Həyat və sülh naminə ruhla yaşayın
«Bədənin istəkləri ilə yox, ruhla [yaşayın]» (ROM. 8:4).
1, 2. a) Sükan arxasında olan sürücünün diqqətinin yayınması hansı fəsadlar törədə bilər? b) Nəyə görə məsihçi üçün ruhani sayıqlığını itirmək təhlükəlidir?
«SÜRÜCÜLƏRİN sükan arxasında diqqətlərinin yayınma halları artıq epidemik xarakter alıb və vəziyyət ildən-ilə pisləşir», — deyə ABŞ-ın nəqliyyat naziri qeyd etmişdi. Mobil telefonlar sürücüləri sükan arxasında olarkən etməli olduqları yeganə işdən — maşın sürməkdən yayındıran cihazlardan biridir. Bir sorğuda iştirak edənlərin üçdə biri başqalarının sükan arxasında telefonla danışması ucbatından ya az qala qəzaya uğrayacağını, ya da qəzaya uğradığını demişdi. İnsanlar düşünürlər ki, sükan arxasında mobil telefonla danışmaqla vaxta qənaət etmiş olurlar, lakin bu, fəlakətlə nəticələnə bilər.
2 Bunu bizim ruhani firavanlığımıza da aid etmək olar. Diqqəti yayınmış sürücü çox vaxt təhlükədən xəbər verən işarələri görməyib bəlaya düşdüyü kimi, ruhani sayıqlığını itirən məsihçi də asanlıqla bəlaya düşə bilər. Əgər biz həqiqət yolundan və teokratik məşğuliyyətlərdən uzaqlaşsaq, imanımız gəmi kimi qəzaya uğrayacaq (1 Tim. 1:18, 19). Həvari Pavel Romadakı həmimanlılarına yazdığı məktubda onları bu təhlükə barədə xəbərdar etmişdi: «Daima bədənin istəkləri haqqında düşünmək ölüm, ruhani şeylər barəsində düşünmək isə həyat və sülh gətirir» (Rom. 8:6). Pavel bu sözlərlə nə demək istəyirdi? «Bədənin istəkləri haqqında» yox, «ruhani şeylər barəsində düşünmək» üçün biz nə etməliyik?
Onlar «məhkum edilmirlər»
3, 4. a) Pavelin daxilində hansı mübarizə gedirdi? b) Pavelin vəziyyəti bizi nəyə görə maraqlandırmalıdır?
3 Həvari Pavel Romadakı məsihçilərə ünvanladığı məktubunda apardığı mübarizədən — bədəni ilə ağlı arasındakı mübarizədən danışdı. (Romalılara 7:21—23 ayələrini oxu.) Pavel bunu özünə bəraət qazandırmaq və ya özünə yazığı gəldiyi üçün demədi; o, günahlı olduğunu bilsə də, fikirləşmirdi ki, belə bir vəziyyətdə düzgün olanı etmək onun üçün qeyri-mümkündür. Axı o, yetkin, ruhla məsh olunmuş və «digər xalqlara göndərilmiş bir həvari» idi (Rom. 1:1; 11:13). Bəs onda nəyə görə Pavel daxilində gedən bu mübarizədən yazdı?
4 Pavel boynuna alırdı ki, istədiyi kimi Allahın iradəsini yerinə yetirə bilmir. Nəyə görə? Çünki hamı günah işlədib və Allahın izzətini əks etdirə bilmir (Rom. 3:23). Adəmdən törəyən bütün insanlar kimi, Pavel də günahın qeyri-kamil bədənə göstərdiyi təsirdən azad deyildi. Onun hissləri bizə çox gözəl tanışdır, çünki biz də qeyri-kamilik və hər gün eyni mübarizəni aparmalı oluruq. Üstəlik, bu dünyada diqqətimizi yayındıra, eləcə də əbədi həyata aparan ensiz yoldan azdıra biləcək şeylər istənilən qədərdir (Mat. 7:14). Lakin Pavel üçün ümid olduğu kimi, bizim üçün də var.
