Onda ‘gizlədilmiş’ xəzinələri axtarın
«Hikmətin və irfanın [biliyin] bütün xəzinələri Məsihdə gizlədilmişdir» (KOLOS. 2:3).
1, 2. a) 1922-ci ildə hansı əşyalar aşkar olunub və hal-hazırda onlar haradadır? b) Allahın Kəlamı hər bir insanı nəyə dəvət edir?
TAPILAN gizli xəzinələr haqqında məlumatlar çox vaxt əsas xəbər başlıqları olur. Məsələn, 1922-ci ildə britaniyalı misirşünas Hovard Karter onilliklər ərzində çətin şəraitdə aparılmış qazıntı işlərindən sonra bütün dünyanı heyrətə gətirən bir şey aşkar etmişdir. O, Tutanhamonun təxminən 5 000 əşyadan ibarət və demək olar ki, toxunulmamış sərdabəsini tapmışdır.
2 Sensasiya doğuran firon sərdabəsindəki əşyaların əksəriyyəti muzeylərə və şəxsi kolleksiyalara düşmüşdür. Bu əşyalar tarixi və incəsənət baxımından müəyyən dəyərə malik olsa da, gündəlik həyatımıza onların heç bir təsiri yoxdur. Allahın Kəlamı isə hər kəsi əsil dəyərə malik olan xəzinələri axtarmağa dəvət edir və mükafat istənilən maddi xəzinədən qat-qat böyükdür. (Süleymanın məsəlləri 2:1-6 ayələrini oxu.)
3. Yehovanın Öz xidmətçilərini axtarmağa təşviq etdiyi xəzinələr nə qədər dəyərlidir?
3 Gəlin Yehovanın Öz xidmətçilərini axtarmağa təşviq etdiyi xəzinələrin nə qədər dəyərli olduğunu nəzərdən keçirək. Onların arasında yaşadığımız çox təhlükəli zəmanədə bizi hifz edən və qoruyan «Rəbb qorxusu» var (Məz. 19:9). Əgər ‘Allahı tanısaq’, Haqq-Taala ilə sıx münasibətimiz olacaq ki, bu da insanların sahib ola biləcəyi ən böyük şərəfdir. Allahın verdiyi hikmət, bilik və dərrakə sayəsində biz həyatımızdakı problemlərin və çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gələ biləcəyik (Sül. məs. 9:10, 11). Belə qiymətli xəzinələri necə tapa bilərik?
Ruhani xəzinələri nəyə görə axtarmalıyıq?
4. Ruhani xəzinələri necə tapa bilərik?
4 Qiymətli bir şey tapmaq üçün, adətən, hər yerdə axtarış aparmalı olan arxeoloq və digər tədqiqatçılardan fərqli olaraq, biz ruhani xəzinələrin harada «basdırıldığından» agahıq. Müqəddəs Kitab, dəqiq bir xəritə kimi, bizə Allahın vəd etdiyi xəzinələrin harada gizlədildiyini göstərir. Məsih haqqında danışaraq həvari Pavel yazırdı: «Hikmətin və irfanın bütün xəzinələri Məsihdə gizlədilmişdir» (Kolos. 2:3). Gəlin bu sözlərin üzərində düşünərək özümüzdən soruşaq: «Bu xəzinələri nəyə görə axtarmalıyıq? Onlar hansı mənada Məsihdə “gizlədilmişdir”? Və onları necə tapmaq olar?» Bu sualların cavabını tapmaq üçün gəlin həvari Pavelin sözlərinə yaxından nəzər salaq.
