‘Görün siz necə insan olmalısınız’!
«Bütün bunlar belə məhv olacaqsa, görün siz müqəddəs davranışda və Allaha sədaqətdə necə insan olmalısınız»! (2 PET. 3:11, YD).
1 Nəyə görə Peterin yazdığı ikinci məktub onun günlərində yaşayan məsihçilər üçün vaxtında olan xəbərdarlıq idi?
HƏVARİ Peter Allahdan ilham almış ikinci məktubunu yazanda məsihçi yığıncağının üzvləri artıq bir çox təqiblərə sinə gərmişdilər. Amma bu, onların səyini azaltmamış və inkişafını zəiflətməmişdi. Buna görə də İblis əvvəllər dəfələrlə uğurlu alınan üsula əl atdı. Peterin dediyi kimi, Şeytan ‘gözləri daima zina axtaran’ (YD) və ‘ürəyi tamahkarlığa alışdırılan’ yalançı müəllimlər vasitəsilə Allahın xalqını yoldan çıxarmağa çalışırdı (2 Pet. 2:1—3, 14; Yəhuda 4). Buna görə də Peter ikinci məktubunda bizi səmimi-qəlbdən Allaha sadiq qalmağa dəvət edir.
2. Peterin yazdığı ikinci məktubun üçüncü fəslində diqqət nəyə yönəldilir və biz özümüzə hansı sualları verməliyik?
2 Peter yazırdı: «Lakin bu çadırda [«bədəndə», YD] qaldığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm. Çünki bilirəm ki,.. çadırımı tezliklə bir tərəfə qoyacağam. Buna görə də səy göstərəcəyəm ki, mən bu dünyadan köçdükdən sonra da, bunları həmişə yada salasınız» (2 Pet. 1:13—15). Peter tezliklə öləcəyini bilsə də, istəyirdi ki, vaxtında verilən bu xatırlatmalar uzun illər yaşasın. Həqiqətən də, bu xatırlatmalar Müqəddəs Kitaba daxil oldu və hal-hazırda hər birimizin onları oxumaq imkanı var. Bu məktubun 3-cü fəsli diqqəti indiki sistemin ‘axır günlərinə’ və simvolik göylərin və yerin məhv edilməsinə yönəltdiyindən bizim üçün xüsusi əhəmiyyət kəsb edir (2 Pet. 3:3, 7, 10). Peter bizə hansı məsləhəti verir? Onun bu məsləhətini tətbiq etmək bizə Yehovanın lütfünü qazanmağa necə kömək edəcək?
3, 4. a) Peter məsihçiləri nəyə təşviq etdi və onlara hansı xəbərdarlığı verdi? b) Hansı üç amili nəzərdən keçirəcəyik?
3 Şeytan dünyasının sonu haqda danışdıqdan sonra Peter deyir: «Görün siz müqəddəs davranışda və Allaha sədaqətdə necə insan olmalısınız»! (2 Pet. 3:11, 12). Orijinal mətnə əsasən, o sual vermir, nida edir. Peter bilirdi ki, yalnız Yehovanın iradəsini yerinə yetirənlər və Ona məqbul xüsusiyyətlər təzahür etdirənlər ‘qisas günündən’ sağ çıxacaqlar (Yeşaya 61:2). Buna görə də həvari əlavə edir: «Siz isə, ey sevimlilər, bunları qabaqcadan bilərək ehtiyat edin ki, pozğun adamların [yalançı müəllimlərin] xatası ilə yoldan azdırılmayasınız və sabit vəziyyətinizdən ayrılmayasınız» (2 Pet. 3:17).
