Fəsil 12
İsa vəftiz olur
ALTI ay olar ki, Yəhya təbliğ işinə başlayıb. İndi 30 yaşında olan İsa İordan çayına, Yəhyanın yanına gəlir. Görəsən, bu gəlişin səbəbi nədir? Bəlkə o qonaq gəlib? Yoxsa Yəhyanın işləri ilə maraqlanmaq istəyir? Xeyr, İsa vəftiz olunmaq üçün gəlib.
Yəhya İsaya deyir: «Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?» Yəhya bilir ki, onun qohumu olan İsa Allahın oğulları arasında məxsusi yer tutur. Xatırlayaq ki, Məryəm İsaya hamilə olarkən onlara gələndə ana bətnində olan Yəhya sevincindən tərpənmişdi. Şübhəsiz, anası Elizabet sonralar bunu oğluna söyləmişdi. Yəqin, Elizabet bunları da danışmışdı ki, bir mələk İsanın doğulacağı haqqında xəbər gətirmiş və İsa doğulan gecə mələklər çobanlara görünmüşdü.
Bəli, Yəhya İsanın kim olduğunu bilir. Yəhya bunu da bilir ki, onun etdiyi vəftiz İsaya aid deyil. Bu vəftiz günahlarından tövbə edənlər üçündür, İsa isə günahsızdır. Bununla belə, İsa təkid edir: «Məni saxlama, çünki beləcə biz bütün saleh işləri yerinə yetirməliyik».
Bəs İsa nə üçün vəftiz olunmalıdır? Ona günahlardan tövbə etmək lazım deyil, o vəftiz olunmaqla özünü Yehova Allahın niyyətini həyata keçirmək üçün təqdim edir. Bu vaxta qədər İsa dülgərlik edirdi, indi isə xidmətə başlamaq vaxtıdır. Yehova Allah onu yer üzünə məhz bundan ötrü göndərib. İndi, İsa vəftiz olunanda Yəhya qeyri-adi bir şey gözləyir. Görəsən, nə baş verəcək?
Yəhya sonradan danışırdı: «Məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”». Yəhya bilirdi ki, Allahın müqəddəs ruhu vəftiz olunanlardan birinin başına qonmalıdır. İsa sudan çıxan zaman belə də olur, Yəhyanın gözləri qarşısında «müqəddəs ruh göyərçin kimi» İsanın üzərinə enir.
İsanın vəftizi zamanı digər heyrətamiz şeylər də baş verir. Həmin vaxt göylər ona açılır. Nə üçün? Ola bilsin, İsa vəftiz olunanda əvvəllər göydə ruhani varlıq kimi yaşadığı vaxtı və həmin vaxtlar Yehova Allahın ona öyrətdiyi bütün şeyləri yadına salır.
Bundan əlavə, İsa vəftiz olanda göydən bir səs bəyan edir: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam». Bu səs kimindir? Yaradan Allahın. Bəli, Allah Özü şəhadət verir ki, İsa Onun Oğludur. Aşağıda görəcəyik ki, bu bəyanatın xüsusi mənası var.
İsa göydə olarkən Allahın mələk oğlu idi. Yerdə İsa Allahın insan oğludur, necə ki, Adəm Allahın oğlu idi. İsanın vəftizini təsvir edən müjdəçi Luka bunu şərh edir: «İsa xidmətə başlayanda təqribən otuz yaşında idi. Belə hesab edirdilər ki, o, Yusifin oğlu idi. Yusif Helinin oğlu,.. Davudun,.. İbrahimin,.. Nuhun,.. Adəmin [oğlu idi]. Adəm Allahın oğlu idi». Axı Adəmi bilavasitə Allah yaratmışdı.
Bəli, İsa da Adəm kimi «Allahın oğlu», yəni insan oğlu idi. İsanın həyatı ilə tanış olduqca onun qeyri-adi bir insan olduğunu görəcəyik! Bununla bərabər, İsa vəftiz olduqda onunla Allah arasındakı münasibət yeni axar aldı, yəni o, Allahın ruhani oğlu oldu. Bu andan etibarən Allah İsanı yeni bir həyat yoluna yönəltdi və bu həyatın sonunda o, öz canını məhkumiyyət altında olan bəşəriyyət üçün qurban verəcəkdi. Beləcə, demək olar ki, Allah ona göylər dəvəti verdi. Matta 3:13—17; Luka 3:21—38; 1:34—36, 44; 2:10—14; Yəhya 1:32—34; İbranilərə 10:5—9.
▪ Yəhya İsa haqqında haradan bilirdi?
▪ İsa heç bir günah işləmədiyi halda nə üçün vəftiz olur?
▪ Yəhya İsanın vəftizi ilə əlaqədar nə gözləyirdi?