Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin
«Qoy bütün etdikləriniz məhəbbətlə olsun» (1 KORİNFLİLƏRƏ 16:14).
1. Dünyaya göz açan körpənin valideynləri hansı hissləri keçirirlər?
VALİDEYNLƏRİN əksəriyyəti uşağın dünyaya gəlməsinin həyatda ən sevindirici hadisələrdən biri olduğu ilə razıdır. Elya adlı bir ana deyir: «Yeni doğulan qızıma ilk dəfə baxanda məni xoşbəxtlik hissi bürüdü. Sanırdım ki, dünyada ondan gözəl uşaq yoxdur». Lakin uşağın anadan olması sevindirici hal olmaqla yanaşı, valideynlər üçün narahatçılığa da səbəb olur. Elyanın həyat yoldaşı deyir: «Məni narahat edən o idi ki, qızıma həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün lazımi tə’lim-tərbiyəni verə biləcəyəm, ya yox». Bu kimi hisslər bir çox valideynlərə tanışdır və onlar uşaqlarına məhəbbətlə tə’lim verməyin vacib olduğunu anlayırlar. Lakin uşaqlarına məhəbbətlə tərbiyə vermək istəyən məsihçi valideynlər çətinliklərlə üzləşirlər. Bu çətinliklərdən bə’ziləri hansılardır?
2. Valideynlər hansı çətinliklərlə üzləşirlər?
2 Biz indiki sistemin axır günlərinin sona çatdığı bir dövrdə yaşayırıq. Qabaqcadan deyildiyi kimi, yaşadığımız zəmanədə insanlarda məhəbbət çatışmır. Hətta ailə üzvləri belə bir-birləri ilə «şəfqətsiz» davranır və «nankor, qüdsiyyətdən məhrum... nəfsini saxlamayan, azğın» olmuşlar (2 Timoteyə 3:1-5). Bu cür xüsusiyyətləri təzahür etdirən insanlarla hər gün təmasda olmaq, məsihçilərin ailədə bir-birləri ilə necə rəftar etmələrinə tə’sir edə bilər. Bundan əlavə, valideynlər miras aldıqları müəyyən meyllərlə mübarizə aparırlar, məsələn, onlar çalışırlar ki, özlərindən çıxmasınlar, qeyri-ixtiyari olaraq ürəksındıran sözlər deməsinlər və ya düşünülməmiş hərəkətlər etməsinlər (Romalılara 3:23; Yaqub 3:2, 8, 9).
3. Valideynlər uşaqlarını necə xoşbəxt böyüdə bilərlər?
3 Bu çətinliklərə baxmayaraq, valideynlər xoşbəxt və Allahla yaxşı münasibətləri olan uşaqlar böyüdə bilərlər. Bu necə mümkündür? Valideynlər buna, Müqəddəs Kitabın «qoy bütün etdikləriniz məhəbbətlə olsun» məsləhətinə əməl etməklə nail olarlar (1 Korinflilərə 16:14). Həqiqətən də, məhəbbət ‘kamil birliyin bağıdır’ (Koloslulara 3:14). Gəlin həvari Pavelin korinflilərə yazdığı birinci məktubunda təsvir etdiyi məhəbbətin üç cəhətini araşdıraq və görək valideynlər uşaqlarına tərbiyə verərkən bu xüsusiyyəti necə təzahür etdirə bilərlər (1 Korinflilərə 13:4-8).
Valideynlər səbirli olmalıdırlar
4. Valideynlər nəyə görə səbirli olmalıdırlar?
4 Pavel yazmışdı: ‘Məhəbbət səbirlidir’ (1 Korinflilərə 13:4). Burada «səbir» kimi tərcümə olunan yunan ifadəsi dözmək və gec qəzəblənmək mə’nasını daşıyır. Valideynlər nəyə görə səbirli olmalıdırlar? Əlbəttə, əksər valideynlər bir çox səbəblər sadalaya bilər. Gəlin onlardan bir neçəsinə nəzər salaq. Uşaqlar istədiklərini almaq üçün adətən valideynlərinə dönə-dönə üz tuturlar. Valideyn qəti surətdə yox desə də, uşaq istədiyinə nail olmaq üçün onu təngə gətirə bilər. Yeniyetmələr isə, hətta valideynlərinin ağılsızlıq sandıqları bir şeyə icazə almaq üçün səhərdən axşama qədər mübahisə edə bilərlər (Süleymanın məsəlləri 22:15). Hər birimiz kimi, uşaqlar da öz səhvlərindən bə’zilərini təkrarlamağa meyllidirlər (Məzmur 130:3).