5. Pavel nəyə görə ruhani xəzinələr haqqında yazmaq qərarına gəldi?
5 Pavel bu sözləri Kolos şəhərindəki həmimanlılarına ünvanlamışdı. O, ‘onların qəlbinin təsəlli tapması, qarşılıqlı məhəbbətdə birləşməsi’ uğrunda böyük mübarizə apardığını demişdi. (Koloslulara 2:1, 2 ayələrini oxua.) Pavel nəyə görə belə narahat idi? Görünür, o bilirdi ki, bu şəhərdə yaşayan qardaşlar aralarında yunan fəlsəfəsini yayan və ya Musanın Qanununa riayət edilməsinin tərəfdarı olan bəzilərinin təsiri altına düşə bilərdilər. Buna görə də həmimanlılarına ciddi xəbərdarlıq etdi: «Qardaşlar, diqqətli olun ki, Məsihə deyil, insan ənənəsinə, dünyanın ibtidai qüvvətlərinə əsaslanaraq, fəlsəfə və boş hiylə ilə kimsə sizi əsir almasın» (Kolos. 2:8).
6. Nəyə görə Pavelin məsləhəti bizi maraqlandırmalıdır?
6 Eynilə, bu gün də Şeytan və onun pis sistemi bizə həmin təsiri göstərməyə çalışır. Allahı inkar edən sekulyar humanizm və təkamül nəzəriyyəsi də daxil olmaqla, bu dünyanın fəlsəfəsi insanların düşüncə və həyat tərzini, mənəviyyatını və məqsədlərini formalaşdırır. Bir çox məşhur bayramların qeyd olunmasında yalan din başlıca rol oynayır. Əyləncə sənayesi insanların pis cismani arzularının təmin olunmasına şərait yaradır. Həmçinin İnternetdə yerləşdirilən bir çox materiallar da həm gənclər, həm də yaşlılar üçün əsil təhlükə mənbəyidir. Bu və digər təhlükələrə davamlı olaraq məruz qalmağımız Yehovanın rəhbərliyinə olan münasibətimizə asanlıqla təsir edə bilər. Bunun da nəticəsində biz həqiqi — əbədi həyatdan əvvəlki kimi möhkəm yapışmayacağıq. (1 Timoteyə 6:17-19 ayələrini oxu.) Beləliklə, Şeytanın ustalıqla qurduğu tələlərin qurbanı olmamaq üçün biz Pavelin koloslulara yazdığı məsləhətin məğzini dərk etməli və ona ciddi yanaşmalıyıq.
7. Pavelin sözlərinə görə, koloslulara hansı iki amil kömək edəcəkdi?
7 Gəlin yuxarıda sözügedən məktuba qayıdaq. Pavel öz narahatçılığını ifadə etdikdən sonra Kolos məsihçilərinə məhəbbətdə birləşmələrinə və təsəlli tapmalarına kömək edəcək iki amili vurğulayır. İlk növbədə, o, ‘həqiqətin tam, aydın anlayışını’ xatırladır. Onlar Müqəddəs Yazıları düzgün anladıqlarına tam əmin olmalı idilər ki, imanları möhkəm təməl üzərində qurulsun (İbr. 11:1). Sonra Pavel ‘Allahın müqəddəs sirri haqqında dəqiq biliyə’ toxundu. Onlar həqiqətin əsas təlimləri ilə kifayətlənməyib Allahın dərin düşüncələri haqda aydın anlayışa yiyələnməli idilər (İbr. 5:13, 14). Koloslulara vaxtında verilən bu məsləhət bu gün bizlər üçün də faydalıdır! Belə isə, bu cür əminliyə və dəqiq biliyə necə yiyələnə bilərik? Cavabı Pavelin İsa Məsih haqqında dediyi dərin mənalı sözlərində tapmaq olar: «Hikmətin və irfanın bütün xəzinələri Məsihdə gizlədilmişdir».
Məsihdə ‘gizlədilmiş’ xəzinələr
8. Məsihdə «gizlədilmişdir» ifadəsinin mənasını izah edin.
8 Hikmətin və biliyin bütün xəzinələrinin Məsihdə ‘gizlədildiyini’ deməklə Pavel onların əlçatmaz olduğunu nəzərdə tutmurdu. Əksinə, bu o deməkdir ki, həmin xəzinələri tapmaq üçün biz cidd-cəhdlə çalışmalı və diqqəti İsa Məsihə yönəltməliyik. Bu, İsanın özü haqqında dediyi sözlərə uyğun gəlir: «Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (Yəh. 14:6). Bəli, Allah haqqında biliyi tapmaq üçün biz İsanın köməyinə və rəhbərliyinə ehtiyac duyuruq.
