“İnsanlar arasında bu adam kimi danışan əsla olmamışdır”
“Hamı da Onun haqqında yaxşı sözlər söyləyir, Onun ağzından çıxan lətif kəlamlara heyran olurdu” (LUKA 4:22).
1, 2. a) İsanı həbs etməyə göndərilən mühafizlər nəyə görə onsuz qayıtdılar? b) Nədən görünür ki, İsanın tə’limvermə üsulu yalnız mühafizlərə tə’sir bağışlamamışdı?
MÜHAFİZLƏR əmri yerinə yetirməmişdilər. Onları İsa Məsihi həbs etməyə göndərmişdilər, onlar isə əliboş qayıtmışdılar. Baş kahinlər və fəriseylər: “Nə üçün Onu gətirmədiniz?” deyə, izahat tələb etdilər. Görəsən, müqavimət göstərməyən bir insanı mühafizlər nə üçün tutmamışdılar? Mühafizlər cavab verdilər: “İnsanlar arasında bu Adam kimi danışan əsla olmamışdır”. İsanın tə’limvermə üsulu onlara elə güclü tə’sir bağışlamışdı ki, onlar bu sakit təbiətli insanı həbs etməkdən vaz keçmişdiləra (Yəhya 7:32, 45, 46).
2 İsanın tə’limvermə üsulundan tə’sirlənən yalnız mühafizlər deyildi. Müqəddəs Kitab bizə bildirir ki, İsanı sadəcə olaraq dinləmək naminə onun yanına külli miqdarda adam axışırdı. Doğma şəhərinin sakinləri “Onun ağzından çıxan lətif kəlamlara” heyran olurdular (Luka 4:22). İsa, dəfələrlə Qalileya dənizinin sahilinə toplaşan böyük izdihama qayıqdan tə’lim vermişdir (Mark 3:9; 4:1; Luka 5:1-3). Bir dəfə, “böyük bir izdiham”ın özləri ilə yeməkləri olmadığına baxmayaraq, bir neçə gün İsanın yanında qalmışdı (Mark 8:1, 2).
3. İsanı ilk növbədə görkəmli müəllim edən nə idi?
3 İsanı görkəmli müəllim edən nə idi? İlk növbədə məhəbbətb. İsa həm xalqı, həm də onlara öyrətdiyi həqiqəti sevirdi. Bundan əlavə, o, öyrətmək üsullarından çox gözəl tərzdə istifadə edirdi. Öyrənmək üçün nəzərdə tutulan bu məqalələrdə, həmin effektli üsullardan bir neçəsini və onları necə tətbiq edə biləcəyimizi müzakirə edəcəyik.
Sadəlik və aydınlıq
4, 5. a) Başqalarını öyrədərkən İsa nəyə görə anlaşılan sözlərdən istifadə edirdi və burada diqqətəlayiq olan nədir? b) Dağüstü təbliğin nümunəsində İsanın tə’limindəki sadəlik necə zahir olur?
4 Ali təhsilli insanlar dinləyicilərin başa düşmədikləri söz və ifadələrdən istifadə edərək, çox vaxt anlaşılmaz tərzdə danışırlar. Amma əgər başqaları danışdıqlarımızı anlamazlarsa, onlar bizim biliklərimizdən necə faydalana bilərlər? İsa bir müəllim kimi heç vaxt anlaşılmaz sözlərdən istifadə etmirdi. Onu da təsəvvür edək ki, İsa olduqca zəngin söz ehtiyatına sahib idi. O, geniş biliyə malik olsa da, özünü deyil, dinləyicilərini düşünürdü. İsa bu adamlardan çoxunun “oxumamış, avam... olduqlarını” bilirdi (Həvarilərin işləri 4:13). Bu cür insanların ürəyinə yol tapmaq üçün, o, xalqın başa düşdüyü sözlərdən istifadə edirdi. İsanın sözləri sadə olsa da, o, həmin sözlərlə həqiqəti geniş tərzdə çatdırırdı.
