Kimin rəğbətini qazanmağa çalışırsınız?
«Axı Allah ədalətsiz deyil ki,.. Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İBR. 6:10).
1. Hər bir insanda təbii olaraq hansı istək var?
TANIDIĞINIZ, dəyər verdiyiniz bir şəxs adınızı unutsa, hətta sizi tanımasa, özünüzü necə hiss edərdiniz? Yəqin ki, bu, sizə xoş gəlməzdi. Çünki təbii olaraq hər bir insan istəyir ki, onu tanısınlar, dəyər versinlər. Əlbəttə, kiminsə bizi yalnız üzdən tanımasını yox, həm də necə insan olduğumuzu, nələr etdiyimizi bilməsini istəyərdik (Say. 11:16; Əyy. 31:6).
2, 3. Necə ola bilər ki, insanın dəyərli olmaq arzusu ifrat həddə çatsın? (Məqalənin əvvəlindəki şəklə baxın.)
2 İnsanların gözündə dəyərli olmaq arzusu təbiidir. Lakin qeyri-kamilliyimiz ucbatından digər təbii istəklərimiz kimi, bu məsələdə də tarazılığı itirə bilərik. Şeytan dünyası bizdə məşhurlaşmaq, ad-san qazanmaq arzusu oyadır və nəticədə biz diqqəti şan-şöhrətə, ibadətə layiq olan Yehova Allaha yox, öz üzərimizə cəmləmiş oluruq (Vəhy 4:11).
3 İsa Məsihin yaşadığı dövrdə bəzi din xadimləri rəğbət qazanmaqla bağlı yanlış düşüncəyə sahib idilər. Bu səbəbdən Məsih şagirdlərini xəbərdar etmişdi: «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı, sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər... Onlara daha ağır hökm kəsiləcək» (Luka 20:46, 47). Bunun əksinə olaraq, İsa Məsih ianə edərkən insanların rəğbətini qazanmağa çalışmayan dul qadını tərifləmişdi (Luka 21:1—4). Bununla İsa rəğbət qazanmaq məsələsində düzgün, Yehovaya məqbul baxışa sahib olmağın nə demək olduğunu göstərdi. Bu məqalə bizə bu sahədə kömək edəcək.
YEHOVANIN RƏĞBƏTİNİ QAZANMAQ ƏN BÖYÜK ŞƏRƏFDİR
4. Kimin rəğbətini qazanmaq ən böyük şərəfdir və nəyə görə?
4 Biz kimin rəğbətini qazanmağa can atmalıyıq? Təbii ki, söhbət elm, biznes, incəsənət və ya idman sahəsində nailiyyətlər əldə edərək ad-san qazanmaqdan, tanınmaqdan getmir. Həvari Bulus demişdi: «İndi isə Allahı tanıyırsınız, daha doğrusu, Allah sizi tanıyır. Onda necə olur ki, bu dünyanın puç və dəyərsiz baxışlarına qayıdıb yenidən onların qulu olmaq istəyirsiniz?» (Qal. 4:9). Həqiqətən də, Kainatın Ali Hökmdarı tərəfindən tanınmaq, Onun gözündə rəğbət qazanmaq böyük şərəfdir! Allah istəyir ki, bizim Onunla sıx münasibətlərimiz olsun. O, bizi elə bu məqsədlə yaradıb (Vaiz 12:13, 14).
5. Allahın bizi tanıması üçün nə etməliyik?
5 Musa peyğəmbərin Yaradanla gözəl münasibətləri var idi. O, Allaha yalvarıb, «yollarını mənə aç, qoy Səni yaxşı tanıyım» deyəndə Allah ona belə cavab vermişdi: «Bu xahişini də yerinə yetirəcəyəm, çünki sənə hüsn-rəğbətim var, səni yaxından tanıyıram» (Çıx. 33:12—17). Bəs Allahın bizi də yaxından tanıması üçün nə edə bilərik? Bunun üçün Onu sevməli və həyatımızı Ona həsr etməliyik. (1 Korinflilərə 8:3 ayəsini oxuyun.)
6, 7. Nələr Yehova ilə münasibətlərimizin korlanmasına gətirib çıxara bilər?
