Yehovanın Kəlamı canlıdır
«Luka» kitabından diqqətəlayiq fikirlər
MATTANIN öz Müjdəsini əsas etibarilə yəhudi, Markın isə qeyri-yəhudi oxucuları üçün yazdığı qəbul edilmişdir. Ancaq Lukanın Müjdəsi isə bütün xalqlardan olan insanlar üçün nəzərdə tutulmuşdur. Eramızın təxminən 56-58-ci illərində yazılmış bu kitabda İsanın həyatı və xidməti haqqında ətraflı məlumat verilir.
Qayğıkeş və dəqiq həkim kimi Luka «hər şeyi əvvəldən diqqətlə» araşdırır və kitabında b. e. ə. 3-cü ildən b. e. 33-cü ilinədək 35 illik dövrü əhatə edir (Luka 1:3). Lukanın Müjdəsindəki məlumatın təxminən 60 faizi digər Müjdələrdə yoxdur.
İSANIN XİDMƏTİNİN ƏVVƏLİ
Vəftizçi Yəhyanın və İsanın doğulması ilə əlaqədar hadisələri təsvir etdikdən sonra, Luka Yəhyanın öz xidmətinə Qeysər Tiberiusun hakimiyyətinin 15-ci ilində, b. e. 29-cu ilinin yazında başladığını söyləyir (Luka 3:1, 2). İsa həmin ilin payızında Yəhya tərəfindən vəftiz olunur (Luka 3:21, 22). Eramızın 30-cu ilinə yaxın ‘Qalileyaya qayıdır və onların sinaqoqlarında təlim verməyə’ başlayır (Luka 4:14, 15).
İsa Qalileyaya ilk təbliğ səyahətinə başlayır. O, camaata deyir: «Allah Səltənətinin müjdəsini Mən digər şəhərlərə də yaymalıyam» (Luka 4:43). İsa Şimonu və başqa balıqçıları özü ilə aparır və onlara deyir ki, ‘bu gündən etibarən insanları tutacaqlar’ (Luka 5:1-11; Mat. 4:18, 19). Qalileyaya ikinci təbliğ səyahəti zamanı 12 həvarisi də İsa ilə birlikdə olur (Luka 8:1). Üçüncü səyahətində o, onikiləri ‘Allah Səltənətini təbliğ edib xəstələrə şəfa verməyə’ göndərir (Luka 9:1, 2).
Müqəddəs Kitab suallarına cavablar:
1:35 — Məryəmin hamilə qalmasında yumurta hüceyrəsinin rolu olmuşdumu? Məryəmin hamilə qalması üçün onun yumurta hüceyrəsindən istifadə edilməli idi ki, uşaq Allahın vəd etdiyi kimi ulu babaları İbrahimin, Yəhudanın və Davudun nəslindən olsun (Yar. 22:15, 18; 49:10; 2 Şam. 7:8, 16). Ancaq Yehova müqəddəs ruhu ilə Öz Oğlunun kamil həyatını onun bətninə keçirir və o hamilə qalır (Mat. 1:18). Belə görünür ki, bu, Məryəmin yumurta hüceyrəsindəki qeyri-kamilliyi aradan qaldırıb və lap başlanğıcdan inkişaf edən rüşeymi Məryəmin qeyri-kamilliyindən qoruyub.
1:62 — Zəkəriyyə danışma qabiliyyətilə bərabər eşitmə qabiliyyətini də itirmişdi? Xeyr. Onun təkcə dili tutulmuşdu. Camaat ondan uşağın adını nə qoymaq istədiyini «işarə ilə» soruşdu, ancaq ona görə yox ki, o, kar idi. Çox ehtimal ki, o, arvadının uşağa qoymaq istədiyi adla bağlı dediklərini eşidirdi. Görünür, camaat ondan işarə ilə bu barədə soruşurdu. Yalnız danışma qabiliyyətinin bərpa edilməyə ehtiyacı olduğu göstərir ki, Zəkəriyyə eşitmə qabiliyyətini itirməmişdi (Luka 1:13, 18-20, 60-64).
