Təvazökarlıq xüsusiyyətini inkişaf etdirin
«Aranızda ən təvazökar kimdirsə, böyük odur» (LUKA 9:48).
CAVAB VERƏ BİLƏRSİNİZMİ?
Təvazökar olmağa bizə nə kömək edə bilər?
Hansı mənada təvazökar olan «böyük»dür?
Nikahda, yığıncaqda və başqaları ilə münasibətdə təvazökarlığı necə təzahür etdirə bilərik?
1, 2. İsa həvarilərinə nəyi öyrədirdi və nə üçün?
ERAMIZIN 32-ci ili idi. İsa və onun həvariləri Qalileya vilayətində idilər. Həvarilərdən bəzilərinin arasında kimin ən böyük olduğuna dair mübahisə düşdü. Müjdəçi Luka yazır: «Onlar kimin ən böyük olacağı barədə mübahisə etməyə başladılar. İsa onların ürəyindəkiləri bildiyindən balaca bir uşağı götürüb yanına qoydu və belə dedi: “Bu balaca uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir; məni qəbul edən isə məni göndərəni də qəbul edir. Aranızda ən təvazökar kimdirsə [«aranızda kim kiçik kimi davranırsa», haşiyə], böyük odur”» (Luka 9:46—48). İsa səbirlə, amma qəti şəkildə təvazökar olmağın vacibliyini başa düşməyə kömək etdi.
2 İsa həvarilərini birinci əsrdəki yəhudilərin əksəriyyətinin təzahür etdirdiyi təvazökarlığı təqlid etməyəmi çağırırdı? Xeyr, əslində, onlar heç də belə davranmırdılar. O dövrdəki ictimai şərait barədə «Əhdi-Cədidin ilahiyyat lüğəti» belə izah edir: «Hər bir işdə daima kimin ən böyük olduğuna dair sual yaranırdı və hər bir insan öz şərəfi üçün narahat olurdu» («Theological Dictionary of the New Testament»). İsa şagirdlərinin başqalarından fərqlənməsini istəyirdi.
3. a) «Kiçik kimi» davranmaq nə deməkdir və bu nəyə görə çətin ola bilər? b) Bu məqalədə hansı suallar araşdırılacaq?
3 «Kiçik kimi» tərcümə olunan yunan sözü sadə, təvazökar, həlim, əhəmiyyətsiz, yaxud başqalarına nisbətən daha az hörmətə və nüfuza malik olmaq deməkdir. İsa həvarilərinə uşaqlar kimi həlim və təvazökar olmağı öyrədirdi. Bu məsləhət birinci əsrdə olduğu kimi, bu gün də həqiqi məsihçilər üçün tətbiq olunandır. Bizim üçün təvazökarlıq göstərmək çətin ola bilər, xüsusilə də bəzi hallarda. Qeyri-kamilliyimiz bizi şöhrətpərəstliyə və özümüzü başqalarından üstün tutmağa sövq edə bilər. Həmçinin, Şeytan dünyası bizə təsir edir ki, eqoist, məğrur və ya başqalarını idarə etməyə meyilli olaq. Təvazökarlıq xüsusiyyətini inkişaf etdirməyə bizə nə kömək edə bilər? «Aranızda ən təvazökar kimdirsə, böyük odur», — deməklə İsa nəyi nəzərdə tuturdu? Həyatımızın hansı sahəsində təvazökarlıq təzahür etdirməliyik?
«ALLAHIN XEYİR-DUASI NECƏ DƏ BOLDUR, HİKMƏTİ VƏ BİLİYİ DƏRİN BİR ÜMMANDIR!»
4, 5. Təvazökarlığı inkişaf etdirməyə bizə nə kömək edə bilər? Nümunə gətirin.
4 Təvazökarlıq təzahür etdirməyin üsullarından biri Yehovanın gücünün bizimki ilə müqayisədə nə qədər çox olduğunu başa düşməyimizdir. Doğrudan da, «Onun ağlı dərkedilməzdir» (Yeşaya 40:28). Yehovanın əzəməti barədə Pavel yazmışdı: «Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır! Onun hökmləri ağlasığmaz, yolları tədqiqolunmazdır!» (Rom. 11:33). Pavelin təxminən 2000 il bundan əvvəl dediyi sözlərdən sonra bəşəriyyət bilik sahəsində xeyli inkişaf etsə də, bu sözlər hələ də qüvvədədir. Nə qədər çox biliyə malik olsaq da, Yehova Allah, Onun işləri və düşüncə tərzi barədə öyrənməyi dayandırmamaqla təvazökar olduğumuzu göstərəcəyik.
