Unutqan dinləyicilər olmayın
“Allah kəlamını yalnız eşitməklə kifayətlənib, özünüzü aldatmayın; bu kəlamın icraçısı da olun” (YAQUB 1:22).
1. Qədim İsrail xalqı hansı mö’cüzələrin şahidi olmaq şərəfinə layiq görüldü?
“UNUDULMAZ” — bu söz, qədim Misirdə Yeqovanın göstərdiyi mö’cüzələri təsvir etmək üçün münasib sözdür. On cəzadan hər biri, şübhəsiz ki, qorxu oyadan idi. Bu zərbələrdən sonra isə, Qırmızı dənizin aralanmış suları arasından keçərək, İsrail xalqı valehedici tərzdə azad edildi (Təsniyə 34:10—12). Əgər siz bu hadisələrin şahidi olsaydınız, ümidvarıq ki, həmin hadisələri öz iradəsinə əsasən həyata keçirən Şəxsi heç zaman unutmazdınız. Amma məzmurçu oxuyurdu: “[İsraillilər] Allahı, xilaskarlarını unutdular, Misirdə əzəmətli işlər qörəni, Ham ölkəsində möhtəşəm işlər qörəni, Qırmızı dənizdə vəhmli işlər qörəni unutdular” (Məzmur 106:21, 22).
2. Nədən görünür ki, israillilər Allaha olan minnətdarlıq hissini tez itirdilər?
2 İsraillilər Qırmızı dənizdən keçərkən “Rəbdən qorxdular və Rəbbə... inandılar” (Çıxış 14:31). Kişilər Musa ilə birlikdə Yeqovaya zəfər nəğməsi oxudular, Məryəm ilə digər qadınlar isə dəflərdə çalıb, oynayaraq həmin nəğməni təkrar etdilər (Çıxış 15:1, 20). Bəli, Yeqovanın qüdrətli işləri, Onun xalqına böyük tə’sir bağışlamışdı. Amma israillilər bu işləri Edənə qarşı minnətdarlıq hissini tez itirdilər. Artıq tezliklə, onlardan çoxu yaddaşdan məhrum olan insanlar kimi davrandılar. Onlar Yeqovaya qarşı deyinməyə və gileylənməyə başladılar. Bə’ziləri isə bütpərəstlik və əxlaqsızlıqla məşğul oldular (Saylar 14:27; 25:1—9).
Bizi nə unutqan edə bilər?
3. Qeyri-kamil olduğumuz üçün nələri unuda bilərik?
3 İsraillilərin nankorluğunu anlamaq, doğrudan da çətindir. Ancaq bu cür hadisə bizimlə də baş verə bilər. Bəli, biz, Allahın mö’cüzələrinin şahidi olmamışıq. Ancaq Allahla münasibətimiz inkişaf etməyə başladığı gündən ruhani həyatımızda, şübhəsiz ki, unudulmaz hadisələr olubdur. Bə’ziləri Müqəddəs Kitab həqiqətini necə qəbul etdiklərini xatırlayırlar. Digər sevincli anları, məsələn, özümüzü Yeqovaya həsr etmək üçün Ona söylədiyimiz duanı, məsihçi xüsusunda suda vəftiz olunmağımızı da sadalamaq olar. Bizlərdən çoxumuz Yeqovanın köməyini həyatın başqa sahəsində hiss edibdir (Məzmur 118:15). Ən əsası isə odur ki, Allahın Oğlu İsa Məsihin qurbanlıq ölümü vasitəsilə xilas olmaq ümidinə malikik (Yəhya 3:16). Bütün bunlara baxmayaraq, xoşagəlməz meyllərimiz yarananda və ya həyat çətinliklərilə qarşılaşanda, qeyri-kamil olduğumuza görə, Yeqovanın bizim üçün etdiyi xeyirxahlıqları asanlıqla unuda bilərik.
4, 5. a) Unutqan dinləyicilər olmaq təhlükəsi haqqında Yaqub hansı xəbərdarlığı verdi? b) Yaqubun insan və güzgü haqqında istifadə etdiyi əyani nümunəsindəki prinsipə biz necə riayət edə bilərik?
4 İsanın anabir qardaşı Yaqub həmimanlılarına yazdığı məktubunda, unutqan dinləyicilər olmağın təhlükəsi haqqında xəbərdarlıq edirdi. O yazırdı: “Allah kəlamını yalnız eşitməklə kifayətlənib, özünüzü aldatmayın; bu kəlamın icraçısı da olun. Çünki kəlamı eşidib onu icra etməyən, güzgüdə öz sifətinin cizgilərini seyr edən adama bənzəyir: o öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur” (Yaqub 1:22—24). Yaqub bu sözlərlə nə demək istəyirdi?
