‘Bu tənəyin qayğısına qal’
ON İKİ kəşfiyyatçı Və’d edilmiş diyarı bütövlükdə gəzib dolaşdı. Musa onlara həmin torpağın sakinlərini müşahidə etməyi və orada yetişən meyvələrdən gətirməyi tapşırmışdı. Hansı meyvə onların diqqətini xüsusilə cəlb etdi? Kəşfiyyatçılar Xevronun yaxınlığında bir üzümlüyə rast gəldilər. Orada yetişən üzüm çox iri olduğundan bir salxımı iki nəfər aparmalı oldu. Buranın məhsulu kəşfiyyatçıları heyran etdiyi üçün, onlar bu münbit torpağı «Eşkol vadisi», yə’ni «salxım» adlandırdılar (Saylar 13:21-24, haşiyə).
XIX əsrdə Fələstində olmuş bir adam belə söyləmişdi: «Eşkol və ya üzüm vadisi indiyədək üzüm tənəkləri ilə örtülüdür, oranın üzümü isə bütün Fələstində ən iri və ən dadlı üzümdür». Eşkolda yetişən üzüm ən yaxşı üzüm olsa da, Müqəddəs Kitabın yazıldığı dövrdə Fələstinin çox yerlərində dadlı üzüm yetişdirilirdi. Misir sənədlərində göstərilir ki, fir’onlar şərabı Kən’andan idxal edirdilər.
Bir kitabda şərh edilir: «[Fələstində] təpələrin yamacları, çınqıl qarışıq torpaq, günəş, qızmar yay, qışda yağan yağış sularının yerə tez hopması — bütün bunlar üzüm tənəkləri üçün əlverişli mühit yaradır» («The Natural History of the Bible»). Yeşaya peyğəmbər bə’zi yerlərdə minədək tənəyin bitdiyini qeyd etmişdi (Yeşaya 7:23).
Üzümlüklər diyarı
Musa İsrail xalqına demişdi ki, onlar «üzüm, əncir, nar» yetirən torpaqda yaşayacaqlar (Qanunun təkrarı 8:8). Bir ensiklopediyaya əsasən, «qədim Fələstində üzümlüklər o qədər çox idi ki, qazıntı aparılan yerlərin çoxunda, bəlkə də hamısında, üzüm tumları tapılırdı» («Baker Encyclopedia of Bible Plants»). Və’d edilmiş diyardakı üzümlüklər elə məhsuldar idi ki, hətta b. e. ə. 607-ci ildə, Navuxodonosorun ordusu Yəhudanı viran edəndə, sağ qalmış israillilər «çoxlu şərab və yay meyvələri topladılar» (Yeremya 40:12; 52:16).
Çoxlu miqdarda şərab istehsal etmək üçün İsrail bağbanları tənəklərə yaxşı qulluq etməli idilər. Peyğəmbər Yeşayanın kitabında israilli üzümçünün yamacdakı torpağı belləyib iri daşlardan təmizləməsi və ‘seçmə meynələr əkməsi’ təsvir edilir. O, bu daşlardan hasar hörə bilərdi. Belə hasar üzümlüyü mal-qaradan, tülkülərdən, qabanlardan və oğrulardan qoruyurdu. Üzümçü üzümsıxan düzəldir, məhsul yığımı dövründə üzümlüyü xüsusilə qorumaq üçün, yaxşı sərinlik saxlayan balaca bir qüllə tikirdi. Yalnız belə zəhmətdən sonra üzümçü bol məhsul ala bilərdi (Yeşaya 5:1, 2)a.
Bağban bol məhsul almaq üçün tənəkləri müntəzəm budayır, üzümlüyü tikan və qanqaldan təmizləmək üçün yeri belləyirdi. Yazda kifayət qədər yağış olmayanda, üzümlüyü yayda suvarmalı olurdu (Yeşaya 5:6; 18:5; 27:2-4).
