Tənhalığa qalib gələ bilərsən
EHTİMAL Kİ, hər kəs bir dəfə də olsa, tənhalığın acısını duymuşdur. Çox səbəblərdən özünü tənha hiss etmək olar. Lakin adətən tənhalığı, subay, dul və boşanmış qadınlar daha kəskin surətdə duyurlar.
Misal üçün, Frensis adlı gənc məsihçi qadın deyir: “Mənim 23 yaşım tamam olana qədər, bütün rəfiqələrim ərə getdilər, mən isə, sanki tək qaldım”a. İllər ötdükcə, ailə qurmaq şansı azalanda, tənhalıq hissi arta bilər. Artıq 40-dan yuxarı yaşı olan Sandra e’tiraf edir: “Heç zaman həyatım boyu subay qalmaq fikrim olmayıb və əvvəlki kimi ümid edirəm ki, imkan yaranan kimi ərə gedəcəyəm”. Yaşı 50-ni ötmüş Anjela deyir: “Heç zaman qarşıma subay qalmaq məqsədini qoymamışdım, sadəcə olaraq belə alındı. Xüsusi pioner kimi tə’yin olunduğum ərazidə subay qardaşlar çox az idi”.
Yehovanın “yalnız... Rəbbə bağlı” olan şəxslə ailə qurmaq tapşırığına sədaqətlə riayət edib subay qaldıqlarına görə, bir çox məsihçi qadınlar hörmətə layiqdirlər (1 Korinflilərə 7:39). Bə’ziləri illər ötdükcə ailə və uşaqlar barədə daha çox düşündükləri halda, digərləri subaylıqlarından daha çox faydalanmağı öyrənmişlər. Sandra deyir: “Yanımda həyat yoldaşım olmadığından, daima özümdə qəlb boşluğu hiss edirəm”.
Yaşlı valideynlərə qulluq etmək kimi başqa şəraitlər də tənhalıq hissini gücləndirə bilər. Sandra izah edir: “Ailədə altı uşaq olsaq da, bacı-qardaşlarımın hamısı elə düşünürlər ki, ailəm olmadığından yaşlı valideynlərimizin qayğısına mən qalmalıyam. Artıq 20 ildir ki, bu vəzifə mənim üzərimdədir. Ərim olsaydı, mənə kömək edərdi və hər şey xeyli başqa cür olardı”.
Frensisin sözlərindən görünür ki, tənhalıq hissini gücləndirən başqa səbəb də var. O deyir: “Bə’zən məndən birbaşa soruşurlar: “Nəyə görə indiyədək ərə getməmisən?” Bu cür sözlərdən sonra mənə elə gəlir ki, tənha qalmağımda günahkar özüməm. Kiminsə toyunda oluramsa, mütləq soruşurlar: “Bəs sən nə vaxt ərə gedəcəksən?” O zaman məndə belə fikirlər yaranır: “Əgər ruhən yetkin qardaşlar mənimlə maraqlanmırlarsa, demək məndə hansısa məsihçi keyfiyyətləri çatışmır, yaxud da sadəcə olaraq cazibədar deyiləm”.
Tənhalıq hissi ilə necə mübarizə aparmalı? Başqaları bu işdə kömək edə bilərlərmi?
Yehovaya bel bağla
Məzmurçu yazırdı: “Yükünü Rəbbə burax və o sənə dəstək olar; salehi əsla sarsılmağa buraxmaz” (Məzmur 55:22). Bu ayədə “yük” kimi istifadə olunan yəhudi sözü hərfi mə’nada “aqibət” deməkdir, yə’ni bizim payımıza düşən bütün qayğılar və həyəcanlar nəzərdə tutulur. Yehova, çəkdiyimiz qayğıların yükünü hamıdan yaxşı bilir və bu yükü daşımaqda bizə kömək edir. Anjela məhz Yehova Allaha bel bağladığı üçün ürəyindəki tənhalıq hissini qova bilir. Onun söylədiklərinə diqqət yetirin: “Tammüddətli xidmətə başlayanda, xidmət yoldaşımla mən yığıncaqdan çox uzaqda yaşayırdıq. Biz, Yehovaya bütünlüklə bel bağlamağı öyrəndik, bu isə mənə indiyədək kömək edir. Mə’yusluq mənə güc gələndə, hisslərimi Yehova ilə bölüşürəm, O da mənə dəstək olur. Məzmurun 23-cü fəslindəki sözlər mənə çox təsəlli verir və mən onu tez-tez oxuyuram”.
