Əbədi həyata nail olmaq üçün nələrdən keçməyə hazırsan?
«İnsan öz canı əvəzinə nə verə bilər?» (MAT. 16:26).
1. Nəyə görə İsa Peterin sözlərinə kəskin reaksiya verdi?
HƏVARİ Peter eşitdiklərinə inana bilmədi. Onun sevimli Müəllimi İsa Məsih ‘açıq söylədi’ ki, tezliklə əzab çəkəcək və öləcək. Şübhəsiz ki, Peter yaxşı niyyətdən irəli gələrək dedi: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» İsa dönüb digər şagirdlərinə baxdı. Ola bilsin, onlar da bu səhv fikrə şərik idilər. Sonra İsa Peterə dedi: «Rədd ol Məndən, şeytan! Çünki sənin fikirlərin Allahın deyil, insanın fikirləridir» (Mark 8:32, 33; Mat. 16:21-23).
2. İsa əsl şagirdlərdən nə gözlənildiyini necə göstərdi?
2 Ehtimal ki, İsanın sonrakı sözləri onun nəyə görə belə kəskin reaksiya verməsini Peterə anlamağa kömək etdi. İsa «camaatı və Öz şagirdlərini yanına çağırıb» dedi: «Kim ardımca getmək istəyirsə, özünü inkar etsin və çarmıxını götürüb, ardımca Məni izləsin. Çünki kim canını xilas etmək istəsə, onu itirəcək; amma kim canını Mənim namimə və Müjdə uğrunda itirsə, onu qurtaracaqdır» (Mark 8:34, 35). Aydındır ki, o öz həyatını qurban verməklə yanaşı, onun ardınca gedənlərdən də Allaha xidmət uğrunda həyatlarını qurban verməyə hazır olmalarını gözləyirdi. Onlar belə edərdilərsə, bol mükafat alardılar. (Matta 16:27 ayəsini oxu.)
3. a) İsa dinləyicilərinə hansı sualları verdi? b) İsanın ikinci sualı dinləyicilərinə nəyi xatırlada bilərdi?
3 Həmin vaxt İsa iki çox maraqlı sual qaldırdı: «İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olar?» və «İnsan öz canı əvəzinə nə verə bilər?» (Mark 8:36, 37). İnsan nöqteyi-nəzərilə birinci sualın cavabı aydındır. Əgər insan öz həyatını itirərsə, bütün dünyaya yiyələnməsinin heç bir faydası olmaz. İnsanın əmlakının yalnız onun sağlığında faydası olur. İsanın: «İnsan öz canı əvəzinə nə verə bilər?» — dediyi ikinci sualı onun dinləyicilərinə, ola bilsin, Əyyubun günlərində Şeytanın irəli sürdüyü iddianı xatırladırdı: «İnsan canına görə hər şeyini verər» (Əyy. 2:4). Yehovaya ibadət etməyən bəzi insanlar Şeytanın sözlərinin düz olduğunu fikirləşə bilər. Bir çoxları öz həyatlarını itirməmək üçün hər şeydən keçməyə, istənilən prinsipləri tapdalamağa hazırdırlar. Məsihçilər isə tamamilə başqa cür fikirləşirlər.
4. Nəyə görə İsanın sualları məsihçilər üçün dərin məna daşıyır?
4 Biz bilirik ki, İsanın yer üzünə gəlməsinin səbəbi bizə bu sistemdə sağlamlıq, var-dövlət və uzun ömür vermək deyildi. Onun gəlişinin məqsədi bizə yeni dünyada əbədi yaşamağa yol açmaq idi və biz məhz bu ümidi yüksək qiymətləndiririk (Yəh. 3:16). Məsihçilər üçün İsanın birinci sualının mənası aydındır: «İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olar?» Cavab: heç bir fayda (1 Yəh. 2:15-17). Onun ikinci sualına cavab tapmaq üçün yaxşı olardı ki, özümüzdən soruşaq: yeni dünyada əbədi həyata nail olmaq üçün nə qədər qurban verməyə hazıram? Tutduğumuz həyat yolunun göstərdiyi kimi, bu suala cavabımız, bu ümidin ürəyimizdə nə qədər möhkəm olduğunu aşkara çıxarır. (Yəhya 12:25 ayəsi ilə müqayisə et.)
5. Əbədi həyat ənamını necə ala bilərik?