4 Peter ‘qabaqcadan bilənlərin’ arasında olaraq bilirdi ki, axır günlərdə nöqsansızlıqlarını qorumaq üçün məsihçilər xüsusilə ayıq-sayıq olmalıdırlar. Sonralar həvari Yəhya bunun səbəbini açıq-aydın izah etdi. O, Şeytanın göydən atıldığını və ‘böyük qəzəblə’ ‘Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalanlara’ qarşı çıxdığını qabaqcadan görmüşdü (Vəhy 12:9, 12, 17). Allahın məsh olunmuş sədaqətli xidmətçiləri sadiq əməkdaşları olan ‘başqa qoyunlarla’ birgə qələbə qazanacaqlar (Yəh. 10:16). Bəs şəxsən bizim haqqımızda nə demək olar? Nöqsansızlığımızı qoruyacağıqmı? Buna nail olmaq üçün: 1) Allahın bəyəndiyi xüsusiyyətləri inkişaf etdirməyə; 2) əxlaqi, ruhani cəhətdən nöqsansız və ləkəsiz qalmağa və 3) sınaqlara düzgün münasibət bəsləməyə çalışmalıyıq. Gəlin bu amilləri bir-bir araşdıraq.
Allahın bəyəndiyi xüsusiyyətləri inkişaf etdirin
5, 6. Hansı xüsusiyyətləri inkişaf etdirməliyik və nəyə görə bunun üçün ‘səy sərf etmək’ lazımdır?
5 İkinci məktubunun əvvəlində Peter yazır: «Bütün səyinizi sərf edərək, imanınıza fəzilət, fəzilətinizə bilik, biliyinizə nəfsə hakim olmağı, nəfsə hakim olmağa təhəmmül, təhəmmülünüzə Allaha ixlas, ixlasınıza qardaş sevgisi və qardaş sevgisinə məhəbbəti əlavə edin. Əgər bunlar sizdə varsa və artırsa, Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz qalmayacaqsınız» (2 Pet. 1:5—8).
6 Bəli, Allahın bəyəndiyi xüsusiyyətləri inkişaf etdirməyə kömək edən işlərlə məşğul olmaq üçün ‘səy sərf etməliyik’. Məsələn, bütün məsihçi görüşlərində iştirak etməyə, Müqəddəs Kitabı hər gün oxumağa və yaxşı şəxsi öyrənmə qrafikinə riayət etməyə çalışmalıyıq. Bunlardan əlavə, müntəzəm, məmnunedici və faydalı ailəvi ibadət axşamı keçirmək üçün də səy tələb olunur. Əsasını yaxşı qoysaq, xüsusilə faydasını görəndən sonra bu şeylər tədricən vərdiş halına keçəcək.
7, 8. a) Ailəvi ibadət axşamı ilə bağlı bəziləri nə deyir? b) Ailəvi ibadət sənə hansı faydanı gətirir?
7 Ailəvi ibadət axşamı ilə bağlı bir bacı yazır: «Bunun sayəsində o qədər şey öyrənirik ki...» Başqa bir bacı isə belə deyir: «Düzünü desəm, kitaböyrənmə görüşünün artıq keçirilməyəcəyini eşidəndə çox məyus oldum, çünki bu, mənim ən sevdiyim görüş idi. Ancaq indi ailəvi ibadət axşamı keçirməyə başladıqdan sonra başa düşdüm ki, Yehova nəyə və nə zaman ehtiyac duyduğumuzu bizdən yaxşı bilir». Bir ailə başçısı növbəti sözləri deyir: «Ailəvi ibadət axşamının gətirdiyi faydanı sözlə ifadə etmək qeyri-mümkündür. Görüşü ehtiyac duyduğumuz şeylərə uyğunlaşdırmağın həm mənə, həm də yoldaşıma böyük faydası dəyir. Hər ikimiz müqəddəs ruhun səmərəsini daha da yaxşı təzahür etdirdiyimizi və xidmətdə həmişəkindən daha çox sevinc duyduğumuzu hiss edirik». Digər ailə başçısı isə bölüşür: «Uşaqlar şəxsən özləri tədqiqat apararaq biliklərini artırırlar və bu da onlara məmnunluq gətirir. Bu, Yehovanın vəziyyətimizdən agah olduğuna və dualarımıza cavab verdiyinə əminliyimizi birə-beş artırır». Allahın gözəl ruhani ənamlarına görə sən də minnətdarsanmı?