5. Valideynlərə səbirli olmağa nə kömək edər?
5 Uşaqları ilə səbir və dözümlə davranmağa valideynlərə nə kömək edə bilər? Süleyman padşah yazırdı: «İnsanın ağlı hiddəti ləngidər» (Süleymanın məsəlləri 19:11). Valideynlər vaxtilə özlərinin də ‘körpə kimi danışdıqlarını, körpə kimi düşündüklərini, körpə kimi mühakimə etdiklərini’ yada salsalar, uşaqlarının bu və ya digər hərəkətlərini başa düşərlər (1 Korinflilərə 13:11). Valideynlər, uşaqlıqda ata-ananız istədiyinizi etsinlər deyə onları təngə gətirdiyiniz halları xatırlayırsınızmı? Məgər yeniyetmə olanda heç fikirləşmirdinizmi ki, valideynləriniz hiss və problemlərinizi heç cür başa düşmürlər? Əgər belədirsə, çox ehtimal ki, siz uşaqlarınızın müəyyən hərəkətini başa düşər və onlara öz qərarlarınızı nəyə görə müntəzəm və səbirlə xatırlatmaq lazım gəldiyini anlayarsınız (Koloslulara 4:6). Diqqətəlayiqdir ki, Yehova israillilərə Öz qanunlarını uşaqlarının ‘şüuruna yaxşı-yaxşı yeritməyi’ tapşırmışdı (Qanunun təkrarı 6:6, 7). «Şüura yaxşı-yaxşı yeritmək» kimi tərcümə olunan ibrani sözü «təkrarlamaq», «dönə-dönə demək» və «təlqin etmək» mə’nasını daşıyır. Bu o deməkdir ki, uşaq Allahın qanunlarını tətbiq etməyi öyrənsin deyə, valideynlər eyni şeyi dəfələrlə təkrar etməli ola bilərlər. Bu cür təkrarlama çox vaxt həyatda başqa şeyləri öyrətmək üçün də lazım gələ bilər.
6. Nəyə görə səbirli valideyn uşağının yanlış hərəkətinə göz yuman valideyn deyil?
6 Ancaq səbirli valideyn olmaq, uşaqlarının Allahın bəyənmədiyi hərəkətinə göz yummaq, yaxud dözmək demək deyil. Allahın Kəlamı xəbərdar edir: «Özbaşına qalan uşaq anasını rüsvay edər». Bunun baş verməməsi üçün həmin məsəldə deyilir: «Kötək və məzəmmət hikmət gətirər» (Süleymanın məsəlləri 29:15). Bə’zən uşaq iddia edə bilər ki, ata-ananın onu məzəmmət etmək ixtiyarı yoxdur. Ancaq məsihçi ailələri demokratiya prinsipləri ilə idarə edilməməlidir, yə’ni valideynlərin evdə hansı qayda-qanunu tə’sis edib-etməyəcəkləri uşaqların razılığından asılı olmamalıdır. Ailənin Başı olan Yehova valideynlərə uşaqlarını məhəbbətlə öyrətmək və tərbiyə etmək səlahiyyəti verib (1 Korinflilərə 11:3; Efeslilərə 3:14; 6:1-4). Belə baxsaq, tərbiyə, Pavelin xatırlatdığı məhəbbətin növbəti cəhəti ilə sıx bağlıdır.