5 Təbii ki, İsa əbədi həyatı qazanmağın mümkün olduğunu demirdi. Həyat, hətta bu sistemdəki qısa həyatımız belə ənamdır. Biz həyatı nə pul ilə ala, nə də ona layiq ola bilərik. Əbədi həyat ənamını ala bilməyimizin yeganə yolu «Məsih İsaya» və ‘Onu axtaranlara mükafat verən’ Yehovaya ‘iman etməkdir’ (Qalat. 2:16; İbr. 11:6). Amma imanımızı əməllərdə göstərməliyik, çünki «iman... əməllər olmadıqda ölüdür» (Yaq. 2:26). Beləliklə, İsanın sualı üzərində düşünəndə yaxşı olardı ki, indiki sistemdə nələri qurban verməyə və imanımızın həqiqətən də canlı olduğunu göstərmək üçün Yehovaya xidmətdə nələr etməyə hazır olduğumuzu da nəzərdən keçirək.
«Məsih... Öz qayğısına qalmamışdı»
6. İsa nəyi üstün tuturdu?
6 İsa yer üzündə yaşayarkən diqqətini dünyanın təklif etdiyinə yox, vacib olan şeylərə cəmlədi və maddi şeyləri əldə etmək kimi şirnikdirici təkliflərdən imtina etdi. O, fədakar həyat sürür və Allaha itaətkar idi. Öz qayğısına qalmaq əvəzinə, Allahın ‘xoşuna gələn işləri görürdü’ (Yəh. 8:29). Allahı razı salmaq üçün İsa daha nələr etməyə hazır idi?
7, 8. a) İsa hansı qurbanları verdi və necə mükafatlandırıldı? b) Biz özümüzdən nə soruşmalıyıq?
7 Bir dəfə İsa öz şagirdlərinə dedi: «İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir» (Mat. 20:28). Bundan əvvəl İsa şagirdlərini xəbərdar edəndə ki, tezliklə ‘canını verməli’ olacaq, Peter ona: «Özünə yazığın gəlsin» — demişdi. Amma İsa tərəddüd etmədi. O, canını, kamil insan həyatını könüllü olaraq bəşəriyyət üçün verdi. Onun fədakarlığı təhlükəsiz gələcəyinə zəmanət verirdi. O dirildildi və ‘Allahın sağ əli ilə yüksəldildi’ (Həv. iş. 2:32, 33). Buna görə də İsa bizim üçün gözəl nümunə oldu.
8 Həvari Pavel Romadakı məsihçilərə özlərinin ‘qayğısına qalmamağı’ məsləhət gördü və xatırlatdı ki, «Məsih də Öz qayğısına qalmamışdı» (Rom. 15:1-3). Bəs biz həvarinin bu məsləhətini nə dərəcədə tətbiq edəcəyik və Məsihi təqlid etmək üçün nələrdən keçməyə hazırıq?
Yehova bizdən malik olduğumuz ən yaxşı şeyləri gözləyir
9. Məsihçinin özünü Allaha həsr etməsi əslində nə deməkdir?
9 Qədim İsraildə Musanın Qanununa əsasən, yəhudi qulları xidmətlərinin yeddinci və ya Azadlıq ilində azadlığa buraxılmalı idilər. Lakin bu qulların başqa seçimi də vardı. Əgər qul öz sahibini sevirdisə, qalan ömrünü ağasının yanında qalmağı seçə bilərdi. (Qanunun təkrarı 15:12, 16, 17 ayələrini oxu.) Özümüzü Allaha həsr edəndə buna bənzər seçimi edirik. Biz könüllü olaraq öz istədiklərimizi yox, Allahın iradəsini yerinə yetirməyə razılıq veririk. Belə etməklə biz Yehovaya olan dərin məhəbbətimizi və Ona əbədiyyən xidmət etmək arzumuzu göstəririk.
10. Biz hansı mənada Allaha məxsusuq və bu bizim düşüncə və davranışımıza necə təsir etməlidir?
10 Əgər sən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirsənsə, xoş xəbəri təbliğdə bölüşürsənsə və məsihçi görüşlərinə gəlirsənsə, bu çox təqdirə layiqdir. Ümid edirik ki, tezliklə həyatını Yehovaya həsr etmək qərarına gələcəksən və həbəşistanlının Filipə verdiyi: «Vəftiz olunmağıma nə əngəl var?» sualını özünə verəcəksən (Həv. iş. 8:35, 36). Onda Allahla münasibətlərin Pavelin müraciət etdiyi məsihçilərin münasibəti kimi olacaq: «Siz özünüzə məxsus deyilsiniz? Çünki siz çox baha qiymətə alınmısınız» (1 Kor. 6:19, 20). Malik olduğumuz ümiddən asılı olmayaraq, Yehovaya həsr olunmuşuqsa, O bizim Sahibimizdir. Buna görə də, xudbin arzularımızı boğmaq və ‘insanlara qul olmamaq’ necə də vacibdir! (1 Kor. 7:23). Yehovanın sadiq xidmətçisi olmaq və Onun istədiyi kimi bizdən istifadə etməsinə yol vermək böyük şərəfdir!
