Dirilməyə olan ümid sənin üçün hansı mə’nanı daşıyır?
«Əlini açırsan, bütün canlıları doyunca yedirirsən» (MƏZMUR 145:16).
1-3. Bə’zilərinin gələcəyə hansı ümidi var? Nümunə gətirin.
DOQQUZ yaşlı Kristofer və onun qardaşı, xalası, xalasının əri və onların iki oğlu Mançester şəhərinin (İngiltərə) yaxınlığında səhər vaxtı birlikdə evdən-evə təbliğ edirdilər. «Oyanın!» jurnalında deyildiyi kimi, onlar nahardan sonra yaxınlıqdakı dəniz sahili kurort şəhəri olan Blekpulun diqqətəlayiq yerlərini görməyə getdilər. Yolda, hətta polisləri belə dəhşətə gətirən qorxunc avtomobil qəzası baş verdi. Onların altısı da ölən 12 nəfərin arasında idi.
2 Bu faciədən bir gün əvvəl Kristoferin ailəsi yığıncağın kitaböyrənməsində iştirak etmişdir. Bu görüşdə ölümə dair sual müzakirə edilirdi. Uşağın atası deyir: «Kristofer dərindən düşünməyi sevirdi. Həmin axşam o, yeni dünya və gələcəyə olan ümidi barədə əminliklə danışırdı. Söhbət əsnasında o gözlənilmədən belə dedi: “Yehovanın Şahidi olmaq yaxşıdır, çünki ölüm kədər gətirsə də, bir gün yer üzündə bir-birimizi yenidən görəcəyimizi bilirik”. Bu sözlərin nə qədər yadda qalacağı həmin görüşdə iştirak edən bizlərdən heç kəsin ağlına belə gəlməzdi»a.
3 Bundan çox-çox əvvəl, 1940-cı ildə, Frans adlı avstriyalı Şahid Yehovaya olan imanından dönmək istəmədiyi üçün gilyotində e’dam olunacağı vaxtı gözləyirdi. Berlindəki həbsxanadan Frans anasına belə bir məktub yazmışdı: «Əgər bildiklərimi nəzərə alaraq [hərbi] and içsəydim, ölümə layiq günah işlətmiş olardım. Bu isə mənim üçün yolverilməz bir şeydir. Onda dirilməyə ümidim olmazdı. [...] Və bu gün, əziz anam və bütün bacı-qardaşlarım, mənə hökm kəsildi. Dəhşətə gəlməyin, amma bu ölüm hökmüdür. Məni sabah səhər e’dam edəcəklər. İsanın keçmişdəki həqiqi davamçıları kimi, mən də Allahdan qüvvə alıram. [...] Əgər ölənə qədər sadiq qalsanız, onda biz dirilmə zamanı yenidən görüşəcəyik. [...] Yenidən görüşənədək»b.
4. Yuxarıda danışılan hadisələr sizdə hansı hissləri oyadır və bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
4 Kristofer və Frans üçün dirilməyə olan ümid böyük əhəmiyyət kəsb edirdi. Bu ümid onlar üçün gerçək idi. Bu nümunələr şübhəsiz ki, bizə dərin tə’sir bağışlayır. Yehovaya minnətdarlığımızı artırmaq və dirilməyə olan ümidimizi möhkəmləndirmək üçün, gəlin dirilmənin nə üçün baş verəcəyini və bunun hər birimizə necə tə’sir etməli olduğunu nəzərdən keçirək.
Yer üzündəki dirilmə ilə bağlı görüntü
5, 6. Həvari Yəhya tərəfindən Vəhy 20:12, 13 ayələrində yazılmış görüntüdən nə öyrənirik?
5 Həvari Yəhyaya İsa Məsihin Minillik hökmranlığının görüntüsü verilmişdi. Digər hadisələrlə yanaşı Yəhya yer üzündəki dirilməni də görmüşdü. O xəbər verir: «Mən, ölüləri, kiçikləri və böyükləri taxtın qarşısında duran gördüm. Dəniz, özündə olan ölüləri təslim etdi; ölüm və ölülər aləmi [yun. hades] də özlərində olan ölüləri təslim etdilər» (Vəhy 20:12, 13). Yəhya ölüləri, «kiçikləri və böyükləri» xatırladır. Bu o deməkdir ki, cəmiyyətdəki əvvəlki mövqelərindən asılı olmayaraq, hadesin (şeolun), bəşəriyyətin ümumi məzarının bütün əsirləri azad ediləcək. O zaman dənizdə ölənlər də həyata qayıdacaqlar. Bu mö’cüzəli hadisələr Yehovanın niyyətinin bir hissəsidir.
