Xoş xəbəri sə’ylə e’lan edin
“Ruhən hərarətli olun; Rəbbə xidmət edin” (ROMALILARA 12:11).
1, 2. Məsihçilər xoş xəbərin təbliğinə hansı münasibəti qoruyub saxlamağa çalışmalıdırlar?
BİR gənc, yeni işə qəbul olunduğu üçün həyəcan hissi keçirir. Özünün ilk iş günündə sahibkarından səbirsizliklə göstəriş gözləyir. O, ilk tapşırığı gözləyir və buna tam ciddiliklə yanaşır. O, bu işdə öz canını fəda etməyə hazırdır.
2 Biz məsihçilər, bə’zi cəhətdən yeni işçilərə oxşayırıq. Biz əbədi yaşamağa ümid edirik və buna görə, demək olar ki, Yeqova üçün çalışmağa yenicə başlamışıq. Şübhəsiz ki, Yaradanımız bizə, əbədiyyət boyu yerinə yetirməli olacağımız saysız-hesabsız tapşırıqlar hazırlayır. Lakin bizə ilk növbədə verilən tapşırıq, Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etməkdir (1 Saloniklilərə 2:4). Allahdan aldığımız bu tapşırığa biz necə yanaşırıq? Həmin gənc kimi, biz bu işdə canımızı fəda etməliyik, onu sə’ylə və sevinclə, bir sözlə, qeyrətlə yerinə yetirməliyik!
3. Xoş xəbərin təbliğçiləri kimi nailiyyət qazanmaq üçün bizə nə lazımdır?
3 E’tiraf etmək lazımdır ki, bu cür müsbət nöqteyi-nəzəri qoruyub saxlamaq çətin ola bilər. Xidmətimizdən əlavə, fiziki və mə’nəvi qüvvə tələb edən bir çox başqa vəzifələrimiz də var. Çox vaxt bu işlərin öhdəsindən gəlmək, bununla bərabər xidmətimizə də kifayət qədər vaxt ayırmaq bizə müvəffəq olur. Amma bu, daimi mübarizə ola bilər (Mark 8:34). İsanın qeyd etdiyi kimi, məsihçi həyatında nailiyyətlər qazanmaq üçün çox qüvvə tələb olunur (Luka 13:24).
4. Gündəlik qayğılar ruhani işlərə olan münasibətimizə necə tə’sir edə bilər?
4 İşin çoxluğunu nəzərə alsaq, bə’zən özümüzü yorğun və əzgin hiss etməyimiz təəccüblü deyil. “Həyatın qayğıları” teokratik fəaliyyətlərə olan cəhdimizi zəiflədir və onların dəyərini unutmağa başlayırıq (Luka 21:34, 35; Mark 4:18, 19). Qeyri-kamil olduğumuzdan, özümüzün “ilk məhəbbətimizi” itirə bilərik (Vəhy 2:1—4). Yeqovaya xidmətimizin bə’zi sahələri müəyyən dərəcədə bizim üçün adi bir şeyə çevrilə bilər. Xidmətə sə’yi qorumaq üçün Müqəddəs Kitab bizə necə kömək edir?
Ürəyimizdə “yanan bir atəş kimi”
5, 6. Həvari Pavel təbliğ etmək fürsətinə necə yanaşırdı?
5 Yeqovanın bizə e’tibar etdiyi xidmət o dərəcədə qiymətlidir ki, vaxt keçdikcə onu adi bir şey kimi qəbul etmək mümkün deyil. Həvari Pavel xoş xəbəri təbliğ etmək imkanını çox qiymətləndirirdi, özünü isə bu tapşırığa layiq sanmırdı. O, deyirdi: “Bütün müqəddəslərdən ən kiçiyi olduğum halda, Məsihin kəşfolunmaz zənginliyini yəhudi olmayanlara müjdələmək və hər şeyi İsa Məsih vasitəsilə yaradan Allahda əzəldən bəri gizlənmiş olan sirrin necə tərtib edildiyini bütün insanlara aydınlaşdırmaq lütfü mənə bəxş edildi” (Efeslilərə 3:8, 9).
6 Pavelin xidmətindəki müsbət nöqteyi-nəzəri bizim üçün gözəl nümunədir. O, romalılara göndərdiyi məktubunda deyirdi: “Mən... var gücümlə Müjdəni təbliğ etməyə hazıram”. O, xoş xəbərdən utanmırdı (Romalılara 1:15, 16). Onun düzgün nöqteyi-nəzəri vardı və öz xidmətini yerinə yetirməyə çalışırdı.