8 Az əhəmiyyətli işlərin ailəvi ibadəti keçirməyə mane olmasına yol verməyin. Bir ər-arvad söyləyir: «Son dörd həftə idi ki, cümə axşamları ailəmizdə nə isə baş verirdi və bu, demək olar ki, ailəvi ibadəti keçirməyə mane olurdu, ancaq biz buna imkan vermirdik». Sözsüz ki, hərdən qrafikinizdə dəyişikliklər edə bilərsiniz. Bununla belə, ailəvi ibadət axşamını, bir həftə də olsun, təxirə salmamağa qəti qərarlı olun!
9. Yehova Yeremyaya necə dəstək oldu və biz onun nümunəsindən nə öyrənə bilərik?
9 Yeremya peyğəmbər bizim üçün gözəl nümunədir. O, Yehovadan aldığı ruhani qidaya ehtiyac duyurdu və onu yüksək qiymətləndirirdi. Bu, ona çatdırdığı xəbərə laqeyd yanaşan insanlara təhəmmüllə təbliğ etməyə imkan verirdi. «Onun [Yehovanın] sözü sümüklərimdə həbs edilən,.. yanan bir od oldu», — deyə o söyləmişdi (Yer. 20:8, 9). Həmçinin Allahın sözləri ona Yerusəlimin məhvi ilə son həddə çatan çətinliklərə dözməyə kömək etdi. Bu gün bizim əlimizdə tam şəkildə Allahın Kəlamı var. Onu səylə öyrənməklə və hər şeyə Allahın nöqteyi-nəzəri ilə baxmaqla, Yeremya kimi, biz də xidmətdə sevincimizi qorumağa, sınaqlar zamanı sadiqliyimizi itirməməyə, eləcə də əxlaqi və ruhani cəhətdən təmiz qalmağa müvəffəq olacağıq (Yaq. 5:10).
«Nöqsansız, ləkəsiz» qalın
10, 11. Nəyə görə özümüzü «nöqsansız, ləkəsiz» saxlamağa var gücümüzlə çalışmalıyıq və bunun üçün bizdən nə tələb olunur?
10 Biz məsihçilər axır günlərdə yaşadığımızı bilirik. Buna görə də dünyanın tamahkarlıq, cinsi əxlaqsızlıq və zorakılıq kimi Yehovanın nifrət etdiyi əməllərlə dolu olması bizi təəccübləndirmir. Şeytanın strategiyasını bir sözlə belə ifadə etmək olar: «Allahın xidmətçiləri qorxmadılarsa, bəlkə, onları yoldan çıxara bildim» (Vəhy 2:13, 14). Buna görə də biz Peterin məhəbbətlə verdiyi xəbərdarlıq üzərində ciddi düşünməliyik: «[«Var gücünüzlə çalışın», YD] ki, Onun [Allahın] hüzurunda nöqsansız, ləkəsiz və sülh içində tapılasınız» (2 Pet. 3:14).
11 «Var gücünüzlə çalışın» ifadəsi Peterin bundan əvvəl dediyi ‘bütün səyinizi sərf edin’ nəsihətinə bənzəyir. Peteri bu hissləri ifadə etməyə ilhamlandıran Yehova bilir ki, Şeytan dünyasının natəmiz əməllərindən təmiz qalaraq özümüzü «nöqsansız, ləkəsiz» saxlamaq üçün çalışmalıyıq. Var gücümüzlə çalışmaq özünə ürəyimizdə düzgün olmayan arzuların kök salmasına imkan verməməyi daxil edir. (Süleymanın məsəlləri 4:23; Yaqub 1:14, 15 ayələrini oxu.) Bura həmçinin məsihçi həyat tərzimizə məəttəl qalanlara və bizi ‘söyənlərə’ qarşı möhkəm durmaq daxildir (1 Pet. 4:4).
12. Luka 11:13 ayəsi bizi nəyə əmin edir?
12 Qeyri-kamilliyimiz ucbatından düzgün olanı etmək bizim üçün əsil mübarizədir (Rom. 7:21—25). Səmimi-qəlbdən diləyənlərə Öz müqəddəs ruhunu səxavətlə verən Yehovaya güvəndiyimiz təqdirdə bu mübarizədə qələbə qazana bilərik (Luka 11:13). Bu ruh da, öz növbəsində, bizdə Allahın bəyəndiyi xüsusiyyətləri inkişaf etdirir və yalnız həyatda qarşılaşdığımız imtahanlara yox, həmçinin Yehovanın günü yaxınlaşdıqca artan çətinliklərə qarşı durmağa da kömək edir.
