FƏSİL 24
«Cəsarətli ol!»
Bulus ona qarşı qurulan sui-qəsddən qurtulur və Feliksin qarşısında özünü müdafiə edir
Həvarilərin işləri 23:11—24:27
1, 2. Nə üçün Yerusəlimdə üzləşdiyi təqiblər həvarini heyrətə salmır?
YERUSƏLİMDƏ camaatın əlindən güclə qurtulan Bulus yenə də həbsdədir. Burada üzləşdiyi təqiblər həvarini heyrətləndirmir. Bulusa onu bu şəhərdə «qandallar və təqiblər»in gözlədiyi qabaqcadan deyilmişdi (Həv. 20:22, 23). Qarşıda nə olacağını dəqiq bilməsə də, o, bir şeyə tam əmindir: İsanın adı uğrunda o, bundan sonra da əziyyət çəkəcək (Həv. 9:16).
2 Hətta məsihi peyğəmbərlər də Bulusu xəbərdar etmişdilər ki, onun əl-qolunu bağlayıb «başqa xalqlardan olanların əlinə verəcəklər» (Həv. 21:4, 10, 11). Bu yaxınlarda yəhudilər onu öldürməyə cəhd etmişdilər. Üstündən çox keçməmiş Sinedrionun üzvləri Bulusun üstündə mübahisə edəndə onu az qala parçalayacaqdılar. Həvari hazırda Roma əsgərlərinin nəzarəti altındadır. Onu hələ çox sorğu-suala çəkəcək, ona qarşı hələ çox ittihamlar irəli sürəcəklər (Həv. 21:31; 23:10). İndi həvariyə ürək-dirək vermək lazımdır.
3. Biz təbliğ işini davam etmək üçün gücü haradan alırıq?
3 Biz bilirik ki, axır günlərdə «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq» (2 Tim. 3:12). Təbliğ işində səylə iştirak etmək üçün ehtiyac duyuruq ki, bizə də vaxtaşırı ürək-dirək versinlər. «Sadiq və ağıllı nökər»in vaxtlı-vaxtında nəşrlər və görüşlər vasitəsilə bizi ürəkləndirdiyinə görə ona necə də minnətdarıq! (Mət. 24:45). Yehova bizi əmin edir ki, xoş xəbərə qarşı çıxanların arzusu gözündə qalacaq. Onlar heç vaxt Allahın xidmətçilərinin kökünü kəsməyə və təbliğ işini dayandırmağa müvəffəq olmayacaqlar (Əşy. 54:17; Ərm. 1:19). Bəs həvari Bulus haqqında nə demək olar? Təqiblərə baxmayaraq, ətraflı şəhadət vermək üçün onu kimsə ruhlandırdımı? Əgər ruhlandırdısa, necə? Bəs bunun müqabilində Bulus nə etdi?
Sui-qəsd baş tutmur (Həvarilərin işləri 23:11—34)
4, 5. İsa Bulusa necə ürək-dirək verdi və nə üçün bu, düz yerinə düşmüşdü?
4 Sinedrionda çaxnaşma düşən günün gecəsi həvari Bulusu çox ruhlandıran bir hadisə baş verdi. Müqəddəs Kitabda deyilir: «Gecə vaxtı Ağa Bulusun yanında durub dedi: “Cəsarətli ol! Necə ki mənim haqqımda Yerusəlimdə ətraflı şəhadət verdin, Romada da eləcə şəhadət verməlisən”» (Həv. 23:11). İsanın bu sözləri Bulusu qurtulacağına əmin etdi. O bildi ki, sağ-salamat Romaya çatacaq və orada İsa haqqında şəhadət verəcək.