7. Romalılara yazdığı məktubda Pavel nə haqda xəbərdar edirdi?
7 Həvari Pavel, sə’yi qoruyub saxlamaq lazım gəldiyini dərk edərək, Romadakı məsihçilərə məsləhət edirdi: “Sə’ydə zəifləməyin; ruhən hərarətli olun; Rəbbə xidmət edin” (Romalılara 12:11). “Zəifləməyin” kimi tərcümə edilən yunan sözü, tənbəllik, həvəssizlik fikrini verir. Biz xidmətdə zəifləməsək də, hamımız, özümüzdə yaranan ruhani tənbəlliyin ilk əlamətini dərhal nəzərə almalı və buna müvafiq surətdə öz fikirlərimizi dəyişməliyik (Süleymanın məsəlləri 22:3).
8. a) Yeremyanın ürəyində “yanan atəş kimi” olan nə idi və nə üçün? b) Yeremyanın başına gələn hadisədən biz nəyə öyrənə bilərik?
8 Biz ruhdan düşəndə, Allahın müqəddəs ruhu da bizə kömək edə bilər. Misal üçün, bir dəfə peyğəmbər Yeremya ruhdan düşdü və peyğəmbərlik xidmətini dayandırmaq barədə fikirləşdi. O, hətta Yeqova haqqında dedi: “Onu anmayacağam və artıq onun adı ilə söyləməyəcəm”. Bu, Yeremyanın ciddi surətdə ruhən zəifləməsinə əlamət idimi? Xeyr. Yeremyanın ruhən möhkəmliyi, Yeqovaya məhəbbəti və həqiqətə olan sə’yi ona qüvvət verdi ki, daha sonra da peyğəmbərlik etsin. O, izah edirdi: “[Yeqovanın sözləri] ürəyimdə, sümüklərimin içinə soxulmuş yanan bir atəş kimi oldu və özümü saxlamaqdan yoruldum, artıq bacarmıram” (Yeremya 20:9). Allahın xidmətçilərinin bə’zən ruhdan düşmələri tamamilə təbiidir. Lakin onlar kömək üçün Yeqovaya dua etdikdə, Yeremya kimi Onun sözlərini ürəklərində saxlayarlarsa, Yeqova onların ürəyini görüb, müqəddəs ruhundan bol-bol verər (Luka 11:9—13; Həvarilərin işləri 15:8).
“Ruhu söndürməyin”
9. Müqəddəs ruhun bizim xeyrimizə hərəkət etməsinə nə mane ola bilər?
9 Həvari Pavel saloniklilərə məsləhət edirdi: “Ruhu söndürməyin” (1 Saloniklilərə 5:19). Bəli, Allahın prinsipinə zidd olan davranış və düşüncə tərzi, müqəddəs ruhun bizim xeyrimizə hərəkət etməsinə mane ola bilər (Efeslilərə 4:30). Məsihçilərə bu gün xoş xəbəri təbliğ etmək tapşırılıb. Biz bu tapşırığı böyük şərəf sanırıq. Allahı tanımayan insanların bizim təbliğ fəaliyyətimizə nifrət etmələri bizi təəccübləndirmir. Lakin məsihçi öz xidmətinə şüurlu surətdə xor yanaşanda, bu, Allahın fəaliyyətə təşviq edən ruhunu “söndürə” bilər.
10. a) Ətrafımızda olan insanların fikirləri bizə necə tə’sir göstərə bilər? b) 2 Korinflilərə 2:17 xidmətə aid hansı yüksək münasibət ifadə olunur?
10 Məsihçi yığıncağına məxsus olmayan adamlar, bizim xidmətimizin ədəbiyyat paylamaqdan ibarət olduğunu düşünə bilərlər. Digərləri səhv olaraq zənn edə bilərlər ki, biz yalnız ianə yığmaq üçün evdən evə gəzirik. Əgər bu cür mənfi nöqteyi-nəzərlərin əhval-ruhiyyəmizə tə’sir etməsinə yol versək, aydın məsələdir ki, bizim xidmətimizin gücü azalacaqdır. Belə fikirlərin tə’sirinə yol vermək əvəzinə, gəlin öz xidmətimizə Yeqovanın və İsanın nöqteyi-nəzəri ilə baxaq. Bu vacib fikir həvari Pavelin sözlərində əks olunur: “Biz bir çoxları kimi Allah kəlamının xırdavatçıları deyilik, lakin Allahdan göndərilən və Məsihə aid olan adamlar olaraq, Allahın hüzurunda səmimi qəlbdən və’z edirik” (2 Korinflilərə 2:17).