6 Bununla belə, biz Yehova Allahla gözəl münasibətlərimizi qorumalıyıq. Həvari Bulus qalatiyalı məsihilərə yazırdı ki, bu dünyada şan-şöhrət axtarmaq kimi «puç və dəyərsiz» baxışların qulu olmasınlar (Qal. 4:9). Bu məsihilər artıq ruhən inkişaf etmişdilər və Bulus onlara «Allah sizi tanıyır» demişdi. Lakin indi onlar puç şeylərin dalınca qayıtmaq istəyirdilər. Bulus, sanki onlara deyirdi: «Bu qədər tərəqqi edəndən sonra nə üçün siz geridə qoyduğunuz boş, dəyərsiz şeylərin dalınca qayıdırsınız?»
7 Bəs ola bilərmi ki, bizimlə də eyni şey baş versin? Təbii ki. Yehova Allahı tanıyandan sonra, ola bilsin, biz də həvari Bulus kimi Şeytanın dünyasında ad-san, uğur qazanmaqdan imtina etmişik. (Filippililərə 3:7, 8 ayələrini oxuyun.) Bəlkə də, ali təhsil almaq və ya iş dünyasında daha çox pul qazanmaq imkanımız olub. Yaxud da musiqi, idman sahəsində istedadımıza görə şan-şöhrət, yaxşı qazanc əldə edə bilərdik. Lakin bütün bunlara «yox» demişik (İbr. 11:24—27). Verdiyimiz bu müdrik qərarlara görə indi heyifsilənmək necə də ağılsızlıq olardı! Bu cür düşüncə tərzi «puç və dəyərsiz» olduğunu dərk edərək imtina etdiyimiz şeylərin dalınca qayıtmağımıza yol aça bilər.
YEHOVANIN RƏĞBƏTİNİ QAZANMAĞA ƏZMLİ OLUN
8. Yehovanın rəğbətini qazanmaq əzmimizi necə möhkəmləndirə bilərik?
8 Bəs nə edə bilərik ki, dünyanın yox, Yehovanın rəğbətini qazanmağa can ataq? Bunun üçün iki vacib amili unutmamalıyıq. Birincisi, Yehova Ona sədaqətlə qulluq edənləri həmişə dəyərləndirir. (İbranilərə 6:10 ayəsini oxuyun; İbr. 11:6.) Onun üçün hər bir xidmətçisi çox əzizdir və O, sadiq bəndələrini unutmağı ədalətsizlik hesab edir. «Yehova Ona məxsus olanları tanıyır» (2 Tim. 2:19). O, «salehlərin yolundan agahdır» və onları «sınaqlardan necə qurtarmağı» yaxşı bilir (Zəb. 1:6; 2 But. 2:9).
9. Yehova xalqından razı olduğunu necə göstərib? Nümunələr çəkin.
9 Yehova xalqından razı olduğunu bəzən qeyri-adi tərzdə göstərib (2 Saln. 20:20, 29). Misal üçün, fironun güclü ordusu Yehovanın xalqını təqib edən zaman Onun xalqını Qırmızı dənizdən necə keçirdiyini yadımıza salaq (Çıx. 14:21—30; Zəb. 106:9—11). Bu hadisə o qədər möhtəşəm idi ki, hətta 40 il keçməsinə baxmayaraq, həmin ərazilərdə yaşayan insanlar bu barədə danışırdılar (Yuş. 2:9—11). Yehovanın qüdrətinin və məhəbbətinin bu cür təzahürü barədə düşünmək bizi çox ruhlandırır. Çünki Müqəddəs Kitabda peyğəmbərlik olunduğu kimi, tezliklə Məcuc ölkəsindən olan Yəcuc Allahın xalqına hücum edəcək! (Hizq. 38:8—12). Həmin vaxt sözün əsl mənasında şad olacağıq ki, bu dünyanın yox, Yehovanın rəğbətini qazanmağa çalışmışıq!