Həvari Pavel az çətinliklərlə qarşılaşmamışdı. Rəbbə ən azı üç dəfə yalvarmışdı ki, bədənindəki neştəri ondan uzaqlaşdırsın. Allah, Paveli iztirablardan mö’cüzə vasitəsilə qurtarmasa da, ona öz mərhəməti ilə kömək edəcəyini və’d etmişdi (2 Korinflilərə 12:7-9). Pavel həmçinin həyatda məmnunluğa nail olmağın üsulunu da öyrəndi. O, sonradan yazırdı: “Hər şeydə və hər şəraitdə tox olub ac qalmaq, firavan yaşayıb ehtiyac duymaq sirrini öyrənmişəm. Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:12, 13, İ-93).
Mə’yusluq və ya tənhalıq hissi sizi üstələyəndə, Yehovanın köməyini necə əldə edə bilərsiniz? Pavel yazırdı: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7). Pavelin məsləhəti Sandraya çox kömək etdi. O deyir: “Ailəm olmadığı üçün çox vaxt tək oluram. Bu isə, Yehovaya dua etmək üçün gözəl imkandır. Yehovanın daima yanımda olduğunu hiss edir, sevinc və həyəcanımı Onunla bölüşürəm”. Frensis isə deyir: “Daima mənfi fikirlərlə mübarizə aparmalı oluram. Belə olduqda ürəyimi Yehovaya açır, bununla da rahatlıq duyuram. Əminəm ki, Yehova mənim ruhani və mə’nəvi vəziyyətimə e’tinasız yanaşmır” (1 Timoteyə 5:5).
“Bir-birinizin yüklərini daşıyın”
Məsihçilər arasında, “yüklərini” tənha daşımaq düzgün sayılmır. Həvari Pavel təşviq edir: “Bir-birinizin yüklərini daşıyın və Məsihin Qanununu bu yolla icra edin” (Qalatiyalılara 6:2). Həmimanlılarımız bizi “xoş sözlə” ruhlandıra bilər, bunun sayəsində isə tənhalıq bizə az əziyyət verər (Süleymanın məsəlləri 12:25, MKŞ).
Müqəddəs Yazılarda, İsrailin hakimi olan Yeftahın qızı haqqında yazılanları da xatırlayaq. Ammon oğullarına qalib gəlməzdən əvvəl, Yeftah, evinin qapısından birinci nə çıxarsa Yehovaya verəcəyini söz vermişdi. Yeftahın qarşısına birinci qızı çıxdı (Hakimlər 11:30, 31, 34-36). Bu onun üçün ömrü boyu subay qalmaq və ailə qurmaq kimi təbii hisslərdən imtina etmək mə’nasını daşısa da, atasının verdiyi sözü yerinə yetirməyə və ömrünün sonunadək Şilodakı mə’bəddə xidmət etməyə hazırlıqla razı oldu. Onun fədakarlığı nəzərdən yayınmadı. “İldən ilə İsrail qızları Gileadlı Yeftahın qızı üçün dörd gün yas tutmağa [“qızını dörd gün mədh etməyə”, YD] gedərdilər” (Hakimlər 11:40). Bəli, tə’rif sözləri güc verə bilər. Buna görə də, gəlin layiq olan şəxsləri tə’rifləməyi unutmayaq.