5 Biz, xarici görünüşümüzdə düzəlişə ehtiyac olan yerləri görmək üçün adətən hər səhər güzgüyə baxırıq. Ancaq başımız müxtəlif işlərə qarışanda, güzgüdə gördüklərimiz haqqında artıq fikirləşmirik. Ruhani mə’nada da buna bənzər hal baş verə bilər. Allahın Kəlamında “özümüzə baxaraq”, hazırda necə olduğumuz vəziyyəti Yeqovanın bizdən gözlədiyi vəziyyətlə müqayisə edirik. Bu zaman nöqsanlarımız üzə çıxır. Nöqsanlarımızı aşkar etdikdə isə, özümüzdə dəyişiklik etməyə təşviq hissi duymalıyıq. Amma gündəlik işlərlə və problemlərimizin həlli ilə məşğul olarkən, ruhani işlər barədə fikirləşməyi asanlıqla unuda bilərik (Matta 5:3; Luka 21:34). Bununla da sanki, sevən Allahın bizim üçün etdiyi işləri unuduruq. Əgər buna yol veririksə, günahlı meyllər bizə hakim ola bilər.
6. Yeqovanın sözünü unutmamaqda Müqəddəs Kitabın hansı ayələri bizə kömək edə bilər?
6 Həvari Pavel, korinflilərə yazdığı birinci məktubunda, səhrada gəzən unutqan israillilərdən də bəhs edir. Pavelin yazdıqları, birinci əsrdəki məsihçilərə fayda verdiyi kimi, Yeqovanın sözlərini unutmamaqda bizə də kömək edə bilər. Beləliklə, gəlin 1 Korinflilərə 10:1—12 ayələrini nəzərdən keçirək.
Dünyəvi ehtirasları rədd edin
7. İsraillilər Yeqovanın onları sevdiyinə dair hansı əsaslı şəhadətliyi aldılar?
7 Pavelin israillilər haqqında yazdıqları məsihçilər üçün xəbərdarlıqdır. O yazırdı: “Qardaşlar, sizi xəbərsiz qoymaq istəmirəm ki, atalarımızın hamısı bulud altında idi və hamısı dənizdən keçdi; və hamısı Musaya, buluda və dənizə vəftiz olundular” (1 Korinflilərə 10:1—4, İ—93). Musanın günlərində İsrail xalqı Allahın qüvvəsinin qüdrətli tərzdə təzahürünü, o cümlədən onlara gündüz yol göstərən və Qırmızı dənizi keçərək qaçıb xilas olmaqda kömək edən qeyri-təbii bulud sütununu gördü (Çıxış 13:21; 14:21, 22). Bəli, israillilər Yeqovanın onları sevdiyinə dair əsaslı şəhadətlik aldılar.
8. İsraillilərin ruhani işləri unutmaları nəyə gətirib çıxardı?
8 “Amma Allah onların çoxundan razı deyildi; çünki cəsədləri səhraya sərildi”, deyə Pavel davam edir (1 Korinflilərə 10:5). Necə də kədərlidir! Misirdən çıxan israillilərin əksəriyyəti Və’d edilən diyara daxil olmağa layiq görülmədi. Onlar, imansızlıqları ucbatından Allahın lütfünü itirərək səhrada öldülər (İbranilərə 3:16—19). Biz bundan hansı ibrət dərsini ala bilərik? Pavel deyir: “Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək” (1 Korinflilərə 10:6).
9. Yeqova öz xalqının qeydinə necə qaldı və israillilər buna necə münasibət göstərdilər?
9 Səhrada ruhani möhkəmliklərini qorumaq üçün israillilər çox şeyə malik idilər. Onlar Yeqova ilə əhd bağladılar və Ona həsr olunmuş xalq oldular. Onlara kahinlik, həmçinin ibadətin mərkəzi sayılan səyyar mə’bəd və Yeqovaya qurbanlar təqdim etməyə dair qanunlar verilmişdi. İsraillilər isə bu ruhani bəxşişlərə görə sevinmək əvəzinə, Allahın onlara verdiyi maddi ne’mətlərə narazılıq etməyə başladılar (Saylar 11:4—6).