10. Yehovanın rəğbətini qazanmaq üçün daha hansı amili yadda saxlamalıyıq?
10 Həmçinin ikinci vacib amili yadda saxlamalıyıq: Yehova bizdən razı qaldığını gözləmədiyimiz tərzdə göstərə bilər. Müqəddəs Kitabda yazılıb ki, insanların gözündə ucalmaq üçün yaxşı işlər görən kəslər Yehovadan mükafat almayacaq. Nəyə görə? Çünki insanlar onları mədh edən zaman artıq mükafatlarını bütünlüklə almış olurlar. (Mətta 6:1—5 ayələrini oxuyun.) Bəs yaxşı işlərinə görə layiqincə qiymətləndirilməyən kəslər haqda nə demək olar? İsa Məsih demişdi ki, onları Allah mükafatlandırır. «Gizli dərgahından hər şeyi görən» Atamız hər kəsə etdiyinin əvəzini verir. Bəzən isə bunu qeyri-adi yollarla edir. Gəlin buna dair bir neçə nümunəyə baxaq.
İTAƏTKAR QADINA XÜSUSİ RƏĞBƏT
11. Məryəmə hansı şərəf nəsib oldu?
11 İsa Məsihin insan övladı olaraq dünyaya gəlmək vaxtı çatanda Yehova onu dünyaya gətirmək şərəfinə Məryəm adlı itaətkar qızı layiq bilir. Məryəm kiçik Nasirə şəhərində, Yerusəlimdən, oradakı möhtəşəm məbəddən uzaq bir ərazidə yaşayırdı. (Luka 1:26—33 ayələrini oxuyun.) Maraqlıdır, Yehova nə üçün məhz Məryəmi seçir? Cəbrayıl mələk ona «sən Allahın gözündə lütf tapmısan» demişdi. Məryəmin qohumu İlsəba ilə söhbətindən də görmək olar ki, o, güclü imana sahib idi (Luka 1:46—55). Bəli, Yehova Məryəmi müşahidə edirdi və onu sədaqətinə görə ağlına belə gətirmədiyi şərəfə layiq bildi.
12, 13. İsa Məsih dünyaya gələndə və 40 günlüyündə məbədə aparılanda necə mədh olundu?
12 Yehova Məsihin doğulması barədə kimə xəbər verir? O, bunu Yerusəlimin və Beytləhmin hansısa nüfuzlu məmuruna və ya hakiminə açıqlamır. Mələyini Beytləhmin kənarında qoyun otaran adi çobanların yanına göndərir (Luka 2:8—14). Çobanlar yeni doğulmuş körpəni görməyə gedirlər (Luka 2:15—17). Təsəvvür etmək olar, İsaya göstərilən bu cür ehtiram Məryəmlə Yusifi necə heyrətləndirmişdi! Lakin görün Şeytan necə davranır. O, münəccimləri körpənin və valideynlərinin ziyarətinə göndərir. Bu zaman İsanın doğulması barədə xəbər bütün Yerusəlimə yayılır və əhali təşvişə düşür (Mət. 2:3). Məsihin dünyaya gəlməsi xəbərinin bu qədər geniş yayılması çox sayda körpənin ölümü ilə nəticələnir (Mət. 2:16).
13 Musanın qanununun tələbi ilə Məryəm uşağın 40 günlüyündə Beytləhmdən doqquz kilometr aralıda yerləşən Yerusəlimə gedib məbəddə qurban gətirməli idi (Luka 2:22—24). Ailəsi ilə birgə məbədə yollanan zaman, bəlkə də, Məryəm düşünürdü ki, görəsən İsanın kim olduğunu bildirmək üçün kahin xüsusi nəsə edəcək? Doğrudan da, İsaya xüsusi ehtiram göstərilir, amma Məryəmin düşünmədiyi tərzdə. Yehova bu körpənin vəd olunmuş Məsih olduğunu Şəmun adlı «saleh və mömin» bir kişi və Hənnə adlı 84 yaşlı qadın peyğəmbər vasitəsilə bildirir (Luka 2:25—38).
14. Məryəm Yehovadan hansı nemətləri alır?
14 Allahın tapşırığına sədaqətlə itaət edərək İsanı böyüdən, onun qeydinə qalan Məryəm haqda nə demək olar? Yehova ona rəğbətini başqa necə göstərdi? O, Məryəmin etdiklərini və söylədiklərini Müqəddəs Kitaba yazdırdı. Görünür, İsa Məsihin təbliğ etdiyi üç il yarım ərzində anası onun yanında ola bilməmişdi. Ehtimal ki, dul olduğu üçün o, Nasirədə qalmalı idi. Bir çox əlamətdar hadisələrin şahidi olmaq imkanı olmasa da, Məryəm oğlunun son nəfəsində onun yanında idi (Yəh. 19:26). Sonralar isə, Əllinci gün bayramında şagirdlər müqəddəs ruh alan zaman Məryəm də Yerusəlimdə onların arasında idi (Həv. 1:13, 14). O, böyük ehtimal ki, oradakılarla birgə məsh olunmuşdu. Bu isə o deməkdir ki, o, İsa Məsihlə birgə göydə əbədi yaşamaq şərəfinə layiq görüldü. Məryəmə sədaqətinə görə necə də möhtəşəm mükafat nəsib oldu!