9. İsaya hansı rollar həvalə olunub?
9 İsa özünün «yol» olduğunu deməklə yanaşı, «həqiqət və həyat» olduğunu da söylədi. Bu göstərir ki, o, Ataya yaxınlaşmaq üçün sadəcə olaraq bir vasitə deyil. İsa həm də Müqəddəs Kitab həqiqətlərinin başa düşülməsində, o cümlədən insanların əbədi həyata nail olmasında həyati vacib rollara malikdir. Həqiqətən də, İsada gizlədilmiş misilsiz dəyəri olan ruhani ləl-cəvahiratlar öz tədqiqatçılarını gözləyir. Gəlin gələcəyə olan ümidimiz və Allahla münasibətlərimizlə birbaşa əlaqəsi olan həmin həqiqətlərdən bəzilərini araşdıraq.
10. Koloslulara 1:19 və 2:9 ayələrindən İsa haqqında nə öyrənirik?
10 «İlahi təbiətin bütün dolğunluğu bədəncə Məsihdə yaşayır» (Kolos. 1:19; 2:9). Atası ilə göylərdə milyardlarla il ərzində yaşamış İsa Allaha və Onun iradəsinə hamıdan yaxşı bələddir. İsa yer üzündə xidmət edərkən Atasının öyrətdiklərini başqalarına öyrədir və ona aşıladığı xüsusiyyətləri öz əməllərində əks etdirirdi. Buna görə də İsa əminliklə deyə bilmişdi: «Məni görən, Atanı görmüş olur» (Yəh. 14:9). Yehova haqqında bütün hikmət və bilik Məsihdə gizlədildiyi, yəni onda olduğu üçün Allahımız barədə öyrənməyin ən yaxşı üsulu İsa haqqındakı məlumatların hamısını diqqətlə araşdırmaqdır.
11. İsa ilə Müqəddəs Kitab peyğəmbərlikləri arasında hansı əlaqə var?
11 «İsa haqqındakı şəhadət peyğəmbərliklərin məğzidir» (Vəhy 19:10, YD). Bu sözlər İsanın bir çox Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsində əsas rolu oynadığını göstərir. Yaradılış 3:15 ayəsində yazılmış Yehovanın ilk peyğəmbərliyindən tutmuş «Vəhy» kitabındakı möhtəşəm görüntülərədək Müqəddəs Kitabın bütün peyğəmbərliklərini yalnız İsanın Padşahlıqla bağlı rolunu nəzərə aldıqda düzgün başa düşmək olar. Bu, İbranicə Müqəddəs Yazılarda qələmə alınan bir çox peyğəmbərliklərin İsanı vəd edilmiş Məsih kimi qəbul etməyən insanları nəyə görə karıxdırdığını izah edir. Bu həmçinin göstərir ki, nəyə göyə Məsih haqqında çoxlu peyğəmbərliklərin qələmə alındığı İbranicə Müqəddəs Yazıları qiymətləndirməyən insanlar onu sadəcə dahi bir insan kimi qəbul edirlər. İsa haqqında bilik Allahın xalqına gələcəkdə yerinə yetəcək Müqəddəs Kitab peyğəmbərliklərinin məğzini anlamağa kömək edir (2 Kor. 1:20).
12, 13. a) İsa hansı mənada ‘dünyanın Nurudur’? b) Məsihin ruhani zülmətdən azad edilmiş davamçıları nə etməyə borcludurlar?
