TƏLİM MƏQALƏSİ 18
Məsihi yığıncağında məhəbbət və ədalət II Hissə
«Bir-birinizin yükünü daşıyın, bu yolla siz Məsihin qanununu icra edəcəksiniz» (QAL. 6:2).
NƏĞMƏ 12 Uca Allah Yehova
İCMALa
1. Nəyə əmin ola bilərik?
YEHOVA ALLAH xidmətçilərini həmişə sevib, sevir və sevəcək. Məhəbbətlə yanaşı ədalət də Onun sifətlərindəndir (Zəb. 33:5). Odur ki, iki şeyə əmin ola bilərik: 1) xidmətçilərinin haqsızlıqla üzləşdiyini görmək Ona əzab verir; 2) O, haqq-ədalətin bərqərar olacağına söz verir. Bu silsilənin ilk məqaləsindənb öyrəndik ki, Yehovanın Musa peyğəmbər vasitəsilə israillilərə verdiyi Qanun məhəbbət üzərində qurulmuşdu. Qanunda O, hər kəsə qarşı, xüsusilə də özlərini müdafiə edə bilməyənlərə qarşı ədalətli olmağa səsləyirdi (Qan. 10:18). Bəli, Musaya verilən Qanundan xidmətçilərinin Yehova üçün nə qədər dəyərli olduğu görünür.
2. Hansı sualları araşdıracağıq?
2 Yehovanın Musaya verdiyi Qanun eramızın 33-cü ilində məsihi yığıncağı yarananda qüvvədən düşdü. Bəs bu, məsihilərin məhəbbət və ədalət üzərində qurulan qanunun müdafiəsindən məhrum olduqları demək idi? Əlbəttə ki, yox! Məsihilərə yeni bir qanun verildi. Məqalədə ilk öncə bu yeni qanun haqda məlumat verilir. Daha sonra növbəti üç sualın cavabı araşdırılır: «Qanunun məhəbbət üzərində qurulduğunu nəyin əsasında deyə bilərik? Qanunun ədalətə səslədiyini nə göstərir? Qanunun tabeliyində olan səlahiyyət sahibləri başqaları ilə necə rəftar etməlidir?»
MƏSİHİN QANUNU
3. Qalatiyalılara 6:2 ayəsində bəhs olunan Məsihin qanununa nələr daxildir?
3 Qalatiyalılara 6:2 ayəsini oxuyun. Məsihilər Məsihin qanununun tabeliyi altındadır. İsa Məsih davamçıları üçün qanunlar toplusu tərtib etməyib, amma onlara həyatda rəhbər tutacaqları göstərişlər, əmrlər və prinsiplər verib. Məsihin qanununa onun öyrətdiyi bütün təlimlər daxildir. Gəlin bu qanunu daha dərindən araşdıraq.
4, 5. Məsih hansı üsullarla və nə zaman təlim verirdi?
4 İsa Məsih hansı üsullarla təlim verirdi? İlk növbədə, sözləri ilə. İsanın kəlmələri böyük gücə malik idi, çünki o, Allah haqqında həqiqət, həyatın əsl mənası və Allahın Padşahlığının bəşəriyyətin əzablarına son qoyacağı barədə danışırdı (Luka 24:19). İsa Məsih həmçinin əməlləri ilə təlim verirdi. O, həyat tərzi ilə davamçılarına necə yaşamalı olduqlarını göstərmişdi (Yəh. 13:15).
5 İsa Məsih nə vaxt təlim verib? Yer üzündə xidmət edən zaman (Mət. 4:23). O həmçinin diriləndən qısa müddət sonra da davamçılarına təlim vermişdi. Məsələn, təxminən 500-dən çox şagirdinə görünərək onlara şagird hazırlamağı tapşırmışdı (Mət. 28:19, 20; 1 Kor. 15:6). Göyə qayıdandan sonra da, yığıncağın başı kimi şagirdlərinə təlim verməyə davam etdi. Misal üçün, eramızın 96-cı ilində Məsih həvari Yəhyaya məsh olunmuş məsihiləri ruhlandırmağı və onlara məsləhət verməyi buyurdu (Kol. 1:18; Vəhy 1:1).
6, 7. a) Məsihin təlimləri harada qeyd olunub? b) Məsihin qanununa necə tabe oluruq?