6 Məsihin Minillik hökmranlığı Şeytanın zəncirlənib dibsiz dərinliklərə atılmasından, yə’ni zərərsizləşdirilməsindən başlanacaq. Şeytan, Məsihin hökmranlığı zamanı dirilənlərdən və ya böyük məşəqqətdən sağ çıxanlardan heç kəsi azdıra bilməyəcək (Vəhy 20:1-3). Min il sənə çox görünə bilər, lakin Yehova üçün min il «bir gün kimidir» (2 Peter 3:8).
7. Məsihin Minillik hökmranlığı zamanı məhkəmə nəyin əsasında həyata keçiriləcək?
7 Həmin görüntüyə əsasən Məsihin Minillik hökmranlığı hökm dövrü olacaq. Həvari Yəhya yazır: «Mən, ölüləri, kiçikləri və böyükləri taxtın qarşısında duran gördüm. Tumarlar açıldı və həyat kitabı olan başqa bir tumar da açıldı. Ölülər, kitablarda yazılanlara əsasən, öz əməllərinə görə mühakimə olundu. ...Və hər birinə öz əməllərinə görə hökm olundu» (Vəhy 20:12, 13). Diqqət yetirək ki, məhkəmə insanın ölənə qədər etdiyi və ya etmədiyi işlərin əsasında həyata keçirilməyəcək (Romalılara 6:7). Məhkəmə, çox ehtimal ki, gələcəkdə açılacaq «tumarlar»la bağlıdır. İnsanın adının «həyat kitabı»na yazılıb-yazılmayacağı bu tumarlarla tanış olduqdan sonra edəcəyi hərəkətlərdən asılı olacaq.
‘Həyata qovuşmaq’ və ya ‘hökmə düçar olmaq’ üçün dirilmə
8. Dirilənlər üçün hansı iki imkan yaranacaq?
8 Bir qədər əvvəl Yəhyanın görüntüsündə İsa «ölümün və ölülər aləminin (hadesin) açarları»na malik olan şəxs kimi təsvir edilmişdir (Vəhy 1:18). Yehova onu «Həyat Rəisi» tə’yin edərək «dirilərə və ölülərə hökm» kəsmək səlahiyyəti vermişdi (Həvarilərin işləri 3:15; 2 Timoteyə 4:1). İsa bu hökmü necə həyata keçirəcək? O, gözlərini həyata yumanları dirildəcək. Onu dinləyən insanlara İsa demişdi: «Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar». Sonra əlavə etmişdi: «Yaxşılıq edənlər dirilib həyata qovuşacaqlar, pislik edənlər isə dirilib hökmə düçar olacaqlar» (Yəhya 5:28-30). Beləliklə, qədim dövrdə yaşamış sadiq kişi və qadınları hansı gələcək gözləyir?
9. a) Həyata qayıdanların əksəriyyəti, şübhəsiz ki, nə haqda öyrənəcəklər? b) O zaman hansı böyük maarifləndirmə işi həyata keçiriləcək?
9 Dirildikdən tezliklə sonra qədim dövrün sadiq xidmətçiləri inandıqları və’dlərin həyata keçdiyini görəcəklər. Müqəddəs Kitabın ilk peyğəmbərliyində, Yaradılış 3:15 ayəsində xatırlanan Allahın «qadınının» zürriyyətinin kim olduğunu bilmək onlar üçün necə də maraqlı olacaq! Və’d edilmiş Məsihin, İsanın, ölənə qədər sadiq qaldığını və həyatını fidiyə qurbanı kimi verdiyini eşitməyə necə də şad olacaqlar! (Matta 20:28). Onları qarşılayanlar fidiyənin Yehovanın mərhəmətinin və lütfünün təzahürü olduğunu başa düşməkdə onlara böyük sevinclə kömək edəcəklər. Dirilənlər Yehovanın Yer kürəsinə dair niyyətini yerinə yetirmək üçün Allahın Padşahlığının nə etdiyini biləndə, onların ürəkləri, şübhəsiz ki, Allaha minnətdarlıq hissi ilə dolacaq. Onların sevən səmavi Atalarına və Onun Oğluna məhəbbət və sədaqət göstərmək üçün çoxlu imkanları olacaq. Yaşayanların hamısı, qəbirlərdən çıxan milyardlarla insanların Allahın təqdim etdiyi fidiyəyə iman gətirməyi öyrənmələri üçün zəruri olan böyük maarifləndirmə işində məmnuniyyətlə iştirak edəcəklər.