10. Biz nəyə görə Allahı daima xatirimizdə saxlamalıyıq?
10 Səhrada gəzib-dolaşan israillilərdən fərqli olaraq, Yeqovanın müasir xalqı Onun lütfünə malikdir. Ancaq ayrı-ayrılıqda hər birimiz üçün Allahı heç zaman unutmamaq olduqca vacibdir. Bu, ruhani nəzərlərimizi zəiflədə bilən mənfəətpərəst meyllərə müqavimət göstərməkdə bizə kömək edər. Biz, “Allaha qarşı hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib, bu dünyada təmkinli, saleh və Allah yoluna uyğun bir ömür” sürməyə qəti qərarlı olmalıyıq (Titusa 2:12). Bizlərdən məsihçi yığıncağına uşaqlıqdan məxsus olan kəslər, yaxşı bir şey itirdiyini düşünməməlidirlər. Əgər ağlımıza belə fikirlər gəlirsə, Yeqovanı və Onun bizim üçün hazırladığı gözəl xeyir-duaları xatırlamaq vacibdir (İbranilərə 12:2, 3).
Yeqovaya hər şeydə itaətkarlıq
11, 12. İnsan, surətlərə pərəstiş etmədən, necə bütpərəst ola bilər?
11 Pavel bizi daha bir təhlükə haqqında xəbərdar edir: “Onların bə’ziləri kimi bütpərəst də olmayın. Onların haqqında belə yazılmışdır: “Xalq yeyib-içmək üçün oturdu və qalxıb çılğınlıqla əylənməyə başladı” (1 Korinflilərə 10:7). Pavel bu ayədə, qızıl dana düzəltmək üçün israillilərin Harunu yola gətirdikləri haqqında söyləyir (Çıxış 32:1—4). Çətin ki, bizlərdən kim isə həqiqi mə’nada bütpərəstliyə can atsın. Lakin başqa bir təhlükə mövcuddur. Eqoist meyllərin, bizi Yeqovaya ürəkdən ibadət etməkdən yayındırmasına yol verməklə bütpərəstliyə qapıla bilərik (Koloslulara 3:5).
12 Pavel başqa məktubunda, ruhani yox, ilk növbədə maddi şeylərin qayğısını çəkən adamlar haqqında yazmışdır. O, “Məsihin çarmıxının düşmənləri kimi hərəkət edən” insanlar haqqında yazırdı: “Onların sonu ölüm, onların tanrısı qarın”dır (Filipililərə 3:18, 19). Bu adamların ibadət etdikləri büt oyma surət deyildi. Onların bütü maddi şeylərə can atmaları idi. Sözsüz ki, istəklərin hamısı pis deyil. Yeqova bizi müxtəlif tələbatlarla və müxtəlif şeylərdən həzz almaq qabiliyyəti ilə yaradıb. Ancaq kef-səfa dalınca qaçmağı Allahla münasibətdən üstün tutan şəxsləri cəsarətlə bütpərəst adlandırmaq olar (2 Timoteyə 3:1—5).
13. Qızıl dana əhvalatından biz nəyə öyrənə bilərik?
13 İsraillilər Misirdən çıxdıqdan sonra, ibadət etmək üçün qızıl dana düzəltdilər. Bu hadisənin söylənilməsində, bütpərəstliyə qarşı xəbərdarlıqdan əlavə, vacib olan başqa bir ibrət dərsi də var. İsraillilər Yeqovanın aydın göstərişinə itaətsizlik etdilər (Çıxış 20:4—6). Lakin onlar, Yeqovanı öz Allahları kimi inkar etmək niyyətində deyildilər. Onlar tökmə danaya qurbanlar kətirir və bu mərasimi “Yeqovaya bayram” (YD) adlandırırdılar. Etdikləri bütpərəstliyə Allahın diqqət yetirməyəcəyini düşünərək, israillilər özlərini aldadırdılar. Bu davranış Yeqova üçün təhqiredici idi və Onu çox qəzəbləndirdi (Çıxış 32:5, 7—10; Məzmur 106:19, 20).
14, 15. a) Unutqan dinləyicilər olmaları israillilərə nə üçün bəraət qazandırmırdı? b) Əgər unutqan dinləyicilər olmamağa qəti qərarlıyıqsa, Yeqovanın əmrlərilə əlaqədar necə davranacağıq?
14 Çətin ki, Yeqovanın Şahidlərindən kim isə yalan dinə qoşulmaq fikrinə düşsün. Lakin yığıncağın üzvü olduğuna baxmayaraq da, kim isə Yeqovanın göstərişinə zidd davrana bilər. Unutqan dinləyicilər olmaları İsrail xalqına bəraət qazandırmırdı. Onlar On əmri eşitmiş və Musa Allahın: “Mənimlə başqa ilahilər düzəltməyəcəksiniz; özünüz üçün gümüşdən ilahilər, qızıldan ilahilər düzəltməyəcəksiniz” əmrini oxuyanda iştirak etmişdilər (Çıxış 20:18, 19, 22, 23). Buna baxmayaraq, israillilər qızıl danaya ibadət edirdilər.