5 Allahın yaratdıqları barədə hər şeyi bilməyin mümkün olmadığını dərk etmək Leoyaa təvazökar olmağa kömək etdi. Gənc ikən onun elmə böyük marağı vardı. Leonun Kainat haqqında bacardığı qədər çox bilik əldə etmək arzusu olduğundan o, astrofizikanı öyrənirdi və sonda vacib bir qənaətə gəldi: «Öyrəndiklərimdən belə bir nəticə çıxartdım ki, təkcə müasir elmi nəzəriyyə ilə insanlar kainatı tam dərk edə bilməz. Buna görə də mən hüquqşünaslığı öyrənməyə başladım». Bir müddətdən sonra Leo rayon prokuroru, daha sonra isə hakim oldu. Sonradan həyat yoldaşı ilə birlikdə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı, həqiqəti qəbul edib özlərini Allaha həsr etdilər. Ali təhsilli olmasına baxmayaraq, Leoya təvazökar olmağa nə kömək etdi? O, tərəddüd etmədən cavab verir: «Yehova və kainat barədə nə qədər çox bilsək də, hələ kəşf olunmamış şeylər çoxdur».
6, 7. a) Yehova bizə hansı sahədə nümunə qoyub? b) Allahın lütfü insanı necə yüksəldir?
6 Yehova Allahın bizə göstərdiyi münasibət də təvazökar olmaqda bizə kömək edir. Məsələn, gəlin «biz Allahın əməkdaşlarıyıq» sözləri üzərində bir qədər düşünək (1 Kor. 3:9). Təsəvvür edirsiniz, Kainatın Hökmdarı Yehova bizləri Öz əməkdaşı hesab edir! O, bizi Müqəddəs Kitabdakı xoş xəbəri müjdələmək şərəfinə layiq görüb. Ruhani mənada «becərən» Yehova Allah Özü olsa da, «əkib-sulamaq» işini bizə həvalə edib və bu işdə biz Onunla əməkdaşıq (1 Kor. 3:6, 7). Uca Allahın bizim kimi günahlı insanlarla belə rəftar etməsi bizi təvazökar olmağa təşviq etməlidir.
7 Allahın bu cür münasibəti məzmurlar yazan Davudu riqqətə gətirmişdi: «Sən mənə qurtuluş qalxanını verdin, etdiyin köməklə Sən məni yüksəltdin» (2 Şam. 22:36). Davud dərk edirdi ki, İsraildə tutduğu şərəfli mövqeyə onu Yehova yüksəldib. Allah-Taala uca dərgahından bir növ Davuda tərəf əyilərək ona, adi çobana nəzər salmışdı (Məz. 113:5—7). Yehovanın lütfkarlığından biz də bəhrələnirik. Məgər biz də malik olduğumuz hər şeyi — xüsusiyyətləri, qabiliyyət və məsuliyyətləri Yehovadan almamışıq? (1 Kor. 4:7). Özünü «kiçik» tutan insanın Yehovanın gözündə dəyəri yüksəlir (Luka 9:48). Gəlin görək bu necə ola bilər.
«ARANIZDA ƏN TƏVAZÖKAR KİMDİRSƏ, BÖYÜK ODUR»
8. Yehovanın təşkilatının bir hissəsi olmaq üçün təvazökarlıq təzahür etdirmək nəyə görə vacibdir?
8 Təvazökar insanlar Allahın təşkilatında olduqları və yığıncağı dəstəklədikləri üçün xoşbəxtdirlər. Misal üçün, Petra adlı gənc bir qadın məsihçi ailəsində böyüyüb boya-başa çatmışdı. O, istədiyi kimi yaşamaq üçün yığıncağı tərk etdi. İllər sonra Petra yığıncaqla əlaqəsini yenidən bərpa etdi. O, Yehovanın təşkilatında olduğu və yığıncağı dəstəklədiyi üçün indi çox xoşbəxtdir. Ona düşüncə tərzini dəyişməyə nə kömək etdi? O yazır: «Allahın təşkilatında özümü evimdəki kimi hiss etmək üçün mənə iki vacib keyfiyyəti — təvazökarlığı və həlimliyi başa düşmək və inkişaf etdirmək lazım idi».
