Yehovanın Kəlamı canlıdır
«Yəhya» kitabından diqqətəlayiq fikirlər
MƏSİHİN həyatı və xidməti barədə Allahdan ilham alaraq yazan sonuncu adam ‘İsanın sevdiyi şagird’ Yəhya olmuşdur (Yəh. 21:20). Yəhyanın eramızın 98-ci ilində yazdığı Müjdədə əvvəlki üç Müjdədə deyilənlərdən çox az şey təkrar olunur.
Həvari Yəhya Müjdəni konkret bir məqsədlə yazmışdır. O, məqsədini belə izah edir: «İsanın, Allahın Oğlu Məsih olduğuna iman edəsiniz və iman etməklə Onun adı ilə sizdə həyat olsun deyə, bunlar yazılmışdır» (Yəh. 20:31). Onun yazdıqları bizim üçün doğrudan da çox böyük əhəmiyyət kəsb edir (İbr. 4:12).
«BUDUR... ALLAH QUZUSU»
Vəftizçi Yəhya İsanı görüb deyir: «Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!» (Yəh. 1:29). İsa Samariyada, Qalileyada, Yəhudeyada və İordan çayının şərq sahilində təbliğ edib, təlim verdiyi və bir çox qüdrətli işlər gördüyü zaman ‘çox kimsələr Onun yanına gəlib, Ona iman edirlər’ (Yəh. 10:41, 42).
İsanın göstərdiyi ən heyrətamiz möcüzələrdən biri Lazarın dirilməsidir. Artıq dörd gündür ki, ölü olan insanın həyata qayıtmasını görəndə çoxları İsaya iman edir. Ancaq baş kahinlər və fəriseylər isə İsanı öldürməyi qərara alırlar. Buna görə də, İsa ‘oradan səhraya yaxın diyara, Efraim adlanan şəhərə gedir’ (Yəh. 11:53, 54).
Müqəddəs Kitab suallarına cavablar:
1:35, 40 — Vəftizçi Yəhya ilə duran Andreyin yanındakı şagird kim idi? Yazıçı Vəftizçi Yəhyaya həmişə «Yəhya» deyə müraciət edir, özünü isə Müjdədə heç vaxt adı ilə tanıtmır. Buna görə də adı çəkilməyən şagird, ehtimal ki, Müjdəni yazan Yəhya olmuşdur.
2:20 — Hansı məbəd «qırx altı ilə tikilib»? Yəhudilər Yəhudeya padşahı Hirodun Zerubbabilin məbədini bərpa etməsini nəzərdə tuturdular. Tarixçi İosifə görə bu iş Hirodun hakimiyyətinin 18-ci ilində, yəni b. e. ə. 18/17-ci illərdə başlamışdır. Məbədin müqəddəs yeri və başqa əsas hissələri səkkiz ilə tikilmişdir. Ancaq məbəddəki işlər eramızın 30-cu ilinin Pasxasına qədər və hətta ondan sonra da davam etmişdir. Buna görə də 30-cu ildə yəhudilər dedilər ki, onun tikilməsi 46 ilə başa gəlib.
5:14 — Xəstəlik insanın günah işlətməsinin nəticəsidirmi? Bu hər zaman belə olmur. İsanın şəfa verdiyi kişi 38 il idi ki, miras aldığı qeyri-kamillik ucbatından xəstə idi (Yəh. 5:1-9). İsa demək istəyirdi ki, mərhəmət göstərilən kişi xilas yolu ilə getməli və bilərəkdən günah işlətməməlidir ki, xəstəlikdən də betər bəlaya düçar olmasın. Elə ola bilərdi ki, o, bağışlanmaz günah işlətsin və dirilməyə layiq görülməsin (Mat. 12:31, 32; Luka 12:10; İbr. 10:26, 27).
5:24, 25 — ‘Ölümdən həyata keçənlər’ kimlərdir? İsa bir vaxtlar ruhani cəhətdən ölü olan, lakin onun sözünü eşidib ona iman gətirən və günahlı yollarından dönən insanlar haqqında danışırdı. Onlar o mənada ‘ölümdən həyata keçirlər’ ki, üzərlərindən ölüm hökmü götürülür və Allaha iman etdikləri üçün onlara əbədi həyat ümidi verilir (1 Pet. 4:3-6).
