FƏSİL 93
İnsan Oğlu zühur edəcək
PADŞAHLIQ İNSANLARIN ARASINDADIR
İSA MƏSİHİN ZÜHURU NƏYƏ BƏNZƏYƏCƏK?
İsa peyğəmbər hal-hazırda ya Səməriyyədə, ya da Cəlilədədir. Fərisilər ondan Allahın Padşahlığının gəlişi barədə soruşurlar. Onlar elə bilirlər ki, Padşahlıq böyük təntənəylə, təmtəraqla gələcək. Lakin İsa Məsih deyir: «Allahın Padşahlığı açıq-aşkar şəkildə gəlməyəcək. Onun barəsində “baxın, buradadır” ya “oradadır” deməyəcəklər. Çünki Allahın Padşahlığı aranızdadır» (Luka 17:20, 21).
Ola bilsin, bəziləri düşünür ki, İsa Məsih Padşahlığın Allaha ibadət edənlərin ürəyində olduğunu deyir. Lakin Allahın Padşahlığı Məsihin söhbət etdiyi fərisilərin ürəyində heç cür ola bilməz. Əslində, Padşahlığın təyin edilmiş padşahı İsa Məsih onlarla olduğu üçün Allahın Padşahlığı onların arasındadır (Mətta 21:5).
Ehtimal ki, fərisilər gedəndən sonra İsa Padşahlığın gəlişi haqqında şagirdlərinə əlavə məlumatlar verir. O, padşah kimi hüzurunu vurğulayaraq onları xəbərdar edir: «Elə bir vaxt gələcək ki, insan Oğlunun günlərindən birini görməyi çox arzulayacaqsınız, amma görməyəcəksiniz» (Luka 17:22). İnsan Oğlu, yəni İsa Məsih Padşahlıqda gələcəkdə hökmranlıq edəcək. Bəzi şagirdlər, ola bilsin, o vaxtın həsrətini çəkəcəklər, amma onlar səbir edib Allahın təyin etdiyi vaxtı gözləməlidirlər.
İsa peyğəmbər sözünə davam edir: «Sizə “bax, oradadır!”, yaxud “bax, buradadır!” deyəcəklər. Getməyin, onların dalınca düşməyin. Çünki şimşək çaxanda göyün bir ucundan o biri ucuna qədər necə parlayırsa, insan Oğlu da zühur edəcəyi gün belə olacaq» (Luka 17:23, 24). İsa Məsihin şagirdləri saxta məsihilərə uymamaq üçün nə etməlidirlər? Məsihin sözlərindən məlum olur ki, şimşək bütün göy üzündə göründüyü kimi, onun Padşahlıq taxtına çıxması da onu gözləyənlər üçün aydın görünəcək.
Sonra İsa peyğəmbər gələcək hadisələri qədimdə olmuş hadisələrlə əlaqələndirərək özünün iştirakı zamanı insanlarda hansı əhval-ruhiyyə olacağını göstərir: «Nuhun vaxtında necə idisə, insan Oğlunun vaxtında da elə olacaq... Lutun vaxtında da belə idi: insanlar yeyir-içir, alır-satır, əkir, tikirdilər. Amma Lut Sədumdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi. İnsan Oğlunun zühur edəcəyi gündə də belə olacaq» (Luka 17:26—30).
İsa Məsih heç də demir ki, həzrəti Nuhun və həzrəti Lutun müasirləri sırf yemək-içmək, alqı-satqı, əkmək və tikmək kimi normal işlərə görə məhv edildilər. Allahın bu sadiq bəndələri də öz ailələri ilə birgə bu işlərin bəzilərini görürdülər. Başqaları isə bu işləri görür, lakin Allahın niyyətinə və yaşadıqları vaxta məhəl qoymurdular. Buna görə də İsa Məsih şagirdlərini xəbərdar edir ki, onlar diqqətlərini Allahın niyyətinə yönəltsinlər və daima Allahın iradəsini yerinə yetirməklə məşğul olsunlar. O, bununla şagirdlərinə Allahın hökm günündən qurtulmağın yolunu göstərir.
Şagirdlər ehtiyatlı olmalı idilər ki, geridə qalan, yəni ətraflarındakı şeylər onları özlərinə çəkməsin. Məsih deyir: «O gün kim damda olarsa, əşyalarının dalınca evə düşməsin, tarlada olan da geri qayıtmasın. Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın» (Luka 17:31, 32). Bəli, o duz heykəlinə dönmüşdü.
Məsih padşahlıq etməyə başlayanda hansı vəziyyətin hökm sürəcəyini təsvir edərək sözünə belə davam edir: «Həmin gecə iki nəfər bir yataqda olacaq. Biri götürüləcək, o birisi qalacaq» (Luka 17:34). Bəli, bəziləri xilas olacaq, bəziləri isə həyatlarını itirəcək.
Şagirdlər soruşur: «Ağa, hara?» O cavab verir: «Cəsəd haradadırsa, qartallar da ora yığışacaq» (Luka 17:37). Bəli, bəziləri iti gözlü qartal kimi olacaq. Şagirdlər insan Oğlu olan Məsihin başına yığışacaq. O vaxt İsa Məsih sadiq şagirdlərini xilasa aparan həqiqətlərlə təmin edəcək.