Fəsil 39
Allah Oğlunu unutmadı
DOSTU Lazar öləndə İsa ağlamışdı. Bəs səncə, İsa əzab çəkib öləndə Yehova hansı hissləri keçirirdi? ~ Müqəddəs Kitabda deyilir ki, baş verən hadisələr Allahı ‘kədərləndirə’, hətta ‘incidə’ (KM) də bilər (Məzmur 78:40, 41; Yəhya 11:35).
Təsəvvür edə bilərsən, sevimli Oğlunun ölməsinə baxanda Yehovanın ürəyi necə ağrıyırdı? ~ İsa əmin idi ki, Allah onu unutmayacaq. Məhz buna görə də ölümündən qabaq bu sözləri dedi: ‘Ey Ata! Öz həyatımı Sənin əllərinə verirəm’ (Luka 23:46).
İsa əmin idi ki, o, «ölülər aləmində», yəni qəbirdə qalmayacaq, Yehova onu dirildəcək. İsa dirildiləndən sonra həvari Peter Müqəddəs Kitabda İsa haqqında yazılanları sitat gətirərək demişdi: «O, nə ölülər aləminə tərk edildi, nə də bədəni çürüdü» (Həvarilərin işləri 2:31; Məzmur 16:10). Xeyr, İsanın bədəni çürüyənə, yəni parçalanıb iylənənə qədər qəbirdə qalmadı.
İsa yer üzündə olanda hətta şagirdlərinə demişdi ki, ölü vəziyyətdə çox qalmayacaq. O, onlara izah etmişdi ki, ‘öldürüləcək və üçüncü gün diriləcək’ (Luka 9:22). Buna görə də, şagirdləri əslində İsanın dirilməsinə təəccüblənməli deyildilər. Bəs onlar təəccüblənmişdilər? ~ Gəl baxaq.
Böyük Müəllim işgəncə dirəyində öləndə cümə günü təxminən günorta saat üç olardı. Sinedrionun üzvü olan varlı Yusif də gizlində İsaya inanırdı. O biləndə ki, İsa ölüb, Roma valisi Pilatın yanına getdi və ondan İsanı dirəkdən salıb basdırmaq üçün icazə istədi. Bundan sonra Yusif İsanın bədənini sərdabənin, ölülərin qoyulduğu yerin olduğu bağa gətirdi.
Cəsədi sərdabəyə qoyduqdan sonra böyük bir daşla onun ağzını bağladılar. Bu hadisənin üçüncü günü, yəni bazar günü gəlib çatdı. Hələ dan yeri sökülməmişdi, hər yer qaranlıq idi. Sərdabənin ağzında keşikçilər durmuşdu. Onları ora başçı kahinlər göndərmişdi. Bilirsən, nəyə görə? ~
Kahinlər də İsanın diriləcəyini dediyini eşitmişdilər. Buna görə də şagirdlər cəsədi oğurladıqdan sonra İsanın dirildiyini deməsinlər deyə kahinlər orada keşikçilər qoymuşdular. Qəflətən yer silkələnməyə başladı. Qaranlığın içində bir işıq nur saçdı. Bu, Yehovanın mələyi idi! Əsgərlər qorxudan yerlərində donub qaldılar. Mələk sərdabəyə yaxınlaşıb daşı itələdi. Sərdabə boş idi!
Bəli, həvari Peterin sonralar dediyi şey baş vermişdi: «İsanı Allah diriltdi» (Həvarilərin işləri 2:32). Allah İsanı diriltdi və ona yer üzündə yaşamazdan əvvəlki bədəninə oxşar bədən verdi. Diriləndən sonra o, mələklər kimi ruhani bədən aldı (1 Peter 3:18). Buna görə də əgər İsa başqalarının onu görməsini istəyirdisə, deməli, onlara insan bədənində görünməli idi. Bəs o, belə etdi? ~ Gəl baxaq.
Günəş yavaş-yavaş üfüqdən boylanırdı. Əsgərlər çıxıb gemişdilər. Məcdəlli Məryəm və İsanın şagirdi olan digər qadınlar sərdabəyə gedirdilər. Onlar öz aralarında danışırdılar: ‘O ağır daşı bizim üçün kim qırağa çəkəcək?’ (Mark 16:3). Ancaq sərdabəyə yaxınlaşanda gördülər ki, kimsə daşı artıq qırağa çəkib. Sərdabə isə bomboş idi! İsanın cəsədi yoxa çıxmışdı! Məcdəlli Məryəm dərhal qaçıb İsanın həvarilərini axtarmağa getdi.