5:26; 6:53 — «Özündə» və ya ‘daxilində həyat olmaq’ nə deməkdir? İsa Məsih üçün bu, Allahdan iki xüsusi bacarığı — insanlara Yehovanın qarşısında bəraət qazandırmaq və ölüləri diriltməklə həyat vermək qüvvəsi — almaq deməkdir. İsanın davamçıları üçün ‘daxilində həyat olmaq’ əbədi həyatı almaq deməkdir. Məsh olunmuş məsihçilər bu həyatı göylər həyatına dirilərkən əldə edirlər. Yer üzündə yaşamaq ümidinə malik olan sadiq insanlar isə yalnız Məsihin Minillik hökmranlığının sonunda baş verəcək axırıncı sınaqdan keçəndən sonra əbədi həyatı alacaqlar (1 Kor. 15:52, 53; Vəhy 20:5, 7-10).
6:64 — İsa Yəhuda İskaryotu seçəndə Yəhudanın onu ələ verəcəyini bilirdimi? Görünür, yox. Ancaq eramızın 32-ci ilində bir dəfə İsa həvarilərinə dedi: «Sizlərdən biri iblisdir». Ehtimal ki, həmin vaxt o, Yəhuda İskaryotda düzgün olmayan meyllərin baş qaldırdığını görmüşdü. İsa Yəhudanın onu ələ verəcəyini bu mənada «əvvəlcədən» bilirdi (Yəh. 6:66-71).
Bizim üçün ibrət dərsləri:
2:4. İsa Məryəmə göstərmək istəyirdi ki, Allahın vəftiz və məsh olunmuş Oğlu olduğu üçün o, göstərişi səmavi Atasından almalıdır. İsa xidmətinə təzə başlasa da, ona tapşırılan işin vaxtını, eləcə də özünü qurban verərək öləcəyi vaxtı yaxşı bilirdi. Hətta Məryəm kimi yaxın ailə üzvü də onun Allahın iradəsini yerinə yetirməsinə qarışa bilməzdi. Biz də Yehovaya eyni qətiyyətlə xidmət etməliyik.
3:1-9. Yəhudi rəisi Nakdimonun nümunəsindən iki ibrət dərsi alırıq. Birincisi, Nakdimon kasıb dülgər oğlunun Allah tərəfindən göndərilmiş bir müəllim olduğunu etiraf edərək təvazökar, uzaqgörən olduğunu və öz ruhani ehtiyaclarını başa düşdüyünü göstərdi. Bu gün də həqiqi məsihçilərə təvazökar olmaq lazımdır. İkincisi, İsa yer üzündə olarkən Nakdimon onun şagirdi olmadı. Yəqin bunun səbəbi insan qorxusu, Sinedriondakı mövqeyinə bağlılıq və ya var-dövlətə məhəbbət idi. Bundan özümüzə vacib dərs götürürük: belə şeylərin bizə «işgəncə dirəyini götürüb» (YD) İsanı izləməyə mane olmasına yol verməməliyik (Luka 9:23).
4:23, 24. İbadətimizin Allaha məqbul olması üçün, bizdən Müqəddəs Kitabda açılan həqiqətlərə uyğun və müqəddəs ruhun rəhbərliyi altında ibadət etmək tələb olunur.
6:27. ‘Əbədi həyat verən baqi yeməyi’, yəni daimi yeməyi əldə etmək üçün ruhani ehtiyaclarımızı ödəməyə səy göstərməliyik. Əgər belə ediriksə, bəxtiyarıq (Mat. 5:3).
6:44. Yehova şəxsən Özü bizim qayğımıza qalır. O, təbliğ işi vasitəsilə hər birimizi tapır, ruhu vasitəsilə Müqəddəs Kitab həqiqətlərini başa düşüb onları tətbiq etməyə kömək edir, beləliklə də bizi Oğluna yaxınlaşdırır.
11:33-36. Emosiyaları büruzə vermək zəiflik əlaməti deyil.
«MƏNİM ARDIMCA GƏL»
Eramızın 33-cü ilinin Pasxa bayramı yaxınlaşır. İsa Beytanyaya qayıdır. O, 9 nisanda sıpaya minib Yerusəlimə gəlir. 10 nisanda isə yenidən məbədə girir. Atasının adının izzətlənməsi üçün etdiyi duaya cavab olaraq göydən səs gəlir: «Həm izzətləndirdim, həm də izzətləndirəcəyəm» (Yəh. 12:28).
