Onlar həyatlarını daha mənalı etmişlər. Siz də edə bilərsinizmi?
KANADADA yaşayan Mark adlı bir məsihçi kosmik agentliklərin istifadə etdiyi mürəkkəb avtomatlaşdırılmış sistemlər hazırlayan firmada işləyirdi. O, yarım gün işləyir və daimi pioner kimi xidmət edirdi. Sonra müdiri Marka yüksək vəzifəyə keçməyi təklif etdi. Ona çox maaş vəd olunsa da, tam iş günü işləməli idi. Mark nə etdi?
Emi adlı bacımız məktəbi qurtaranda daimi pioner kimi xidmət edirdi. Təhsilini bitirdikdən sonra ona tam iş günü olan yüksəkməvacibli iş təklif etdilər. Emi hansı seçimi etdi?
Mark və Emi müxtəlif qərarlar qəbul etdilər. Onların seçiminin nəticələrindən qədim Korinf məsihçilərinə verilən məsləhətin müdrik olduğu görünür. Həvari Pavel yazırdı: «Bu dünyadan istifadə edənlər, tam istifadə etməyənlər kimi olsunlar» (1 Kor. 7:29-31).
Dünyadan istifadə edin, amma tam yox
Mark və Emi ilə nə baş verdiyini öyrənməzdən əvvəl, gəlin Pavelin «Korinflilərə məktub»unda işlətdiyi «dünya» (və ya yunanca koʹsmos) sözünün mənasını qısaca nəzərdən keçirək. Həmin parçada koʹsmos sözü yaşadığımız sistemə, ümumilikdə insan cəmiyyətinə aid edilir. Bu anlayışa həm də gündəlik həyatın bir hissəsi olan ev-eşik, qida və geyim kimi şeylər daxildir. Bu kimi gündəlik tələbatlarımızı ödəmək üçün çoxlarımıza işləmək lazım gəlir. Allahın Kəlamının üzərimizə qoyduğu, özümüzün və ailə üzvlərimizin qeydinə qalmaq öhdəçiliyini yerinə yetirmək üçün, bu dünyadan istifadə etməyə məcburuq (1 Tim. 5:8). Amma bununla yanaşı anlayırıq ki, «dünya... keçib gedir» (1 Yəh. 2:17). Buna görə də dünyadan «tam» deyil, lazım olan qədər istifadə edirik (1 Kor. 7:31).
Müqəddəs Kitabın dünyadan mümkün qədər az istifadə etmək məsləhətinə qulaq asan çoxsaylı bacı-qardaşlarımız öz vəziyyətlərini ölçüb-biçərək iş vaxtlarını azaltmış və həyatlarını sadələşdirmişlər. Bunu etdikdən az sonra onlar aşkar etmişlər ki, indi həyatları daha mənalı olub, çünki ailələrinə və Yehovaya xidmətə əvvəlkindən çox vaxt ayırırlar. Bundan başqa, sadə həyat tərzi sürməklə onlar getdikcə daha çox dünyaya deyil, Yehovaya güvənirlər. Siz də belə edə bilərsinizmi? Yehovaya xoş gələn işlərə daha çox vaxt ayırmaq üçün həyatınızı sadələşdirə bilərsinizmi? (Mat. 6:19-24, 33).
«Özümüzü Yehovaya əvvəlkindən daha yaxın hiss edirik»
Məqalənin girişində haqqında danışdığımız Mark Müqəddəs Kitabın dünyadan tam istifadə etməmək məsləhətinə qulaq asdı. O, təklif olunan yüksəkmaaşlı işdən imtina etdi. Bir neçə gündən sonra yeni işi qəbul etsin deyə, müdiri Marka daha çox maaş təklif etdi. Mark deyir: «Bu bir sınaq idi, lakin mən yenə də təklifi rədd etdim». O, səbəbini izah edir: «Həyat yoldaşım Paula və mən istəyirdik ki, özümüzü Yehovaya xidmətə mümkün qədər tam həsr edək. Buna görə həyatımızı sadələşdirmək qərarına gəldik. Məqsədimizə çatmaq üçün Yehovadan müdriklik istədik və xidmətə nə vaxtdan daha çox vaxt ayıracağımızı müəyyən etdik».
Paula deyir: «Mən xəstəxanada katibə işləyirdim. Həftədə üç gün işləyirdim və yaxşı maaş alırdım. Həm də daimi pioner kimi xidmət edirdim. Bununla belə mən də Mark kimi təbliğçilərə daha çox ehtiyac olan yerdə xidmət etmək istəyirdim. Ancaq işdən çıxmaq üçün ərizə verəndə müdirim yenicə boşalmış məsul katib vəzifəsinə keçməyə imkan yarandığını xəbər verdi. Bu, xəstəxanada ən yüksəkmaaşlı katib işi idi, ancaq mən işdən çıxmaq qərarımdan dönmədim. Müdirə həmin işə keçməməyimin səbəbini izah edəndə o, imanıma görə məni təriflədi».
