Yəhyanın yazdığı müjdə
18 İsa dua edib qurtarandan sonra şagirdləri ilə birlikdə Qidron vadisinin+ o biri tayına keçdi. Orada bir bağ var idi və İsa şagirdləri ilə həmin bağa girdi.+ 2 Xain Yəhuda da o yeri yaxşı tanıyırdı, çünki İsa dəfələrlə şagirdləri ilə orada görüşmüşdü. 3 Bu vaxt Yəhuda bir dəstə əsgərlə, həmçinin böyük kahinlərin və fərisilərin keşikçiləri ilə oraya gəldi. Onların əllərində məşəl, çıraq və silah vardı.+ 4 İsa başına nə gələcəyini bildiyi üçün qabağa çıxıb soruşdu: «Kimi axtarırsınız?» 5 Onlar cavab verdilər: «Nəsrani İsanı».+ İsa dedi: «Mənəm». Xain Yəhuda da onların yanında durmuşdu.+
6 İsa: «Mənəm», — deyəndə onlar geri çəkilib yerə yıxıldılar.+ 7 İsa yenə də soruşdu: «Kimi axtarırsınız?» Onlar dedilər: «Nəsrani İsanı». 8 İsa dedi: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın». 9 Beləcə, onun dediyi bu sözlər yerinə yetdi: «Mənə verdiyin adamlardan birini də itirmədim».+
10 Şimon Butrusun qılıncı var idi. O, qılıncı çəkdi və vurub baş kahinin nökərinin sağ qulağını kəsdi.+ Nökərin adı Məlk idi. 11 İsa Butrusa dedi: «Qılıncını qınına qoy.+ Məgər Atamın mənə verdiyi camı* içməməliyəm?»+
12 Onda əsgərlər, sərkərdə* və yəhudilərin keşikçiləri İsanı tutub əl-qolunu bağladılar 13 və əvvəlcə Hənnanın yanına apardılar. O, həmin il baş kahin+ olan Qayafanın+ qayınatası idi. 14 Bu, həmin o Qayafadır ki, bütün xalqın uğrunda bir adamın ölməsinin onların xeyrinə olduğunu yəhudilərə məsləhət görmüşdü.+
15 Şimon Butrus və başqa bir şagird İsanın dalınca gedirdilər.+ O şagird baş kahinin tanışı idi. Həmin şagird İsa ilə bir yerdə baş kahinin həyətinə girdi, 16 Butrus isə çöldə, qapının ağzında dayandı. Baş kahinin tanışı olan o biri şagird çıxıb qapıçı qızla danışdı və Butrusu içəri saldı. 17 Bu qulluqçu qız Butrusa dedi: «Sən onun şagirdi deyilsən, yox?» Butrus dedi: «Yox».+ 18 Hava soyuq olduğundan nökərlərlə keşikçilər tonqal qalayıb ətrafında isinirdilər. Butrus da onların yanında durub isinirdi.
19 Bu vaxt böyük kahin İsadan şagirdləri və təlimləri haqqında soruşurdu. 20 İsa ona cavab verdi: «Mən hər şeyi dünyaya açıq-aşkar söyləmişəm. Mən həmişə yəhudilərin toplaşdığı sinaqoqlarda və məbəddə vəz etmişəm.+ Heç bir sözü xəlvətdə deməmişəm. 21 Niyə məni sorğu-suala çəkirsən? Danışdıqlarımı eşidənlərdən soruş. Onlar mənim nədən danışdığımı bilirlər». 22 İsa bunu deyəndə yanında durmuş bir keşikçi onun üzünə şillə çəkib+ dedi: «Böyük kahinlə belə danışırlar?» 23 İsa dedi: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» 24 Hənna İsanı əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.+
25 Şimon Butrus durub isinirdi. Birdən ondan soruşdular: «Sən onun şagirdi deyilsən, yox?» Butrus inkar etdi: «Yox».+ 26 Baş kahinin bir nökəri, Butrusun qılıncla vurub qulağını kəsdiyi adamın qohumu+ dedi: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?» 27 Butrus yenidən bunu inkar etdi və o andaca xoruz banladı.+
28 Səhər təzəcə açılırdı. İsanı Qayafanın yanından vali sarayına apardılar.+ Lakin onu gətirənlər murdarlanmamaq üçün valinin sarayına girmədilər,+ yoxsa Pasxa yeməyini yeyə bilməzdilər. 29 Pilat onların qabağına çıxıb dedi: «Bu adamı nədə ittiham edirsiniz?» 30 Onlar cavab verdilər: «Bu adam cinayətkar olmasaydı, onu sənin yanına gətirməzdik». 31 Pilat dedi: «Aparın onu öz qanunuza görə mühakimə edin».+ Onda yəhudilər dedilər: «Bizim adam öldürməyə ixtiyarımız yoxdur».+ 32 Beləcə, İsanın özünün necə öləcəyinə işarə edərək söylədiyi sözlər yerinə yetdi.+
33 Onda Pilat yenidən vali sarayına girdi və İsanı yanına çağırıb dedi: «Sən yəhudilərin padşahısan?»+ 34 İsa cavab verdi: «Sən bunu özündən deyirsən, yoxsa mənim haqqımda kimdənsə eşitmisən?» 35 Pilat dedi: «Məgər mən yəhudiyəm? Öz xalqın və böyük kahinlərin səni mənə təslim edib. De görüm nə iş tutmusan?» 36 İsa cavab verdi:+ «Mənim Padşahlığım bu dünyadan deyil.+ Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm.+ Xeyr, mənim Padşahlığım buradan deyil». 37 Pilat dedi: «Deməli, sən padşahsan?» İsa cavab verdi: «Düz deyirsən, mən padşaham.+ Mən həqiqətə şəhadət etmək üçün doğulmuşam və bu dünyaya gəlmişəm.+ Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır». 38 Pilat ona dedi: «Həqiqət nədir?!»
Pilat bunu deyib yenidən yəhudilərin yanına çıxdı və onlara dedi: «Mən bu adamda bir təqsir görmürəm.+ 39 Həm də adətiniz üzrə mən Pasxa bayramında sizin üçün bir adam azad edirəm.+ İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?» 40 Onlar yenə qışqırdılar: «Onu yox, Barabbanı burax!» Barabba quldur idi.+