5 Misal üçün, Matta 5:3-7:27 ayələrində yazılmış Dağüstü təbliği nəzərdən keçirək. Olsun ki, İsa bu təbliğini 20 dəqiqədən artıq söyləməmişdi. Lakin onda verilən tə’lim dərin mə’nalıdır və zina, boşanma, var-dövlət hərisliyi kimi işlərin mahiyyətini zahirə çıxarır (Matta 5:27-32; 6:19-34). Amma Dağüstü təbliğdə qəliz sözlər tapmaq mümkün deyil. Bundan əlavə burada, demək olar ki, hətta uşağın belə başa düşmədiyi sözlər yoxdur! Təəccüblü deyil ki, İsa sözünə yekun vurduqda, ehtimala görə, arasında bir çox əkinçilər, çobanlar və balıqçılar olan xalq “Onun tə’liminə təəccübləndi”! (Matta 7:28).
6. İsanın söylədiyi sadə, amma dərin mə’nalı mülahizələrinə dair nümunələr gətirin.
6 İsa çox vaxt aydın və qısa ifadələr işlədirdi. Bu cür mülahizələr sadə olsa da, dərin mə’na kəsb edirdi. Bunun sayəsində, İsanın söylədiyi fikirlər, çap etmə işi olmadığı bir dövrdə onu dinləyənlərin zehninə və ürəklərinə həmişəlik həkk olunurdu. Buna dair bir neçə nümunə: “Heç kim iki ağaya qulluq edə bilməz... Allaha və mammona qulluq edə bilməzsiniz”. “Mühakimə etməyin ki, mühakimə olunmayasınız”. “Onları bəhrələrindən tanıyacaqsınız”. “Sağlamlar deyil, xəstələr həkimə möhtacdırlar”. “Qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır”. “Qeysərinkini qeysərə, Allahınkını Allaha verin”. “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir”c (Matta 6:24; 7:1, 20; 9:12; 26:52; Mark 12:17; Həvarilərin işləri 20:35). İsanın təxminən 2000 il bundan əvvəl söylədiyi fikirlər elə quvvəyə malikdir ki, bu gun də asanlıqla yadda qalır.
Sualların istifadə edilməsi
7. İsa sualları nəyə görə verirdi?
7 İsa suallardan məharətlə istifadə edirdi. O, bunu əksər hallarda vaxta qənaət etmək naminə məsələnin məğzini dərhal çatdırmaq mümkün olan hallarda edirdi. Bəs İsa suallardan nəyə görə istifadə edirdi? Bə’zən o, ifşaedici suallar tətbiq edərək müqavimət göstərənlərin əsl niyyətlərini üzə çıxarır və bununla da onları susdururdu (Matta 12:24-30; 21:23-27; 22:41-46). Lakin İsa, əksər hallarda dinləyicilərinə bu və ya digər həqiqəti mənimsəməkdə, fikirlərini açıq söyləməkdə kömək etmək, həmçinin şagirdlərini düşünməyə və təfəkkür qabiliyyətlərini inkişaf etdirməyə təşviq etmək üçün, suallar verirdi. Gəlin həvari Peter ilə bağlı olan iki nümunəni nəzərdən keçirək.
8, 9. İsa, mə’bədə vergi ödəmək məsələsinə dair düzgün nəticə çıxarmaqda Peterə kömək etmək üçün, suallardan necə istifadə etdi?
8 Əvvəlcə, vergiyığanların Peterdən, İsanın mə’bədə vergi ödəyib-ödəmədiyini soruşduqları əhvalatı yada salaqd. Hərdən ehtiyatsız davranan Peter: “Ödəyir” deyə, cavab verdi. Lakin bir qədər vaxtdan sonra İsa onunla müzakirə etməyə başladı: “Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz oğullarındanmı, yoxsa kənar adamlardanmı?” Peter Ona: “Kənar adamlardan”, — dedikdə, İsa ona dedi: “Belə isə, oğullar sərbəstdirlər” (Matta 17:24-27). İsanın suallar verərək demək istədikləri Peterə aydın olmalı idi. Nəyə görə?
