Fəsil 122
Pilatdan Hiroda, sonra da geriyə
İSA MƏSİH padşah olduğunu Pilatdan gizlətmir, bununla belə, padşahlığının Roma imperiyası üçün heç bir təhlükə yaratmadığını izah edir. O deyir: «Mənim padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə verilim. Xeyr, mənim padşahlığım buradan deyil». Beləcə, İsa padşahlığının olduğunu üç dəfə təsdiq edir, amma göstərir ki, padşahlığı bu dünyadan deyil.
Pilat yenidən ona təzyiq göstərir: «Deməli, sən padşahsan?» O, İsanın padşah olub-olmadığını (padşahlıq bu dünyadan olmasa da) dəqiqləşdirmək istəyir.
İsa Pilatın düzgün nəticəyə gəldiyini göstərərək ona deyir: «Bunu [mənim padşah olduğumu] sən özün deyirsən. Mən həqiqətə şəhadət etmək üçün doğulub dünyaya gəlmişəm. Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır».
Bəli, yer üzünə gəlməkdə İsanın əsas məqsədi «həqiqət»ə, xüsusilə də Padşahlıqla bağlı həqiqətə şəhadətlik etməkdir. O, bunun üçün həyatını belə verməyə hazırdır. Pilat: «Həqiqət nədir?!» — deyərək İsadan artıq izahat gözləmir. Eşitdiyi şeylər hökm çıxarmaq üçün kifayətdir.
Bundan sonra Pilat bayırda duran camaatın qarşısına çıxır. Görünür, İsa da onunladır. Pilat böyük kahinlərə və onların yanında duranlara xitabən deyir: «Mən bu adamda bir təqsir görmürəm».
Bu qərar camaatın hiddətinə səbəb olur və onlar təkid edirlər: «Bu adam bütün Yəhudeyada, Qalileyadan tutmuş ta buraya kimi təlimləri ilə xalqı qızışdırır».
Yəhudilərin ağılsızlığı, yəqin, Pilatı təəccübləndirir. Böyük kahinlər və ağsaqqallar qışqırarkən Pilat üzünü İsaya tutub deyir: «Eşidirsən, sənə qarşı nələr deyirlər?» İsa isə heç bir cavab vermir. Bu şiddətli ittihamlar qarşısında İsanın sakit qalması Pilatı heyrətləndirir.
Sonra Pilat İsanın Qalileyadan olduğunu öyrənir və buna məsuliyyətdən yaxasını qurtarmaq üçün bir fürsət kimi baxır. Bu vaxt Qalileya hakimi Hirod Antipa (Böyük Hirodun oğlu) Pasxa bayramı ilə əlaqədar Yerusəlimdədir. Bu səbəbdən Pilat İsanı onun yanına göndərir. Bundan əvvəl Hirod Antipa Vəftizçi Yəhyanın boynunu vurdurmuşdu. Sonralar İsanın möcüzələri barədə eşidəndə onun dirilmiş Yəhya olduğunu sanıb bərk qorxuya düşmüşdü.
İndi isə Hirod İsanı görəcəyi üçün çox sevinir. Amma Hirodu nə İsanın rifahı, nə də ona qarşı edilən ittihamların doğru olub-olmadığı maraqlandırır. Hirod sadəcə ümid edir ki, bəlkə İsa bir neçə möcüzə göstərdi.
Ancaq İsa Hirodun arzusunu ürəyində qoyur. O hətta Hirodun bir dənə də olsun, sualına cavab vermir. Pərt olmuş Hirod və onun mühafizəçiləri İsanı lağa qoymağa başlayırlar. Onun əyninə gözəl bir libas geyindirib ələ salırlar. Sonra Pilatın yanına göndərirlər. Bunun nəticəsində çoxdan bir-birinə düşmən olan Hirodla Pilat dost olurlar.
İsanı Pilatın yanına gətirirlər. Pilat böyük kahinləri, yəhudi rəhbərlərini və xalqı bir yerə yığıb deyir: «Siz bu adamı yanıma gətirib dediniz ki, o, camaatı üsyana qaldırır. Mən onu sizin qarşınızda dindirdim, ancaq onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır. Hirod da onda bir təqsir tapmadığından onu geri qaytardı. Bu adam ölümə layiq bir iş görməyib. Buna görə də onu cəzalandırıb buraxacağam».
Beləliklə, Pilat İsanı düz iki dəfə günahsız elan edir. Pilat başa düşür ki, kahinlər İsanı paxıllıqdan ələ veriblər. Bu səbəbdən onu azad etməyə çalışır. Bu vaxt baş verən bir hadisə onun bu istəyini daha da gücləndirir. Pilat hakim kürsüsündə oturduğu zaman arvadı xəbər göndərib deyir: «Bu saleh adamla işin olmasın, onun ucbatından bu gecə yuxuda [görünür, Allahdan aldığı yuxuda] yaman əziyyət çəkmişəm».
Pilat bilir ki, bu günahsız adamı buraxmalıdır, amma necə? Yəhya 18:36—38; Luka 23:4—16; Matta 27:12—14, 18, 19; 14:1, 2; Mark 15:2—5.
▪ İsa Padşahlıqla bağlı suala necə cavab verir?
▪ Yer üzündə yaşayarkən İsanın bəyan etdiyi «həqiqət» nədir?
▪ Pilat hansı hökmü çıxarır və xalq buna necə yanaşır? Pilat sonra nə edir?
▪ Hirod Antipa kimdir? O, nəyə görə İsanı görəcəyinə çox sevinir və ona nə edir?
▪ Pilat İsanı nə üçün azad etməyə çalışır?