6 Məsihin təlimləri harada qeyd olunub? İncilin dörd Müjdəsində İsa Məsihin yer üzündə olarkən söylədikləri və etdikləri qələmə alınıb. İncilin digər bölmələri də bizə Məsihin düşüncə tərzinə sahib olmağa kömək edir. Bu bölmələr Məsihin düşüncəsinə sahib olan və müqəddəs ruhdan ilham alan şəxslər tərəfindən qələmə alınıb (1 Kor. 2:16).
7 Dərs. İsa Məsihin təlimləri həyatımızın bütün sahələrini əhatə edir. Odur ki, Məsihin qanunu evdə, işdə, məktəbdə və yığıncaqda davranışımıza təsir edir. Müqəddəs Kitabın İncil hissəsini oxuyub üzərində düşünməklə bu qanunu öyrənirik. Orada yazılan göstərişlərə, əmrlərə və prinsiplərə uyğun yaşamaqla isə bu qanuna tabe oluruq. Məsihin qanununa tabe olmaqla biz onun öyrətdiklərinin mənbəyi olan məhəbbətli Allahımız Yehovaya tabe oluruq (Yəh. 8:28).
MƏHƏBBƏT ÜZƏRİNDƏ QURULAN QANUN
8. Məsihin qanunu hansı təməl üzərində qurulub?
8 Möhkəm təməl üzərində tikilmiş evdə yaşayanlar özlərini təhlükəsizlikdə hiss edir. Eynilə, möhkəm təməl üzərində qurulan qanuna uyğun yaşayanlar da, özlərini təhlükəsizlikdə hiss edir. Məsihin qanunu ən mükəmməl təməl üzərində, məhəbbət üzərində qurulub. Bunu nəyin əsasında deyə bilərik?
9, 10. İsa Məsihin hər şeyi məhəbbətdən irəli gələrək etdiyini nə göstərir və biz onu necə təqlid edə bilərik?
9 Birincisi, İsa Məsih hər şeyi məhəbbətdən irəli gələrək edirdi. Mərhəmət, şəfqət kimi hisslər məhəbbətin təcəssümüdür. İsanın insanlara yazığı gəlirdi, ona görə də camaata təlim verir, xəstələri sağaldır, acları doyurur, ölüləri dirildirdi (Mət. 14:14; 15:32—38; Mark 6:34; Luka 7:11—15). Bütün bunlar onun vaxtını və gücünü alsa da, İsa böyük məmnuniyyətlə başqalarının ehtiyacını özününkündən üstün tuturdu. Onun məhəbbətinin ən böyük təzahürü isə həyatını insanların uğrunda fəda etməsi idi (Yəh. 15:13).
10 Dərs. Başqalarının ehtiyacını özümüzünkündən üstün tutmaqla, həmçinin ərazimizdəki insanlara şəfqət göstərməyi öyrənməklə Məsihi təqlid edə bilərik. Şəfqətdən irəli gələrək insanlara xoş xəbəri təbliğ edəndə və təlim verəndə Məsihin qanununa itaət etmiş oluruq.
11, 12. a) Yehovanın Öz xidmətçilərini dəyərləndirdiyi nədən görünür? b) Yehovanın məhəbbətini necə təqlid edə bilərik?
11 İkincisi, İsa Məsih Atasının məhəbbətini əyan edirdi. Yer üzündəki xidməti zamanı İsa göstərmişdi ki, Yehova Öz xidmətçilərini çox dəyərləndirir. O bunu müxtəlif yollarla göstərmişdi. Məsələn, İsa Məsih hər birimizin səmavi Atamız üçün qiymətli olduğunu vurğulamışdı (Mət. 10:31). Yehova günahkarların tövbə edib yığıncağa qayıtmasını böyük səbirsizliklə gözləyir (Luka 15:7, 10). O, Oğlunu bizim uğrumuzda qurban verməklə bizə duyduğu məhəbbəti isbat edib (Yəh. 3:16).