12 «Mən dünyanın Nuruyam». (Yəhya 8:12; 9:5 ayələrini oxu.) İsa yer üzünə gəlməzdən çox illər öncə, Yeşaya belə bir peyğəmbərlik söyləmişdi: «Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu» (Yeşaya 9:2). Həvari Matta izah edir ki, İsa: «Tövbə edin, çünki Səmavi Səltənət yaxındır»,— deyə təbliğ etməyə başlayanda həmin peyğəmbərliyi yerinə yetirdi (Mat. 4:16, 17). İsanın xidməti insanların ruhani gözlərini açdı və yalan dinin təlimlərinin köləliyindən azad etdi. O demişdi: «Mən dünyaya nur olaraq gəldim ki, Mənə iman edən heç kimsə zülmətdə qalmasın» (Yəh. 1:3-5; 12:46).
13 Çox illər sonra həvari Pavel həmimanlılarına yazmışdı: «Bir zamanlar qaranlıq idiniz, indi isə Rəbdə işıqsınız. İşıq övladları kimi hərəkət edin» (Efes. 5:8). Ruhani zülmətin buxovlarından azad edilmiş məsihçilər işıq övladları kimi hərəkət etməyə borcludurlar. Bu, İsanın Dağüstü təbliğində öz davamçılarına dediyi sözlərə uyğun gəlir: «Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və göylərdəki Atanıza həmd etsinlər» (Mat. 5:16). İsada aşkar etdiyin ruhani xəzinələri o dərəcədə yüksək qiymətləndirirsənmi ki, bu xəzinələr haqda danışmaqla və özünü nümunəvi məsihçi kimi aparmaqla onları başqalarına da tövsiyə edirsən?
14, 15. a) Qədim zamanlarda qoyunlar və digər heyvanlar həqiqi ibadətdə necə istifadə edilirdi? b) Nəyə görə İsanın «Allah Quzusu» kimi oynadığı rolunu müqayisəyəgəlməz xəzinə adlandırmaq olar?
14 İsa «Allahın Quzusu»dur (Yəh. 1:29, 36). Qədim zamanlarda Allahdan günahların bağışlanmasını diləmək və Ona yaxınlaşmaq üçün qoyun qurbanı gətirilirdi. Məsələn, İbrahim oğlu İshaqı qurban gətirmək üzrə olanda mələk onun əlini saxladı və qurban gətirməsi üçün İshaqın əvəzinə bir qoç təqdim etdi (Yar. 22:12, 13). İsraillilər Misirdən çıxanda ‘Rəbbin Pasxasından’ öncə qoyun qurbanı gətirməli və qanından götürüb qapının hər iki yan taxtasına və üst dirəyinə sürtməli idilər (Çıx. 12:1-13). Bundan əlavə, Musanın Qanununda, qoyun və keçi qurbanları da daxil olmaqla, müxtəlif heyvan qurbanları nəzərdə tutulmuşdu (Çıx. 29:38-42; Lev. 5:6, 7).
15 Nə bu, nə də ki insanların verdiyi istənilən qurbanlar bəşəriyyəti günah və ölümdən əbədiyyən azad edə bilməzdi (İbr. 10:1-4). Lakin İsa «dünyanın günahını aradan qaldıran Allah Quzusu»dur. Təkcə bu fakt İsanı dünyanın bütün xəzinələrindən daha dəyərli edir. Buna görə də biz fidyə mövzusunu diqqətlə araşdırmağa vaxt ayırmalı və Allahın bu heyrətamiz ənamına iman gətirməliyik. Əgər belə edəriksə, böyük bir mükafat və xeyir-dua alacağımıza — «kiçik sürü»yə daxil olub Məsihlə birgə göylərdə padşahlıq etmək şərəfinə və izzətinə layiq görüləcəyimizə, yaxud da yerüzü Cənnətdə əbədi yaşamağa ümid edən ‘başqa qoyunların’ sırasında olacağımıza ümid edə bilərik (Luka 12:32; Yəh. 6:40, 47; 10:16).
16, 17. İsanın «imanımızın Banisi və Kamilləşdiricisi» rolunu başa düşmək nəyə görə vacibdir?
