Xoşbəxtliyə aparan e’tibarlı yol
«XÖŞBƏXTLİYƏ can atmaq» hər insanın haqqıdır. Bu sözlər Amerika Birləşmiş Ştatlarının Müstəqillik bəyannaməsinin müəlliflərinə məxsusdur. Amma məqsədə can atmaq və ona nail olmaq müxtəlif şeylərdir. Bu gün gənclərin çoxu idman və əyləncə növlərində uğur qazanmaq istəyirlər. Amma onlardan neçə nəfəri arzusuna nail olub? Musiqi aləmində müvəffəqiyyət qazanmağın nə olduğunu yaxşı bilən məşhur bir müğənni belə deyir: «Uğur qazanmaq hər adamın işi deyil».
Xoşbəxtlik haqqında siz də bu cür fikirləşirsinizsə, ruhdan düşməyin. Əgər xoşbəxtliyi düzgün istiqamətdə axtarırsınızsa, tapacaqsınız. Əvvəlki məqalədə ‘xoşbəxt Allah’ Yehovanın adı çəkilmişdi (1 Timoteyə 1:11, YD). Müqəddəs Kitabda Allah düzgün yolu göstərir. O istəmir ki, xoşbəxtlik axtararkən biz çaş-baş qalıb bu işdən əlimizi üzək. Kədərlə üzləşəndə Yehova hisslərinizlə bacarmağınıza kömək edə bilər. Gəlin əziz bir adamımız öləndə Allahın verdiyi təsəlli haqqında düşünək.
Əzizimiz öləndə
Ölüm haqqında yaxşı bir şey demək olarmı? O, valideynləri uşaqlarından, uşaqları da valideynlərindən ayırır. Yaxın dostları bir-birindən ayrı salır və insanları gələcək qarşısında aciz qoyur. Ölüm xoşbəxt bir ailənin qapısının ağzını kəsdirib onu da qəm dəryasına qərq edir.
Hamı bilir ki, ölüm əsl faciədir. Amma bə’zi adamlar bu həqiqəti rədd edir və ölümün əslində xeyir-dua olduğunu iddia edirlər. Məsələn, 2005-ci ilin avqust ayında Meksika körfəzində baş verən Katrina qasırğasının qurbanı olmuş bir adamın dəfn mərasimində keşiş belə demişdi: «Onu Katrina öldürmədi. Onu Allah evinə apardı». Digər misal: xəstəxana işçilərindən biri anası ölən qıza təsəlli verərək dedi ki, onun anasını Allah göyə aparıb. Qız ağlayaraq dedi: «Allah nəyə görə anamı əlimdən aldı?»
Bəli, ölüm barəsindəki bu cür yanlış fikirlər çətin ki, kimisə sakitləşdirsin. Nə üçün? Çünki bu fikirlərdə həqiqət yoxdur. Təsəlli vermək əvəzinə, onlar Allahı, ailələri və dostları əzizlərindən ayıran, bununla da onlara əzab verən bir zalım kimi qələmə verirlər. Lakin Allahın Kəlamı ölüm haqqında həqiqəti açıqlayır.
Müqəddəs Kitabda ölüm düşmən adlandırılır. O, bəşəriyyət üzərində hakimlik edən padşaha bənzədilir (Romalılara 5:17; 1 Korinflilərə 15:26). Ölüm o qədər güclüdür ki, onun qarşısında heç bir bəndə dayana bilməz, ölən hər bir insan onun növbəti qurbanıdır. Müqəddəs Kitabda deyilir ki, sevdiyimiz bir insan öləndə keçirdiyimiz kədər və acizlik hissi tamamilə normaldır. Amma sual yaranır: məgər Allah ölümdən insanları göyə aparmaq üçün istifadə edir? Qoyun Müqəddəs Kitab bu suala özü cavab versin.
Vaiz 9:5, 10 ayələrində deyilir: «Ölülər heç nə bilmir... gedəcəyin ölülər diyarında [ibr. şeol] nə iş, nə fikir, nə bilik, nə də hikmət var». Şeol nədir? Şeol — bəşəriyyətin ümumi məzarıdır. Məzarda insanlar tamamilə fəaliyyətsiz, hərəkətsiz, hissiz-duyğusuz, fikirsiz və düşüncəsizdirlər. Onlar sanki dərin yuxudadırlara. Müqəddəs Kitabdan aydın olur ki, Allah əzizlərimizi göyə, Öz yanına aparmır. Ölülər məzarda cansızdırlar.