5 İsa lap vaxtında Bulusa ürək-dirək vermişdi. Düz həmin gecənin səhəri 40 nəfərdən çox yəhudi sui-qəsd hazırladı və and içdi ki, Bulusu öldürməyincə nə su içəcək, nə də çörək yeyəcəklər. And içməklərindən görünür ki, yəhudilər Bulusu öldürmək fikrində son dərəcədə ciddi idilər. Onlar fikirləşirdilər ki, əgər bu planlarını həyata keçirə bilməsələr, başlarına bəla gələcək (Həv. 23:12—15). Onların planını baş kahin və ağsaqqallar da dəstəkləyirdi. Bu plana görə onlar məsələni daha dəqiq araşdırmaq adı ilə Bulusu Sinedriona gətizdirəcək, özləri isə yolda pusqu qurub onu qətlə yetirəcəkdilər.
6. Sui-qəsdin üstü necə açıldı və bu hadisədə gənclər üçün hansı nümunə var?
6 Bulusun bacısı oğlu bu plandan xəbər tutub Bulusu ondan agah elədi. O da bu gənc oğlanı Roma sərkərdəsi Klavdi Lisinin yanına göndərdi ki, gedib hər şeyi ona danışsın (Həv. 23:16—22). Sözsüz ki, Yehova adı çəkilməyən bu gənc kimi Allahın xalqının rifahını öz şəxsi mənafeyindən üstün tutan və Padşahlığın işinin irəliləməsi üçün əlindən gələni edən cəsarətli və sadiq gəncləri sevir.
7, 8. Bulusu qorumaq məqsədi ilə Klavdi Lisi nə etdi?
7 Sui-qəsddən xəbər tutan kimi sərkərdə Klavdi Lisi əmr etdi ki, əsgərlərdən, nizəli əsgərlərdən və atlılardan ibarət 470 nəfərlik qvardiya yaradılsın və onların mühafizəsi altında Bulus Yerusəlimdən Qeysəriyyəyə aparılıb sağ-salamat vali Feliksin yanına çatdırılsına. Yəhudiyyənin paytaxtı olan Qeysəriyyədə yəhudilərin sayı çox olsa da, oranın sakinlərini əsas etibarilə qeyri-yəhudilər təşkil edirdi. Buradakı vəziyyət, çoxlarının dini dözümsüzlük nümayiş etdirdiyi və çəkişmələrdə iştirak etdiyi Yerusəlimdən fərqlənirdi. Qeysəriyyədə həmçinin Romanın Yəhudiyyədəki hərbi qüvvələrinin baş qərargahı yerləşirdi.
8 Roma qanununa uyğun olaraq, Lisi Feliksə məktub yazıb onu məsələdən agah etdi. Orada Lisi yazırdı ki, Bulusun Roma vətəndaşı olduğunu bilən kimi, onu yəhudilərin əlindən xilas etdi. O həmçinin qeyd edirdi ki, Bulusda «qandala və ya ölümə layiq» heç bir şey tapmayıb. Yəhudilər sui-qəsd hazırladıqlarından Bulusu onun yanına göndərdi ki, ittihamçıları dinləyib məsələ ilə bağlı hökm çıxarsın (Həv. 23:25—30).
9. a) Bulusun Roma vətəndaşı kimi malik olduğu hüquqları necə pozulmuşdu? b) Biz nə üçün vətəndaş hüquqlarından istifadə etməliyik?
9 Lisi hər şeyi olduğu kimi yazmışdı? Heç də yox. O, özünü gözə soxmaq istəyirdi. Əslində, o, Bulusu Roma vətəndaşı olduğu üçün xilas etməmişdi. Üstəlik, Lisi məktubda Bulusu iki zəncirlə qandallamağı, sonra isə qamçılayıb sorğu-suala tutmağı əmr etdiyini yazmamışdı (Həv. 21:30—34; 22:24—29). Bununla Lisi Bulusun Roma vətəndaşı kimi malik olduğu hüquqları pozmuşdu. Bu gün Şeytan dini fanatizmdən istifadə edərək təqibləri alovlandırır. Belə olan halda bizim vətəndaş hüquqlarımız tapdalana bilər. Lakin Allahın xalqı Bulusdan nümunə götürərək çox vaxt dövlətin bir vətəndaş kimi onlara verdiyi hüquqlardan istifadə edir və qanunun himayəsinə sığınır.
