TƏLİM MƏQALƏSİ 26
«Mənə tərəf dönün»
«Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» (MƏL. 3:7).
NƏĞMƏ 102 Zəiflərə kömək edək
İCMALa
1. Yehovadan uzaqlaşmış bircə nəfərin belə geri qayıtması Ona necə təsir edir?
ÖTƏN məqalədən gördük ki, Yehova Özünü qoyunları ilə nəvazişlə davranan Çobana bənzədir. O, sürüdən uzaqlaşan hər bir quzusunu axtarır. Yehova Allah Onu tərk edən israillilərə demişdi: «Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm». Bilirik ki, Yehova indi də bu cür düşünür, çünki O deyib: «Mən dəyişmirəm» (Məl. 3:6, 7). İsa Məsih demişdi ki, sürüdən uzaqlaşan bircə nəfər belə geri qayıdanda Yehova da, mələklər də sevinib-şadlanır (Luka 15:10, 32).
2. Bu məqalədə nəyi araşdıracağıq?
2 Gəlin İsanın çəkdiyi üç məsəli nəzərdən keçirək. Bu məsəllərdəki dəyərli öyüdlər vasitəsilə Yehovadan uzaqlaşmış şəxslərə geri qayıtmağa kömək edə bilərik. Bu məqalədə araşdıracağıq ki, Yehovaya geri dönmək istəyənlərə kömək etmək üçün bizdə hansı xüsusiyyətlər olmalıdır. Həmçinin qeyri-fəallara dayaq olmağın çoxlu sevinc bəxş edəcəyini də öyrənəcəyik.
İTMİŞ GÜMÜŞ PULUN AXTARIŞI
3, 4. Luka 15:8—10 ayələrinə əsasən, nəyə görə qadın itmiş gümüş pulunu cidd-cəhdlə axtarır?
3 Yehovaya geri dönmək istəyənləri tapmaq üçün çox çalışmalıyıq. Lukanın yazdığı Müjdədə İsa Məsih bir qadının itirdiyi dəyərli bir şeyi — gümüş pulu axtardığını təsvir edir. Məsəldə əsas diqqət axtarış prosesinə yönəlib. (Luka 15:8—10 ayələrini oxuyun.)
4 İsa Məsih çəkdiyi məsəldə gümüş pulunu tapan qadının hisslərini təsvir edir. Həmin dövrdə, görünür, bəzi analar qızlarına toy hədiyyəsi olaraq 10 gümüş pul verirdilər. Bəlkə də, məsəldəki qadın məhz o pullardan birini itirmişdi. Qadın pulun yerə düşdüyünü zənn edir. Buna görə də çırağı yandırıb hər yerə baxır, amma heç nə tapmır. Görünür, çırağın işığı balaca gümüş pulu görəcək qədər gur deyildi. Axırda qadın bütün evi süpürmək qərarına gəlir. Bir yerə yığdığı toz-torpağın içində çırağın işığında parıldayan həmin dəyərli pulu görür! Nəhayət, qadının ürəyi yerinə gəlir. O, rəfiqələrini və qonşularını çağırıb sevincini bölüşür.
5. Qeyri-fəalları tapmaq nə üçün çətin ola bilər?
5 Bu məsəldən gördüyümüz kimi, itmiş bir şeyi tapmaq üçün zəhmət çəkmək lazımdır. Eyni şey qeyri-fəallara da aiddir. Onları da tapmaq üçün zəhmət çəkmək lazım gələ bilər. Ola bilsin, onların yığıncaqdan uzaqlaşmasından uzun illər keçib. Yaxud başqa əraziyə köçüblər və oradakı bacı-qardaşlar onları tanımır. Amma əmin ola bilərik ki, elə indinin özündə qeyri-fəalların bəziləri səmimi-qəlbdən Yehovaya geri dönmək istəyir. Onlar yenidən bacı-qardaşlarla birgə Yehovaya xidmət etmək arzusundadır, amma bunun üçün köməyimizə ehtiyac duyurlar.
6. Yığıncaqdakı hər bir kəs qeyri-fəalların axtarışında necə iştirak edə bilər?
6 Qeyri-fəalların axtarışında kimlər iştirak edə bilər? Ağsaqqallar, öncüllər, ailə üzvləri, təbliğçilər, ümumiyyətlə, hər birimiz onları tapmağa kömək edə bilərik. Sizin dostlarınız və ya qohumlarınız arasında qeyri-fəal olanlar var? Yaxud ev-ev və ictimai təbliğ zamanı qeyri-fəala rast gəlmisiniz? Həmin adama deyin ki, ona ziyarət edilməsini istəyirsə, əlaqə məlumatlarını məmnuniyyətlə ağsaqqallara ötürə bilərsiniz.