Pasxa yeməyini yeyərkən İsa davamçılarına son məsləhətlərini verir və onlar üçün dua edir. İsa həbsə alınır, mühakimə olunub edam edildikdən sonra Allah tərəfindən dirildilir.
Müqəddəs Kitab suallarına cavablar:
14:2 — İsa öz sadiq davamçıları üçün göylərdə yeri necə hazırlayacaqdı? İsa Allahın hüzuruna gedib qanının dəyərini Ona təqdim etməklə yeni əhdi qüvvəyə mindirəcəkdi. O, həm də Padşahlıq hakimiyyətini almalı idi. Bundan sonra məsh olunmuş davamçılarının səmavi həyat üçün dirilməsi başlayacaqdı (1 Salon. 4:14-17; İbr. 9:12, 24-28; 1 Pet. 1:19; Vəhy 11:15).
19:11 — İsa Pilatla söhbətində onu ələ verən haqqında danışarkən Yəhuda İskaryotumu nəzərdə tuturdu? Ehtimal ki, İsa təkcə Yəhudanı və ya hər hansı başqa şəxsi yox, onun öldürülməsində əli olanların hamısını nəzərdə tuturdu. Bura Yəhuda, «baş kahinlər və bütün Sinedrion», hətta Barabbanın azad edilməsini istəyən ‘xalq’ da daxil idi (Mat. 26:59-65; 27:1, 2, 20-22).
20:17 — İsa Məcdəlli Məryəmə nə üçün «mənə toxunma» dedi? Adətən «toxunmaq» kimi tərcümə olunan yunan sözü həm də «yapışmaq», «bərk-bərk tutmaq», «sarılmaq», «buraxmamaq» mənalarını verir. İsa Məcdəlli Məryəmin ona sadəcə toxunmasına etiraz etmirdi, çünki qəbrin yanında başqa qadınlara ‘ayaqlarına sarılmağa’ icazə vermişdi (Mat. 28:9). Görünür, Məryəm İsanın göyə qalxacağını və bir daha onu görməyəcəyini fikirləşdiyi üçün ondan bərk-bərk tutmuşdu. Onu hələ getmədiyinə arxayın etmək üçün İsa dedi ki, onu tutmaq əvəzinə, gedib dirilmə xəbərini şagirdlərə çatdırsın.
Bizim üçün ibrət dərsləri:
12:36. «Nur övladları» olmaq, yəni nur saçmaq üçün bizə Allahın Kəlamı olan Müqəddəs Kitabdan dəqiq bilik əldə etmək lazımdır. Sonra həmin bilikdən istifadə edərək insanları ruhani qaranlıqdan Allahın nuruna gətirməliyik.
14:6. Allahın lütfünü qazanmağın yeganə yolu İsa Məsihdir. Yalnız İsaya iman etməklə və onun nümunəsini izləməklə Yehovaya yaxınlaşa bilərik (1 Pet. 2:21).
14:15, 21, 23, 24; 15:10. Allahın iradəsinə tabe olmaq bizə Allahın və Onun Oğlunun məhəbbətində qalmağa kömək edir (1 Yəh. 5:3).
14:26; 16:13. Yehovanın müqəddəs ruhu müəllim kimi xidmət edir və əvvəl öyrəndiklərimizi yadımıza salır. O, həm də Müqəddəs Kitab həqiqətlərinin açıqlanmasında böyük rol oynayır. Beləliklə, o bizə daha çox bilikli, hikmətli, dərrakəli, ağıllı və uzaqgörən olmağa kömək edə bilər. Buna görə də biz mətanətlə dua etməli, xüsusilə də bu ruhu xahiş etməliyik (Luka 11:5-13).
21:15, 19. İsa Peterdən soruşdu ki, onu «bunlardan», yəni qabaqlarındakı balıqlardan çox sevirmi. İsa bununla vurğuladı ki, Peter balıqçılığı buraxıb bütün vaxtını İsanın arxasınca getməyə sərf etməlidir. Qoy bu Müjdədəki hadisələr İsanı cəlbedici şeylərdən çox sevmək qətiyyətimizi möhkəmləndirsin. Bəli, gəlin bütün ürəkdən İsanın ardınca gedək.
[31-ci səhifədəki şəkil]
Nakdimonun nümunəsindən nə öyrənə bilərik?