Dostu Lazar öləndən sonra İsa da bu həqiqəti təsdiqlədi. O, ölümü yuxuya bənzətdi. Əgər Lazar Qadir Allahın yanında, göydə olsaydı, onda İsanın onu dirildib gec-tez öləcəyi yer üzünə qaytarması qəddarlıq olmazdımı? Yazılarda deyilir ki, dəfn yerində olarkən İsa yüksək səslə çağırdı: «Lazar, çölə çıx!» Müqəddəs Kitab davam edir: «Ölü də... çıxdı». Lazar yenidən yaşamağa başladı. İsa bilirdi ki, Lazar yer üzünü tərk etməmişdi. O, cansız bir vəziyyətdə məzarda uzanmışdı (Yəhya 11:11-14, 34, 38-44).
Müqəddəs Kitabda yazılmış bu hadisə göstərir ki, Allah insanları yerdən göyə aparmaq üçün ölümdən istifadə etmir. Kədərimizin səbəbkarının Allah olmadığını bilməyimiz Ona yaxınlaşmağımıza imkan verir. Əmin ola bilərik ki, bəşəriyyətin düşməni olan ölümün bizə vurduğu zərər və kədəri Allah çox yaxşı anlayır. Müqəddəs Kitabda ölülərin vəziyyətini açıqlayan həqiqət sübut edir ki, onlar cəhənnəm odunda və ya ə’rafda əzab çəkmirlər; onlar məzarda cansız vəziyyətdədirlər. Qoy ölən əzizlərimizin xatirəsini Allah haqqında olan yanlış fikirlər ləkələməsin. Onlarla indi nə baş verdiyi, onların indi harada olduğu qoy bizi narahat etməsin. Müqəddəs Kitab vasitəsilə Yehova bizə təsəlli verməyə davam edir.
Ümid — xoşbəxtliyə aparan yol
Müzakirə etdiyimiz bu ayələrdən gördük ki, ümidsiz xoşbəxt olmaq qeyri-mümkündür. Müqəddəs Kitabda istifadə edilən «ümid» sözünün mə’nası «yaxşı bir şeyin baş verməsini əminliklə gözləmək»dir. Xoşbəxtliyin ümidlə bağlılığını anlamaq üçün gəlin İsanın Lazarı diriltməsindən bəhs edən parçaya bir də diqqət yetirək.
İsanın bu mö’cüzəni etməsinə ən azı iki səbəb var idi. Birincisi, o, Martaya, Məryəmə və Lazarın qəm yeyən dostlarına təskinlik vermək istəyirdi. Onlar əzizləri ilə yenidən birlikdə ola bilərdilər. Ancaq İsa Martaya daha vacib olan ikinci səbəbi söylədi: «Sənə: “Əgər iman edərsənsə, Allahın izzətini görəcəksən”, — demədimmi?» (Yəhya 11:40). C. B. Filipsin «Əhdi-Cədid müasir ingilis dilində» nəşrində ‘Allahın izzəti’ ifadəsi «Allahın yaratmağa qadir olduğu mö’cüzə» kimi tərcümə edilib. Lazarı həyata qaytarmaqla İsa gələcəkdə Yehova Allahın nəyə qadir olduğunu və nələr edəcəyini göstərdi. ‘Allahın yaratmağa qadir olduğu mö’cüzələrdən’ bə’zilərinə fikir verək.
Yəhya 5:28, 29 ayəsində İsa demişdi: «Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar». Bu o deməkdir ki, şeolda olan ölülərin hamısı, bizim əzizlərimiz də daxil olmaqla, yenidən həyata qayıdacaqlar. Həvarilərin işləri 24:15 ayəsi bu möhtəşəm hadisə haqqında daha bir şey açıqlayır: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır». Deməli, hətta «saleh olmayan», yə’ni Yehovanı tanımayıb Ona xidmət etməmiş insanların da gələcəkdə Allahın iltifatını qazanmaq imkanları olacaq.
Bəs dirilmə harada olacaq? Süleymanın məsəlləri 2:21ayəsində deyilir: «Çünki əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq». Bir düşünün! Ölümün ayırdığı ailələr, dostlar elə buradaca, yerdə yenidən görüşəcəklər. Məgər həsrətini çəkdiyimiz insanlarla nəhayət birlikdə olmaq barəsində düşünəndə ürəyimiz sevinclə aşıb-daşmırmı?
Yehova sizin xoşbəxt olmanızı istəyir
Gördüyümüz kimi, Yehova insanların xoşbəxtliyi naminə çox şey edib. Birincisi, Müqəddəs Kitab vasitəsilə bilik və çətinliklərin öhdəsindən gəlmək üçün bizə rəhbərlik verir. Əzizimiz öləndə təsəlli verməkdən əlavə, Müqəddəs Kitabda olan məsləhətlər maddi və səhhətimizlə bağlı problemlərin də öhdəsindən gəlməyimizə kömək edir. Ədalətsizliyə və siyasi çaxnaşmalara tab gətirmək üçün o bizə güc verir. Əgər həyatınızda onun rəhbərliyinə riayət etsəniz, digər şəxsi problemlərin də öhdəsindən gəlməyi bacaracaqsınız.