10, 11. a) Məsihin Minillik padşahlığı Yer kürəsinin bütün sakinləri qarşısında hansı imkanları açacaq? b) Bu bizə necə tə’sir göstərməlidir?
10 İbrahim diriləndə, həsrətlə gözlədiyi «şəhərin» hökmranlığı dövründə həyatın necə olduğunu görməyə çox şad olacaq (İbranilərə 11:10). Həyat tarixçəsinin sınaqlar zamanı Allahın digər xidmətçilərini necə möhkəmləndirdiyini bilmək sadiq Əyyub üçün necə də sevindirici olacaq! Bəs Danielə ilham alaraq yazdığı peyğəmbərliklərin icrası barədə bilmək necə də maraqlı olacaq!
11 Həqiqətən də, salehliyin hökm sürəcəyi yeni dünyada həm dirilənlərə, həm də böyük məşəqqətdən sağ çıxanlara Yehovanın yer üzünə və onun sakinlərinə dair niyyətləri barədə çox şeyi öyrənmək lazım gələcək. Heç zaman ölməmək və əbədiyyət boyu Yehovanı izzətləndirmək imkanı sayəsində, bu maarifləndirmə işində iştirak etmək əsl məmnunluq gətirəcək. Lakin tumarların məzmunu ilə tanış olduqca hər birimizin necə davranacağı daha vacib olacaq. Öyrəndiklərimizə əsasən davranacağıqmı? Şeytanın bizi sonuncu dəfə həqiqətdən uzaqlaşdırmaq cəhdinə qarşı durmaq üçün bizə qüvvə verən bu vacib mə’lumata tam diqqət və ciddiliklə yanaşacağıqmı?
12. Maarifləndirmə və yeri Cənnətə çevirmək işində tam dərəcədə iştirak etməkdə hamıya nə kömək edəcək?
12 Məsihin fidiyə qurbanlığının gətirəcəyi mö’cüzəli xeyir-duaları da unutmaq olmaz. Həyata qaytarılan insanlarda bugünkü xəstəlik və nasazlıqlardan əsər-əlamət qalmayacaq (Yeşaya 33:24). Sağlam bədən və kamil sağlamlıq əldə etmək perspektivi yeni dünyanın bütün sakinlərinə dirilən milyardlarla insanları maarifləndirmək işində iştirak etməyə və onları həyat yoluna yönəltməyə imkan verəcək. Onlar həm də indiyə qədər yer üzündə görülmüş ən böyük işdə — bütün planeti Cənnətə çevirmək işində iştirak edəcəklər. Bu, Yehovaya izzət gətirəcək.
13, 14. Şeytanın sonuncu dəfə azad edilməsinin məqsədi nə olacaq və bizlərdən hər birimiz üçün hansı imkan yaranacaq?
13 Şeytan bəşəriyyəti sonuncu dəfə sınağa çəkmək üçün dibsiz dərinlikdən azad olunanda, insanları yenidən aldatmağa cəhd göstərəcək. Şeytanın pis tə’siri altına düşərək aldadılmış «xalqlar»ın və ya insan qruplarının hamısı ölümə məhkum ediləcəklər. Vəhy 20:7-9 ayələrində oxuyuruq: «Göydən... od tökülüb, onları məhv etdi». Məsihin Minillik padşahlığı zamanı həyata qaytarılanlar üçün bu dirilmə hökm üçün dirilmə olacaqdır. Onlardan fərqli olaraq Allaha sadiq olacaq insanlar əbədi həyat ən’amını alacaqlar. Onların dirilməsi ‘həyata qovuşmaq’ üçün dirilmə olacaq (Yəhya 5:29).
14 Dirilməyə olan ümid bizə artıq indidən necə təsəlli verə bilər? Ən vacibi isə, gələcəkdə bu dirilmə ilə bağlı xeyir-duaları almaq üçün nə etməliyik?