5. Pavel köməyi və qurtuluşu haradan aldı?
5 Pavel yazmışdı: «Məni kim xilas edəcək? Allahımız! Ona Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun!» (Rom. 7:24, 25). Sonra o, «Məsih İsa ilə vəhdətdə olanlar»a, yəni məsh olunmuş məsihçilərə müraciət etdi. (Romalılara 8:1, 2 ayələrini oxu.) Yehova müqəddəs ruhu ilə onları oğulluğa götürərək Məsihin həmvarisləri edir (Rom. 8:14—17). Allahın ruhu və İsanın fidyə qurbanlığına göstərdikləri iman sayəsində onlar Pavelin haqqında danışdığı mübarizədə qələbə qazanırlar, buna görə də «məhkum edilmirlər». Onlar «günah və ölüm qanunundan» azad edilirlər.
6. Nəyə görə Allahın bütün xidmətçiləri Pavelin sözlərinə diqqət yetirməlidirlər?
6 Düzdür, Pavel bu sözləri məsh olunmuş məsihçilərə ünvanlamışdı. Lakin istər göylər, istərsə də yer üzündə yaşamaq ümidinə malik olmalarından asılı olmayaraq, Yehovanın bütün xidmətçiləri onun Allahın ruhu və Məsihin fidyə qurbanlığı barəsində dediklərindən fayda əldə edə bilərlər. Pavelin məsləhətləri Allah tərəfindən ilhamlandırılıb, buna görə də çox vacibdir ki, hamımız həmin məsləhətləri başa düşüb onlara əməl edək.
Allah «bədəndəki günahı» necə «məhkum etdi»?
7, 8. a) Hansı mənada «Qanun aciz idi»? b) Müqəddəs ruhu və fidyə qurbanlığı sayəsində Allah hansı işi həyata keçirib?
7 Pavel «Romalılara məktub»un 7-ci fəslində qeyd edir ki, günah qeyri-kamil bədənə təsir göstərir. 8-ci fəsildə isə o, müqəddəs ruhun gücündən bəhs edir. Burada Pavel günahın gücünə qarşı apardıqları mübarizədə müqəddəs ruhun məsihçilərə necə kömək etdiyini, eləcə də Allahın iradəsini necə yerinə yetirməyi və Onun lütfünü necə qazanmağı izah edir. Pavel göstərir ki, Yehova Öz müqəddəs ruhunun və Oğlunun fidyə qurbanlığının köməyilə Musanın Qanununun edə bilmədiyi işi həyata keçirib.
8 Bir çox bəndlərdən ibarət olan Qanun günahkarları mühakimə edirdi. Üstəlik, İsraildə baş kahin kimi xidmət edən kəslər qeyri-kamil idi və günahın yuyulması üçün münasib qurban təqdim edə bilmirdilər. Bəli, «insan günahlı olduğu üçün Qanun aciz idi». Lakin Allah «Oğlunu günahlı insanın bədəninə bənzər bir bədəndə» göndərərək onu fidyə qurbanlığı kimi təqdim etməklə «bədəndəki günahı məhkum etdi», bununla da Qanunun acizliyini aradan qaldırdı. Nəticədə, məsh olunmuş məsihçilər İsanın fidyə qurbanlığı sayəsində saleh hesab olunurlar. Pavel onlara «bədənin istəkləri ilə yox, ruhla [yaşamağı]» məsləhət görürdü. (Romalılara 8:3, 4 ayələrini oxu.) Onlar bunu yer üzündəki həyatlarını başa vuranadək etməlidirlər və əgər sadiq qalsalar, «həyat tacını» alacaqlar (Vəhy 2:10).
9. Romalılara 8:2 ayəsində istifadə olunan «qanun» sözü hansı mənanı kəsb edir?
9 «Qanun»dan savayı, Pavel «ruhun qanunu»ndan, eləcə də «günah və ölüm qanunundan» danışır (Rom. 8:2). Bu, hansı qanunlardır? Bu ayədəki «qanun» sözü altında Musanın Qanunundakı qanunlara bənzər qaydalar nəzərdə tutulmur. Bir kitabda deyilir: «Yunan mətnində bu ayədə istifadə olunan qanun sözü altında yaxşı və ya pis olmalarından asılı olmayaraq, insanların hərəkətlərini qanun kimi idarə edən daxili prinsiplər nəzərdə tutulur. Həmin söz həmçinin insanların əldə rəhbər tutduqları normalara da aid işlənir».