15 Unutqan dinləyicilər olarıqsa, biz də bəraət qazana bilmərik. Müqəddəs Yazılarda həyatın müxtəlif sahələrinə aid Allahın göstərişləri var. Məsələn, Yeqovanın Kəlamı, borc pul alıb geri qaytarmayan insanları qəti şəkildə mühakimə edir (Məzmur 37:21). Müqəddəs Kitab uşaqlara valideynlərinə tabe olmağı, atalara isə övladlarını “Rəbbin... nəsihəti ilə” böyütməyi buyurur (Efeslilərə 6:1—4). Subay məsihçilərə göstəriş verilir ki, “yalnız... Rəbbə bağlı” olanlarla ailə qursunlar, Allahın evli olan xidmətçilərinə isə deyilir: “Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir” (1 Korinflilərə 7:39; İbranilərə 13:4). Əgər biz unutqan dinləyicilər olmamağa qəti qərarlıyıqsa, Allahın bu və ya digər göstərişlərinə çox ciddi yanaşıb, həmin göstərişlərə müvafiq surətdə davranacağıq.
16. Qızıl danaya ibadət etmək nə ilə nəticələndi?
16 Yeqova, israillilərin öz istədikləri kimi Ona ibadət etmək cəhdlərini mühakimə etdi. Üç min adam məhv edildi — onlar, ehtimala görə, qızıl danaya iğtişaşlı ibadətin səbəbkarları idilər. Digər qanunsuzları isə Yeqova özü həlak etdi (Çıxış 32:28, 35). Allahın Kəlamını oxuyan, lakin Allaha nədə itaətkar olub-olmamağı özü qərara alan kəslər üçün bu hadisə necə də ibrətvericidir!
“Cinsi əxlaqsızlıqdan çəkinin”
17. 1 Korinflilərə 10:8 ayəsində hansı hadisədən bəhs olunur?
17 Dünyəvi ehtiraslara uymaq nəticəsində yaranan ruhani unutqanlığın nəyə səbəb olduğunu Pavelin bu sözləri göstərir: “Cinsi əxlaqsızlıq etməyək; onlardan bə’ziləri elə etdilər və bir gündə iyirmi üç min nəfər öldü” (1 Korinflilərə 10:8). Burada Pavel, İsrail xalqının 40 illik səyahətinin sonunda Moav düzənliyində baş verən hadisəni nəzərdə tutur. Bu hadisələrdən bir qədər əvvəl Yeqova onlara İordanın şərqindəki məmləkəti ələ keçirməyə kömək etdi, amma onlardan çoxu unutqan və nankor çıxdılar. Və’d edilən diyarın sərhəddi yaxınlığında İsrail xalqı cinsi əxlaqsızlığa və Baal-peora edilən natəmiz ibadətə uydu. Təxminən 24 min adam məhv edildi, onlardan min nəfəri isə həmin işlərin səbəbkarı idi (Saylar 25:9).
18. Hansı hərəkətlər cinsi əxlaqsızlığa sövq edə bilər?
18 Bu gün Yeqovanın xalqı özünün yüksək əxlaq normaları ilə tanınır. Amma bə’zi məsihçilər, cinsi əxlaqsızlığa həvəs yaranan zaman, Allah və Onun prinsipləri haqqında düşünməyə son qoydular. Onlar unutqan dinləyicilər oldular. Əvvəlcə zina etmək yox, pornoqrafiyaya baxmaq, nalayiq zarafatlar, eşqbazlıq etmək və ya əxlaqi cəhətdən sürüşkən olan insanlarla yaxın ünsiyyətdə olmaq həvəsi yarana bilər. Bütün bunlar məsihçini günah işlətməyə təhrik edir (1 Korinflilərə 15:33; Yaqub 4:4).