Digər qadınlar isə sərdabənin yanında qaldılar. Onlar təəccüb içində idilər: ‘İsanın bədəni, görəsən, hara yoxa çıxdı?’ Qəflətən parlaq paltar geymiş iki kişi onların qarşısında peyda oldu. Onlar mələklər idi! Mələklər qadınlara dedilər: ‘Nə üçün İsanı burada axtarırsınız? O dirilib. Tez gedib onun şagirdlərinə xəbər çatdırın’. Yəqin həmin qadınların necə bərk qaçdıqlarını təsəvvür edirsən. Yolda onlar bir kişiyə rast gəldilər. Bilirsən, o kim idi? ~
O, insan bədənində olan İsa idi! O da qadınlara dedi: ‘Gedin və mənim şagirdlərimə deyin’. Qadınlar həyəcanlı idilər. Onlar şagirdləri tapıb dedilər: ‘İsa sağdır. Biz onu gördük!’ Məryəm də Peterə və Yəhyaya sərdabənin boş olduğunu artıq demişdi. Şəkildə gördüyün kimi, onlar hər şeyi öz gözləri ilə görmək üçün sərdabəyə gəldilər. Onlar İsanı sarıdıqları kətan parçaları görsələr də, baş verənləri anlamırdılar. Onlar İsanın yenə də sağ olduğuna inanmaq istəyirdilər, amma bu, onlara şirin xəyal kimi gəlirdi.
Həmin gün bir qədər sonra İsa Ammaus kəndinə gedən iki şagirdinə göründü. İsa onlarla yol gedə-gedə söhbət edirdi, lakin onlar onu tanımadılar, çünki o, əvvəlki bədənində deyildi. İsa onlarla yemək yeyib dua edənə kimi onu tanımadılar. Şagirdlər elə həyəcanlı idilər ki, tez-tələsik o boyda yolu qayıdıb yenidən Yerusəlimə gəldilər! Ehtimal ki, bundan qısa müddət sonra İsa Peterə görünüb sağ olduğunu göstərdi.
Sonra həmin gün axşamçağı şagirdlərin çoxu otaqda yığışdılar. Qapılar bağlı idi. Gözlənilmədən İsa düz otağın içində peyda oldu! İndi onlar bilirdilər ki, Böyük Müəllim həqiqətən də sağdır. Onların necə sevindiyini bir təsəvvür et! (Matta 28:1—15; Luka 24:1—49; Yəhya 19:38—20:21).
İsa şagirdlərinə sağ olduğunu göstərmək üçün 40 gün ərzində onlara müxtəlif bədənlərdə göründü. Sonra o, yer üzünü tərk edib göyə, Atasının yanına qayıtdı (Həvarilərin işləri 1:9—11). Tezliklə şagirdləri Allahın İsanı diriltdiyini hamıya danışmağa başladılar. Hətta kahinlərin onları döyməsinə, bəzilərini isə öldürməsinə baxmayaraq, onlar yenə təbliğ edirdilər. Onlar əmin idilər ki, işdir birdən ölsələr, Allah İsanı unutmadığı kimi, onları da unutmayacaq.
İsanın erkən davamçıları bugünkü insanların çoxundan necə də fərqlənirlər! Bəzi ölkələrdə İsanın dirildiyi vaxt gəlib çatanda insanlar yalnız pasxa dovşanları və rəngli yumurtalar haqda düşünürlər. Amma Müqəddəs Kitabda pasxa dovşanları və yumurtaları haqda heç nə deyilmir. Orada Allaha xidmət etmək barədə yazılıb.
Biz insanlara Allahın Öz Oğlunu dirildərkən etdiyi gözəl işlər barədə danışmaqla İsanın şagirdlərinə oxşaya bilərik. Hətta insanlar bizi öldürəcəklərini desələr belə, qorxmalı deyilik. Biz ölsək də, Yehova bizi yadda saxlayacaq və İsa kimi bizi də dirildəcək.
Allahın Öz xidmətçilərini unutmadığını və hətta onları dirildəcəyini bilmək bizi sevindirir, elə deyil? ~ Bu şeyləri bilərək bizdə Allahı sevindirməyin yollarını öyrənmək istəyi olmalıdır. Sən bilirdin, biz Allahı sevindirə bilərik? ~ Gəl bu haqda növbəti fəsildə danışaq.
İsanın dirilməsinə inam ümidimizi möhkəmləndirməli, imanımızı isə artırmalıdır. Zəhmət olmasa, Həvarilərin işləri 2:22—36; 4:18-20 və 1 Korinflilərə 15:3—8, 20—23 ayələrini oxu.