Yayın sonunda, üzüm yığımı dövrü əsl şənliyə çevrilirdi (Yeşaya 16:10). Məzmurlardan üçünün sətir başlığında «gittit üstə» ifadəsinə rast gəlinir (Məzmur 8, 81 və 84). Bu namə’lum termin Septuaqintada «üzümsıxan» kimi tərcümə edilir. Ehtimal ki, israillilər bu məzmurları üzüm yığımı vaxtı oxuyurdular. Bu üzümdən adətən şərab istehsal edilirdi. Məhsulun bir hissəsi süfrəyə verilir, həmçinin kişmiş üçün qurudulurdu. Onlar bu kişmişdən lavaşana da düzəldirdilər (2 Şamuel 6:19; 1 Salnamələr 16:3).
Üzüm tənəyi — İsrail
Müqəddəs Kitabda Allahın xalqı bir neçə dəfə üzüm tənəyi kimi təsvir edilir. Üzümün israillilərin həyatında oynadığı rolu nəzərə alsaq, bu çox yerinə düşən bənzətmədir. 80-ci məzmurda Asəf İsrail xalqını Yehovanın Kən’anda əkdiyi tənəyə bənzədir. Bu torpaq təmizləndiyi üçün tənək, yə’ni İsrail kök salıb qüvvətlənə bilərdi. Amma illər ötdü və onu qoruyan hasarlar yıxıldı. Bu xalq artıq Yehovaya güvənmədiyindən Onun himayəsini itirdi. Vəhşi qaban üzümlüyü talan etdiyi kimi, düşmən xalqlar İsrailin var-dövlətini çapıb talayırdılar. Xalqına kömək etməsi və İsrailin əvvəlki şöhrətini bərpa etməsi üçün Asəf Yehovaya dua edirdi. O yalvarırdı: ‘Bu tənəyin qayğısına qal’ (Məzmur 80:8-15).
Yeşaya peyğəmbər «İsrail nəsli»ni «cır üzüm», yaxud pis, xarab gilələr yetirən ‘üzüm bağına’ bənzətdi (Yeşaya 5:2, 7). Cır üzüm becərilən üzümdən çox xırdadır, onun gilələri ətsiz və tumlu olur. Cır üzüm şərab istehsalına və yeməyə yaramadığı kimi, onunla simvolizə edilən xalq da Allaha dönük çıxanda salehlik yox, haqsızlıq meyvəsi gətirir. Amma bunda üzümçünün təqsiri yoxdur. Xalqının yaxşı bar yetirməsi üçün, Yehova əlindən gələni etdi. O, soruşur: «Bağım üçün daha nə etməliyəm?» (Yeşaya 5:4).
Üzüm tənəyi olan İsrail pis məhsul yetirdiyi üçün, Yehova xəbərdar etdi ki, onu müdafiə edən hasarı yıxacaq. O, bu simvolik üzüm tənəyini artıq budamayacaq və dibini belləməyəcək. Yaz yağışları yağmayacaq, üzümlükdə isə qanqal və tikan bitəcək (Yeşaya 5:5, 6).
Musa qabaqcadan xəbərdarlıq etmişdi ki, İsrailin dönüklüyü ucbatından hətta əsl üzümlüklər də quruyacaq. «Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək» (Qanunun təkrarı 28:39). Əgər əsas gövdəni qurd içəridən yeyərsə, tənək bir neçə günün içində büsbütün quruyar (Yeşaya 24:7).
‘Həqiqi Meynə’
İsa da belə bənzətmədən istifadə edirdi. Xatirə Gecəsi zamanı o öz şagirdlərinə dedi: «Mən həqiqi Meynəyəm, Atam da Bağbandır» (Yəhya 15:1). İsa, şagirdlərini tənəyin budaqları ilə müqayisə etdi. Meynənin budaqları gövdədən qüvvə aldıqları kimi, İsanın da şagirdləri onunla birgə olmalıdırlar. İsa demişdir: «Mənsiz heç bir şey edə bilməzsiniz» (Yəhya 15:5). Bağban üzümlüyə üzümə görə qulluq edir. Yehova da xalqından ruhani bar gözləyir. Bu, meynənin Sahibi Allaha sevinc və izzət gətirir (Yəhya 15:8).