9 İsanın günlərində mə’lum idi ki, hökmdar ailələrinin üzvləri vergi ödəməkdən azaddırlar. Buna görə də İsa, mə’bəddə ibadət etdikləri səmavi Padşahın vahid Oğlu olduğundan, ondan vergi alınmalı deyildi. Amma diqqət yetirək ki, İsa, Peterə birbaşa cavab vermək əvəzinə, onun düzgün nəticə çıxarmasına və ehtimal ki, bir şey deməzdən öncə yaxşıca fikirləşməyin vacib olduğunu anlamasına kömək etmək məqsədilə məharətlə, eyni zamanda nəzakətlə suallardan istifadə etdi.
10, 11. Eramızın 33-cü ilinin Pasxa axşamında Peterin bir adamın qulağını kəsməsinə İsa necə yanaşdı və bu, İsanın sualların nə dərəcədə tə’sir gücünə malik olduğunu dərk etdiyini necə göstərir?
10 Növbəti nümunə, eramızın 33-cü ilinin Pasxa axşamında izdiham İsanı tutmağa gələn zaman baş verən hadisə ilə bağlıdır. Şagirdlər İsadan soruşdular ki, onu müdafiə etməlidirlərmi? (Luka 22:49). Peter cavab gözləmədən, gələn adamlardan birinin qulağını kəsdi (ehtimal ki, o, daha ciddi zərbə endirmək niyyətində idi). Peter öz ağasının iradəsinə zidd olaraq davrandı, çünki İsa özünü düşmənlərinin əlinə verməyə tam hazır idi. Yaranan vəziyyətə İsa necə münasibət göstərdi? İsa, həmişə olduğu kimi, səbirlə üç sual verdi: “Atamın Mənə verdiyi kasanı içməyimmi?”, “Elə düşünürsən, Mən indi Atamdan rica edə bilmərəm ki, on iki legiondan çox mələyi Mənim sərəncamıma göndərsin? Bunların olması gərəkdir deyən Yazılar onda bəs necə doğru çıxardı?” (Yəhya 18:11; Matta 26:52-54).
11 Bir anlığa düşün: acıqlı izdihamla əhatə olunmuş İsa, ölümünün yaxınlaşdığını, həmçinin Atasının adının təqdis edilməsi və bəşəriyyətin xilası ilə əlaqədar olan əhəmiyyətli vəzifəsini yerinə yetirməli olduğunu bilir. Buna baxmayaraq, Peter suallar vasitəsilə vacib həqiqəti mənimsəsin deyə, İsa məhz elə həmin anda ona kömək etməyi gərəkli sanır. Aydın deyilmi ki, İsa sualların nə dərəcədə tə’sir gücünə malik olduğunu dərk edirdi?
Aydın mübaliğələr
12, 13. a) Mübaliğə nədir? b) Qardaşlarımızı nəzərə çarpmayan səhvlərə görə tənqid etməyin necə ağılsızlıq olduğunu vurğulamaq üçün, İsa mübaliğədən necə istifadə etdi?
12 İsa xidmətində daha bir faydalı öyrətmək üsulundan — mübaliğələrdən istifadə edirdi. Bu, təsviri nəzərə çarpdırmaq məqsədilə qəsdən şişirtmək üsuludur. İsa mübaliğələr vasitəsilə, unudulması çətin olan xəyali surətlər yaradırdı. Gəlin bir neçə nümunəyə diqqət yetirək.
13 İsa, Dağüstü təbliğində ‘mühakimə etməməyin’ vacibliyini vurğulayaraq, soruşdu: “Nə üçün qardaşının gözündə tükü görürsən, öz gözündə isə tiri seçmirsən?” (Matta 7:1-3). Belə bir səhnəni təsəvvür et. Tənqidi əhval-ruhiyyəli bir adam qardaşının “gözündən” tükü çıxarmağı təklif edir. Tənqidçi demək istəyir ki, qardaşı aydın görmür və bu səbəbdən dərrakə ilə mühakimə etməyi bacarmır. Amma tənqidçinin özünə dərrakəli mühakimə etməkdə böyük bir tir mane olur. Doğrudan da bu, özümüz daha ciddi səhvlərə yol verdiyimiz halda, qardaşlarımızı nəzərə çarpmayan səhvlərə görə tənqid etməyin necə də ağılsızlıq olduğunu vurğulayan unudulmaz nümunədir!