10. Günah və ölüm qanunu bizi necə idarə edir?
10 Həvari Pavel yazmışdır: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Rom. 5:12). Adəmin nəslindən olduğumuz üçün hamımızı günah və ölüm qanunu idarə edir. Günahlı bədənimiz bizi daima Allaha məqbul olmayan işləri görməyə təhrik edir. Lakin bunun nəticəsi ölümdür. Qalatiyalılara yazdığı məktubda Pavel bu kimi şeyləri «günahlı bədənin əməlləri» adlandırdı. Sonra isə o əlavə etdi: «Belə işlərlə məşğul olanlar Allahın padşahlığına girməyəcəklər» (Qalat. 5:19—21). «Günahlı bədənin əməlləri»ni icra edənlər bədənin istəkləri ilə yaşayan insanlardır (Rom. 8:4). Onların «daxili prinsiplər»i və «əldə rəhbər tutduqları normalar» tamamilə cismanidir. Demək olarmı ki, yalnız zina, bütpərəstlik və spiritizm kimi ciddi günahlar işlədən insanlar bədənin istəkləri ilə yaşayırlar? Xeyr! Çünki günahlı bədənin əməlləri deyildikdə, bəzi insanların sadəcə insan xasiyyətinin qüsurları adlandırdıqları hiddət, qəzəb, didişmə və paxıllıq kimi şeylər də nəzərdə tutulur. Məgər kimsə özünü bədənin istəklərindən tamamilə təmizlədiyini deyə bilər?
11, 12. Yehova günah və ölüm qanunundan qurtulmağımız üçün nə edib və biz Allahın lütfünü necə qazana bilərik?
11 Biz necə də xoşbəxtik ki, Yehova günah və ölüm qanunundan qurtulmağımız üçün şərait yaradıb! İsa demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın». Allahın məhəbbətinə hay verməklə və İsa Məsihin fidyə qurbanlığına iman etməklə miras aldığımız günahın nəticəsi olan məhkumiyyətdən xilas ola bilərik (Yəh. 3:16—18). Onda biz də Pavelin növbəti sözlərinə şərik olacağıq: «[Allaha] Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun!»
12 Bizi ağır bir xəstəlikdən sağalmaq üzrə olan insanla müqayisə etmək olar. Lakin tam sağalmaq üçün biz həkimin bütün göstərişlərinə əməl etməliyik. Fidyə qurbanlığına iman gətirməyimiz bizi günah və ölüm qanunundan azad etsə də, biz hələ də qeyri-kamil və günahlıyıq. Ruhən sağlam olmaq, eləcə də Allahın lütfünü və xeyir-dualarını qazanmaq istəyiriksə, bizdən daha bir şey etmək tələb olunur. «Qanundakı ədalətli tələbləri» icra etməklə əlaqədar Pavel həmçinin deyir ki, biz «ruhla [yaşamalıyıq]».
Ruhla yaşamaq nə deməkdir?
13. Ruhla yaşamaq nə deməkdir?
13 Ruhla yaşamaq dedikdə ruhani cəhətdən kamil olmaq yox, daima irəli getmək nəzərdə tutulur (1 Tim. 4:15). Günbəgün ruhun rəhbərliyinə görə yerimək, yəni yaşamaq üçün biz əlimizdən gələni etməliyik. Ruhun rəhbərliyi altında yaşayanlar Allahın lütfünü qazanmış olurlar (Qalat. 5:16).
14. «Bədənin istəklərinin dalınca [düşənlər]» nəyə meyil göstərirlər?
14 Sonra Pavel bu məktubda bir-birindən tamamilə fərqli düşüncə tərzlərinə malik olan iki qrup insandan söz açır. (Romalılar 8:5 ayəsini oxu.) Burada «bədən» sözü altında sadəcə insanın fiziki bədəni nəzərdə tutulmur. Müqəddəs Kitabda «bədən» sözü bəzən qeyri-kamilliyimizə aid edilir. Əvvəlki ayələrdə həvari Pavelin qeyd etdiyi kimi, qeyri-kamillik bədənlə ağıl arasında mübarizəyə səbəb olur. Lakin Paveldən fərqli olaraq, «bədənin istəklərinin dalınca [düşənlər]» mübarizəyə başlamağı heç ağıllarına belə gətirmirlər. Bu insanlar Allahın onlardan nə tələb etdiyi haqda düşünmürlər və Onun təklif etdiyi köməyi qəbul etmirlər: onların «fikri-zikri cismani şeylərdədir». Onları çox vaxt öz rahatlıqları və cismani arzularını təmin etmək düşündürür. Ancaq «ruhla yaşayanlar daima ruhani şeylər», yəni Allahın ruhani ənamları və teokratik fəaliyyət barədə düşünürlər.