Qoy sınaqlar sizi möhkəmləndirsin
13. Həyatda qarşılaşdığımız çətinliklərə tab gətirməyə bizə nə kömək edə bilər?
13 Hələ ki bu sistemdə yaşayırıq, bizi müxtəlif çətinliklər gözləyir. Ancaq ruhdan düşmək əvəzinə, nəyə görə sınaqlara Yehovaya məhəbbətini sübut etməyə, eləcə də Ona və Onun Kəlamına etibarını möhkəmləndirməyə fürsət kimi baxmayasan? Şagird Yaqub yazırdı: «Ey qardaşlarım, müxtəlif imtahanlara düşəndə, bunu böyük bir sevinclə qəbul edin. Bilin ki, imanınızın sınanması təhəmmül hasil edir» (Yaq. 1:2—4). Həmçinin yadda saxla ki, Yehova ‘Ona ixlas edənləri imtahandan necə xilas etməyi bilir’ (2 Pet. 2:9).
14. Yusifin nümunəsi səni necə ruhlandırır?
14 Doğma qardaşları tərəfindən qul kimi satılan Yaqubun oğlu Yusifin nümunəsinə nəzər salaq (Yar. 37:23—28; 42:21). Belə mərhəmətsiz davranışın qurbanı olan Yusifin imanı zəiflədimi? Başına belə bədbəxtliyin gəlməsinə yol verdiyinə görə Allaha qəzəbləndimi? Allahın sözü bunun belə olmadığını aydın şəkildə deyir! Ancaq Yusifin sınaqları bununla bitmədi. Sonralar o, zorlamağa cəhd etməkdə yalandan ittiham olunaraq zindana atıldı. Amma bu dəfə də o, Allaha sadiqliyindən dönmədi (Yar. 39:9—21). Əksinə, sınaqların onu möhkəmləndirməsinə yol verdi və buna görə də bol-bol mükafatlandırıldı.
15. Naominin nümunəsindən nə öyrənə bilərik?
15 Nəzərə al ki, sınaqlar bizi kədərləndirə, hətta ruhdan sala bilər. Yəqin, Yusif də hərdən belə hisslər keçirirdi. Sözsüz ki, bunu Allahın digər xidmətçiləri haqqında da demək olar. Gəlin həyat yoldaşını və iki oğlunu itirən Naominin nümunəsinə baxaq. «Mənə Naomi deməyin, mənə Mara [mənası «acı» deməkdir] deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi» (Rut 1:20, 21, haşiyə). Naominin münasibəti təbii və başadüşüləndir. Yusif kimi, o da Allaha imanının və Onunla münasibətlərinin itirilməsinə, ya da sadiqliyinə xətər yetirilməsinə imkan vermədi. Yehova isə, buna cavab olaraq, bu dəyərli qadını mükafatlandırdı (Rut 4:13—17, 22). Üstəlik, Allah Şeytanın və onun pis dünyasının vurduğu bütün zərəri yerüzü Cənnətdə aradan qaldıracaq. «Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17).
16. Duaya münasibətimiz necə olmalıdır və nəyə görə?
16 Hansı sınaqlarla üzləşməyimizdən asılı olmayaraq, Allahın məhəbbəti bizə güc verəcək. (Romalılara 8:35—39 ayələrini oxu.) Şeytan bizi usanmadan ruhdan salmağa çalışsa da, ‘sağlam düşüncəli və dualarda ayıq olduğumuz’ təqdirdə onun arzusu ürəyində qalacaq (1 Pet. 4:7, YD). İsa demişdi: «Buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin [«yalvarın», YD] və ayıq olun» (Luka 21:36). Diqqət yetir ki, İsa burada duanın çox vacib forması olan ‘yalvarmaq’ sözünü işlətmişdi. Bizi yalvarmağa çağırmaqla İsa demək istəyirdi ki, indi onun və Atasının qarşısında durmağımıza ciddi yanaşmağın əsil vaxtıdır. Yehovanın günündən yalnız Onun və Oğlunun gözündə lütf qazanan insanlar sağ çıxmağa ümid edə bilərlər.
