ata, əgər istəyirsənsə, bu camı məndən uzaqlaşdır», — deyir. Adi cinayətkar kimi öləcəyini və bu ölümün Atasının adına ləkə vuracağını düşündükcə o əzab çəkir və sarsılır. Allaha küfr etməkdə ittiham olunmaq, həqiqətən də, dözülməzdir!
Bununla belə, İsa duasında deyir: «Qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun». İsa Allaha tabe olaraq həyatını Ona etibar edir. Bu dəm göylərdən bir mələk görünüb onu ruhlandırır. Mələk, ehtimal ki, İsaya Atasının rəğbətini qazandığını söyləyir.
İsanın çiynində böyük bir məsuliyyət yükü var! Axı söhbət həm onun, həm də bütün bəşəriyyətin əbədi həyatından gedir. Hisslər onu çulğayır, o, çox gərgindir. Buna görə də İsa daha hərarətlə dua edir və onun təri qan damlalarıtək axıb yerə tökülür. Tibb üzrə bir jurnalda bu haqda deyilir: «Belə şeyə çox az hallarda təsadüf olunur. Güclü emosional gərginlik nəticəsində... insanda qanlı tər damlaları yarana bilər» («The Journal of the American Medical Association»).
İsa üçüncü dəfə də həvarilərin yanına qayıdanda görür ki, onlar yenə yatıblar. Kədər onları lap əldən salıb. İsa uca səslə onlara deyir: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! Yetər! Vaxt yetişdi! İnsan Oğlu günahlıların əlinə verilir. Durun gedək. Xain yaxınlaşır».
İsa hələ danışarkən əllərində məşəl, çıraq və silah olan bir izdiham onlara yaxınlaşır. Yəhuda İskariot bu izdihamın önündədir. Matta 26:30, 36—47; 16:21—23; Mark 14:26, 32—43; Luka 22:39—47; Yəhya 18:1—3; İbranilərə 5:7.
▪ İsa həvariləri ilə hara gedir və orada nə edir?
▪ İsa dua edərkən həvarilər nə edirlər?
▪ İsaya iztirab verən nədir? O, Allahdan nə diləyir?
▪ İsanın tərinin qan damlaları tək axması nəyi göstərir?