Bilirsinizmi?
Münəccimlər İsanın yanına nə vaxt gəlmişdilər?
«Mattanın Müjdəsi»ndə deyilir ki, İsanın yanına «şərqdən... münəccimlər gəlib», ona hədiyyələr gətirmişdilər (Matta 2:1-12). İsanın yanına gələn münəccimlərin sayı bildirilmir. Adətən onların üç nəfər olduqları hesab edilsə də, bunu iddia etməyə heç bir əsas yoxdur; Müqəddəs Kitabda onların heç adları da çəkilmir.
Bir əsərdə Matta 2:11 ayəsinə belə bir şərh verilir: «Geniş yayılmış fikrə zidd olaraq, çobanlar kimi, Sehrbazlar da gəlib İsanı doğulduğu gecə axurda görməmişdilər. Onlar uşağa bir neçə aydan sonra öz evində baş çəkmişdilər» («New International Version Study Bible»). Hirodun, Bet-Lexem və onun bütün civarında olan iki və daha aşağı yaşlı oğlan uşaqlarının hamısının öldürülməsi əmrini verməsi bu faktı təsdiqləyir. O, «münəccimlərdən öyrəndiyi vaxta görə» həmin yaşlı uşaqları seçmişdi (Matta 2:16).
Münəccimlər qızıl və başqa qiymətli hədiyyələrlə İsanın yanına doğulduğu gecə gəlsəydilər, Məryəm 40 gündən sonra İsanı məbəddə təqdim edərkən cəmi iki quş qurban gətirməzdi (Luka 2:22-24). Qanuna görə, toğlu gətirməyə gücü çatmayan yoxsul adamlar iki quş qurban gətirə bilərdilər (Levililər 12:6-8). Lakin bu qiymətli hədiyyələr lap vaxtında gəlmişdi, belə ki onlar İsanın ailəsinin Misirdə dolanmasına kömək oldu (Matta 2:13-15).
Lazar öləndə İsa nəyə görə dörd günə gəlib çıxır?
Düzünə qalsa, görünür, İsanın özü işi belə planlaşdırmışdı. Nə üçün belə demək olar? «Yəhya» kitabının 11-ci fəslində yazılan hadisəni nəzərdən keçirək.
İsanın Beytanyada yaşayan dostu Lazar xəstələnəndə, bacıları İsaya xəbər göndərdilər (1-3-cü ayələr). Həmin vaxt İsanı Beytanyadan ikigünlük yol ayırırdı (Yəhya 10:40). Görünür, Lazar İsaya xəbər çatan vaxt öldü. İsa nə etdi? O, ‘olduğu yerdə iki gün qaldıqdan’ sonra Beytanyaya getdi (6, 7-ci ayələr). Beləliklə, iki gün gözləyib, iki gün də yol getdikdən sonra, o, qəbrin yanına Lazar öləndən dörd gün sonra gəlib çıxdı (17-ci ayə).
Əvvəllər İsa iki nəfəri diriltmişdi: birini ölümündən dərhal sonra, digərini isə, öldüyü gün, ehtimal ki, ölümündən bir qədər sonra (Luka 7:11-17; 8:49-55). O, dörd gün ərzində ölü olan və artıq bədəni çürüməyə başlayan adamı dirildə bilərdimi? (39-cu ayə). Müqəddəs Kitaba dair bir əsərdə yazılanlara görə, yəhudilərin arasında belə bir inanc var idi ki, «dörd gün ərzində ölü olan adam üçün heç bir ümid ola bilməz; həmin vaxt artıq meyitdə çürümənin əlamətləri aydın görünür və üç gün meyitin ətrafında dolanan ruh uçub gedir».
Əgər qəbrin ətrafına toplaşanlardan kiminsə şübhəsi var idisə, o, tezliklə İsanın ölüm üzərindəki gücünün şahidi olacaqdı. İsa meyitin qoyulduğu açıq mağaranın qarşısında dayanıb «Lazar, çölə çıx!» — deyə yüksək səslə qışqırdı. «Ölü də... çıxdı» (43, 44-cü ayələr). Ölənlər üçün həqiqi ümid, çoxlarının inandığı kimi ölümdən sonra ruhun yaşaması yox, dirilmədir (Yəhya 11:25).