Bu gün mənimsəməli olduğumuz vacib dərslər
15. Dirilməyə olan iman sənə artıq indi necə kömək edə bilər?
15 Ola bilsin, bu yaxınlarda qohumlarından kimi isə itirmisən və bu cür ağır itkinin gətirdiyi dəyişikliklərə öyrəşməyə çalışırsan. Dirilməyə olan ümid, həqiqəti bilməyən insanların malik olmadıqları qəlb rahatlığını və daxili qüvvəni əldə etməyə kömək edir. Pavel Saloniklilərə təsəlli verirdi: «Gözlərini həyata yummuş olanlar haqqında mə’lumatsız qalmanızı istəmirik ki, ümidsiz olan başqaları kimi kədərlənəsiniz» (1 Saloniklilərə 4:13). Yeni dünyada dirilənləri necə qarşılayacağını təsəvvürünə gətirirsənmi? Əgər belədirsə, doğmalarınla yenidən görüşəcəyin haqqında dərindən düşünərək təsəlli tapa bilərsən.
16. Dirilmə baş verən zaman, güman ki, sən hansı hissləri keçirəcəksən?
16 Ola bilsin, sən Adəmin üsyanının digər nəticələrindən, məsələn, hansısa xəstəlikdən əziyyət çəkirsən. Yol vermə ki, narahatçılıqlar dirilməyə olan sevincli ümidi — yeni dünyada sağlam və qüvvətli ola biləcəyinə dair ümidi ürəyindən sıxışdırıb çıxarsın. Gözlərini açıb sənin dirilmənə şad olan insanların sevincli üzlərini görəndə, Allaha Onun sevgi dolu xeyirxahlığına görə mütləq minnətdar olacaqsan.
17, 18. Biz hansı iki dərsi mənimsəməliyik?
17 Bu arada iki dərsi mənimsəməliyik. Birincisi, artıq indidən Yehovaya səmimi qəlbdən xidmət etməyin vacibliyidir. İsa Məsihi təqlid edərək sürdüyümüz fədakar həyat tərzi Yehovaya və yaxınlarımıza olan məhəbbətimizin sübutudur. Qarşıdurmaların və ya tə’qiblərin dolanmaq üçün bizi vəsaitdən və azadlıqdan məhrum edəcəyindən qorxmuruq: qarşılaşdığımız sınaqlardan asılı olmayaraq, imanda möhkəm qalmağa qəti qərarlıyıq. Düşmənlər bizi ölümlə hədələyəndə belə, dirilməyə olan ümid bizə təsəlli verir, Yehovaya və Onun Padşahlığına olan sədaqətimizi qoruyub saxlamaq üçün gücləndirir. Bəli, əgər Padşahlığı təbliğ etmək və şagirdlər hazırlamaq işində sə’ylə iştirak ediriksə, bizi, Yehovanın salehlər üçün hazırladığı əbədi xeyir-dualar gözləyir.
18 İkinci dərs isə, günahlı bədənimizin arzularına necə münasibət göstərməyimizlə bağlıdır. Dirilmə ümidi ilə bağlı biliyimiz və Yehovanın lütfünə görə olan minnətdarlığımız imanda möhkəm qalmaq əzmimizi möhkəmləndirir. Həvari Yəhya xəbərdarlıq edirdi: «Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır. Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:15-17). Maddi şeylərə meylin cazibədarlığı «həqiqi həyat»la müqayisədə bizim üçün bir o qədər də cəlbedici olmayacaq (1 Timoteyə 6:17-19, İ–93). Həmçinin əxlaqsız davranmaq sınağı ilə qarşılaşanda qəti surətdə müqavimət göstəririk. Başa düşürük ki, Har-Megidondan qabaq ölsək, Yehovanı narazı salmağa davam edən davranış tərzimiz bizi dirilməyə ümidləri olmayan kəslərlə bir cərgəyə qoya bilər.
19. Hansı böyük şərəf haqqında unutmamalıyıq?
19 Ən vacibi isə, Yehovanın ürəyini indi və əbədiyyət boyu sevindirməyin böyük şərəf olduğunu heç zaman unutmayacağıq (Süleymanın məsəlləri 27:11). Ölənə qədər sadiq qalmağımız, yaxud bu allahsız sistemin sonunadək nöqsansızlığımızı qoruyub saxlamağımız Yehovaya, hökmranlıq məsələsində kimin tərəfini tutduğumuzu göstərəcək. Böyük məşəqqətdən sağ çıxdıqdan və ya mö’cüzəli şəkildə dirildildikdən sonra yer üzündəki Cənnətdə yaşamaq necə də sevindirici olacaqdır!