11. İlk məsihçilərə, hətta tə’qiblər zamanı cəsarətli olmağa nə kömək etdi və onların nümunəsi bizə necə tə’sir etməlidir?
11 İsanın ölümündən tez sonra, onun şagirdləri Yerusəlimdə bir müddət tə’qibə mə’ruz qaldılar. Onları hədələyir və təbliği dayandırmağı əmr edirdilər. Ancaq Müqəddəs Kitab deyir ki, onlar “Müqəddəs Ruhla dolmuşdu və Allahın sözünü cəsarətlə söyləyirdi”lər (Həvarilərin işləri 4:17, 21, 31). Bir neçə ildən sonra Pavelin Timoteyə dediyi sözlər, məsihçilərə hansı müsbət əhval-ruhiyyəni qoruyub saxlamaq lazım olduğunu göstərir. Pavel deyirdi: “Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və nəfsə hakim olmaq ruhu vermişdir. Buna görə nə Rəbbimizə şəhadət etməkdən və nə də Onun uğrunda əsir olan məndən utanma; amma Allahın qüdrəti ilə Müjdə uğrunda mənimlə birlikdə əziyyətə tab gətir” (2 Timoteyə 1:7, 8).
Qonşularımıza borcumuz nədir?
12. Xoş xəbəri təbliğ etməyimizin əsas səbəbi nədir?
12 Xidmətimizə layiqincə yanaşmağımız üçün, düzgün məqsədimiz olmalıdır. Biz nə üçün təbliğ edirik? Bunun əsas səbəbini məzmurçunun bu sözləri göstərir: “[Ya RƏB] Mö’minlərin səni müqəddəs saysınlar. Padşahlığının izzətini söyləsinlər və qüvvətini e’lan etsinlər. Ta ki, insan oğullarına onun qüdrətli işlərini və padşahlığının əzəmətli izzətini bildirsinlər” (Məzmur 145:10—12). Bəli, bizim təbliğimizin məqsədi, Yeqovanı xalq arasında izzətləndirmək və Onun adını bütün bəşəriyyət qarşısında müqəddəs tutmaqdır. Hətta bizi dinləyənlər az olsa da, xilas haqqındakı müjdəni sədaqətlə təbliğ etməyimiz Yeqovaya izzət gətirir.
13. Xilasa olan ümidi başqalarına danışmağa bizi nə təşviq edir?
13 Bundan əlavə, bizi təbliğ işinə, insanlara olan məhəbbət və qandan təmiz olmaq istəyi təşviq edir (Hezekiel 33:8; Mark 6:34). Pavelin, məsihçi yığıncağına məxsus olmayan insanlar barədə dediyi sözlər buna müvafiqdir: “Mən, yunanlara və barbarlara, müdriklərə və cahillərə borcluyam” (Romalılara 1:14, ƏC—93). Pavel, xoş xəbəri bu insanlara təbliğ etməyi öz borcu sanırdı, çünki Allahın iradəsi ondan ibarətdir ki, “bütün insanlar xilas” olsunlar (1 Timoteyə 2:4). Bu gün biz də, öz qonşularımıza münasibətdə eyni məhəbbəti və eyni borc hissini duyuruq. İnsanlara olan məhəbbəti Yeqovanı təşviq etdi ki, öz Oğlunu onlar uğrunda ölmək üçün yer üzünə göndərsin (Yəhya 3:16). Bu, böyük qurban idi. Biz, İsanın qurbanlığı sayəsində mümkün olan xilas haqqındakı xoş xəbəri insanlara söyləmək üçün vaxt və qüvvə sərf edəndə, Yeqovanın məhəbbətini əks etdiririk.
14. Məsihçi yığıncağının məxsus olmadığı dünyanı Müqəddəs Kitab necə təsvir edir?
14 Yeqovanın Şahidləri insanlarda, məsihçi qardaşlığının mümkün olan üzvlərini görürlər. Biz cəsarətlə təbliğ etməliyik, amma bizim cəsarətimiz insanları təngə gətirməməlidir. Doğrudur ki, Müqəddəs Kitabda ümumiyyətlə dünya haqqında kifayət qədər qəti sözlər istifadə edilir. Pavel, “bu dünyanın müdrikliyi” və “dünyəvi ehtiraslar” haqqında danışarkən, “dünya” sözünü mənfi mə’nada işlətmişdir (1 Korinflilərə 3:19; Titusa 2:12). Pavel, Efesdən olan məsihçilərə də xatırlatdı ki, onlar “bu dünyanın gedişinə” uyduqları zaman ruhən “ölü” idilər (Efeslilərə 2:1—3). Bu və buna bənzər olan sözlər, həvari Yəhyanın dediklərinə müvafiqdir: “Bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19).