«Özümü müdafiə etməyə hazıram» (Həvarilərin işləri 23:35—24:21)
10. Bulusa qarşı hansı ciddi ittihamlar irəli sürüldü?
10 Yerusəlimdən ittihamçılar gələnə qədər Bulusu Qeysəriyyədə «Hirodun sarayına aparıb mühafizə altında» saxladılar (Həv. 23:35). Beş gündən sonra baş kahin Hənənya, Tertull adlı natiq və bir neçə ağsaqqal gəlib çıxdı. Tertull əvvəlcə Feliksin xoşuna gəlmək üçün yəhudilərə etdiyi yaxşılıqlara görə yaltaqcasına onu təriflədib. Sonra isə mətləbə keçərək Bulus haqqında belə dedi: «Bu adam cəmiyyət üçün bir bəladır. O, yer üzündə yaşayan bütün yəhudiləri qiyama qaldırır, özü də nəsrani təriqətinin başçısıdır. Biz onu məbədi murdarlamaq istəyəndə tutduq». Digər «yəhudilər də bu ittihamların doğru olduğunu iddia edərək Bulusa qarşı hücuma keçdilər» (Həv. 24:5, 6, 9). Camaatı qiyama qaldırmaq, təhlükəli təriqətin başçısı olmaq, məbədi murdarlamaq. Bütün bunlara görə adama ölüm hökmü kəsilə bilərdi.
11, 12. Bulus ona qarşı sürülən ittihamları necə təkzib etdi?
11 Sonra Bulusa danışmağa icazə verildi. «Qarşında özümü müdafiə etməyə hazıram»,— deyə Bulus sözə başladı. O, ittihamları qəti şəkildə təkzib etdi. Həvari nə məbədi murdarlamış, nə də yəhudiləri qiyama qaldırmağa çalışmışdı. O, uzun illər Yerusəlimdə olmadığını və ora aclıq, təqiblər ucbatından yoxsullaşan məsihilərə ianələr gətirmək üçün gəldiyini söylədi. Bulus israr edirdi ki, məbədə girməzdən əvvəl paklanmışdı və var gücü ilə Allaha və insanlara qarşı günah işləməməyə çalışırdı (Həv. 24:10—13, 16—18).
12 Bununla belə, Bulus etiraf etdi ki, o, dədə-babalarının Allahına «“təriqət” adlandırdıqları yola əsasən» ibadət edir. Lakin o, «Tövratda və Peyğəmbərlərin kitabında yazılmış hər şeyə» inanırdı. Bir də ki, ittihamçıları kimi o da həm salehlərin, həm də qeyri-salehlərin diriləcəyinə ümid edirdi. Bulus ittihamçılardan sübut tələb etdi: «Sinedrion qarşısında durduğum zaman məndə hansı günahı tapdıqlarını qoy bu adamlar burada desinlər. Onların qarşısında durarkən: “Məni bu gün ölülərin dirilməsinə inandığım üçün qarşınızda ittiham edirlər”,— sözlərindən başqa heç nə deməmişəm» (Həv. 24:14, 15, 20, 21).
13—15. Hakim dairələr qarşısında cəsarətlə şahidlik verməkdə nə üçün Bulus gözəl nümunədir?
13 Bulusdan çox şey öyrənə bilərik. İbadətimizə görə bizi nahaqdan hakim dairələrin qarşısında asayişi pozmaqda, qiyam qaldırmaqda və ya «təhlükəli təriqətin» üzvü olmaqda ittiham edəndə onun nümunəsinin bizə köməyi dəyə bilər. Bulus valinin rəğbətini qazanmaq üçün Tertull kimi ona yaltaqlanmadı. O, təmkinini qorudu və hörmətcil tərzdə davrandı. Nəzakətlə danışaraq, hər şeyi olduğu kimi və aydın şəkildə çatdırdı. Bulus qeyd etdi ki, onu məbədi murdarlamaqda ittiham edən «Asiya əyalətindən olan yəhudilər» orada yoxdurlar, qanuna görə isə onlar gəlib ittihamlarını onun üzünə deməli idilər (Həv. 24:18, 19).
