Fəsil 108
İsanı sözdə tutmaq cəhdləri
İSA MƏSİH bir-birinin ardınca üç məsəl danışaraq fəriseylərin iç üzünü açıb göstərir. Bu, fəriseyləri bərk qəzəbləndirir və onlar İsanı sözdə tutub həbs etmək üçün aralarında məsləhətləşirlər. Sonra öz şagirdlərini və Hirodun ardıcıllarını öyrədib İsanın yanına göndərirlər.
Bu adamlar gəlib İsaya deyirlər: «Müəllim, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, heç kəsin fikri sənə təsir göstərmir, çünki insanın hansı vəzifə sahibi olması səni maraqlandırmır. Necə bilirsən, padşaha can vergisi ödəmək düzgündür, ya yox?»
İsa onların yaltaqlığına uymur. O, çox gözəl bilir ki, «düzgün deyil» desə, onu Roma imperiyasına qarşı qiyam qaldırmaqda təqsirləndirəcəklər; yox, «düzgündür» desə, onda Roma ağalığına nifrət edən yəhudilər ona da nifrət edəcəklər. İsa belə deyir: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? Can vergisi ödənilən sikkəni mənə göstərin».
İsaya bir sikkə verirlər. O soruşur:
— Burada kimin surəti və titulu həkk olunub?
— Padşahın, — onlar cavab verirlər.
— Elə isə, padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin. Onlar İsanın məharətli cavabından pərt olur və çıxıb gedirlər.
Sadukeylər (onlar dirilməyə inanmırlar) fəriseylərin İsa ilə bacara bilmədiklərini görəndə yaxınlaşıb ondan soruşurlar: «Müəllim, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadına evlənməlidir ki, qardaşının nəsli kəsilməsin”. Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. Hamıdan axırda qadın da öldü. İndi görəsən, dirilmə vaxtı həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadına evlənmişdi».
İsa onlara belə cavab verir: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız, məgər elə deyil? Axı dirilmə zamanı kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar. O ki qaldı ölülərin dirilməyinə, məgər Musanın kitabında, göyəm kolu haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız? O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız».
Camaat yenə də İsanın cavabına heyran qalır. Hətta mirzələrdən bəziləri deyirlər: «Müəllim, yaxşı dedin».
Fəriseylər görəndə ki, İsa sadukeyləri də susdurdu, toplaşıb birlikdə ona yaxınlaşırlar. Onların arasından bir mirzə İsanı sınamaq üçün soruşur: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?»
İsa ona cavab verir: «Ən birincisi budur: “Eşit, ey İsrail! Allahımız Yehovadır; Yehova yeganə Allahdır. Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev”. İkinci əmr isə budur: “Yaxınını özünü sevdiyin kimi sev”. Bunlardan böyük əmr yoxdur». İsa əlavə edir: «Bütün Qanun və Peyğəmbərlərin kitabları bu iki əmrin üzərində durur».
Mirzə İsa ilə razılaşır: «Müəllim, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur” və Onu bütün ürəklə, bütün düşüncə ilə, var qüvvə ilə sevmək və insanın yaxınını da özü kimi sevməsi, yandırılan və kəsilən qurbanlardan qat-qat qiymətlidir».
İsa onun bu ağıllı cavabını eşidəndə deyir: «Sən Allahın padşahlığından uzaq deyilsən».
Artıq üç gündür ki, İsa məbəddə təlim verir. Camaat onu böyük həvəslə dinləyir. Din rəhbərləri isə onu öldürmək istəyirlər, amma cəhdləri hələlik boşa çıxır. Matta 22:15—40; Mark 12:13—34; Luka 20:20—40.
▪ İsanı həbs etmək üçün fəriseylər hansı fəndə əl atırlar? Nəyə görə İsa nə müsbət, nə də mənfi cavab verir?
▪ İsa sadukeylərin onu sözdə tutmaq cəhdlərini necə boşa çıxarır?
▪ Bir mirzə İsaya hansı sualı verir və bunun nəticəsi necə olur?
▪ İsa məbəddə neçə gün təlim verir və bu, nə ilə nəticələnir?