15. Məsihçi yığıncağına məxsus olmayan insanlarla biz necə davranmırıq və nə üçün?
15 Lakin yadda saxlamaq lazımdır ki, bu cür ifadələr, ayrı-ayrı şəxslərə deyil, ümumiyyətlə Allahdan uzaqlaşmış dünyaya aiddir. Məsihçilər, hər hansı bir insanın xoş xəbərə cavab verib verməyəcəyini vaxtından əvvəl fərz etmirlər. Onlarda, bir kimsəni “keçilərə” aid etməyə heç bir əsas yoxdur. İsa “qoyunları keçilərdən” ayırmağa gələndə alınacaq nəticəni müəyyən etmək bizim işimiz deyil (Matta 25:31—46). Mühakimə etmək bizə yox, İsaya tapşırılıb. Bundan başqa, təcrübə göstərir ki, əvvəllər özlərini həddindən artıq əxlaqsız aparan insanlar Müqəddəs Kitabın müjdəsini qəbul edir, dəyişilir və yüksək əxlaqlı məsihçi həyatına başlayırlar. Buna görə də biz, əxlaqsız insanlarla ünsiyyət axtarmadığımıza baxmayaraq, imkan yarananda həmin insanlara Padşahlıq ümidi haqqında məmnuniyyətlə danışırıq. Müqəddəs Yazılarda, iman etməyən, amma “əbədi həyata meylli olan” insanlar haqqında deyilir. Nəticədə, onlar da iman etmişdilər (Həvarilərin işləri 13:48, YD). Biz nə qədər ki, bir insana şəhadətlik etməmişik, bəlkə bir neçə dəfə etmişiksə də, onun əbədi həyata meylli olub olmadığını müəyyən edə bilmərik. Biz bunu yadda saxlayıb, xilas haqqındakı müjdəni hələ qəbul etməyənlərdən kiminsə xoş xəbərə cavab verəcəyinə ümid edərək, insanlarla “həlimliklə” və “ehtiramla” davranırıq (2 Timoteyə 2:25; 1 Peter 3:15).
16. “Tə’lim vermək qabiliyyətini” inkişaf etdirmək istəməyimizin səbəblərindən biri nədir?
16 Əgər özümüzün tə’lim vermək qabiliyyətimizi inkişaf etdirsək, xoş xəbərin təbliğinə olan sə’yimiz güclənəcəkdir. Misal üçün: oynamağı bacarmayan şəxs üçün əyləncəli oyun və ya idman maraqlı olmayacaq. Amma bacaran adama isə belə oyun ləzzət verir. Bunun kimi məsihçilər də, “tə’lim” vermək qabiliyyətlərini inkişaf etdirərək xidmətlərindən aldıqları sevinci artıracaqlar (2 Timoteyə 4:2; Titusa 1:9). Pavel Timoteyə məsləhət verirdi: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 Timoteyə 2:15). Tə’lim vermək bacarığımızı necə inkişaf etdirə bilərik?
17. Müqəddəs Kitabdakı biliyi necə “arzulamaq” olar və bu bilik xidmətimizdə bizə necə kömək edəcək?
17 Bunu etməyin bir üsulu, dəqiq bilik almaqdır. Həvari Peter bizi təşviq edir: “Anadan təzə olmuş körpələr kimi, hiyləsiz südü andıran kəlamı arzulayın ki, onunla böyüyüb qurtuluşa nail olasınız” (1 Peter 2:2). Sağlam körpə südə qeri-iradi olaraq can atır. Ancaq məsihçiyə, Müqəddəs Kitabdakı biliyi “arzulamaq” lazım gələ bilər. Buna, çalışqanlıqla öyrənmək və oxumaq vərdişini inkişaf etdirməklə nail olmaq mümkündür (Süleymanın məsəlləri 2:1—6). Allahın Kəlamını məharətlə təbliğ etməyi öyrənmək üçün sə’y göstərmək və özünüidarə qabiliyyəti lazımdır, amma belə sə’y mükafatlanır. Allahın Kəlamını tədqiq etməkdən alınan sevinc hissi, bizi Allahın ruhu ilə coşmağa və öyrəndiyimizi başqaları ilə bölüşmək arzusunu həyata keçirməyə təşviq edəcəkdir.