Yehovaya xidmətdə fəal olun
17. Əgər sahəndə təbliğ etmək çətindirsə, keçmişdə yaşayan peyğəmbərlərin gözəl nümunələrindən nə öyrənə bilərsən?
17 Ruhani işlərdə iştirak etmək bizi möhkəmləndirir. Bu, bizə Peterin sözlərini xatırladır: «Görün siz müqəddəs davranışda və Allaha sədaqətdə necə insan olmalısınız» (2 Pet. 3:11, YD). Ən vacib iş xoş xəbəri bəyan etməkdir (Mat. 24:14). Düzdür, bəzi ərazilərdə insanların laqeyd münasibətinə, təqiblərə, yaxud sadəcə olaraq insanların gündəlik işlərə başları qarışdığına görə təbliğ etmək çətin ola bilər. Yehovanın keçmişdə yaşayan xidmətçiləri də bu cür münasibətlə qarşılaşırdılar. Bununla belə, onlar heç vaxt təslim olmurdular, əksinə, «dəfələrlə» Allahın verdiyi xəbəri çatdırırdılar. (2 Salnamələr 36:15, 16 ayələrini oxu; Yer. 7:24—26.) Bütün bunlara davam gətirməyə onlara nə kömək etdi? Onlar aldıqları tapşırığa dünyanın yox, Allahın nöqteyi-nəzəri ilə baxırdılar. Həmçinin Allahın adını bəyan etməyi ən böyük şərəf hesab edirdilər (Yer. 15:16).
18. Padşahlığın təbliğ işi Allahın adını gələcəkdə necə izzətləndirəcək?
18 Biz də Yehovanın adını və niyyətini bəyan etmək şərəfinə malikik. Bir düşün: məhz bizim təbliğ xidmətimizin nəticəsində Allahın düşmənləri Onun hökm günü ilə üz-üzə gələndə Yehova və Onun niyyəti haqqında eşitdiklərini inkar edə bilməyəcəklər. Bəli, necə ki keçmişdə firon ona qarşı çıxan Şəxsin Yehova olduğunu bildi, eləcə də onlar bunu biləcəklər (Çıx. 8:1, 20; 14:25). Həmin vaxtda da Yehova xidmətçilərinin həqiqətən də Onun nümayəndələri olduqlarını açıq-aşkar bildirəcək. (Yezekel 2:5; 33:33 ayələrini oxu.)
19. Yehovanın səbrindən faydalanmaq istədiyimizi necə göstərə bilərik?
19 İkinci məktubunun sonuna yaxın Peter həmimanlılarına yazır: «Rəbbimizin səbrini də qurtuluş hesab edin» (2 Pet. 3:15). Bəli, gəlin Yehovanın səbrindən faydalanmağa davam edək. Bunu necə edə bilərik? Allahın bəyəndiyi xüsusiyyətləri inkişaf etdirməklə, ‘nöqsansız, ləkəsiz’ qalmaqla, sınaqlara düzgün münasibət bəsləməklə və Padşahlıq işi ilə məşğul olmaqla buna nail ola bilərik. Belə etməklə, biz «yeni göylər və yeni yer»lə bağlı sonsuz xeyir-dualar alacağıq (2 Pet. 3:13).
Yadınızdadırmı?
• Allahın bəyəndiyi xüsusiyyətləri necə inkişaf etdirə bilərik?
• «Nöqsansız, ləkəsiz» qalmaq necə mümkündür?
• Yusif və Naomi bizə hansı nümunəni qoyub?
• Təbliğ işində iştirak etmək nəyə görə böyük şərəfdir?
[9-cu səhifədəki şəkil]
Ərlər, sizə və ailənizə Allahın bəyəndiyi xüsusiyyətləri inkişaf etdirməyə nə kömək edəcək?
[10-cu səhifədəki şəkillər]
Yusifin sınaqlara tab gətirməsindən nə öyrənə bilərik?