Məhəbbətlə tərbiyə etmək
7. Xeyirxah valideynlər nəyə görə uşaqlarını tərbiyə edirlər və belə tərbiyəyə nə daxildir?
7 Pavel yazmışdı ki, «məhəbbət... xeyirxahdır» (1 Korinflilərə 13:4). Sözün əsl mə’nasında xeyirxah olan valideyn uşağını tərbiyə etmək üsulunu tez-tez dəyişmir və bununla Yehovanı təqlid edir. Pavel demişdi: «Rəbb sevdiyini tərbiyə edər». Diqqət yetirin ki, Müqəddəs Kitabda tərbiyə etmək sözü altında sadəcə cəzalandırmaq nəzərdə tutulmur. Bu, tə’lim-tərbiyə vermək deməkdir. Belə tərbiyədə məqsəd nədir? Pavel qeyd edir: «Tərbiyə... salehliyin dinclik səmərəsini hasil edir» (İbranilərə 12:5, 6, 11). Valideynlər uşaqlarını Allahın iradəsinə uyğun olaraq xeyirxahlıqla tərbiyə edəndə onların dinc, düzgün insan olmalarına kömək edirlər. Əgər uşaqlar Yehovanın ‘verdiyi tərbiyəni’ qəbul edirlərsə, onlar qızıl-gümüşdən qiymətli olan hikmət, bilik və dərrakəyə sahib olurlar (Süleymanın məsəlləri 3:11-18).
8. Valideynlər uşaqlarını tərbiyə etməyəndə adətən bu nəyə gətirib çıxarır?
8 Digər tərəfdən, valideynlər uşaqlarını tərbiyə etmirlərsə, bu xeyirxahlıq deyil. Süleyman Yehovadan ilham alaraq yazmışdı: «Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, oğlunu sevən ona düzgün tərbiyə verər» (Süleymanın məsəlləri 13:24). Tərbiyədə sabitlik olmayanda, çox ehtimal ki, uşaq eqoist və bədbəxt olacaq. Lakin təcrübə göstərir ki, valideynlər uşaqlarını şəfqətlə, eyni zamanda konkret qayda-qanunlar çərçivəsində böyüdəndə onlar məktəbdə yaxşı oxuyur, başqaları ilə yaxşı yola gedir və adətən, xoşbəxt olurlar. Uşaqlarını xeyirxahlıqla tərbiyə edən valideynlər həqiqətən də onları sevdiklərini göstərirlər.
9. Məsihçi valideynlər uşaqlarına nə öyrədirlər və uşaqlar bu tələblərə necə yanaşmalıdırlar?
9 Uşaqları xeyirxahlıq və məhəbbətlə tərbiyə etmək nə deməkdir? Valideynlər uşaqlarından nə tələb olunduğunu onlarla açıq-aydın müzakirə etməlidirlər. Məsələn, məsihçi valideynlər Müqəddəs Kitabın əsas prinsiplərini uşaqlarına lap körpə yaşlarından aşılayır və həqiqi ibadətin müxtəlif növlərində iştirak etməyin vacibliyini öyrədirlər (Çıxış 20:12-17; Matta 22:37-40; 28:19; İbranilərə 10:24, 25). Uşaqlar bu tələblərin dəyişməz olduğunu bilməlidirlər.
10, 11. Valideynlər evdə qayda-qanunlar tə’sis edəndə nə üçün uşaqlarının istəyini nəzərə ala bilərlər?
10 Valideynlər evdə müəyyən qayda-qanunlar tə’sis etməzdən əvvəl, ola bilsin, hərdən onları uşaqları ilə müzakirə etmək istəsinlər. Uşaqlar belə müzakirədə iştirak etsələr, qoyulan qayda-qanunlara tabe olmağa daha həvəsli olacaqlar. Məsələn, valideynlər uşaqlarından vaxtında evdə olmağı tələb edirlərsə, onda konkret vaxt tə’yin etməlidirlər. Başqa bir variant kimi, onlar yol verə bilərlər ki, bu vaxtı uşaqların özləri seçsin və öz seçimlərinin səbəbini izah etsinlər. Sonra isə valideynlər özlərinin qoyduqları vaxtı deyə və bunu nəyə görə ən münasib hesab etdiklərini başa sala bilərlər. Çox ehtimal ki, fikir ayrılığı yaranacaq, bəs onda nə etməli? Müqəddəs Kitab prinsipləri pozulmursa, bə’zi hallarda valideynlər uşaqlarına güzəştə getməyi qərara ala bilərlər. Bu o deməkdirmi ki, valideynlər məs’uliyyətlərini öz üzərindən atırlar?
