TƏLİM MƏQALƏSİ 46
Cəsarətli olun, Yehova dayağınızdır
«Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İBR. 13:5).
NƏĞMƏ 55 Onlardan qorxma!
İCMALa
1. Özümüzü tək hiss edəndə və ya problemlər başımızdan aşanda bizə nə toxtaqlıq verə bilər? (Zəbur 118:5—7)
HEÇ olub ki, problemlərlə üzləşən zaman tamamilə tək, köməksiz olduğunuzu hiss edəsiniz? Yehovanın bir çox sadiq xidmətçisində bu cür hisslər olub (1 Pad. 19:14). Nə vaxtsa siz də belə hisslər keçirsəniz, Yehovanın vədini unutmayın: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm». Buna görə də əminliklə deyirik: «Yehova dayağımdır, əsla qorxmaram» (İbr. 13:5, 6). Həvari Bulus bu sözləri eramızın təxminən 61-ci ilində Yəhudiyyədəki dindaşlarına yazmışdı. Onun bu sözləri bizə Zəbur 118:5—7 ayələrini xatırladır. (Ayələri oxuyun.)
2. Bu məqalədə nəyi araşdıracağıq və nəyə görə?
2 Məzmurçu kimi, Bulus da öz həyatında Yehovanın ona dayaq olduğunu görmüşdü. Məsələn, Bulus İbranilərə yazdığı məktubdan təxminən iki il əvvəl səyahət zamanı dənizdə düşdüyü güclü fırtınadan sağ çıxmışdı (Həv. 27:4, 15, 20). Yehova həm bu səyahət boyunca, həm də bundan əvvəllər də müxtəlif yollarla Bulusa dayaq olmuşdu. Bunlardan üçünü araşdıracağıq. Yehova ona İsa Məsih və mələklər, səlahiyyətli şəxslər, həmçinin dindaşları vasitəsilə kömək etmişdi. Bulusun həyatında baş verən hadisələri araşdırmağımız Yehovanın vədinə etibarımızı gücləndirəcək. Əmin olacağıq ki, O bizim də harayımıza çatacaq.
İSA MƏSİHİN VƏ MƏLƏKLƏRİN KÖMƏYİ
3. Həvari Bulusu narahat edən nə idi və nəyə görə?
3 Bulusun köməyə ehtiyacı var idi. Eramızın təxminən 56-cı ili idi, camaat onu Yerusəlimdəki məbəddən sürüyüb çölə çıxartdı, onu öldürmək istəyirdi. Növbəti gün Bulusu Sinedriona gətirdilər, orada da az qala düşmənləri onu parçalayacaqdı (Həv. 21:30—32; 22:30; 23:6—10). Yəqin həmin vaxt Bulus narahat olurdu ki, bu cür rəftara nə qədər tab gətirə bilər?
4. Yehova İsa Məsih vasitəsilə Bulusa necə dayaq oldu?
4 Bulusa göstərilən kömək. Bulus həbs olunandan sonra gecə Ağa İsa Məsih onun yanında durub dedi: «Cəsarətli ol! Necə ki mənim haqqımda Yerusəlimdə ətraflı şəhadət verdin, Romada da eləcə şəhadət verməlisən» (Həv. 23:11). Bu ruhlandırıcı sözlər düz vaxtında idi! İsa Məsih Bulusu Yerusəlimdə verdiyi şahidliyə görə təriflədi. O söz verdi ki, Bulus Romaya sağ-salamat çatacaq və orada da şahidlik verəcək. Bu cür zəmanətdən sonra yəqin Bulus özünü atasının boynuna sarılan balaca uşaq kimi təhlükəsizlikdə hiss edirdi.
5. Yehova mələyi vasitəsilə Bulusa necə dayaq oldu? (Üz qabığındakı şəklə baxın.)
5 Həvari Bulus başqa hansı çətinliklərlə üzləşmişdi? Yerusəlimdəki hadisələrdən təxminən iki il sonra Bulus gəmi ilə İtaliyaya gedirdi. Dənizdə qəfil elə güclü fırtına qopdu ki, gəmi heyəti və sərnişinlər öləcəklərini düşünürdü. Amma Bulus qorxmurdu. Nəyə görə? O gəmidəkilərə üzünü tutub dedi: «Qulu olduğum və ibadət etdiyim Allahın mələyi bu gecə yanımda peyda olub mənə dedi: “Bulus, qorxma. Sən Sezarın hüzurunda durmalısan. Allah yol yoldaşlarını da sənə bağışladı”». Yehova mələyini göndərərək Bulusa İsa vasitəsilə verdiyi sözü xatırlatdı. Belə də oldu, Bulus sağ-salamat Romaya çatdı (Həv. 27:20—25; 28:16).