12 Dərs. Yehovanın məhəbbətini necə təqlid edə bilərik? (Efes. 5:1, 2). Dindaşlarımızın hər biri bizim üçün çox dəyərlidir və Yehovaya geri dönən «itmiş qoyun»ları qarşılamaq bizə çox xoşdur (Zəb. 119:176). Bacı-qardaşlarımıza, xüsusilə də köməyimizə ehtiyac duyanlara vaxtımızı və gücümüzü sərf etməklə onları sevdiyimizi isbat edirik (1 Yəh. 3:17). İnsanlara məhəbbət göstərəndə Məsihin qanununa itaət etmiş oluruq.
13, 14. a) Yəhya 13:34, 35 ayələrinə əsasən, İsa Məsih davamçılarına hansı əmri vermişdi və nəyə görə bu, yeni əmrdir? b) Biz yeni əmrə necə itaət edə bilərik?
13 Üçüncüsü, İsa Məsih davamçılarına fədakar məhəbbət göstərməyi əmr etdi. (Yəhya 13:34, 35 ayələrini oxuyun.) Məsihin bu əmri yeni idi, çünki, Allahın israillilərə verdiyi Qanunda bu cür məhəbbət göstərmək, yəni dindaşlarımızı Məsih bizi sevdiyi kimi sevmək tələb olunmurdu. Bunun üçün fədakar məhəbbət göstərmək gərəkdirc. Biz bacı-qardaşlarımızı hətta özümüzdən də artıq sevməliyik. Onları o qədər çox sevməliyik ki, hətta Məsih kimi onların uğrunda canımızdan belə keçməyə hazır olmalıyıq.
14 Dərs. Yeni əmrə necə itaət edə bilərik? Sadə sözlə desək, bacı-qardaşlarımız üçün qurbanlar verməklə. Biz təkcə həyatımızdan keçəcək qədər böyük qurbanlar verməyə yox, eləcə də kiçik qurbanlar verməyə hazırıq. Məsələn, yaşlı bacı-qardaşları yığıncağa gətirmək üçün yolumuzu onların evindən salanda, yaxud dindaşlarımızın könlünü xoş etmək üçün sevdiyimiz nədənsə keçəndə və ya iş məzuniyyətimizi təbii fəlakətdən zərərçəkənlərə yardım işinə köməyə ayıranda Məsihin qanununa itaət etdiyimizi göstəririk. Beləcə, yığıncaqdakı hər bir kəsin özünü etibarlı əllərdə hiss etməsinə kömək edəcəyik.
ƏDALƏTƏ SƏSLƏYƏN QANUN
15—17. a) İsa Məsihin davranışı onun ədalətli olduğunu necə göstərir? b) Məsihi necə təqlid edə bilərik?
15 Müqəddəs Kitabda istifadə olunan «ədalət» sözü Allahın düzgün hesab etdiyi kimi davranmaq və bunu qərəzsiz şəkildə etmək mənasını verir. Nə üçün deyə bilərik ki, Məsihin qanunu ədalətə səsləyir?
16 İlk növbədə, gəlin görək İsa Məsihin davranışı onun ədalətli olduğunu necə göstərir. Onun dövründə yəhudi din xadimləri qeyri-yəhudilərə nifrət edir, dini təhsili olmayan yəhudilərə yuxarıdan aşağı baxır, qadınlara hörmətsiz yanaşırdılar. İsa Məsih isə hər kəsə qarşı ədalətli və qərəzsiz idi. Ona iman edən qeyri-yəhudilərə də davamçısı olmağa izin verirdi (Mət. 8:5—10, 13). O, heç kəsə fərq qoymadan həm varlıya, həm də kasıba təbliğ edirdi (Mət. 11:5; Luka 19:2, 9). İsa heç vaxt qadınlara qarşı kobudluq etmir, onları alçaltmırdı. Əksinə, hər bir qadına, hətta başqalarının pis münasibət bəslədiyi qadınlara qarşı hörmətcil və mehriban idi (Luka 7:37—39, 44—50).
17 Dərs. İnsanlara qərəzsiz yanaşmaqla, həmçinin sosial statusundan və dinindən asılı olmayaraq, bizi dinləməyə hazır olan hər kəsə təbliğ etməklə Məsihi təqlid edə bilərik. İsadan örnək alan məsihi kişilər qadınlara hörmət edir. Bütün bu şeylər Məsihin qanununa itaət etdiyimizi göstərir.
18, 19. İsa Məsih ədalətlə bağlı nə öyrədirdi və onun təlimlərindən hansı dərsi götürürük?