7. Bir ağsaqqalın sözlərindən nə öyrəndiniz?
7 Yehovaya geri dönmək istəyən kəsləri tapmaq məsuliyyəti xüsusilə də ağsaqqalların üzərinə düşür. Onlar bunun üçün hansı praktiki addımları ata bilər? Tomasb adlı bir ağsaqqalın dediklərinə diqqət yetirək. O, İspaniyada yaşayır və 40-dan çox Yehovanın Şahidinə yığıncağa qayıtmağa kömək edib. Tomas deyir: «Əvvəlcə, qeyri-fəalların hal-hazırda harada yaşadığını bilmək ehtimalı olan bacı-qardaşlardan məlumat alıram. Yaxud da onlardan artıq yığıncaqlara gəlməyən kimisə xatırlayıb-xatırlamadıqlarını soruşuram. Əksər bacı-qardaşlar böyük həvəslə kömək edirlər, çünki sevinirlər ki, onlar da bu axtarışda iştirak edirlər. Qeyri-fəal bacı-qardaşları ziyarət edəndə isə onlardan uşaqları və qohumları haqda soruşuram. Onlardan bəziləri əvvəllər uşaqlarını da yığıncaqlara gətirirdilər və bu uşaqların bəziləri bir vaxtlar təbliğçi olub. Onlara da Yehovaya geri dönməyə kömək edə bilərik».
YEHOVANIN İTMİŞ OĞULLARINI VƏ QIZLARINI GERİ DÖNDƏRİN
8. Luka 15:17—24 ayələrindəki itmiş oğul haqda məsəldə ata oğlu ilə necə rəftar edir?
8 Yehovaya geri dönmək istəyənlərə kömək etmək üçün bizdə hansı xüsusiyyətlər olmalıdır? Gəlin görək İsa Məsihin evi tərk edən oğul haqda çəkdiyi məsəldən nə öyrənə bilərik. (Luka 15:17—24 ayələrini oxuyun.) İsa məsəldə danışır ki, nəhayətdə oğulun ağlı başına gəlir və o, evə qayıtmaq qərarını verir. Ata oğlunu qarşılamaq üçün qabağına qaçır, onu bərk qucaqlayıb bağrına basaraq nə qədər sevdiyini göstərir. Oğulun vicdanı ona əzab verir və özünü oğul adlanmağa layiq bilmir. O, ürəyini atasına boşaldır, atası da onu canıyananlıqla dinləyir. Sonra oğlunun evə qayıtmasına şad olduğunu, onun bu evdə muzdlu işçi yox, ailənin dəyərli üzvü olduğunu göstərmək üçün tədbir görür. Ata tövbə etmiş oğlu üçün ziyafət qurur, ona gözəl geyim bağışlayır.
9. Qeyri-fəalların Yehovaya geri dönməsinə kömək etmək üçün bizdə hansı xüsusiyyətlər olmalıdır? («Geri dönmək istəyənlərə necə kömək edə bilərik?» adlı çərçivəyə baxın.)
9 Yehova da, bu məsəldəki ata kimi, qeyri-fəal bacı-qardaşları sevir və onların geri dönməsini istəyir. Yehovadan örnək alaraq, biz onlara geri qayıtmağa kömək edə bilərik. Bunun üçün bizdən səbir, canıyananlıq və məhəbbət tələb olunur. Bəs bu xüsusiyyətləri təzahür etdirmək nəyə görə vacibdir və bunu necə edə bilərik?
10. Səbir xüsusiyyəti ruhani cəhətdən zəif düşmüş insanı dirçəltməyə necə kömək edir?
10 Ruhani cəhətdən zəif düşmüş insanı dirçəltmək üçün vaxt lazımdır, odur ki, səbirli olmalıyıq. Əvvəllər qeyri-fəal olanların bir çoxu qeyd edir ki, ağsaqqalların və digər bacı-qardaşların onları dəfələrlə ziyarət etməsindən sonra geri qayıtmağa qərar veriblər. Cənub-Şərqi Asiyadan olan Nensi adlı bir bacı yazmışdı: «Yığıncaqdan bir yaxın rəfiqəmin mənə böyük köməyi dəyib. O məni bir böyük bacısı kimi çox istəyirdi. Mənə əvvəllər birgə keçirdiyimiz xoş günləri xatırladırdı. Hisslərimi bölüşəndə məni səbirlə dinləyir və lazım gələndə məsləhət verirdi. O, hər an köməyə yetişməyə hazır olan əsl dost idi».