6. İsanın hansı vədi bizi möhkəmləndirə bilər və nəyə görə?
6 Bizə göstərilən kömək. İsa Məsih Bulusa dəstək olduğu kimi, bizə də dəstək olacaq. Bilirik ki, o, bütün davamçılarına belə bir söz verib: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:20). Onun bu sözləri bizim üçün güc mənbəyidir. Çünki bəzən çox ağır günlər yaşayırıq. Məsələn, doğmalarımızın ölümü bizə ağrı verir. Kimisi yaşlılığın özü ilə gətirdiyi çətinliklərdən, kimisi depressiyadan əziyyət çəkir. Buna baxmayaraq, biz yaşamaq üçün güc tapırıq, çünki bilirik ki, İsa həmişə bizimlədir, hətta həyatımızın ən zülmətli günlərində belə (Mət. 11:28—30).
7. Vəhy 14:6 ayəsinə əsasən, Yehova bizə bu gün necə kömək edir?
7 Allahın Kəlamından aydın görürük ki, Yehova bizə mələkləri vasitəsilə kömək edir (İbr. 1:7, 14). Məsələn, mələklər Padşahlıq haqqındakı müjdəni «hər xalqa, tayfaya, dilə» çatdırmaq üçün bizə dəstək olur və bizi yönləndirir (Mət. 24:13, 14; Vəhy 14:6 ayəsini oxuyun).
SƏLAHİYYƏTLİ ŞƏXSLƏRİN KÖMƏYİ
8. Yehova sərkərdə vasitəsilə Bulusa necə kömək etdi?
8 Bulusa göstərilən kömək. Eramızın 56-cı ilində İsa Məsih Bulusu əmin etdi ki, o, Romaya çatacaq. Lakin Yerusəlimdə bəzi yəhudilər həvari Bulusa qarşı sui-qəsd hazırlamışdı. Roma sərkərdəsi Klavdi Lisi bu plan haqqında xəbər tutanda Bulusu xilas etmək üçün tədbir gördü. O, dərhal çoxlu əsgərin mühafizəsi altında Bulusu Yerusəlimdən Qeysəriyyəyə göndərdi; onlar təxminən 105 kilometr yol qət etdilər. Qeysəriyyədə vali Feliks əmr etdi ki, «Bulusu Hirodun sarayına aparıb mühafizə altında saxlasınlar». Bulusu qətlə yetirmək istəyənlər artıq ondan uzaqda idi (Həv. 23:12—35).
9. Vali Fest Bulusa necə kömək etmişdi?
9 Bundan iki il sonra, eramızın 58-ci ilində Bulus hələ də Qeysəriyyədə həbsdə idi. Feliksin yerinə Fest vali oldu. Yəhudilər Festə yalvardılar ki, Bulusun məsələsinə baxmaq üçün onu Yerusəlimə göndərsin. Amma Fest razılaşmadı. Ola bilsin ki, vali yəhudilərin Bulusu öldürmək üçün yolda pusqu qurmaq niyyətindən xəbər tutmuşdu (Həv. 24:27—25:5).
10. Vali Fest Bulusun Sezarın məhkəməsini tələb etməsinə necə yanaşdı?
10 Bulusun məhkəməsi Qeysəriyyədə keçirildi. Amma Fest yəhudilərin rəğbətini qazanmaq istədiyi üçün Bulusdan soruşdu: «İstəyirsən, Yerusəlimə gedək, bu ittihamlara görə sənə orada hökm çıxarsınlar?» Bulus bilirdi ki, onu Yerusəlimdə öldürə bilərlər, amma o həm də bilirdi ki, sağ qalmaq, Romaya getmək və xidmətini icra etmək üçün hansı çıxış yolu var. Ona görə də Bulus cavab verdi: «Mən Sezarın məhkəməsini tələb edirəm!» Belə olduqda Fest məsləhətçilərlə danışıb, Bulusa dedi: «Sezarın məhkəməsini tələb edirsən, Sezarın yanına da gedəcəksən». Festin bu qərarı Bulusun canını düşmənlərdən qurtardı. Tezliklə Bulus Romada, onu öldürmək üçün fürsət axtaran yəhudilərdən uzaqda olacaqdı (Həv. 25:6—12).
