FƏSİL 67
«Ömrümüzdə bu cür danışan adam görməmişik»
İSA PEYĞƏMBƏRİ HƏBS ETMƏK ÜÇÜN KEŞİKÇİLƏR GÖNDƏRİLİR
NİKODEM İSA PEYĞƏMBƏRİ MÜDAFİƏ EDİR
Çardaqlar bayramı hələ davam edir və İsa peyğəmbər də oradadır. Bir çoxlarının ona iman gətirməsi ona xoşdur. Amma bu, din xadimlərinə heç də xoş deyil. Onlar peyğəmbəri həbs etmək üçün keşikçilər göndərirlər (Yəhya 7:31, 32). Ancaq İsa peyğəmbər gizlənmir.
O, xalq qarşısında təlim verməyə davam edir: «Məni göndərənin yanına qayıtmazdan əvvəl bir az da sizinlə qalacağam. Siz məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz» (Yəhya 7:33, 34). Yəhudilər onun nə demək istədiyini başa düşmürlər və buna görə bir-birilərindən soruşurlar: «Bu adam hara gedir ki, biz onu tapmayacağıq? Bəlkə, o, yunanların arasında yaşayan yəhudilərin yanına gedib yunanları da öyrətmək fikrindədir? Görəsən, o, “məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz” sözləri ilə nə demək istəyir?» (Yəhya 7:35, 36). Halbuki İsa Məsih özünün tezliklə öləcəyindən, diriləcəyindən və göydəki gələcək həyatından danışır. Onun düşmənləri isə oraya gedə bilməzlər.
Bayramın yeddinci, yəni sonuncu günü gəlib çatır. Bu yeddi gün ərzində hər səhər kahin Şilam hovuzundan su götürüb çənə boşaldırdı, su da axıb qurbangahın dibinə çatırdı. İsa peyğəmbər, ola bilsin, bu adəti camaata xatırladaraq deyir: «Susayan yanıma gəlib su içsin. Kim mənə iman edərsə, Müqəddəs Yazılarda deyildiyi kimi, onun “içindən dirilik suları axacaq”» (Yəhya 7:37, 38).
İsa Məsih şagirdlər müqəddəs ruhla məsh olunanda və göydə yaşamaq üçün çağırılanda baş verəcək şeylər haqqında danışır. Müqəddəs ruh Məsih öləndən sonra, növbəti ilin Əllinci gün bayramında töküləcək. O vaxtdan etibarən məsh olunmuş şagirdlər müjdəçilik işinə başlayacaq və həmin vaxtdan bəri «həyat suları» axacaq.
İsa peyğəmbərin təlimini dinləyəndən sonra bəziləri deyir: «Bu adam, doğrudan da, həmin o Peyğəmbərdir!» Peyğəmbər deyərkən, görünür, onlar Müqəddəs Yazılarda vəd edilmiş və Musa peyğəmbərdən də böyük peyğəmbəri nəzərdə tuturlar. Başqaları isə: «Bu, Məsihdir», — deyir. Ancaq belə deyənlər də var: «Axı Məsih Cəlilədən gəlməli deyil. Məgər yazılmayıb ki, Məsih Davudun nəslindən olacaq, Davudun yaşadığı Beytləhm kəndindən gələcək?» (Yəhya 7:40—42).
Beləliklə, camaat arasında ixtilaf yaranır. Adamların bir qismi İsa peyğəmbəri yaxalamaq fikrinə düşür, amma heç kim buna cürət etmir. Keşikçilər əliboş qayıdanda böyük kahinlər və fərisilər soruşurlar: «Onu niyə gətirmədiniz?» Keşikçilər cavab verirlər: «Biz hələ ömrümüzdə bu cür danışan adam görməmişik». Hirslərindən zəncir gəmirən fərisilər keşikçiləri lağa qoyub söyürlər: «Deyəsən, o, sizi də yoldan çıxarıb! Görün heç rəhbərlərdən və ya fərisilərdən kimsə ona inanır? Qanundan xəbəri olmayan bu camaat isə Allahın lənətinə gəlib» (Yəhya 7:45—49).
Bu zaman Sinedrionun üzvü olan Nikodem adlı bir fərisi cürət edib peyğəmbərin tərəfini tutur. Həmin Nikodem təxminən iki il yarım bundan əvvəl gecə vaxtı İsa peyğəmbərin yanına gəlib ona iman gətirdiyini göstərmişdi. İndi isə Nikodem deyir: «Məgər bizim Qanun insanı dinləmədən, onun işini araşdırmadan hökm kəsməyə yol verir?» Özlərini müdafiə edərək onlar deyirlər: «Olmaya, sən də cəliləlisən? Axtarsan, görərsən ki, Cəlilədən peyğəmbər çıxmayacaq» (Yəhya 7:51, 52).
Müqəddəs Yazılarda Cəlilədən peyğəmbər gələcəyi birbaşa deyilməsə də, o bölgədə parlaq işıq görünəcək sözləri Məsihin oradan gələcəyinə işarə edir (Əşiya 9:1, 2; Mətta 4:13—17). Üstəlik, peyğəmbərlikdə deyildiyi kimi, İsa Məsih Beytləhmdə doğulub və Davud padşahın nəslindəndir. Fərisilər ehtimal ki, bu faktları bilirlər. Amma, görünür, xalq arasında İsa Məsih barəsində yanlış məlumatların yayılmasında onların əli var.