11. Canıyananlıq xüsusiyyəti incimiş insanın qəlbinə məlhəm olmağımıza necə kömək edə bilər?
11 Canıyananlıq güclü məlhəm kimidir, qəlb yarasını sağaltmağa qadirdir. Bəzilərinin qeyri-fəal olmasına səbəb illər əvvəl yığıncaqdan kiminsə onların xətrinə dəyməsi olub və onlar hələ də həmin insana qarşı acıqlıdırlar. Bu hisslər onlara Yehovaya geri dönməyə mane olur. Ola bilsin, bu bacı-qardaşlar haqsızlığa məruz qaldıqlarını düşünürlər. Onların dinləməyi bacaran, hisslərini başa düşəcək birinə ehtiyacları ola bilər (Yaq. 1:19). Bir zamanlar qeyri-fəal olan Mariya adlı bacı deyir: «Məni dinləyə biləcək, ağlayanda mənə təsəlli verəcək və mənə yol göstərəcək insana ehtiyacım var idi».
12. Yehovanın qeyri-fəalları Öz xalqı arasına necə qaytardığını nümunə əsasında izah edin.
12 Müqəddəs Kitabda Yehovanın xalqına qarşı məhəbbəti ipə və ya kəndirə bənzədilir. Məhəbbət hansı mənada kəndirə bənzəyir? Belə bir nümunəyə baxaq: Təsəvvür edin ki, təlatümlü dənizdə boğulursunuz və kimsə sizə xilasedici jilet atır. Sözsüz ki, həmin insana çox minnətdar olarsınız, çünki bu sizə batmamağa kömək edəcək. Amma sağ qalmağınız üçün xilasedici jiletin olması kifayət deyil. Su soyuq olduğundan xilasedici qayığa minməsəniz, sağ qala bilmərsiniz. Gərək ki, kimsə kəndir atıb sizi qayığa çəksin. Yehova haqq yoldan dönmüş İsrail xalqı haqda demişdi: «Onları... sevgi bağları ilə Özümə çəkdim» (Huşə 11:4, Müqəddəs Kitab Şirkəti, 2009). Yehova bu gün də Ona xidmət etməyi dayandıran və problemləri, narahatlıqları içində batan kəslərə bu cür yanaşır. Yehova onları çox sevir və geri dönmələrini istəyir. Onlara sevgisini əyan etmək üçün sizdən istifadə edə bilər.
13. Qardaşlıq məhəbbətinin qüdrətini göstərən nümunə çəkin.
13 Qeyri-fəalları əmin etməliyik ki, Yehova da, biz də onları çox sevirik; bu, olduqca vacibdir. Cənubi Amerikadan olan Pablo qardaş 30 ildən çox idi ki, qeyri-fəal idi. O deyir: «Bir gün səhər evdən çıxanda yaşlı bir bacını gördüm, o mənimlə çox mülayim, məhəbbətlə danışdı. Mən uşaq kimi ağlamağa başladım. Ona dedim ki, deyəsən, onu mənimlə danışmağa Yehova göndərib. Məhz həmin an mən Yehovaya geri dönməyə qərar verdim».
ZƏİFLƏRƏ MƏHƏBBƏTLƏ DAYAQ OLUN
14. Luka 15:4, 5 ayələrindəki məsələ əsasən, çoban qoyunu tapdıqdan sonra nə etdi?
14 Qeyri-fəallara davamlı şəkildə kömək etmək gərəkdir. Ola bilsin, onlar da, İsa Məsihin məsəlindəki itmiş oğul kimi, mənəvi iztirab çəkirlər. Həm də Şeytan dünyasına qaynayıb-qarışdıqları üçün yəqin ki, Yehova ilə münasibətləri əvvəlki kimi möhkəm deyil. Onlara imanlarını möhkəmləndirməyə kömək etməliyik. İsa Məsih itmiş qoyun haqda məsəldə çobanın qoyunu çiyninə qoyub, sürüyə qaytardığını deyir. Qoyunu tapmaq üçün çoban artıq nə qədər vaxt və güc sərf etmişdi. Amma o başa düşürdü ki, qoyun öz gücünə sürüyə qayıda bilməzdi, buna görə də onu çiyninə qoymuşdu. (Luka 15:4, 5 ayələrini oxuyun.)