18 İkincisi, gəlin İsa Məsihin ədalətli olmaqla bağlı öyrətdikləri barədə düşünək. O, davamçılarına başqaları ilə ədalətlə davranmağa kömək edəcək prinsiplər vermişdi. Məsələn, qızıl qanun (Mət. 7:12). Hər kəs özünə qarşı ədalətli münasibət gözləyir. Ona görə də biz insanlarla ədalətlə davranmalıyıq. Bu, qarşı tərəfi də bizimlə belə davranmağa təşviq edə bilər. Bəs əgər bizə qarşı haqsızlıq olunubsa, onda necə? İsa Məsih davamçılarına öyrədirdi ki, Yehova Allahın «gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa» edəcəyinə güvənsinlər (Luka 18:6, 7). Onun bu sözləri bir növ vəd idi: ədalətli Allahımız axırzamanda üzləşdiyimiz sınaqlardan agahdır və lazım bildiyi vaxtda ədaləti bərqərar edəcək (2 Salon. 1:6).
19 Dərs. İsa Məsihin öyrətdiyi prinsiplərə uyğun davrananda başqalarına qarşı ədalətli davranmış oluruq. Əgər biz Şeytan dünyasında haqsızlığın qurbanı olmuşuqsa, Yehovanın ədaləti bərpa edəcəyini bilmək bizə təsəlli ola bilər.
SƏLAHİYYƏT SAHİBLƏRİ BAŞQALARI İLƏ NECƏ RƏFTAR ETMƏLİDİR?
20, 21. a) Səlahiyyət sahibləri başqaları ilə necə rəftar etməlidir? b) Ərlər fədakar məhəbbəti necə təzahür etdirə bilər, bəs atalar övladları ilə necə davranmalıdır?
20 Məsihin qanununun tabeliyində olan səlahiyyət sahibləri başqaları ilə necə davranmalıdır? Qanunun əsasında məhəbbət durduğu üçün səlahiyyət daşıyan şəxslər tabeliyində olanlarla hörmətcil və məhəbbətlə davranmalıdır. Onlar unutmamalıdır ki, İsa Məsihin qoyduğu yol məhəbbət yoludur.
21 Ailədə. Ər arvadını Məsih yığıncağı sevdiyi kimi sevməlidir (Efes. 5:25, 28, 29). Ər arvadının ehtiyacını və maraqlarını özününkündən üstün tutaraq Məsihin fədakar məhəbbətini təqlid etməlidir. Bəzi kişilər üçün bu cür məhəbbət göstərmək çətin ola bilər. Ola bilsin, onlar başqaları ilə ədalətlə və məhəbbətlə davranmağa önəm verilməyən mühitdə böyüyüblər. Pis vərdişləri tərgitmək onlara çətin gələ bilər, lakin Məsihin qanununa itaət etməkdən ötrü onlar bu cür dəyişikliklər etməlidir. Fədakar məhəbbət təzahür etdirən ər arvadının hörmətini qazanır. Övladlarını həqiqətən çox sevən ata heç vaxt sözdə və əməldə onları incitməyəcək (Efes. 4:31). Əksinə, məhəbbətini və onlardan razı olduğunu bildirəcək ki, uşaqları özlərini qayğı əhatəsində hiss etsinlər. Belə ata uşaqlarının məhəbbətini və etibarını qazanır.
22. 1 Butrus 5:1—3 ayələrinə əsasən, «sürü» kimə məxsusdur və sürüyə hansı münasibət göstərilməlidir?
22 Yığıncaqda. Ağsaqqallar «sürünün» onlara məxsus olmadığını yadda saxlamalıdır (Yəh. 10:16; 1 Butrus 5:1—3 ayələrini oxuyun). «Allahın sizə əmanət etdiyi sürü», «Allah qarşısında» və «Allahın əmanəti» ifadələri ağsaqqallara sürünün Yehovaya məxsus olduğunu xatırladır. Yehova Allah Öz xidmətçilərinə qarşı məhəbbət və nəvaziş görmək istəyir (1 Salon. 2:7, 8). Sürünün qeydinə qalmaq məsuliyyətini məhəbbətlə icra edən ağsaqqallar Yehovanın rəğbətini qazanır. Belə ağsaqqallar bacı-qardaşların da məhəbbətini və hörmətini qazanır.