14 Ən maraqlısı isə o idi ki, Bulus imanı haqqında şahidlik verməkdən çəkinmədi. Həvari cəsarətlə dirilməyə inandığını bir daha təkrar etdi, baxmayaraq ki, Sinedrionda qarma-qarışıqlıq salan elə məhz bu mövzu olmuşdu (Həv. 23:6—10). Nə üçün özünü müdafiə edərkən Bulus dirilmə ümidini vurğuladı? Çünki o, İsa haqqında və onun dirilməsi barədə şahidlik edirdi, əleyhdarlar isə heç bir vəchlə bunu qəbul etmirdilər (Həv. 26:6—8, 22, 23). Bəli, mübahisənin əsas səbəbi dirilmə mövzusu, daha dəqiq desək, İsaya və onun dirilməsinə inam idi.
15 Bulus kimi biz də cəsarətlə şahidlik verə bilərik. İsanın şagirdlərinə dediyi sözlər bizi də qüvvətləndirə bilər. O demişdi: «Mənim adıma görə hamı sizə nifrət edəcək. Lakin axıra kimi dözən xilas olacaq». Çətinə düşəndə nə deyəcəyimizə görə narahat olmamalıyıq. Axı İsa davamçılarını əmin etmişdi: «Sizi həbs edib aparanda nə deyəcəyiniz barəsində qabaqcadan narahat olmayın. Həmin an müqəddəs ruh sizə nə bildirəcəksə, onları deyərsiniz, çünki danışan siz yox, müqəddəs ruh olacaq» (Mark 13:9—13).
Feliks bərk qorxdu (Həvarilərin işləri 24:22—27)
16, 17. a) Bulusun məsələsini həll edəndə Feliks necə davrandı? b) Feliksin qorxuya düşməsinə səbəb nə ola bilərdi və nə üçün o, dönə-dönə Bulusu çağırtdırıb onunla danışırdı?
16 Vali Feliks məsihi etiqadları haqqında artıq eşitmişdi. Müqəddəs Kitabda deyilir: «Feliks bu yol [ilk məsihiliyi təsvir etmək üçün işlədilən söz] haqqında hər şeyi yaxşı bilsə də, məsələni təxirə salıb dedi: “Sərkərdə Lisi gələndə məsələnizi həll edərəm”. O, yüzbaşıya əmr etdi ki, Bulusu həbsdə saxlasın, ona bir az sərbəstlik versin və dostlarının yanına gəlib ona qulluq etməsinə mane olmasın» (Həv. 24:22, 23).
17 Bir neçə gündən sonra Feliks milliyyətcə yəhudi olan arvadı Drusilla ilə gəldi və Bulusu çağırtdırıb onun «Məsih İsaya olan iman haqqında dediklərinə qulaq asdı» (Həv. 24:24). Lakin Bulus «salehlik, təmkin və gələcəkdəki hökm haqqında danışdığından Feliks bərk» qorxdu, yəqin ona görə ki, pis həyat tərzi sürdüyündən bu kimi söhbətlər onun vicdanını sızıldadırdı. Buna görə də: «Sən hələlik get, imkan tapan kimi səni yenə çağırtdıraram»,— deyərək Bulusu yanından göndərdi. Ondan sonra Feliks Bulusla çox danışdı, amma həqiqəti öyrənmək üçün yox, ondan rüşvət umduğu üçün (Həv. 24:25, 26).
18. Nə üçün Bulus Felikslə və onun arvadı ilə «salehlik, təmkin və gələcəkdəki hökm haqqında» danışdı?
18 Bəs nə üçün Bulus Felikslə və onun arvadı ilə «salehlik, təmkin və gələcəkdəki hökm haqqında» danışırdı? Yadındadırsa, onlar «Məsih İsaya olan iman haqqında» öyrənmək istəyirdilər. Onların əxlaqsız hərəkətlərindən, qəddarlığından və ədalətsizliyindən xəbərdar olan Bulus bu mövzuda danışaraq İsanın davamçısı olmaq istəyən adamdan nə tələb olunduğunu onlara başa salırdı. Bulusun dedikləri açıq-aydın göstərirdi ki, Feliksin və onun arvadının sürdüyü həyat tərzi Allahın saleh normalarına tamamilə zidd gedir. Onlar başa düşməli idilər ki, hamı fikirlərinə, sözlərinə və hərəkətlərinə görə Allah qarşısında cavab verəcək, həmçinin Allahın onlar üçün çıxaracağı hökm Feliksin Bulus üçün çıxaracağı hökmdən daha böyük əhəmiyyət kəsb edir. Buna görə də Feliksin qorxuya düşməsi təəccüblü deyil.