Tənək yaxşı məhsul versin deyə onu təmizləyir və budayırlar. İsa məhz bu iki əməliyyatı nəzərdə tuturdu. Daha çox məhsul almaq üçün üzümçü bə’zən tənəyi ildə iki dəfə budayır. O, tənəyin çox hissəsini qışqabağı budaya bilər. Bağban ötən ildə çıxan budaqların çoxunu qayçılayır. O, meynədə, hərəsində bir və ya iki zoğ olan üç-dörd əsas budağı saxlaya bilər. Bu cavan zoğlar gələn ilin yayında məhsuldar budaq olacaq. Bağban, qalan lazımsız budaqları qayçılayıb yandırır.
İsa bunu belə təsvir etdi: «Kim Məndə qalmazsa, budaq kimi çölə atılar və quruyar; və bu cür budaqlar yığılıb oda atılır və yandırılır» (Yəhya 15:6). Bu mərhələdə demək olar ki, meynə bütün budaqlardan təmizlənir, amma yazda onu təzədən budayırlar.
İsa dedi: «Məndə olub meyvə verməyən hər budağı O qoparır» (Yəhya 15:2). Bu sözlər yəqin ki, tənəkdə təzə zoğlar çıxıb və balaca salxımlar görünəndən sonra edilən budamaya aiddir. Üzümçü bar verib-verməyəcəyini müəyyən etmək üçün hər budağı diqqətlə yoxlayır. Əgər tənəkdə barsız budaqlar qalarsa, onlar gövdədən qida maddələri və su alacaqlar. Ona görə də üzümçü bu faydasız budaqları qayçılayır. Beləliklə bütün qida maddələri bar verən budaqlara gedir.
Axırda İsa, meynəni təmizləməkdən danışır. «Hər meyvə verəni daha çox versin deyə budayıb təmizləyir» (Yəhya 15:2). Bütün barsız budaqları budayandan sonra üzümçü salxımlı budaqları diqqətlə nəzərdən keçirir. O, adətən barlı budağın gövdədən ayrıldığı yerdə çıxan zoğları tapıb qoparır. Əgər o bunu etməsə, gilələrin şirəli olması üçün zəruri qida maddələrini bu zoğlar alacaq. İri yarpaqlar günəş işığının qarşısını tutmasın deyə onları da kəsirlər. Bütün bunlar bol məhsul yetişdirmək üçün çox vacibdir.
‘Çox məhsul verin’
‘Həqiqi Meynənin’ məcazi budaqları məsh olunmuş məsihçiləri təmsil edir. Amma ‘başqa qoyunlar’ da məhsul gətirməlidir (Yəhya 10:16). Onlar da «çox məhsul» verə və səmavi Atalarını izzətləndirə bilərlər (Yəhya 15:5, 8). İsanın, həqiqi üzüm meynəsi haqqında gətirdiyi əyani nümunə bizə xatırladır ki, xilas olunmaq üçün İsa ilə birgə olmaq və yaxşı ruhani məhsul gətirmək lazımdır. İsa dedi: «Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız» (Yəhya 15:10).
Zəkəriyyə peyğəmbərin dövründə Allah sadiq israillilərin qalığına və’d vermişdi: «Əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu... verəcək» (Zəkəriyyə 8:12). Üzüm tənəyi həm də Məsihin Minillik hakimiyyəti dövründə Allahın insanlara verəcəyi xeyir-duaların təsviridir. Mikeya peyğəmbər demişdi: «Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi» (Mikeya 4:4).
[Haşiyə]
a «Yəhudi ensiklopediyası»na əsasən israilli bağbanlar soreq adlanan, tünd qırmızı gilələri olan üzüm növünə üstünlük verirdilər. Ehtimal ki, Yeşaya 5:2 ayəsində bu üzümdən bəhs edilir. Bu növdən şirin qırmızı şərab alınır.
[10-cu səhifədəki şəkil]
Solmuş üzüm tənəyi
[10-cu səhifədəki şəkil]
Qışqabağı budama
[10-cu səhifədəki şəkil]
Budanmış budaqları yandırırlarr