Çox keçməmiş Mark və Paula Kanadanın uzaq ərazisində yerləşən kiçik yığıncağa xüsusi pioner təyin olundular. Bu hansı bəhrələri gətirdi? Mark deyir: «Demək olar ki, ömrümün yarısı qədər işlədiyim yaxşı maaşlı stabil işdən çıxanda bir az təlaş keçirirdim, ancaq Yehova xidmətimizə xeyir-dua verdi. Ruhani ənamları başqaları ilə bölüşməkdən hədsiz-hüdudsuz sevinc duyuruq. Tammüddətli xidmət ailə həyatımızı da zənginləşdirdi. İndi söhbətlərimiz həqiqi mənada dəyərli olan ruhani mövzular ətrafında dövr edir. Özümüzü Yehovaya əvvəlkindən daha yaxın hiss edirik» (Həv. iş. 20:35). Paula əlavə edir: «Adam işini və doğma evinin rahatlığını tərk edəndə, bütün ümidini Yehovaya bağlayır. Biz belə də etdik, Yehova da bizi xeyir-dualandırdı. Yeni yığıncağımızdakı əziz bacı-qardaşlarımız sevildiyimizi və lazımlı olduğumuzu həmişə bizə hiss etdirirlər. Əvvəllər işə sərf etdiyim gücümü indi insanlara ruhani cəhətdən kömək göstərmək üçün istifadə edirəm. Bu xidmət növü mənə böyük sevinc gətirir».
‘İmkanlı olsa da, xoşbəxt deyildi’
Yuxarıda adını çəkdiyimiz Emi başqa yolu seçdi. O, təklif olunmuş gəlirli, tam iş günü işləmək lazım gələn işi qəbul etdi. Emi deyir: «Birinci il xidmətdə fəal idim, lakin görürdüm ki, getdikcə diqqətim xidmətdən işdə irəliləyişlərə nail olmağa yönəlir. Mən işlə bağlı cəlbedici təklifləri qəbul edir və bütün gücümü yüksək pillələrə qalxmağa sərf edirdim. İşdə məsuliyyətlərim artdıqca, xidmətə daha az vaxt sərf edirdim. Sonra ümumiyyətlə təbliğ etməyi dayandırdım».
O zamanları yada salaraq Emi qeyd edir: «İmkanlı idim. Çoxlu səyahət edirdim və işdə tutduğum vəzifənin sayəsində cəmiyyətdə yüksək mövqeyə malik idim. Amma xoşbəxt deyildim. Pulum çox olsa da, problemlərim də az deyildi. Çaşıb qalmışdım ki, görəsən nəyi düz etmirəm. Axırda anladım ki, bu dünyada karyera dalınca düşməklə, az qala ‘iman yolundan uzaqlaşmışdım’. Nəticədə, Allahın Kəlamında deyildiyi kimi, özümə ‘bir çox əzablar çəkdirdim’» (1 Tim. 6:10).
Bəs Emi vəziyyətdən necə çıxış yolu tapdı? O deyir: «Ruhani cəhətdən dirçəlmək üçün ağsaqqallardan mənə kömək etmələrini xahiş etdim və yığıncaq görüşlərinə gəlməyə başladım. Mahnı oxunanda göz yaşlarımı saxlaya bilmədim. Beş il ərzində pioner kimi xidmət edərkən, kasıb olmağıma baxmayaraq, özümü necə xoşbəxt hiss etdiyimi xatırladım. Başa düşürdüm ki, vaxtımı pul dalınca qaçmağa sərf etmək əvəzinə Padşahlığın maraqlarını birinci yerə qoymalıyam. Maaşımın 50 faizini itirmək bahasına olsa da, aşağı vəzifəyə keçərək, yenidən təbliğdə iştirak etməyə başladım». Emi qeyd edir: «Mən bir neçə il sevinclə pioner kimi xidmət etmişəm. İndi vaxtımın çox hissəsini dünyəvi işə sərf edərkən duymadığım məmnunluğu duyuram».
Nəyisə dəyişdirərək, siz də həyatınızı sadələşdirə bilərsinizmi? Vaxtınızı Padşahlıq işinin irəliləməsinə sərf etsəniz, siz də həyatınızı daha mənalı edəcəksiniz (Sül. məs. 10:22).
[19-cu səhifədəki yazı]
Nəyisə dəyişdirərək, siz də həyatınızı sadələşdirə bilərsinizmi?
[19-cu səhifədəki çərçivə/şəkil]
«Artıq bu xidmət növünü sevirəm!»
Birləşmiş Ştatlarda ağsaqqal kimi xidmət edən Deyvid tammüddətli xidmətdə həyat yoldaşına və uşaqlarına qoşulmaq istəyirdi. O, işlədiyi şirkətdə yarımgünlük işə keçə bildi və daimi pioner xidmətinə başladı. Dəyişikliklər onun həyatını daha mənalı etdimi? Bir neçə aydan sonra Deyvid dostuna yazırdı: «Heç nə ailəvi olaraq Yehovaya xidmətdə tam iştirak etmək kimi məmnunluq gətirmir. Əvvəl fikirləşirdim ki, pionerliyə alışmaq üçün mənə vaxt lazım olacaq, amma artıq bu xidmət növünü sevirəm! Adama əsl təravət gətirir».
[18-ci səhifədəki şəkil]
Mark və Paula təbliğdə