14. Ağcaqanadların süzgəcdən keçirilməsinə və dəvənin udulmasına dair İsanın istifadə etdiyi mübaliğə nəyə görə xüsusilə tə’sirli idi?
14 Başqa bir hadisədə İsa fəriseyləri, “ağcaqanadı süzgəcdən keçirib, dəvəni udan kor rəhbərlər” olduqları üçün mühakimə etdi (Matta 23:24). Bu mübaliğənin tətbiq edilməsi xüsusilə tə’sirli idi. Nəyə görə? Ona görə ki, balaca ağcaqanadla, İsanı dinləyənlərin təsəvvüründə ən iri heyvanlardan olan dəvə arasında kəskin ziddiyyət vardı. Fərz edildiyi kimi, bir dəvənin çəkisi orta hesabla təxminən 70 milyon ağcaqanadın çəkisi qədərdir! Bundan əlavə, İsa bilirdi ki, fəriseylər şərabı süzgəcdən keçirirlər. Qayda-qanunların qatı tərəfdarı olan bu fəriseylər, təsadüfən ağcaqanadı udmamaq və bununla rəsmi surətdə natəmiz olmamaq üçün belə davranırdılar. Bununla yanaşı, təşbehlərlə desək, onlar natəmiz sayılan dəvəni udurdular (Levililər 11:4, 21-24). İsanın nə demək istədiyi aydın idi. Fəriseylər Qanunun ən cüz’i tələblərini dəqiqliyilə yerinə yetirir, amma daha vacib işləri — “ədaləti, mərhəməti və imanı” unudurdular (Matta 23:23). İsa onların iç üzlərini necə də aydın göstərdi!
15. Mübaliğədən istifadə edərək, İsa hansı dərsləri verirdi?
15 İsa xidməti ərzində mübaliğələrdən tez-tez istifadə edirdi. Bir neçə nümunəyə baxaq. Dağı yerindən oynada biləcək “[balaca] xardal toxumu qədər iman” — çox güman ki, İsa, balaca bir imanın belə çox işlər görə biləcəyini vurğulamaq üçün bundan tə’sirli üsul tapa bilməzdi (Matta 17:20). Böyük dəvə iynə deşiyindən keçməyə çalışır — bu mənzərə, varlı bir adamın zənginlik içində həyat sürərək Allaha xidmət etməyə sə’y göstərməsinin nə dərəcədə çətin olduğunu necə də aydın göstərir! (Matta 19:24). İsanın yaratdığı şifahi danışıq tərzi və az sözlərlə daha çox səmərəyə nail olmaq qabiliyyəti məgər bizi valeh etmirmi?
Təkzibedilməz məntiq
16. İsa öz zəkasını hansı yeganə məqsəd üçün tətbiq edirdi?
16 Mükəmməl zəkaya sahib olaraq, İsa insanlarla məntiqlə mühakimə yürütməyi bacarırdı. Lakin bu qabiliyyətindən heç vaxt sui-istifadə etmirdi. Başqalarını öyrədərkən öz iti ağlını həmişə həqiqəti yaymaq üçün tətbiq edirdi. Hərdən o, dini əleyhdarlarının saxta ittihamlarını təkzib etmək məqsədilə, məntiqi mühakimələr yürüdürdü. Lakin əksər hallarda o, bu üsula şagirdlərinə vacib ibrət dərsi vermək üçün əl atırdı. Gəlin, İsanın məntiqdən məharətlə necə istifadə etdiyinə nəzər salaq.
17, 18. Fəriseylərin ittihamının yalan olduğunu sübuta yetirmək üçün, İsa inandırıcı məntiqdən necə istifadə etdi?
