Ailə və dostluq
Çoxlarına insanlarla möhkəm münasibətləri qorumaq çətindir. Gəlin bununla bağlı Müqəddəs Kitabdan bir neçə faydalı məsləhətə diqqət yetirək.
FƏDAKAR OLUN
MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).
MƏĞZİ: Adətən, qarşı tərəfin rifahını düşünən, özləri üçün nəsə ummayan adamlar başqaları ilə yaxşı münasibətləri qoruya bilir. Xudbinlik insanın başqaları ilə münasibətlərini pozur. Məsələn, ər, yaxud arvad xudbindirsə, əvvəl-axır həyat yoldaşına xəyanət edəcək. Bundan başqa, heç kim varıyla, biliyi ilə öyünən adamla dostluq etmək istəməz. Beləliklə, bir kitabda deyildiyi kimi, «yalnız özünü düşünən adamların başı çox bəlalar çəkir» («The Road to Character»).
TƏTBİQİ:
Başqalarına kömək edin. Möhkəm dostluğun təməlində məsuliyyət və etibar durur. Bəzi araşdırmalardan məlum olub ki, başqalarına kömək edən insanlar depressiyaya daha az qapılırlar və onlarda özünəhörmət hissi olur.
Şəfqətli olun. Şəfqət başqalarının ağrısını öz ürəyində hiss etməkdir. Şəfqətli insan sarkazmdan, yəni başqalarını incitmək məqsədilə deyilən acı, kinayəli sözlərdən uzaq olur.
Şəfqətli olsanız, başqalarına qarşı anlayışlı olacaqsınız. Beləcə, ürəyinizdə qərəz olmayacaq, həmçinin müxtəlif millətlərdən, yaxud təbəqədən olan insanlarla dostlaşacaqsınız.
İnsanlara vaxt ayırın. Başqaları ilə nə qədər vaxt keçirsəniz, onları bir o qədər yaxşı tanıyacaqsınız. Əsl dostlar qazanmaq istəyirsinizsə, düzgün ünsiyyət etməyi bacarmalısınız. Yaxşı dinləyici olun. Dostlarınızın maraqlarına önəm verin. Bu yaxınlarda aparılan bir araşdırmanın nəticəsində məlum olmuşdur ki, «mənalı ünsiyyət insanları daha xoşbəxt edə bilər».
DOSTLARINIZI AĞILLA SEÇİN
MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33).
MƏĞZİ: Vaxt keçirdiyiniz insanlar sizə ya yaxşı, ya da pis təsir edir. Sosioloqlar deyir ki, dostlarınızın təsiri isə sizin bütün həyatınıza öz təsirini göstərə bilər. Məsələn, əgər siz siqaret çəkən, yaxud boşanmış adamlarla oturub-durursunuzsa, böyük ehtimal ki, siz də siqaret çəkməyə başlayacaqsınız, yaxud boşanmaq fikrinə düşəcəksiniz.
TƏTBİQİ: Sizin xoşunuza gələn, yaxud özünüzdə yetişdirmək istədiyiniz keyfiyyətlərə və dəyərlərə sahib olan insanlarla dostluq edin. Məsələn, nəzakətli, hörmətcil, səxavətli və qonaqpərvər insanlarla oturub-durun.
DİGƏR MƏSLƏHƏTLƏR
ACIDİL OLMAYIN
«Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir» (MƏSƏLLƏR 12:18).
SƏXAVƏTLİ OLUN
«Səxavətli bolluğa yetişər» (MƏSƏLLƏR 11:25).
İNSANLARLA ANLAYIŞLA DAVRANIN
«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (MƏTTA 7:12).