YEHOVA İSA MƏSİHİ ŞƏRƏFƏ YÜKSƏLDİR
15. İsa Məsih yer üzündə olan zaman Yehova ona rəğbət bəslədiyini necə göstərmişdi?
15 İsa Məsih öz dövrünün dini və siyasi liderlərindən xüsusi ehtiram gözləmirdi. Onun üçün Yehovanın rəğbətini qazanmaq hər şeydən önəmli idi. Yehova düz üç dəfə Oğlundan razı qaldığını deyəndə təsəvvür etmək olar o, necə ruhlanmışdı. İsa Məsih İordan çayında vəftiz olunandan dərhal sonra Yehova demişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mət. 3:17). Görünür, İsadan başqa bu sözləri yalnız Vəftizçi Yəhya eşitmişdi. Daha sonra, İsanın ölümündən təxminən bir il əvvəl üç həvari Yehovanın İsaya dediyi növbəti sözləri eşitmişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın» (Mət. 17:5). Sonuncu dəfə isə, Yehova İsa ilə onun ölümündən bir neçə gün əvvəl danışmışdı (Yəh. 12:28).
16, 17. Yehova İsanı hansı şərəfə yüksəltdi?
16 İsa Məsih kafir adlandırılaraq rüsvaycasına öldürüləcəyini bilirdi. Bununla belə, o, öz iradəsinin yox, Yehovanın iradəsinin yerinə yetməsi üçün dua edirdi (Mət. 26:39, 42). İsa Məsih «rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü», çünki dünyanın yox, Atasının rəğbətini qazanmaq istəyirdi (İbr. 12:2). Bəs Yehova ona rəğbət bəslədiyini necə göstərdi?
17 Yer üzündə olarkən İsa Allahın onu göydə sahib olduğu şərəfə yenidən yüksəltməsi üçün dua edirdi (Yəh. 17:5). Müqəddəs Kitabın heç bir yerində İsanın daha artığına ümid etdiyinə rast gəlmirik. O, yer üzündə gördüyü işlərə görə xüsusi mükafat alacağını gözləmirdi. Bəs Yehova nə etdi? Yehova İsanın ağlına belə gətirmədiyi bir şey etdi: «onu daha yüksək mövqeyə ucaltdı» və ona o vaxta qədər heç kəsin sahib olmadığı bir şeyi — ruhani varlıq kimi ölməzliyi bəxş etdi!a (Filip. 2:9; 1 Tim. 6:16). Yehova Məsihə sədaqətinə görə necə də möhtəşəm mükafat verdi!
18. Nəyin sayəsində dünyanın rəğbətini qazanmaq meylimizə üstün gələ bilərik?
18 Bu dünyanın rəğbətini qazanmaq istəyindən özümüzü necə qoruya bilərik? Gəlin unutmayaq ki, Yehova sadiq bəndələrini həmişə dəyərləndirir və çox vaxt onları gözləmədikləri tərzdə mükafatlandırır. Kim bilir gələcəkdə bizi hansı möhtəşəm mükafatlar gözləyir! Amma indi, bu dünyanın çətinlikləri ilə çarpışıb-vuruşduğumuz bir vaxt unutmamalıyıq ki, bu dünya və dünyanın bizə verə biləcəyi istənilən şan-şöhrət keçib getmək üzrədir (1 Yəh. 2:17). Məhəbbətli Yaradanımız ədalətsiz deyil ki, «Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Bəli, Allahımız bizə rəğbətini göstərəcək, hətta ola bilsin, heç təsəvvürümüzə belə gətirmədiyimiz tərzdə!
a Bu, həqiqətən də gözlənilməz mükafat idi, çünki Tövratda ölməz həyat barədə heç nə yazılmayıb.