15, 16. a) Diqqətimizi yönəltdiyimiz şeylər düşüncə tərzimizə necə təsir göstərir? b) Bu gün əksər insanların fikri-zikri nədədir?
15 Romalılara 8:6 ayəsini oxu. Yaxşı və ya pis olmasından asılı olmayaraq, insan hansısa işi etməzdən öncə bütün diqqətini ona cəmləyir. Daima günahlı bədənlərinin istəklərini təmin edən insanlarda gec-tez tamamilə cismani şeylərə yönələn düşüncə tərzi formalaşır. Onların düşüncələri, maraqları və sevdikləri şeylər, adətən, yalnız bunlarla bağlı olur.
16 Bu gün insanları ən çox maraqlandıran nədir? Həvari Yəhya yazmışdı: «Dünyadakı hər şey — bədənin istəyi, gözlərin istəyi və insanın öz varı ilə lovğalanması Atadan deyil, dünyadandır» (1 Yəh. 2:16). Bu istək və arzular əxlaqsızlıqla, ad-san qazanmaqla və var-dövlət toplamaqla bağlıdır. Kitablar, jurnallar, qəzetlər, filmlər, şou-proqramlar və İnternet bu kimi şeylərlə dolub-daşır, çünki əslində əksər insanların fikri-zikri bundadır. Lakin «bədənin istəkləri haqqında düşünmək» indiki dövrdə ruhani, yaxın gələcəkdə isə fiziki ölüm gətirəcək. Nəyə görə? «Çünki cismani düşüncə tərzi Allahla düşmənçiliyə gətirir, belə ki, bədən öz istəkləri ilə Allahın qanununa tabe olmur və bunu heç bacarmır da. Deməli, bədənin istəklərinin dalınca düşənlər Allahı razı sala bilməzlər» (Rom. 8:7, 8).
17, 18. Ruhani şeylər barəsində düşündüyümüzü necə göstərə bilərik və bu, hansı xeyir-duaları gətirir?
17 Lakin «ruhani şeylər barəsində düşünmək... həyat və sülh gətirir», yəni gələcəkdə əbədi həyat, indiki dövrdə isə qəlb rahatlığı verir və Allahla sülh münasibəti yaratmağa kömək edir. «Ruhani şeylər barəsində [düşündüyümüzü]» necə göstərə bilərik? Bunun üçün biz həmişə Allahın və Onun müqəddəs ruhunun rəhbərliyini izləməliyik, onda bizdə Onun düşüncə tərzinə uyğun düşüncə tərzi formalaşacaq. Biz istəyirik ki, düşüncə tərzimiz «Allahın qanununa tabe [olsun]» və Onun kimi düşünək. Şirnikdirici vəziyyətlərlə üzləşəndə çaşıb qalmayacağıq, çünki hansı yolu tutmalı olduğumuzu dəqiq biləcəyik. Biz düzgün — ruha uyğun qərar verəcəyik.
18 Buna görə də daima ruhani şeylər barəsində düşünmək olduqca vacibdir. Bunun üçün biz növbəti məsləhətə əməl etməliyik: «Ağlınızı cəmləşdirib fəaliyyətə hazır olun». Bu, nə deməkdir? Yəni biz həyatımızı ruhani işlərin ətrafında qurmalıyıq: daima dua etməli, Müqəddəs Kitabı oxuyub araşdırmalı, yığıncaqlarda iştirak etməli və təbliğ etməliyik (1 Pet. 1:13). Bədənin istəklərinin diqqətimizi yayındırmasına yol vermək əvəzinə, gəlin daima ruhani şeylər barəsində düşünək. Belə etməklə biz ruha görə yaşayacağıq. Onda biz böyük xeyir-dualar biçəcəyik, çünki ruhani şeylər barəsində düşünmək həyat və sülh gətirir (Qalat. 6:7, 8).
İzah edə bilərsinizmi?
• «Qanun aciz»dir deyildikdə nə nəzərdə tutulur və Allah bu acizliyi necə aradan qaldırdı?
• «Günah və ölüm [qanunu]» nədir və biz ondan necə azad ola bilərik?
• «Ruhani şeylər barəsində düşünmək» üçün biz nə etməliyik?
[12 və 13–cü səhifələrdəki şəkillər]
Sən bədənin istəklərilə, yoxsa ruha görə yaşayırsan?