9. Təvazökar insan ruhani qidaya necə yanaşır və bu, nəyə görə olduqca vacibdir?
9 Təvazökar insan Yehovanın verdiyi yaxşı şeylərə — ruhani qidaya görə Ona ürəkdən minnətdardır. Buna görə də belə insan müntəzəm olaraq diqqətlə Müqəddəs Kitabı öyrənir, «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını mütaliə edir. Yehovanın bir çox sadiq xidmətçiləri kimi həmin insan aldığı yeni nəşrləri kitabxanasına qoymazdan əvvəl, onları oxuyur. Biz Müqəddəs Yazılara əsaslanan nəşrləri oxuyub-araşdırmaqla təvazökarlıq təzahür etdirəndə ruhən inkişaf edirik. Beləcə, Yehova da bizdən xidmətdə tam şəkildə istifadə edə bilir (İbr. 5:13, 14).
10. Yığıncaqda biz necə təvazökarlıq göstərə bilərik?
10 Təvazökar insanın «böyük», yəni Yehovanın gözündə dəyərli olmasının digər üsulu da var. Hər bir yığıncaqda ağsaqqal kimi xidmət etmək üçün Yehovanın müqəddəs ruhunun rəhbərliyi altında müvafiq qardaşlar seçilir. Onlar yığıncaq görüşləri, təbliğ xidməti və ağsaqqal başçəkməsi kimi ruhani işləri nizama salırlar. Təvazökarlıq təzahür etdirib bu tədbirləri dəstəkləməklə yığıncaqda hökm sürən sevincə, sülhə və birliyə öz töhfəmizi veririk. (İbranilərə 13:7, 17 ayələrini oxu.) Əgər sən ağsaqqal və ya xidməti köməkçisənsə, Yehovanın sənə həvalə etdiyi məsuliyyətləri minnətdarlıqla icra edərək təvazökarlıq göstərirsənmi?
11, 12.Bizi Yehovanın təşkilatında dəyərli edən nədir və nəyə görə?
11 Yehovanın təşkilatında təvazökar insanlar olduqca dəyərlidir, çünki onların bu cür əhval-ruhiyyəsi başqalarını ruhlandırır. Şagirdlərindən bəziləri həmin dövrdə mövcud olan ruhun təsiri altına düşdükləri üçün İsa onları təvazökar olmağa səsləyirdi. Luka 9:46 ayəsində yazılıb: «Bundan sonra onlar kimin ən böyük olacağı barədə mübahisə etməyə başladılar». Ola bilərmi ki, biz də özümüzü həmimanlılarımızdan və ya digərlərindən üstün tutmağa başlayaq? Bu gün dünyanın ruhunu əks etdirən bir çoxları bizi xudbinliyə və lovğalığa təhrik edir. Gəlin təvazökarlıq göstərərək bu kimi xüsusiyyətlərdən uzaq olaq. Əgər belə davransaq və Yehovanın iradəsini birinci yerə qoysaq, bizimlə ünsiyyət bacı-qardaşlarımıza təravət bəxş edəcək.
12 Əgər biz İsanın «kiçik kimi» davranmaq məsləhətini başa düşürüksə, onda həyatımızın hər bir sahəsində təvazökarlıq təzahür etdirəcəyik. Gəlin üç vəziyyətə diqqət yetirək.
TƏVAZÖKAR OLMAĞA ÇALIŞIN
13, 14. Ər və ya arvad təvazökarlığı necə göstərməlidir və bu, onların münasibətlərinə necə təsir edə bilər?
13 Nikahda. Bu gün bir çox insanlar öz şəxsi mənafelərini güdür. Başqalarının hüquqları onları maraqlandırmır. Təvazökar insan isə Pavelin Romadakı məsihçilərə yazdığı məsləhəti əldə rəhbər tutur. Pavel yazırdı: «Buna görə də gəlin sülhə aparan və ruhlandıran şeylərə can ataq» (Rom. 14:19). Təvazökar insan hər kəslə, xüsusilə də ömür-gün yoldaşı ilə sülhdə olur.
14 Gəlin əyləncə məsələsinə nəzər salaq. Bu məsələdə cütlüklərin seçimi fərqli ola bilər. Ola bilsin, ər boş vaxtında evdə sakitcə oturub kitab oxumağı xoşlayır. Arvad isə nahar etmək üçün harasa getmək və ya dostları ilə görüşmək istəyir. Əgər ər təvazökarlıq göstərirsə, yalnız özünün yox, həyat yoldaşının xoşladığı və xoşlamadığı şeyləri nəzərə alırsa, qadına belə ərə hörmət göstərmək daha asan olacaq. Həmçinin kişi görəndə ki, həyat yoldaşı yalnız öz istəklərini deyil, onun da istəklərini nəzərə alır, onda kişinin arvadına olan məhəbbəti və hörməti daha da artacaq. Ər və arvad hər ikisi təvazökarlıq göstərəndə onların münasibətləri möhkəmlənir. (Filipililərə 2:1—4 ayələrini oxu.)