19. Müqəddəs Kitabın hansı nəsihəti “cinsi əxlaqsızlıqdan çəkinməyə” bizə kömək edir?
19 Əgər əxlaqsızlıqla məşğul olmaq həvəsi yaranırsa, Yeqova haqqında düşünməyə son qoymaq olmaz. Əksinə, Onun Kəlamındakı “xatırlatmalara” riayət etmək lazımdır (Məzmur 119:1, 2, YD). Biz məsihçilərdən çoxu əxlaqca təmiz qalmağa çalışır, ancaq Allahın normaları əsasında davranmaq üçün, daima qüvvə sərf etmək lazımdır (1 Korinflilərə 9:27). Pavel Romada yaşayan məsihçilərə yazırdı: “Sizin itaətiniz hamıya bəllidir; bunun üçün mən sizə görə sevinirəm. Amma sizin yaxşılıq barədə, müdrik və pislik barədə mə’sum olmanızı istəyirəm” (Romalılara 16:19). İsraillilərin 24 min nəfəri işlətdiyi günahlara görə e’dam olunduğu kimi, müasir zinakarlar və qanunsuzlar üzərində də tezliklə Yeqovanın məhkəməsi olacaqdır (Efeslilərə 5:3—6). Buna görə də biz, unutqan dinləyicilər olmamalı, “cinsi əxlaqsızlıqdan çəkinməyə” davam etməliyik (1 Korinflilərə 6:18).
Yeqovanın bəxşişlərini həmişə qiymətləndirin
20. İsraillilər Yeqovanı necə sınadılar və bu nəyə səbəb oldu?
20 Məsihçilərin böyük əksəriyyəti cinsi əxlaqsızlığa uymurlar. Buna baxmayaraq, özümüzdə deyingənliyi vərdiş etdirməkdən qaçınmalıyıq, çünki bu xüsusiyyətlə Yeqovanın narazılığını qazana bilərik. Pavel bizə nəsihət edir: “Məsihi [“Yeqovanı”, YD] sınamayaq; onlardan [israillilərdən] bə’ziləri elə etdi və ilanlarla həlak edildilər. Deyinməyin; onlardan bə’ziləri deyindilər və öldürücü mələk tərəfindən məhv edildilər” (1 Korinflilərə 10:9, 10). İsrail xalqı Musaya və Haruna — hətta Allahın özünə qarşı da deyindi: onlar mö’cüzəli şəkildə verilən mannaya narazılıq etdilər (Saylar 16:41; 21:5). Onların deyinmələri, Yeqova üçün zinakarlıqdan azmı təhqir oldu? Müqəddəs Kitab göstərir ki, deyingənlərin əksəriyyəti ilanlarla həlak edildi (Saylar 21:6). Bu hadisədən əvvəl isə 14 700-dən çox deyingən adam məhv edilmişdi (Saylar 16:49). Gəlin, verdiyi bəxşişlərə hörmətsiz yanaşmaqla Yeqovanın səbrini tükəndirməyək.
21. a) Pavel, Allah tərəfindən ilhamlanan hansı xəbərdarlığı yazmışdı? b) Yaqub 1:25 ayəsinə əsasən, bizi əsl mə’nada nə xoşbəxt edə bilər?
21 Məsihçilərə yazdığı xəbərdarlığı Pavel bu nəsihətlə tamamlayır: “Bütün bunlar ibrət olaraq onların başına gəlirdi; son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq qeyd edildi. Buna görə də, kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın” (1 Korinflilərə 10:11, 12). İsraillilər kimi, biz də Yeqovadan çox xeyir-dualar almışıq. Amma xeyirxah işlərinə görə Allaha minnətdarlıq etməyi unutmaqla, israillilərə bənzəməməliyik. Həyatın çətinlikləri bizi əldən salanda, gəlin Allahın Kəlamındakı valehedici və’dlər üzərində düşünək. Gəlin Yeqova ilə olan dəyərli münasibətimizi həmişə yadda saxlayaq və Padşahlıq haqqında təbliğ etmək üçün bizə həvalə olunan işi yerinə yetirməyə davam edək (Matta 24:14; 28:19, 20). Belə davranmağımız bizi mütləq xoşbəxt edəcəkdir, çünki Müqəddəs Yazılar və’d edir: “Lakin kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır” (Yaqub 1:25).
Siz necə cavab verərdiniz?
• Unutqan dinləyicilər olmağımıza nə səbəb ola bilər?
• Allaha hər şeydə itaətkar olmaq nəyə görə çox vacibdir?
• “Cinsi əxlaqsızlıqdan” necə çəkinə bilərik?
• Yeqovanın bəxşişlərinə necə yanaşmalıyıq?
[9-cu səhifədəki şəkil]
İsraillilər Allahın onlar üçün etdiyi qüdrətli işləri unutdular.
[10-cu səhifədəki şəkil]
Yeqovanın xidmətçiləri yüksək əxlaq normalarına riayət etməyə qəti qərarlıdırlar.