2:1, 2 — İlk siyahıyaalmaya istinad edilməsi İsanın doğulduğu vaxtı müəyyən etməyə necə kömək edir? Qeysər Avqustusun hakimiyyəti altında iki dəfə siyahıyaalma keçirilib: birincisi b. e. ə. II əsrdə keçirilmiş və bununla da Daniel 11:20 ayəsi yerinə yetmişdi, ikincisi isə, eramızın ya 6, ya da 7-ci ilində olmuşdu (Həv. iş. 5:37). Hər iki siyahıyaalma zamanı Suriyanın valisi Kirinius idi. Görünür, bu vəzifəni o, iki dəfə tutmuşdu. Lukanın ilk siyahıyaalmaya istinad etməsi İsanın b. e. ə. II əsrdə doğulduğunu göstərir.
2:35 — «Qılınc» hansı mənada Məryəmin canını dəlməli idi? Bu, çoxlarının İsanı Məsih kimi rədd etməsini görərkən Məryəmin keçirdiyi narahatlıq və onun əzablı ölümünə görə duyduğu ağrı-acıya aiddir (Yəh. 19:25).
9:27, 28 — Nə üçün Luka deyir ki, İsanın görkəmi şagirdlərindən bəzilərinin onun Padşah kimi gəldiyini görmədən ‘ölümü əsla dadmayacaqlarını’ vəd etdiyindən «səkkiz gün» sonra dəyişdi, ancaq həm Matta, həm də Mark bu hadisənin «altı gün sonra» baş verdiyini deyirlər? (Mat. 17:1; Mark 9:2). Görünür, Luka iki günü: İsanın vəd verdiyi günü və bu hadisənin baş verdiyi günü də sayırdı.
9:49, 50 — Nə üçün İsa onun arxasınca getməyən adamın cinləri çıxarmasına mane olmadı? Çünki məsihçi yığıncağı hələ təşkil olunmamışdı. Beləliklə, həmin adamın İsanın adına iman gətirməsi və cinləri qovması üçün İsanı müşayiət etməsi tələb olunmurdu (Mark 9:38-40).
Bizim üçün ibrət dərsləri:
1:32, 33; 2:19, 51. Məryəm peyğəmbərliklərin yerinə yetməsi ilə bağlı hadisələri və sözləri ürəyində saxlayırdı. Biz İsanın ‘dövrün sonu’ haqqında qabaqcadan dediyi sözləri bu gün baş verənlərlə müqayisə edərək yadda saxlayırıqmı? (Mat. 24:3).
2:37. Annanın nümunəsindən öyrənirik ki, biz Yehovaya həmişə ibadət etməli, ‘duada mətanətli olmalı’ və məsihçi «yığıncaqlarımızı» tərk etməməliyik (Rom. 12:12; İbr. 10:24, 25).
2:41-50. Yusif Allaha ibadəti həyatında birinci yerə qoyur, eləcə də ailəsinin maddi və ruhani rifahının qayğısına qalırdı. Bu baxımdan o, ailə başçıları üçün gözəl nümunədir.
4:4. Biz bir günümüzün də Allahın Kəlamı üzərində düşünmədən keçməsinə yol verməməliyik.
6:40. Allahın Kəlamının müəllimi öyrətdiyi adamlar üçün düzgün nümunə qoymalıdır. O, təbliğ etdiklərini həyatında tətbiq etməlidir.
8:15. ‘Kəlamı ürəkdə saxlayıb səbrlə səmərə vermək’ üçün biz Allahın Kəlamını başa düşməli, onu qiymətləndirməli və canımıza hopdurmalıyıq. Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları oxuyarkən dua etmək, eləcə də düşünmək çox vacibdir.
İSANIN XİDMƏTİNİN SONU
İsa özündən əvvəl 70 şagirdini Yəhudeyanın hər şəhərinə və hər yerinə göndərir (Luka 10:1). O, ‘şəhərlərin və kəndlərin içindən keçir və təlim verir’ (Luka 13:22).
Eramızın 33-cü ilinin Pasxa bayramından beş gün əvvəl İsa sıpanın üstündə Yerusəlimə daxil olur. Onun şagirdlərinə dediyi, «İnsan Oğlu çox əzab çəkməli, ağsaqqallar, baş kahinlər və din alimləri tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir» sözlərinin yerinə yetmək vaxtı çatıb (Luka 9:22, 44).