Arzularımız həyata keçəcək
20, 21. Dirilmə haqqındakı bə’zi suallarımız cavabsız qalsa da, Yehovaya sadiq qalmağımıza nə kömək edəcək? İzah edin.
20 Dirilmə haqqındakı mövzunu nəzərdən keçirdikdən sonra yenə də bə’zi suallar cavabsız qalır. Nikahda olaraq ölənlər üçün Yehova nə edəcəkdir? (Luka 20:34, 35). İnsanlar öldükləri yerdəmi dirildiləcəklər? Dirilənlər əzizlərinin yaşadıqları yerdəmi həyata qaytarılacaqlar? Dirilmə ilə bağlı cavabsız qalan bir çox başqa suallar da var. Bununla belə, Yeremyanın sözlərini yadda saxlamaq lazımdır: «Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır. Rəbbə ümid bəsləmək, sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır» (Mərsiyələr 3:25, 26). Vaxtı gələndə Yehova bütün suallarımıza cavab verəcək. Biz buna nəyə görə əmin ola bilərik?
21 Məzmurçunun Yehova haqqında dediyi ilhamlanmış sözlərin üzərində düşünək: «Əlini açırsan, bütün canlıları doyunca [«diləyinə görə» KM] yedirirsən» (Məzmur 145:16). Yaşa dolduqca arzularımız da dəyişir. Uşaq olarkən istədiyimiz şeyləri bu gün istəmirik. Nöqteyi-nəzərlərimizə bizimlə baş verənlər və ümid bağladığımız şeylər tə’sir göstərir. Bununla belə, arzularımızın necə olacağından asılı olmayaraq, Yehova Onun iradəsinə müvafiq olan istəklərimizi yeni dünyada mütləq tə’min edəcək.
22. Yehovanı izzətləndirmək üçün hansı əsaslı səbəbimiz var?
22 İndi hər birimiz üçün vacib olan şey Allaha sadiq qalmaqdır. «Təsərrüfatçılardan isə tələb olunur ki, hər biri sadiq olsun» (1 Korinflilərə 4:2). Biz Allahın Padşahlığı haqqındakı şərəfli xoş xəbərin ‘təsərrüfatçılarıyıq’. Bu xəbərin bütün insanlara təbliğ olunmasında sə’y göstərməyimiz həyat yolunda qalmağımıza kömək edir. Heç vaxt unutma ki, hamı üçün «zaman və fürsət» vardır (Vaiz 9:11). Bu həyatın qeyri-müəyyənlikləri ilə bağlı lazımsız narahatçılıqlara qapılmamaq üçün, dirilməyə olan izzətli ümiddən möhkəm yapış. Əgər yaranmış səbəblər ucbatından Məsihin Minillik hökmranlığı başlamazdan əvvəl ölmək ehtimalı varsa, gələcəkdə rahatlıq tapacağına əmin olaraq təsəlli əldə edə bilərsən. Yehovanın müəyyən etdiyi bir vaxtda Əyyubun Yaradana ünvanlandırdığı sözləri təkrar edə biləcəksən: «Sən çağıranda cavab verəcəyəm» (Əyyub 14:15). Biz, yaddaşında olanların hamısını həyata qaytarmağın həsrətində olan Yehovaya izzət veririk!
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən dərc edilən «Oyanın!» jurnalının 1990-cı il 8 avqust sayının 20-ci səhifəsinə baxın (rus.).
b «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabı, səhifə 662 (rus.). Yehovanın Şahidləri tərəfindən çap olunub.
Xatırlayırsınızmı?
• Məsihin Minillik padşahlığı zamanı hökm nəyin əsasında həyata keçiriləcək?
• Nəyə görə bə’zilərinin dirilməsi ‘həyata qovuşmaq’, digərlərininki isə ‘hökmə düçar olmaq’ üçün dirilmə olacaq?
• Dirilməyə olan iman bizə indidən necə təsəlli verir?
• Məzmur 145:16 ayəsindəki sözlər dirilməyə dair hələ ki cavabsız qalan suallara düzgün yanaşmağımıza necə kömək edir?
[32-ci səhifədəki şəkillər]
Dirilməyə olan iman bizə indi necə kömək edir?