11. Ehtimal ki, Bulus Əşiya peyğəmbərin yazdığı hansı sözlər üzərində düşünmüşdü?
11 Bulus İtaliyaya yola düşməyi gözləyərkən yəqin ki, Əşiya peyğəmbərin Allahın ilhamı ilə yazdığı sözlər haqda düşünürdü. Peyğəmbər Yehovaya qarşı çıxanlarla bağlı belə yazmışdı: «Siz fitnə qurun, amma bilin ki, boşa çıxacaq! Nə desəniz, baş tutmayacaq, çünki Allah bizimlədir!» (Əşy. 8:10). Bulus bilirdi ki, Allah ona kömək edəcək. Yəqin ki, bu ona qarşıdakı sınaqlara dözməyə güc vermişdi.
12. Yuli Bulusla necə rəftar edirdi və yəqin ki, Bulus bunu nə ilə əlaqələndirirdi?
12 Bulus İtaliyaya yola düşdü. Məhbus olduğu üçün onu Yuli adlı Roma yüzbaşısına təhkim etdilər. O andan etibarən Bulusun həyatı Yulinin əlində idi, ya o, Bulusun gününü qara edəcəkdi, ya da onunla yaxşı rəftar edəcəkdi. Bəs Yuli səlahiyyətindən necə istifadə etdi? Növbəti gün onlar sahilə yan alanda Yuli «Bulusa xeyirxahlıq göstərdi, ona izin verdi ki, dostlarının yanına getsin». Hətta sonra Yuli Bulusun həyatını xilas etdi. Əsgərlər gəmidə olan bütün məhbusları öldürmək istəyəndə Yuli bunun qarşısını aldı. Çünki o, «Bulusu xilas etmək» istəyirdi. Şübhəsiz, Bulus bu ürəyiyumşaq insanı Yehovanın yönəltdiyini dərk edirdi (Həv. 27:1—3, 42—44).
13. Yehova səlahiyyətli şəxslərdən necə istifadə edə bilər?
13 Bizə göstərilən kömək. Yehova məsləhət biləndə qüdrətli müqəddəs ruhu vasitəsilə səlahiyyətli şəxsləri elə yönləndirə bilər ki, onlar Onun istəyinə uyğun davransın. Görün Süleyman padşah nə yazmışdı: «Padşahın ürəyi Yehovanın əlindədir, onu su axını kimi istədiyi səmtə yönəldər» (Məs. 21:1). Bu məsəlin mənası nədir? İnsan arx qazıb, suyun axınını istədiyi səmtə dəyişə bilər. Eynilə də, Yehova müqəddəs ruhu vasitəsilə səlahiyyətli şəxslərin fikirlərini istədiyi istiqamətə yönləndirə bilər. Bu baş verəndə onların ürəyində Allahın xalqının xeyrinə qərar çıxarmaq istəyi oyanır. (Üzeyir 7:21, 25, 26 ayələri ilə əlaqələndirin.)
14. Həvarilərin işləri 12:5 ayəsinə əsasən, kimlər üçün dua edə bilərik?
14 Bizim öhdəmizə nə düşür? «Padşahlar və məmurlar», yəni səlahiyyətli şəxslər ibadətimizə və xidmətimizə təsir edəcək qərarlar verməli olanda onlar üçün dua edə bilərik (1 Tim. 2:1, 2; Nəh. 1:11). Birinci əsrdəki məsihilər kimi, biz də həbsdə olan dindaşlarımız üçün hərarətlə dua edə bilərik. (Həvarilərin işləri 12:5 ayəsini oxuyun; İbr. 13:3.) Həmçinin həbsxanada bacı-qardaşlarımıza nəzarət edən mühafizəçilər üçün də dua etmək olar. Yehovaya yalvara bilərik ki, onların düşüncəsinə təsir etsin, onlar da Yuli kimi davransınlar və həbsdəki dindaşlarımıza xeyirxahlıq göstərsinlər.
DİNDAŞLARIN KÖMƏYİ
15, 16. Yehova Aristarxla Luka vasitəsilə Bulusa necə dayaq oldu?
15 Bulusa göstərilən kömək. Bulus Romaya gedərkən Yehova bacı-qardaşlar vasitəsilə dəfələrlə ona dayaq olmuşdu. Gəlin bir neçə nümunəyə baxaq.
16 Bulusun iki sadiq yoldaşı Aristarxla Luka onunla birlikdə Romaya getmək qərarına gəlmişdib. Bulusun yanında olmaq üçün onlar həyatlarını təhlükəyə atmağa hazır idi. Halbuki Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, İsa onların Romaya sağ-salamat çatacağına zəmanət vermişdi. Onlar yalnız sonra, ağır dəniz səfəri zamanı bildilər ki, sağ qalacaqlar. Aristarxla Luka Qeysəriyyədə gəmiyə minəndə yəqin ki, Bulus bu cəsarətli qardaşlar vasitəsilə ona dayaq olduğuna görə Yehovaya ürəkdən minnətdarlığını bildirmişdi (Həv. 27:1, 2, 20—25).