Müqəddəs Kitab suallarına cavablar:
10:18 — Yetmiş şagirdinə: «Mən şeytanın göydən ildırım kimi endiyini gördüm» deyəndə İsa nəyi nəzərdə tuturdu? İsa Şeytanın artıq göydən qovulduğunu demirdi. Bu hadisə, onun 1914-cü ildə göydə padşah kimi taxta çıxmasından az sonra baş verdi (Vəhy 12:1-10). Ola bilsin, İsa gələcək hadisəni keçmiş zamanda deməklə onun mütləq baş verəcəyini vurğulamaq istəyirdi.
14:26 — Məsihin davamçıları öz qohumlarına hansı mənada ‘nifrət etməlidirlər’? Müqəddəs Kitabda «nifrət» sözü kimisə və yaxud nəyisə başqasından az sevmək mənasını verə bilər. Məsihçilərin öz qohumlarına ‘nifrət etməsi’ onları İsadan az sevməli olduqları deməkdir (Mat. 10:37).
17:34-37 — «Kərkəslər» və onların başına toplaşdığı «leş» nədir? ‘Alınanlar’, yəni xilas olunanlar uzağı yaxşı görən ‘kərkəslə’ müqayisə olunur. Onların başına yığışdığı «leş» Yehovanın onlara verdiyi ruhani qidanı və gözəgörünməz iştirakında həqiqi Məsihi təmsil edir (Mat. 24:28).
22:44 — İsa nə üçün belə çox iztirab çəkirdi? Bu bir neçə səbəbdən irəli gəlirdi. İsanı cinayətkar kimi ölümünün Yehova Allaha və Onun adına necə təsir edəcəyi narahat edirdi. Bundan başqa, İsa yaxşı bilirdi ki, öz əbədi həyatı və bütün bəşəriyyətin gələcəyi onun sadiq qalmasından asılıdır.
23:44 — Üç saatlıq qaranlığın səbəbi günəşin tutulması idimi? Xeyr. Günəş tutulmaları ay bədirlənən vaxta düşən Pasxa bayramında deyil, yalnız yeni ay çıxan vaxtlarda olur. İsanın ölümü günü çökən qaranlıq Allahın möcüzəsi idi.
Bizim üçün ibrət dərsləri:
11:1-4. Bu təlimləri İsanın on səkkiz ay əvvəl Dağüstü təbliğdə söylədiyi azca fərqlənən nümunəvi dua ilə müqayisə edəndə, aydın görürük ki, dualarımız sadəcə olaraq müəyyən sözləri təkrarlamaqdan ibarət olmalı deyil (Mat. 6:9-13).
11:5, 13. Yehova dualarımıza cavab verməyə hazırdır. Ancaq buna baxmayaraq, biz duada mətanətli olmalıyıq (1 Yəh. 5:14).
11:27, 28. Həqiqi xoşbəxtlik ailə tellərindən və ya var-dövlət toplamaqdan deyil, Allahın iradəsini sədaqətlə yerinə yetirməkdən asılıdır.
11:41. Biz ‘sədəqəni’ məhəbbətdən irəli gələrək və könüllü olaraq verməliyik.
12:47, 48. Üzərində daha çox məsuliyyəti olub, onlara səhlənkar yanaşan adam, öz məsuliyyətlərini bilməyən və ya tam başa düşməyən adamdan daha çox günahkardır.
14:28, 29. Vəsaitimizə uyğun yaşamaq müdriklikdir.
22:36-38. İsa şagirdlərinə özlərini müdafiə etmək və ya qorunmaq üçün silah götürməyi tapşırmamışdı. Əksinə, ələ verildiyi gecə əllərində qılınc olması sayəsində İsa onlara vacib bir dərs verə bildi: «Qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır» (Mat. 26:52).
[31-ci səhifədəki şəkil]
Yusif, ailə başçısı kimi, çox gözəl nümunədir
[32-ci səhifədəki şəkil]
İsanın həyatı və xidməti haqqında ən ətraflı məlumatı Luka yazıb