11 Bu suala cavab vermək üçün gəlin, Yehovanın Lut və onun ailəsilə davranarkən Öz səlahiyyətindən məhəbbətlə istifadə etdiyinə nəzər salaq. Mələklər Lutu, arvadını və qızlarını Sodomdan çıxaranda dedilər: «Dağa qalx, yoxsa həlak olarsan». Lakin Lut e’tiraz edərək öz təklifini dedi: «Aman, ağam!.. Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım». Bəs Yehova buna necə cavab verdi? O dedi: «Sənin xatirinə bunu da edərəm» (Yaradılış 19:17-22). Belə etməklə Yehova səlahiyyətini Öz üzərindən atdımı? Xeyr, bu heç də belə deyil! O bu halda Lutun xahişini nəzərə alıb, onunla xeyirxah davrandı. Bəs siz evdə qayda-qanunlar tə’sis edərkən uşaqlarınızın istəyini nəzərə aldığınız vaxtlar olurmu?
12. Uşağın özünü rahat hiss etməsinə nə kömək edər?
12 Əlbəttə, uşaqlar yalnız qayda-qanunları yox, həmçinin onları pozarkən alacaqları cəzanı da bilməlidirlər. Cəza tədbirləri müzakirə və izah edildikdən sonra qaydalar tətbiq edilməlidir. Əgər valideynlər uşaqlarına layiq olduqları cəzanı verəcəklərini həmişə deyir, amma bunu etmirlərsə, məhəbbətlə davranmırlar. Müqəddəs Kitab deyir: «Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır» (Vaiz 8:11). Uşağı utandırmamaq üçün valideyn onu başqalarının və ya həmyaşıdlarının yanında cəzalandırmamağı qərara ala bilər. Amma uşaqlar cəza məsələsində belə, valideynlərinin «bəli»sinin bəli, «xeyr»inin xeyr olduğunu bilirlərsə, onlar özlərini daha rahat hiss edəcək, valideynlərinə hörmət və məhəbbətləri daha da artacaq (Matta 5:37).
13, 14. Valideynlər uşaqlarına tərbiyə verməkdə Yehovadan necə nümunə götürə bilərlər?
13 Əgər valideyn cəza növü seçəndə və onu verəndə uşağını nəzərə alırsa, xeyirxah davranmış olur. Pam xatırlayır: «İki uşağımızı tərbiyələndirərkən müxtəlif üsullardan istifadə edirdik. Eyni üsul bir uşağa tə’sir edirdisə, o birisinə tə’sir etmirdi». Onun əri Larri əlavə edir: «Böyük qızımız tərs idi və anlayırdıq ki, ona yalnız daha ciddi tərbiyə üsulu tə’sir edir. Kiçik qızımıza isə bir-iki tənbehedici söz və narazı baxışlar kifayət edirdi». Sevən valideynlər hər uşağı üçün hansı tərbiyə üsulunun müvafiq olduğunu anlamağa çalışırlar.
14 Yehova hər xidmətçisinin güclü və zəif cəhətlərini bilməkdə valideynlərə nümunə verir (İbranilərə 4:13). Bundan əlavə, Yehova cəza verərkən nə həddindən artıq sərt, nə də çox yumşaq olur. Əksinə, O Öz xalqını həmişə «ədalətlə» cəzalandırır (Yeremya 30:11). Valideynlər, siz də uşaqlarınızın güclü və zəif cəhətlərini bilirsinizmi? Onları tərbiyələndirərkən bundan məhəbbətlə və səmərəli surətdə istifadə edirsinizmi? Əgər belədirsə, uşaqlarınızı sevdiyinizi göstərmiş olursunuz.
Səmimi ünsiyyətə təşviq edin
15, 16. Valideynlər uşaqlarını səmimi söhbətə necə təşviq edə bilərlər və məsihçi valideynlər bu sahədə hansı üsulun faydalı olduğunu aşkar etmişlər?