11. Məsihçilər hansı qurbanları verməyə təşviq olunurlar və Musanın Qanununa əsasən gətirilən qurbanlardan göründüyü kimi, bu əslində nə deməkdir?
11 Pavel həmimanlılarını təşviq edirdi: «Bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mənəvi ibadətiniz budur» (Rom. 12:1). Ola bilsin, bu sözlər ibranilərdən olan məsihçilərə İsanın davamçıları olmazdan əvvəl ibadətlərinin bir hissəsi olan qurbanları xatırladırdı. Onlar bilməli idilər ki, Musanın Qanununun tələblərinə əsasən, Yehovanın qurbangahında ən yaxşı heyvanlar təqdim olunmalı idi. Qüsurlu heyvanlar məqbul deyildi (Mal. 1:8, 13). Eyni şeyi bədənlərimizi ‘diri qurban kimi’ təqdim edəndə də demək olar. Biz Yehovaya sadəcə olaraq öz arzularımızı təmin etdikdən sonra artıq qalanımızı yox, malik olduğumuz ən yaxşı şeyləri veririk. Özümüzü Allaha həsr edəndə öz ‘canımızı’, yəni həyatımızı, o cümlədən qüvvəmizi, maddi əmlakımızı və bacarığımızı qeyd-şərtsiz Ona veririk (Kolos. 3:23). Bunu necə edə bilərik?
Vaxtımızdan müdrikliklə istifadə edək
12, 13. Yehovaya ən yaxşı şeylərimizi verməyin üsullarından biri hansıdır?
12 Yehovaya ən yaxşı şeylərimizi verməyin üsullarından biri vaxtımızdan müdrikliklə istifadə etməkdir. (Efeslilərə 5:15, 16 ayələrini oxu.) Bunun üçün özümüzə hakim olmağı bacarmalıyıq. Dünyanın təsiri və miras aldığımız qeyri-kamillik bizi vaxtımızı yalnız öz kefimizə və şəxsi mənafeyimizə sərf etməyə meylləndirir. Təbii ki, istər istirahət, istərsə də məsihçi məsuliyyətlərimizi yerinə yetirmək üçün işləməyimiz olsun, «hər şeyin öz vaxtı var» (Vaiz 3:1). Lakin həsr olunmuş məsihçi tarazlı olmalı və vaxtından müdrikliklə istifadə etməlidir.
13 Həvari Pavel Afinaya gələndə fikir verdi ki, «bütün afinalılar və orada yaşayan əcnəbilər vaxtlarını yalnız yeni bir şey söyləmək yaxud dinləməklə keçirirdilər» (Həv. iş. 17:21). Bu gün də bir çoxları vaxtlarını boş yerə sərf edirlər. Müasir zəmanədə diqqətimizi yayındıran şeylərə televizora baxmaq, videooyunlar oynamaq və İnternetdə «oturmaq» daxildir. Vaxtımızı aparan şeylər get-gedə çoxalır. Əgər bunlara uysaq, ruhani tələbatlarımızın qeydinə qalmayacağıq. Hətta düşünə bilərik ki, çox məşğuluq və ‘ən üstün dəyərlərə — Yehovaya xidmətlə bağlı olan işlərə vaxtımız yoxdur (Filip. 1:9, 10).
14. Hansı sualları ciddi nəzərdən keçirməliyik?
14 Buna görə də, Yehovanın həsr olunmuş xidmətçisi kimi özündən soruş: gündəlik qrafikimə Müqəddəs Kitabı oxumaq, üzərində düşünmək və dua etmək daxildirmi? (Məz. 77:12; 119:97; 1 Salon. 5:17). Məsihçi görüşlərinə hazırlaşmaq üçün vaxt ayırırammı? Görüşlərdə şərhlər verməklə başqalarını ruhlandırırammı? (Məz. 122:1; İbr. 2:12). Allahın Kəlamında deyilir ki, Pavel və onun əməkdaşları «uzun müddət qalıb, Rəbbə arxalanaraq, cəsarətlə danışırdılar» (Həv. iş. 14:3). Öz şəraitində dəyişiklik edib təbliğə daha çox vaxt, hətta «uzun müddət» sərf edərək pioner kimi xidmət edə bilərsənmi? (İbranilərə 13:15 ayəsini oxu.)