15. Yehovaya geri dönmək istəyən qeyri-fəallara necə dəstək ola bilərik? («Dəyərli vəsait» adlı çərçivəyə baxın.)
15 Qeyri-fəallara onları zəif salan problemin öhdəsindən gəlməyə kömək etmək üçün bizə çoxlu vaxt və güc sərf etmək lazım gələ bilər. Amma Yehovanın müqəddəs ruhunun və Kəlamının köməyi ilə, həmçinin yığıncaqda əldə etdiyimiz nəşrlər vasitəsilə onların yenidən ruhani cəhətdən möhkəmlənməsinə dəstək ola bilərik (Rom. 15:1). Necə? Bir təcrübəli ağsaqqal deyir: «Yehovaya geri dönməyə qərar verən qeyri-fəalların əksəriyyəti ilə Müqəddəs Kitab dərsi keçmək lazım gələ bilər»c. Odur ki, sizə hər hansı qeyri-fəalla dərs keçməyi təklif etsələr, niyə də məmnuniyyətlə qəbul etməyəsiniz? Həmin ağsaqqal deyir: «Müqəddəs Kitab dərsini keçən təbliğçi yaxşı dost olmalıdır ki, qeyri-fəal ona etibar edib ürəyini aça bilsin».
GÖYDƏ VƏ YERDƏ SEVİNC SƏDALARI
16. Nəyin əsasında deyə bilərik ki, mələklərin köməyinə arxalana bilərik?
16 Yehovaya geri dönmək istəyən qeyri-fəalların axtarışında mələklərin də bizimlə əməkdaşlıq etdiyini bir çox hadisə göstərir (Vəhy 14:6). Misal üçün, Ekvadorda yaşayan Silviyo Yehovaya yalvarmışdı ki, kiminsə vasitəsilə ona yığıncağa qayıtmağa kömək etsin. Elə dua etdiyi vaxt iki ağsaqqal onun qapısının zəngini çalmışdı. Onlar böyük sevinclə Silviyonun Yehovaya geri dönməsinə kömək etməyə başlamışdılar.
17. Ruhən zəif düşən insana kömək etsək, hansı mükafatı alacağıq?
17 Ruhən zəif düşən insana Yehovaya geri dönməyə kömək etməkdən sevinc duyacağıq. Qeyri-fəallara xüsusi diqqət göstərən Salvador adlı bir öncül deyir: «Bəzən sevinc göz yaşlarımı saxlaya bilmirəm. Yehovanın bir quzusunu Şeytan dünyasından necə xilas etdiyini görmək mənə xoşbəxtlik bəxş edir. Bu işdə Onunla əməkdaşlıq etməyim mənim üçün böyük şərəfdir» (Həv. 20:35).
18. Qeyri-fəalsınızsa, nəyə əmin ola bilərsiniz?
18 Əgər siz Yehovanın xalqı ilə əlaqənizi kəsmisinizsə, Yehovanın hələ də sizi sevdiyini unutmayın. O istəyir ki, Ona geri dönəsiniz. Geri dönmək üçün müəyyən addımlar atmalısınız. Amma bilin ki, İsa Məsihin çəkdiyi məsəldəki ata kimi, Yehova da yolunuzu səbirsizliklə gözləyir və sizi böyük məmnuniyyətlə qarşılayacaq.
NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr
a Yehova Allah yığıncaqdan uzaqlaşmış şəxslərin Ona geri dönməsini istəyir. Yehovanın «Mənə tərəf dönün» dəvətinə hay vermək istəyən qeyri-fəallara bir çox yollarla dəstək ola bilərik. Bu məqalədə onlara bu addımı atmağa kömək etməyin yolları araşdırılır.
b Bəzi adlar şərtidir.
c Qeyri-fəallara kömək etmək üçün «Allahın məhəbbətindən heç vaxt ayrılmayaq», yaxud «Yehovaya yaxınlaş» kitabındakı (rus.) müəyyən fəsilləri araşdırmaq yaxşı olar. Qeyri-fəala dərs keçməyə kimin daha münasib olduğunu Yığıncağın xidmət komitəsi müəyyən etməlidir.
d ŞƏKLİN İZAHI: Üç qardaş Yehovaya geri dönmək istəyən bir qardaşa ayrı-ayrılıqda kömək edir. Onlar həmin qardaşla tez-tez əlaqə saxlayır, onun dəyərli olduğunu göstərir, eləcə də onu anlayışla dinləyirlər.