Biz İsa Məsihin nümunəsindən də çox şey öyrənə bilərik. Yəhudilər arasında kişinin qadınla ünsiyyətdə olması qəbahət sayılırdı, buna baxmayaraq İsa Məryəm və Marta ilə dostluq əlaqəsi saxlayırdı. Ehtimal ki, onlar ya dul, ya da subay idilər. İsa istəyirdi ki, onunla ünsiyyətdə olmaları sayəsində bu qadınların hər ikisi ruhən varlanmaq imkanına malik olsunlar (Luka 10:38-42). İsanın nümunəsi bizim üçün də ibrətvericidir. Biz, subay bacıları dostluq görüşlərinə də’vət edə və onlarla təbliğ xidmətində əməkdaşlıq edə bilərik (Romalılara 12:13). Onlar belə diqqəti qiymətləndirirlərmi? Bir bacı demişdir: “Qardaşların məni sevdiklərini və qiymətləndirdiklərini bilirəm, lakin göstərdikləri şəxsi marağa görə onlara xüsusilə minnətdaram”.
Sandra deyir: “Biz subay bacıların yanında yaxın adamımız yoxdur, buna görə də, sevildiyimizə və özümüzü məsihçi ailəsinin üzvləri hesab etməyə başqalarından daha çox ehtiyac duyuruq”. Sözsüz ki, Yehova subayların qayğısına qalır, lakin öz tərəfimizdən biz də onları məhəbbət və diqqətimizlə əhatə etməliyik (1 Peter 5:6, 7). Sə’ylərimizə xeyir-dua veriləcəkdir, çünki “kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr” (Süleymanın məsəlləri 19:17, MKŞ).
“Hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır”
Başqalarının köməyi və bizə dəstək olmaları tə’siredici və qiymətli olsa da, “hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır” (Qalatiyalılara 6:5). Tənhalıq yükünü daşıyarkən, bə’zi təhlükələr barəsində unutmamalıyıq. Məsələn, özümüzə qapılarıqsa, tənhalıq bizi asanlıqla sındıra bilər. Lakin məhəbbət təzahür etdirməklə tənhalığa qalib gələ bilərik (1 Korinflilərə 13:7, 8). Hansı şəraitlərdə olsaq da, xoşbəxtlik əldə etməyin ən doğru yolu - başqalarına xidmət etməkdir (Həvarilərin işləri 20:35). Tammüddətli xidmət edən bir bacı deyir: “Tənhalığım haqqında düşünməyə vaxtım yoxdur. Zəruri və lazımi işlə məşğul olduğum üçün tənhalığımı sadəcə olaraq hiss etmirəm”.
Həmçinin diqqət yetirmək lazımdır ki, tənhalıqdan qaçınmaq cəhdi, bizi düşüncəsiz tərzdə dostlar seçməyə təşviq etməsin. Məsələn, ailə qurmaq üçün qızğın ehtiras ucbatından, mütləq yaranacaq problemlərə göz yumaraq və Müqəddəs Kitabın xəbərdarlığına e’tinasız yanaşaraq, həyatımızı imanımıza şərik olmayan adamla bağlamaq kədərli olmazdımı? (2 Korinflilərə 6:14). Ərindən boşanmış bir məsihçi qadın deyir: “Müvəffəqiyyətsizliklə ərə getməkdənsə, subay qalmaq daha yaxşıdır”.
Hal-hazırda bu və ya digər problemi həll etmək mümkün deyilsə, onun öhdəsindən gəlməyi öyrənmək lazımdır. Allahın köməyi ilə tənhalıq hissinə tab gətirmək olar. Yehovaya xidmətimizi davam etdirərək, Onun bizim bütün ehtiyaclarımızı tə’min edəcəyinə şübhə etməyə bilərik (Məzmur 145:16).
[Haşiyə]
a Sözlərini sitat gətirdiyimiz qadınların adları dəyişdirilib.
[32-ci səhifədəki şəkillər]
Başqalarına məhəbbət təzahür etdirməklə, tənhalığa qalib gəlmək olar.