15. Ağsaqqallar vaxtlarından müdrikcəsinə necə istifadə edirlər?
15 Həvari Pavel və digər sadiq kişilər Antakyadakı yığıncağa baş çəkəndə «şagirdlərlə birlikdə uzun zaman orada qaldılar» ki, onları ruhlandırsınlar (Həv. iş. 14:28). Bu gün qayğıkeş ağsaqqallar başqalarını möhkəmləndirmək üçün vaxtlarının çox hissəsini sərf edirlər. Onlar təbliğ xidmətindən əlavə, sürünü otarırlar, azmış qoyunları axtarırlar, xəstələrə kömək edirlər və yığıncaqda bir çox başqa işlər görürlər. Vəftiz olunmuş qardaşsansa, şəraitin belə əlavə məsuliyyətlərə can atmağına yol verirmi?
16. Biz imanlılar ailəsinə necə yaxşılıq edə bilərik?
16 Bir çoxları insanların fəaliyyəti nəticəsində baş verən bədbəxtliklərdən və ya təbii fəlakətlərdən əzab çəkən insanlara kömək etməkdən sevinc duyurlar. Məsələn, təxminən 60 yaşı olan və Bet-Eldə xidmət edən bir bacı başqalarına yardım etmək üçün könüllü olaraq bir neçə dəfə uzaq yerlərə getmişdir. Nəyə görə o, məzuniyyətini belə işlərə sərf edirdi? O deyir: «Xüsusi bir bacarığım olmasa da, ehtiyac duyulan işi görməyi özümə şərəf bilirəm. Əmlaklarını itirən bacı-qardaşların möhkəm imanını görmək məni çox ruhlandırırdı». Minlərlə bacı-qardaşlar isə bütün dünyada Padşahlıq Zalları və Konqres Zallarının tikintisində öz köməklərini əsirgəmirlər. Biz bu işlərdə iştirak etməklə fədakarcasına ‘imanlılar ailəsinə yaxşılıq edirik’ (Qalat. 6:10).
«Mən... hər gün sizinləyəm»
17. Əbədi həyata nail olmaq üçün şəxsən sən nə verəcəksən?
17 Allahdan uzaqlaşmış bəşəriyyətin sonu yaxınlaşır. Bunun nə vaxt baş verəcəyini dəqiq bilmirik. Lakin bizə məlumdur ki, «vaxt azalmışdır» və «bu dünyanın indiki surəti keçib gedir». (1 Korinflilərə 7:29-31 ayələrini oxu.) Bu isə İsanın: «İnsan öz canı əvəzinə nə verə bilər?» sualını daha əhəmiyyətli edir. Şübhəsiz ki, «əbədi həyata» nail olmaq üçün Yehovanın bizdən gözlədiyi hər bir qurbanı verəcəyik (1 Tim. 6:19). İsanın daima onu ‘izləmək’ və ‘əvvəlcə Allahın Səltənətini axtarmaq’ göstərişinə qulaq asmaq olduqca vacibdir (Mat. 6:31-33; 24:13).
18. Biz nəyə əminik və nə üçün?
18 Etiraf etmək lazımdır ki, İsanın ardınca getmək həmişə asan olmur və bu, İsanın qabaqcadan xəbərdarlıq etdiyi kimi, indiki sistemdə bəzilərinə həyatları bahasına başa gəlib. Amma İsa kimi, biz də ‘özümüzü yazıqlamaq’ tələsindən qaçınmalıyıq. Biz onun birinci əsrdə məsh olunmuş davamçılarına verdiyi vədə iman gətiririk: «Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat. 28:20). Buna görə də, gəlin imkanımız yol verdiyi qədər vaxtımızı və bacarığımızı müqəddəs xidmətə sərf edək. Belə etməklə Yehovanın böyük məşəqqətdə bizi qoruyacağına və ya yeni dünyada həyata qaytaracağına əminliyimizi təzahür etdiririk (İbr. 6:10). Bununla da həyat ənamını nə qədər yüksək dəyərləndirdiyimizi göstərəcəyik.
Necə cavab verərdiniz?
• İsa Allaha və insanlara xidmət etməkdə təqdirəlayiq fədakarlığı necə göstərdi?
• Nəyə görə insan özünü inkar etməlidir və bunu necə etmək olar?
• Qədim İsraildə Yehova yalnız hansı qurbanları qəbul edirdi və bu bizim üçün nə deməkdir?
• Öz vaxtımızdan müdrikcəsinə necə istifadə edə bilərik?
[26-cı səhifədəki şəkil]
İsa həmişə Allahın xoşuna gələn işləri edirdi
[28-ci səhifədəki şəkil]
Yaxşılıq bilən israillilər həqiqi ibadəti dəstəkləmək üçün ən yaxşı şeylərini verirdilər
[29-cu səhifədəki şəkillər]
Vaxtımızdan müdrikcəsinə istifadə etməklə Allahı razı salırıq