15, 16. Davud 131-ci məzmurda israilliləri nəyə təşviq edirdi və bu, bizim yığıncaqdakı davranışımıza necə təsir etməlidir?
15 Yığıncaqda. Bütün dünyada bir çox insanlar öz istəklərinin dərhal həyata keçməsini istəyirlər. Onlar səbirsizdirlər, gözləmək onlar üçün əsil sınaqdır. Təvazökarlıq xüsusiyyətini inkişaf etdirmək bizə ümidimizi Yehovaya bağlamağa kömək edəcək. (Məzmur 131:1—3 ayələrini oxu.) Əgər təvazökar olsaq və Yehovaya ümid bağlasaq, xeyir-dua alacaq, təhlükəsizlik, təsəlli və sevinc əldə edəcəyik. Təəccüblü deyil ki, Davud İsrail xalqını ümidlərini səbirlə Yehovaya bağlamağa təşviq edirdi!
16 Eynilə, sən də təvazökarlıqla ümidini Yehovaya bağlasan, rahatlıq tapacaqsan (Məz. 42:5). Ola bilsin, sən yaxşı iş görməyi istəyirsən, buna görə də «nəzarətçi vəzifəsinə» can atırsan (1 Tim. 3:1—7). Əlbəttə, bunun üçün, ilk növbədə, müqəddəs ruhun köməyi ilə nəzarətçiyə lazım olan keyfiyyətlər inkişaf etdirməlisən. Bəs əgər istəyinə nail olmaq üçün başqalarına nisbətən daha çox gözləməli olursansa, onda necə? Xidmətdə məsuliyyət almağı səbirlə gözləyən təvazökar insan Yehovaya sevinclə xidmət edəcək və aldığı hər bir təyinatdan sevinc duyacaq.
17, 18. a) Əgər başqalarını bağışlayır və onlardan üzr istəyiriksə, bu hansı faydanı gətirəcək? b) Süleymanın məsəlləri 6:1—5 ayələrində hansı məsləhət verilir?
17 Başqaları ilə münasibətdə. Bir çoxlarına üzr istəmək çətindir. Lakin Allahın xidmətçiləri öz səhvlərini etiraf etməklə və üzr istəməklə təvazökarlıq ruhu inkişaf etdirirlər. Onlar həmçinin başqalarının səhvlərini bağışlamağa da hazırdırlar. Təkəbbürlülük ayrılıq və nifaq saldığı halda, üzr istəmək yığıncaqda sülhün olmasına kömək edir.
18 Təvazökarlıq göstərməli və üzr istəməli olduğumuz başqa sahə də var. Tutaq ki, biz kiminləsə müqavilə bağlamışıq, ancaq bizdən asılı olmayan səbəblər ucbatından verdiyimiz sözün üstündə dura bilməmişik. Belə olan halda, baş verənlər bütövlüklə bizim səhvimiz olmasa da, biz öz səhvimizi anlamalı və onu etiraf etməliyik. (Süleymanın məsəlləri 6:1—5 ayələrini oxu.)
19. Nəyə görə Müqəddəs Kitabın bizi təvazökarlıq ruhu təzahür etdirmək məsləhətinə görə minnətdar olmalıyıq?
19 Biz necə də minnətdarıq ki, Müqəddəs Kitab bizi təvazökarlıq ruhu inkişaf etdirməyə təşviq edir! Bəzən bu ruhu təzahür etdirmək çətin olsa da, Yaradanla müqayisədə tutduğumuz mövqeyə düzgün yanaşmaq və Onun bizə olan lütfünü qiymətləndirmək bizi gözəl xüsusiyyətlər inkişaf etdirməyə təşviq edəcək. Belə etməklə biz Yehovanın dəyərli xidmətçisi olacağıq. Buna görə də gəlin hər birimiz təvazökar olmaq üçün əlimizdən gələni edək.
[Haşiyə]
a Adlar dəyişdirilib.
[16–cı səhifədəki şəkil]
Yehova bizi xoş xəbəri təbliğ etmək şərəfinə layiq görüb
[19–cu səhifədəki şəkillər]
Təvazökarlıq göstərmək üçün hansı imkanların var?