15 Məhəbbətin digər cəhəti odur ki, o, «haqsızlığa sevinməz, həqiqətə isə şadlanar» (1 Korinflilərə 13:6). Valideynlər uşaqlarına düzgünlüyü və həqiqəti sevməyi necə öyrədə bilərlər? Ən vacib addım, uşaqlarının dedikləri xoşagəlməz olsa belə, onları öz hisslərini açıq bölüşməyə təşviq etməkdir. Aydındır ki, uşaqların fikir və hissləri əxlaq normalarına müvafiq olanda valideynlər sevinirlər. Hərdən isə, uşağın səmimi sözlərindən onun yanlış hərəkətə meylli olduğu aşkar ola bilər (Yaradılış 8:21). Bəs valideynlər buna necə yanaşmalıdırlar? Onların ağlına gələn ilk şey, belə fikir söylədiyinə görə uşağı dərhal cəzalandırmaq ola bilər. Əgər valideynlərin reaksiyası həmişə bu cür olarsa, onda uşaqlar yalnız ata-anasının eşitmək istədiyini deməyi öyrənəcəklər. Düzdür, uşağın hörmətsiz danışığına dərhal düzəliş vermək lazımdır, ancaq uşağa necə nəzakətlə danışmağı öyrətməklə nəyi deməyi diqtə etmək arasında fərq var.
16 Valideynlər uşaqlarını səmimi söhbətə necə təşviq edə bilərlər? Yuxarıda sözləri gətirilən Elya deyir: «Uşağımız bizi narahat edən şeyləri deyəndə, kəskin reaksiya verməməyə çalışaraq, açıq ünsiyyətə şərait yaradırdıq». Tom adında bir ata deyir: «Qızımız fikrimizlə razı olmasa da, onu öz fikrini bizimlə bölüşməyə təşviq edirdik. Bilirdik ki, əgər həmişə onun sözünü kəssək və öz istəyimizi zorla ona qəbul etdirsək, o ruhdan düşəcək və ürəyindəkiləri bizə deməyəcək. Amma qızımızı dinləməyimiz onu bizə qulaq asmağa təşviq edirdi». Sözsüz, uşaqlar valideynlərinə tabe olmalıdırlar (Süleymanın məsəlləri 6:20). Ancaq açıq ünsiyyət valideynlərə imkan verir ki, onlar uşaqlarına mülahizə yürütmək qabiliyyətini yetişdirməyə kömək etsinlər. Dörd qız atası olan Vinsent deyir: «Uşaqlarımız özləri üçün ən yaxşı nəticəni görə bilsinlər deyə, biz, adətən, məsələnin mənfi və müsbət tərəflərini müzakirə edirdik. Bu onlara düşünmə qabiliyyətini inkişaf etdirməyə kömək etdi» (Süleymanın məsəlləri 1:1-4).
17. Valideynlər nəyə əmin ola bilərlər?
17 Düzdür, uşağına tərbiyə verərkən Müqəddəs Kitab məsləhətlərini mükəmməl surətdə yerinə yetirən valideyn yoxdur. Ancaq əmin ola bilərsiniz ki, uşaqlarınız onları səbir, xeyirxahlıq və məhəbbətlə tərbiyə etməyə çalışdığınız üçün sizə dərindən minnətdar olacaqlar. Sözsüz ki, Yehova sizin sə’yinizə xeyir-dua verəcək (Süleymanın məsəlləri 3:33). Bütün məsihçi valideynlərin istəyi odur ki, özləri kimi, uşaqları da Yehovanı sevməyi öyrənsinlər. Bəs valideynlər bu gözəl məqsədə necə nail ola bilərlər? Növbəti məqalədə bə’zi konkret üsullar müzakirə olunacaq.
Xatırlayırsınızmı?
• Anlayış valideynlərə səbirli olmağa necə kömək edə bilər?
• Məhəbbət və tərbiyə bir-biri ilə necə bağlıdır?
• Valideynlərlə uşaqlar arasında səmimi ünsiyyət nə üçün vacibdir?
[21-ci səhifədəki şəkil]
Valideynlər, uşaq olmağın nə demək olduğunu xatırlayırsınızmı?
[23-cü səhifədəki şəkil]
Uşaqlarınızı səmimi ünsiyyətə təşviq edirsinizmi?