17 İsanın kor və lal, cinə tutulmuş bir adama şəfa verməsi hadisəsinə diqqət yetirək. Fəriseylər bu haqda eşitdikdə dedilər: “Bu Adam ancaq cinlərin rəisi Baal-Zevul [Şeytan] gücü ilə cinləri qovur”. Fikir ver: fəriseylər e’tiraf edirlər ki, Şeytanın cinlərini qovmaq üçün qeyri-təbii qüvvə tələb olunur. Lakin xalq İsaya inanmasın deyə, fəriseylər onun qüvvəsini Şeytana aid edirlər. İsa isə, onların sübutlarının ətraflı düşünülmədiyini göstərərək cavab verdi: “İçində ayrılıq olan hər padşahlıq viran qalar; və içində ayrılıq olan heç bir şəhər, yaxud ev durmaz. Və əgər şeytan şeytanı qovursa, özündə ayrılıq olur; bəs onun padşahlığı necə durar?” (Matta 12:22-26, İ–93). Əslində İsa deyirdi: “Əgər mən, sizin dediyiniz kimi, Şeytanın vasitəçisiyəmsə və onun işlərini məhv edirəmsə, deməli, Şeytan özünə zərər törədir və tezliklə həlak olacaq”. İnandırıcı məntiqdir, elə deyilmi?
18 İsa bu məsələ barədə mühakimə yürütməyə davam edir. O, fəriseylərdən də bə’zilərinin cinləri qovduğunu bildiyi üçün, sadə, ancaq ifşaedici sual verir: “Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız [və ya şagirdləriniz] kimin gücü ilə qovurlar?” (Matta 12:27). İsanın gətirdiyi dəlili başqa sözlərlə təxminən belə ifadə etmək olar: “Əgər mən cinləri Şeytanın gücü ilə qovuramsa, deməli, sizin şagirdləriniz də eyni gücdən istifadə edirlər”. Fəriseylər buna nə cavab verə bilərdilər? Onlar heç vaxt e’tiraf etməzdilər ki, onların şagirdləri Şeytanın gücündən istifadə edirlər. Beləliklə İsa, təkzibedilməz məntiq vasitəsilə onların ittihamlarının cəfəngiyyat olduğunu göstərdi.
19, 20. a) İsa məntiqdən daha necə istifadə etdi? b) İsa şagirdlərinin onlara dua etməyi öyrətmək xahişinə cavab verərkən, “nə qədər yəqindir” ifadəsindən istifadə edərək necə mühakimə yürütdü?
19 İsa yalnız öz əleyhdarlarını susdurmaq üçün deyil, həmçinin Yehova haqqındakı ruhlandırıcı və ürək oxşayan həqiqətləri insanlara öyrətmək məqsədilə də inandırıcı sübutlardan istifadə edirdi. Dinləyicilərinə, bildikləri həqiqətdən yeni həqiqətə keçməyə kömək etmək üçün, İsa “nə qədər yəqindir” ifadəsini istifadə etdi. Gəlin təkcə iki nümunəyə diqqət yetirək.
20 Şagirdləri İsadan onlara dua etməyi öyrətməsini xahiş etdikdə, o, cavabında onlara bir məsəl çəkdi. Məsəldə deyilirdi ki, bir adamın dəyanət göstərməsi sayəsində dostu onun xahişini yerinə yetirir. İsa həmçinin valideynlərin ‘övladlarına yaxşı hədiyyələr verməyə’ hazır olduqlarına da diqqət yönəltdi. Sonra o, fikrinə yekun vuraraq dedi: “Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” (Luka 11:1-13). İsa burada öz fikrini müqayisə ilə deyil, qarşı-qarşıya qoyma yolu ilə qeyd edir. Əgər öz yaxınının tələbatını əvvəlcə tə’min etmək istəməyən bir dost, nəhayətdə ona yardım etdisə və əgər qeyri-kamil valideynlər öz övladlarının ehtiyaclarının qeydinə qalırlarsa, onda sevən səmavi Atamızın, duada həlimliklə Ona müraciət edən sadiq xidmətçilərinə müqəddəs ruh verəcəyi nə qədər yəqindir!