19, 20. a) Təbliğ etdiyimiz insanın özünü həqiqətlə maraqlanan kimi göstərdiyini, əslində isə öz kefi üçün yaşadığını görəndə biz nə etməliyik? b) Feliksin Bulusa dostcasına yanaşmadığını haradan bilirik?
19 Biz də xidmət zamanı Feliks kimi adamlarla rastlaşa bilərik. Öz kefləri üçün yaşadıqları halda onlar özlərini elə göstərə bilərlər ki, guya həqiqətlə maraqlanırlar. Belə adamlarla ehtiyatlı olmaq lazımdır. Buna baxmayaraq, Bulus kimi biz də onlara nəzakətlə Allahın saleh normaları haqqında danışa bilərik. Nə bilmək olar, bəlkə həqiqət onların ürəyinə təsir edəcək? Lakin aydın olsa ki, pis hərəkətlərindən əl çəkmək fikirləri yoxdur, bu zaman biz onları dilə tutmağa çalışmamalıyıq. Belələri ilə vaxt itirməkdənsə, yaxşı olar ki, həqiqətə susayan insanları axtarıb tapaq.
20 Müqəddəs Kitabda yazılıb ki, iki ildən sonra Feliksin yerinə Porsi Fest gəldi. Feliks yəhudilərin gözündən düşməmək üçün Bulusu dustaq saxlamışdı (Həv. 24:27). Bu, Feliksin iç üzünü açıb göstərir. O, Bulusa dostcasına yanaşmırdı. Feliks yaxşı bilirdi ki, «bu yola» aid olanlar nə qiyamçıdırlar, nə də asayişi pozurlar (Həv. 19:23). O, həmçinin Bulusun Roma qanunlarını pozmadığına da əmin idi. Bununla belə, Feliks «yəhudilərin gözündən düşməmək üçün Bulusu dustaq saxlamışdı».
21. Porsi Fest vali olduqdan sonra Bulusla nə baş verdi və Bulusa güc verən nə idi?
21 «Həvarilərin işləri» kitabının 24-cü fəslinin son ayəsindən görünür ki, Feliksin yerinə Porsi Fest vali olanda Bulus hələ də dustaq idi. İndi də yeni vali Bulusu sorğu-suala tutmağa başladı. Doğrudan da, bu qorxmaz həvari «padşahların və valilərin önünə» gətirilirdi (Luka 21:12). Görəcəyimiz kimi, sonralar o, həmin dövrün ən nüfuzlu rəhbərinə şahidlik verdi. Bütün baş verənlər Bulusun imanını sarsıtmadı. Şübhəsiz, İsanın: «Cəsarətli ol!» sözləri Bulusa qüvvət verirdi.
a «Yəhudiyyənin valisi Feliks» adlı çərçivəyə bax.
b Tertull Feliksə xalqın arasında hökm sürən böyük əmin-amanlığa görə minnətdarlığını bildirdi. Əslində isə, Romaya qarşı üsyanadək Yəhudiyyədə hələ heç vaxt Feliksin vali olduğu vaxtdakı qədər qarma-qarışıqlıq olmamışdı. Həmçinin etdiyi islahatlara görə yəhudilərin Feliksə çox minnətdar olmaları da həqiqətdən uzaq idi. Əslində, həyatlarını acınacaqlı etdiyi və üsyanlarını amansızcasına yatırdığı üçün, demək olar ki, bütün yəhudilər Feliksə nifrət edirdilər (Həv. 24:2, 3).