17. Yehova Bulusa bacı-qardaşlar vasitəsilə necə dayaq oldu?
17 Bu səyahəti zamanı dindaşları Bulusa bir neçə dəfə kömək etmişdi. Məsələn, liman şəhəri olan Sidona çatanda yüzbaşı Yuli Bulusa «izin verdi ki, dostlarının yanına getsin və dostları ona qulluq etsin». Daha sonra o, yoldaşları ilə birlikdə Puteoliyə çatanda qardaşları tapdılar. Qardaşlar xahiş etdi ki, Bulusgil bir həftə onların yanında qalsın. Bu şəhərlərdəki bacı-qardaşlar Bulusla yoldaşlarının qayğısına qalırdı. Şübhəsiz, Bulus da onlara ruhlandırıcı hadisələr danışaraq ürəklərini şad edirdi. (Həvarilərin işləri 15:2, 3 ayələri ilə əlaqələndirin.) Bulus və əməkdaşları burada ruhlanaraq yollarına davam etdilər (Həv. 27:3; 28:13, 14).
18. Nəyə görə Bulus Allaha şükür etdi və ürəkləndi?
18 Yəqin ki, yol boyu Bulus Romadakı yığıncağa yazdığı sözlər haqda düşünürdü. Üç il öncə onlara yazmışdı: «Uzun illərdir ki, sizin həsrətinizi çəkirəm» (Rom. 15:23). Bulus onların yanına gedib onları görmək istəyirdi, amma nə biləydi ki, bura məhbus kimi gələcək. Romadakı qardaşların onu qarşılamaq üçün gözlədiyini görəndə təsəvvür etmək olar necə sevinmişdi! «Bulus onları görəndə Allaha şükür etdi və ürəkləndi» (Həv. 28:15). Diqqət yetirin ki, qardaşların orada olduğuna görə Bulus Allaha minnətdar idi. Çünki o, bu dəfə də Allahın əlini görürdü.
19. 1 Butrus 4:10 ayəsinə əsasən, Yehova bizim vasitəmizlə köməyə ehtiyac duyanlara necə dayaq ola bilər?
19 Bizim öhdəmizə nə düşür? Ola bilsin, yığıncağınızda bacı-qardaşlardan kimsə hansısa xəstəlikdən əziyyət çəkir və ya müəyyən çətinliklərlə üzləşir. Bəlkə, kiminsə yaxını vəfat edib. Biz kiminsə dəstəyə ehtiyac duyduğunu biləndə Yehovaya dua edə bilərik ki, ona qayğı göstərmək, xoş söz demək üçün bizə kömək etsin. Sözümüz və əməlimiz bacı-qardaşlarımıza lazım olan təsəlli ola bilər. (1 Butrus 4:10 ayəsini oxuyun.)c Onda dəstək olduğumuz dindaşlarımız Yehovanın «səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» vədini onlara da verdiyinə tam əmin olacaqlar. Məgər bu sizi sevindirməz?!
20. Nəyə görə əminliklə «Yehova dayağımdır» deyə bilərik?
20 Bulus və yoldaşları kimi, biz də bu həyat yolunda şiddətli fırtınalarla üzləşirik. Amma bununla belə, biz cəsarətli ola bilərik, çünki Yehova bizimlədir. O bizə İsa Məsih və mələkləri vasitəsilə dayaq olur. Həmçinin iradəsinə uyğundursa, səlahiyyətli şəxslər vasitəsilə də bizə kömək edir. Çoxlarımız da öz həyatımızda görmüşük ki, Yehova müqəddəs ruhu vasitəsilə xidmətçilərinin ürəyində dindaşlarının dadına çatmaq istəyi oyadır. Buna görə də həvari Bulus kimi əminliklə növbəti sözləri deməyə tam əsasımız var: «Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!» (İbr. 13:6).
NƏĞMƏ 38 Allah səni güclü edəcək
a Yehova müxtəlif yollarla həvari Bulusa çətinliklərin öhdəsindən gəlməyə kömək etmişdi. Məqalədə bunlardan üçünü araşdıracağıq. Yehovanın keçmişdə xidmətçilərinə dayaq olması bizdə əminlik yaradacaq ki, O bizə də üzləşdiyimiz şiddətli fırtınaları aşmağa kömək edəcək.
b Aristarxla Luka əvvəllər Bulusun yol yoldaşı idi. Həmçinin Bulus Romada həbsdə olarkən də bu etibarlı kişilər onun yanında qaldı (Həv. 16:10—12; 20:4; Kol. 4:10, 14).