18. Həqiqət sözlərini düzgün təbliğ etməkdə məsihçi yığıncaqları bizi necə təchiz edir?
18 Allahın Kəlamını məharətlə tətbiq etmək üçün, məsihçi yığıncaqlarına getmək də çox vacibdir. Mə’ruzələrin və Müqəddəs Yazıların digər müzakirələri zamanı Müqəddəs Kitabdan sitat gətirilən ayələr oxunanda, yaxşı olar ki, həmin ayələri biz də öz Müqəddəs Kitabımızda izləyək. Bütün diqqətimizi proqramın bəndlərinə, o cümlədən, birbaşa təbliğ xidmətimizə aid olan hissəsinə yönəltməyimiz əhəmiyyətlidir. Unutmaq lazım deyil ki, göstərilən səhnəciklər vacibdir və onlar təqdim olunan zaman fikrimizin yayınmasına yol verməyək. Yenə də, özünüidarə qabiliyyəti və fikri cəmləşdirmək lazım gəlir (1 Timoteyə 4:16). Məsihçi yığıncaqları bizim imanımızı möhkəmləndirir, Allahın Kəlamına həvəsimizi artırmağa kömək edir və xoş xəbəri sə’ylə e’lan etməyi öyrədir.
Biz, Yeqovanın köməyinə arxalana bilərik
19. Təbliğdə müntəzəm olaraq iştirak etmək nəyə görə vacibdir?
19 “Ruhən alışan” və xoş xəbəri təbliğ etmək həvəsilə coşan məsihçilər xidmətdə müntəzəm surətdə iştirak etməyə çalışırlar (Efeslilərə 5:15, 16). Düzdür, hamının şəraiti eyni deyil və bu xilasedici işə hamı eyni vaxtı həsr edə bilmir (Qalatiyalılara 6:4, 5). Buna baxmayaraq, təbliğdə keçirilən vaxtın ümumi miqdarı yox, ümidimiz barədə başqalarına tez-tez danışmağımız daha vacibdir (2 Timoteyə 4:1, 2). Biz nə qədər çox təbliğ ediriksə, bu işin əhəmiyyətini də bir o qədər çox dərk edirik (Romalılara 10:14, 15). Ümidsiz olaraq ah çəkən və fəryad edən ürəyiaçıq insanlarla müntəzəm görüşməklə, biz daha çox canı yanan və insansevər olacağıq (Hezekiel 9:4; Romalılara 8:22).
20, 21. a) Qarşımızda hələ hansı iş durur? b) Yeqova işimizdə bizə necə kömək edir?
20 Yeqova xoş xəbəri bizə həvalə edib. Bu, Onun “əməkdaşları” kimi, Ondan aldığımız ilk tapşırıqdır (1 Korinflilərə 3:6—9). Allahın verdiyi bu vəzifəni biz canla-başla və bacardığımız qədər daha yaxşı yerinə yetirmək istəyirik (Mark 12:30; Romalılara 12:1). Bu dünyada, həqiqət arzusunda olan düzgün niyyətli insanlar hələ çoxdur. Bu o deməkdir ki, iş də çoxdur, amma öz xidmətimizi tam yerinə yetirərək, biz Yeqovanın köməyinə arxalana bilərik (2 Timoteyə 4:5).
21 Yeqova bizə öz ruhunu verir və bizi “ruhun qılıncı”, yə’ni öz Kəlamı ilə silahlandırır. Biz, Allahın köməyi ilə “Müjdənin sirrini cəsarətlə” e’lan edə bilərək (Efeslilərə 6:17—20). Qoy həvari Pavelin Salonikdəki məsihçilərə yazdığı: “Yaydığımız Müjdə sizə yalnız sözlə deyil, qüdrətlə, Müqəddəs Ruhla və tam bir e’tiqadla çatmışdır” - sözləri bizə də aid olsun (1 Saloniklilərə 1:5). Bəli, gəlin xoş xəbəri biz də sə’ylə e’lan edək!
Qısa təkrar
• Həyatın qayğıları xidmətimizdəki sə’yimizə necə tə’sir göstərə bilər?
• Xoş xəbəri təbliğ etmək həvəsi hansı mə’nada ürəyimizdə “yanan atəş kimi” olmalıdır?
• Biz, xidmətimizə göstərilən hansı mənfi fikirlərdən çəkinməliyik?
• Biz, əqidəmizə şərik olmayan şəxslərə ümumiyyətlə necə münasibət bəsləməliyik?
• Yeqova bizə, təbliğ işində sə’yimizi qoruyub saxlamağa necə kömək edir?
[21-ci səhifədəki şəkillər]
Məsihçilər Pavelin və Yeremyanın sə’yini əks etdirirlər
[23-cü səhifədəki şəkillər]
Yeqovaya və qonşularımıza olan məhəbbətimiz, bizi xidmətdə sə’y göstərməyə təşviq edir