İkincisi odur ki, Müqəddəs Kitabı öyrənərkən siz insan cəmiyyətində tayı-bərabəri tapılmayan bir ümid əldə edirsiniz. Ölən ailə üzvlərimizin və dostlarımızın dirilməsi Müqəddəs Kitabda yazılan və’dlərin hələ yarısıdır. Vəhy 21:3, 4 ayələrində görün nə deyilir: «Allahın Özü onlarla [insanlarla] olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi». Bu o deməkdir ki, həyatınıza kədər gətirən hər bir şey həmişəlik yox olacaq. Müqəddəs Kitabın və’dləri həyata keçəcək, siz isə onların şahidi ola bilərsiniz. Qarşıda gözəl günlərin olacağını bilmək artıq indidən bizə yüngüllük gətirə bilər. Ölümdən sonra qeyri-müəyyən müddət ərzində əzab çəkmədiyini bilmək xoşbəxt olmaq üçün daha bir səbəbdir.
Bir neçə il bundan əvvəl Mariya adlı bir qadın xərçəng xəstəliyindən əziyyət çəkən ərini itirdi. Gözlərinin yaşı qurumağa macal tapmamış, maddi çətinliklər üzündən üç qızı ilə birlikdə evindən çıxmağa məcbur oldu. İki il sonra Mariya bildi ki, özü də xərçəng xəstəliyinə tutulub. O vaxtdan iki ağır operasiya keçirib və hər gün dəhşətli ağrılara qatlaşmalı olur. Bütün bunlara baxmayaraq, bacımızın müsbət əhval-ruhiyyəsi var, o hətta başqalarına da ürək-dirək verir. Sevincini qorumağa o necə müvəffəq olur?
Mariya deyir: «Çətinliyim olanda, çalışıram özüm haqqında çox düşünməyim. Belə suallardan çəkinirəm: “Bu niyə mənim başıma gəldi? Nəyə görə mən belə əziyyət çəkməliyəm? Mən nəyə görə xəstələndim?” Bədbin düşüncə tərzi adamı əldən salır. Ondansa, qüvvəmi Yehovaya xidmətə və başqalarına köməyə sərf edirəm. Bunun sayəsində özümü xoşbəxt hiss edirəm».
Mariyanın həyatında ümidin hansı rolu var? Onun ürəyi Yehovanın gələcəkdə xəstəlikləri və digər problemləri aradan qaldıracağı vaxtdadır. Müalicə üçün xəstəxanaya gedəndə, ümidlərini hər şeydən üzmüş xəstələrlə öz ümidi haqda danışır. Ümid Mariya üçün nə dərəcədə vacibdir? O deyir: «Tez-tez İbranilərə 6:19 ayəsi üzərində düşünürəm. Orada Pavel ümidi canımızın lövbərinə bənzədir. Lövbərsiz adam qasırğaya düşmüş gəmi kimi dalğaların üstündə ora-bura atılır. Amma o lövbərə bağlansan, qasırğaya bənzər nə problemin olursa olsun, özünü təhlükəsiz hiss edəcəksən». ‘Yalan danışmayan Allahın və’d etdiyi əbədi həyat ümidi’ Mariyanın xoşbəxt qalmasına kömək edir. O sizə də kömək edə bilər (Titusa 1:2).
Müqəddəs Kitabı öyrənməklə çətinliklərə baxmayaraq, siz də sözün əsl mə’nasında xoşbəxt ola bilərsiniz. Ola bilər, sizi bu öyrənmənin praktiki bir əhəmiyyəti olub-olmadığı maraqlandırsın. Yehovanın Şahidləri suallarınıza Müqəddəs Kitabdan məmnuniyyətlə cavab verərlər. Yehovanın və’dlərinin həyata keçməsini gözləyirsinizsə, siz də bu ayədə bəhs edilən insanların arasında ola bilərsiniz: «Onlar fərəh və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq!» (Yeşaya 35:10).
[Haşiyə]
a «Britaniya ensiklopediyası»nda (2003) şeol «ağrısız, ləzzətsiz, cəzasız və mükafatsız» bir yer kimi təsvir edilir.
[5-ci səhifədəki şəkil]
Kədərimizi yalnız Müqəddəs Kitab həqiqəti yüngülləşdirə bilər.
[7-ci səhifədəki şəkil]
Dirilmə ümidi bizi daha da xoşbəxt edir.