23, 24. a) Ciddi günahla bağlı məsələlərin həllində ağsaqqalların üzərinə hansı məsuliyyət düşür? b) Bu kimi vəziyyətlərdə ağsaqqallar nələri nəzərə alırlar?
23 Ciddi günahla bağlı məsələlərin həllində ağsaqqalların hansı rolu var? Onların rolu Yehovanın israillilərə verdiyi Qanunun tabeliyində olan hakimlərin və ağsaqqalların rolundan fərqlidir. Qanunun tabeliyində olan hakimlər və ağsaqqallar həm ruhani, həm də mülki və cinayət məsələlərinə baxırdılar. Məsihin qanununun tabeliyində olan ağsaqqallar isə məsələnin yalnız Yehovaya ibadətə aid hissəsinə baxırlar. Məişət və cinayət məsələlərinin həllini isə hökumətin səlahiyyətli şəxslərinin öhdəsinə buraxırlar. Ağsaqqallar qəbul edirlər ki, hökumətə bu səlahiyyəti Yehova verib. Bura, tətbiq olunan cərimə və ya həbs kimi cəzalar daxildir (Rom. 13:1—4).
24 Ciddi günahla bağlı məsələlərin həllində ağsaqqalların üzərinə hansı məsuliyyət düşür? Onlar məsələni dəyərləndirib qərar çıxarmaq üçün Müqəddəs Kitaba üz tuturlar. Ağsaqqallar Məsihin qanununun təməlində məhəbbətin durduğunu unutmurlar. Yığıncaqdakı hər hansı kəs cinsi zorakılığın qurbanı olubsa, məhəbbət təşviq edəcək ki, ağsaqqallar ona necə kömək etmək barədə düşünsünlər. Günah işləyən şəxslə bağlı isə ağsaqqallar məhəbbətdən irəli gələrək növbəti amilləri nəzərə alacaq: «O tövbə edib? Ona Yehova ilə münasibətlərini düzəltməyə kömək edə bilərik?»
25. Növbəti məqalənin mövzusu nədir?
25 Məsihin qanununun tabeliyində olduğumuza görə necə də xoşbəxtik! Bu qanuna itaət etmək üçün hamımız əlimizdən gələni edəndə yığıncaqdakı hər bir kəs sevildiyini, ona dəyər verildiyini, qayğı ilə əhatə olunduğunu hiss edir. Amma hələ ki, pis adamların get-gedə daha betər işlər gördüyü bu dünyada yaşayırıq (2 Tim. 3:13). Odur ki, ehtiyatı əldən verməməliyik! Bəs məsihi yığıncağı uşaqlara qarşı cinsi zorakılıqla bağlı məsələlərin həllində Allahın ədalətini necə əks etdirə bilər? Növbəti məqalədə bu sual araşdırılır.
NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!
a Bu və növbəti iki məqalə Yehovanın məhəbbətli və ədalətli Allah olduğuna əminliyimizi artıracaq silsilə məqalələrdir. Yehova istəmir ki, xalqı ədalətsizliklə üzləşsin. O, bu şər dünyada haqsızlığa məruz qalan xidmətçilərinə təsəlli verir.
b «Gözətçi qülləsi» jurnalının 2019-cu il fevral sayında dərc olunan «Qədim İsraildə məhəbbət və ədalət» adlı məqaləyə baxın.
c BƏZİ İFADƏLƏRİN İZAHI. Fədakar məhəbbət bizi başqalarının ehtiyacını və rifahını özümüzünkündən üstün tutmağa təşviq edir. Hər birimiz başqasının xeyri üçün, yaxud kiməsə kömək etmək məqsədilə nələrdənsə keçməyə hazırıq.
d ŞƏKLİN İZAHI. İsa Məsih yeganə oğlunu itirən dul qadının halına acıyır və oğlunu dirildir.
e ŞƏKLİN İZAHI. İsa Məsih Şimon adlı fərisinin evində yemək yeyir. Görünür, fahişə olan bir qadın az əvvəl İsa Məsihin ayaqlarını göz yaşları ilə yuyub, saçları ilə silib və ətirli yağ sürtüb. Qadının hərəkətləri Şimonun xoşuna gəlmir, lakin İsa Məsih qadını müdafiə edir.