16 İsa «imanımızın Banisi və Kamilləşdiricisi»dir. (İbranilərə 12:1, 2 ayələrini oxu.) Pavel «İbranilərə» məktubunun 11-ci fəslində imanı çox gözəl təsvir edərək onun qısa tərifini verir və öz imanlarına uyğun davranmış Nuh, İbrahim, Sara və Raxav kimi nümunəvi kişi və qadınların adlarını çəkir. Pavel həmimanlılarını bütün bunları yadda saxlayaraq «imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya» baxmağa təşviq edir. Nəyə görə?
17 «İbranilərə» məktubun 11-ci fəslində sadalanan sadiq kişi və qadınlar Allahın vədlərinə böyük iman gətirsələr də, Onun Öz vədlərini Məsih və Padşahlıq vasitəsilə necə yerinə yetirəcəyini tam təfsilatı ilə bilmirdilər. Bu mənada onların imanı natamam idi. Hətta Məsih haqqında peyğəmbərlikləri yazdırmaq üçün Allahın istifadə etdiyi insanlar yazdıqlarının məğzini sonadək anlamırdılar (1 Pet. 1:10-12). Yalnız İsa vasitəsilə imanımız mükəmməl, yəni tam ola bilər. İsanın «imanımızın Banisi və Kamilləşdiricisi» rolunu başa düşmək və qiymətləndirmək necə də vacibdir!
Axtarışları davam etdirin
18, 19. a) Məsihdə gizlədilmiş digər ruhani inciləri sadalayın. b) Ruhani xəzinələri tapmaq üçün nəyə görə İsaya baxmağa davam etməliyik?
18 Biz Allahın niyyətinə daxil olan bəşəriyyətin xilasında İsanın oynadığı vacib rollardan yalnız bir neçəsini nəzərdən keçirdik. Lakin Məsihdə gizlədilmiş xəzinələr bununla bitmir. Onları axtarmaq bizə sevinc və fayda gətirəcək. Məsələn, həvari Peter İsanı ‘Həyat Rəisi’ və doğan «dan ulduzu» adlandırdı (Həv. iş. 3:15; 5:31; 2 Pet. 1:19). Müqəddəs Kitabda İsaya həmçinin «Amin» titulu da şamil edilir (Vəhy 3:14). Bütün bu titulların mənasını və nə qədər vacib olduğunu bilirsinizmi? İsanın dediyi kimi, «axtarın, tapacaqsınız» (Mat. 7:7).
19 Tarix boyu həyatı İsa qədər böyük əhəmiyyətə malik olan və əbədi rifahımıza xidmət edən ikinci bir şəxsiyyət olmayıb. Onda olan ruhani xəzinələri istənilən adam bütün ürəklə axtararsa, tapa bilər. Gəlin ‘Məsihdə gizlədilmiş’ xəzinələri sevinclə və canla-başla axtarmağa davam edək!
[Haşiyə]
a Koloslulara 2:1, 2 (YD): «Sizin, Laodikiyadakıların və məni şəxsən görməyənlərin hamısının uğrunda böyük mübarizə apardığımı bilməyinizi istəyirəm. Qoy onların qəlbi təsəlli tapsın, onlar qarşılıqlı məhəbbətdə birləşsinlər, həqiqətin tam, aydın anlayışının zənginliyinə və Allahın müqəddəs sirri olan Məsih haqqında dəqiq biliyə yiyələnsinlər».
Yadınızdadırmı?
• Məsihçilər hansı xəzinələri axtarmağa təşviq olunurlar?
• Nəyə görə Pavelin məsləhəti bizim üçün də aktualdır?
• ‘Məsihdə gizlədilmiş’ bəzi ruhani inciləri sadalayın və onları izah edin.
[5-ci səhifədəki şəkil]
Müqəddəs Kitab ‘Məsihdə gizlədilmiş’ xəzinələrə yol göstərən bir xəritədir