21, 22. a) İsa, maddi şeylər üçün narahatçılığa dair məsləhət verərkən necə mühakimə yürütdü? b) İsanın öyrətmək üsullarından bir neçəsini nəzərdən keçirərkən, hansı nəticəyə gəlirik?
21 İsa, maddi şeylər üçün narahatçılığa dair məsləhət verdiyi zaman da eyni mühakimə üsulundan istifadə etdi. O dedi: “Alaqarğalara baxın: onlar nə əkir, nə biçir; onların nə anbarı, nə də taxıl mənbəyi vardır və Allah onları yedizdirir. Siz quşlardan nə qədər çox dəyərlisiniz! Zanbaqların necə böyüdüklərinə baxın: nə zəhmət çəkirlər, nə də iplik əyirirlər... Lakin əgər Allah bu gün tarlada mövcud olub sabah ocağa atılan otu belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər daha yəqindir, ey az imanlılar!” (Luka 12:24, 27, 28). Doğrudan da, əgər Yehova quşların və güllərin qeydinə qalırsa, onda öz xidmətçilərinin qayğısına qalacağı nə qədər yəqindir! Qayğıkeşlik və əminlik əks etdirən bu cür fikirlər, şübhəsiz ki, İsanın dinləyicilərinin ürəyinə yol tapırdı.
22 İsanın öyrətmək üsullarından bir neçəsini nəzərdən keçirərkən, belə bir nəticəyə gəlirik ki, onu həbs etməyə göndərilən mühafizlər: “İnsanlar arasında bu Adam kimi danışan əsla olmamışdır” deməklə, heç nəyi şişirtməmişlər. Amma İsanın ən geniş yayılmış öyrətmək üsulu, əyani nümunələr, yə’ni məsəllərdir. O, nəyə görə bu üsuldan istifadə edirdi? Və onun əyani nümunələrini belə tə’sirli edən nə idi? Bu suallar növbəti məqalədə müzakirə olunacaq.
[Haşiyələr]
a Ehtimal ki, mühafizlər Sinedrionda xidmət edir və baş kahinlərə tabe olurdular.
b “Gözətçi Qülləsi”nin 1 noyabr 2002-ci il sayındakı “Sizə bir nümunə göstərdim” və “Ardımca gəlin” adlı məqalələrə baxın.
c Həvarilərin işləri 20:35 ayəsində yazılan sözlərin məğzi Müjdələrdə ifadə olunsa da, bu fikri yalnız həvari Pavel sitat gətirir. Pavel bu sözləri şifahi olaraq (ya İsanı dinləyən şagirdlərin birindən, ya da dirilən İsanın özündən) eşidə bilərdi. Yaxud da bu sözlər Pavelə Allahdan vəhy kimi verilmişdi (Həvarilərin işləri 22:6-15; 1 Korinflilərə 15:6, 8).
d Yəhudilərdən tələb olunurdu ki, hər il mə’bədə iki dirhəm (təqribən iki günlük əmək haqqı) məbləğində vergi ödəsinlər. Ödənilən pullar mə’bədin lazımi vəziyyətdə saxlanılmasına, orada icra olunan xidmətə və xalq üçün gündəlik gətirilən qurbanlara istifadə edilirdi.
Yadınızdadırmı?
• İsanın sadə və aydın tərzdə öyrətdiyini hansı nümunələrdən görmək olar?
• Başqalarını öyrədərkən, İsa nəyə görə suallardan istifadə edirdi?
• Mübaliğə nədir və bu öyrətmək üsulundan İsa necə istifadə edirdi?
• Yehova haqqındakı ürək oxşayan həqiqəti şagirdlərinə öyrətmək üçün, İsa məntiqi mühakimə yürütmək üsulundan necə istifadə edirdi?
[18-ci səhifədəki şəkil]
Fəriseylər “ağcaqanadı süzgəcdən keçirib, dəvəni” udurdular.