Yehovaya sabit ürəklə xidmət edin
“Ürəyim sabitdir, ey Allah, ürəyim sabitdir” (MƏZMUR 57:7).
1. Biz, Davudun malik olduğu əminliyi nəyə görə əldə edə bilərik?
YEHOVA, Onun sadiq xidmətçiləri kimi məsihçi yolunu heç zaman tərk etməmək üçün bizə sabitlik verə bilər (Romalılara 14:4). Buna görə də biz, məzmurçu Davudun malik olduğu əminliyi əldə edə bilərik. O oxuyurdu: “Ürəyim sabitdir, ey Allah” (Məzmur 108:1). Əgər bizim də ürəyimiz “sabitdirsə”, o bizi, Allaha həsr olunmamıza müvafiq tərzdə yaşamağa təşviq edəcəkdir. Yehovanın qüvvəsinə və rəhbərliyinə güvəndikdə isə, nöqsansızlığın sarsılmaz, qətiyyətli və imanlı mühafizəçiləri kimi, “hər zaman Rəbbin işində tərəqqi” edə bilərik (1 Korinflilərə 15:58).
2, 3. Pavelin 1 Korinflilərə 16:13 ayəsində yazdığı nəsihətin məğzi nədir?
2 Həvari Pavelin, İsanın qədim Korinfdə yaşayan davamçılarına yazdığı məktubunda, şübhəsiz ki, müasir məsihçilərə də tətbiq edilən nəsihətləri oxuyuruq: “Ayıq olun, imanda sabit durun, mərdanə və möhkəm olun” (1 Korinflilərə 16:13). Yunan mətnində bu göstərişlərin hamısı indiki zamanda işlənir və fasiləsiz fəaliyyətə təşviq edir. Bəs bu nəsihətin məğzi nədir?
3 Biz İblisə qarşı durub, Allahla yaxın münasibətlərdə qalaraq ruhən “ayıq ola” bilərik (Yaqub 4:7, 8). Yehovaya e’tibarımız, vəhdətdə qalmağımıza və məsihçi imanında sabit durmağımıza kömək edir. Bizim hamımız - kişilər, eləcə də qadınlar - Padşahlığın təbliğçiləri kimi Allaha xidmət etmək üçün “mərdanə” oluruq (Məzmur 68:11). Hər zaman səmavi Atamızdan Onun iradəsini yerinə yetirmək üçün qüvvə istəyəndə “möhkəm oluruq” (Filipililərə 4:13).
4. Məsihçi kimi vəftiz olunmamıza nə səbəb olmuşdur?
4 Özümüzü Yehovaya bütünlüklə həsr etdiyimiz və bu addımı suda vəftiz olunmaqla simvollaşdırdırdığımız zaman, həqiqi imanı qəbul etdiyimizi göstərdik. Bəs vəftiz olunmağımıza səbəb nə oldu? Əvvəlcə Allahın Kəlamından dəqiq bilik əldə etdik (Yəhya 17:3). Bu isə, imanımızı inkişaf etdirməyə kömək etdi və əvvəllər işlətdiyimiz günahlara görə tövbəyə təşviq etdi (Həvarilərin işləri 3:19; İbranilərə 11:6). Bundan sonra dönmək gəlir: biz, pis əməllərdən əl çəkib, Allahın iradəsinə uyğun yaşamağa başladıq (Romalılara 12:2; Efeslilərə 4:23, 24). Bunun ardınca duada Yehovaya ürəkdən həsr olunduq (Matta 16:24; 1 Peter 2:21). Allahdan təmiz vicdan xahiş etdik və özümüzü Ona həsr etməyimizə işarə olaraq vəftiz olunduq (1 Peter 3:21). Bu addımlar üzərində düşünməyimiz, həsr olunmamıza müvafiq yaşamaq və Yehovaya sabit ürəklə xidmət etmək üçün daima qüvvə sərf etməyin vacibliyini hər zaman xatırlamaqda bizə kömək edəcək.
Dəqiq biliklərə can atmağa davam edin
5. Nəyə görə Müqəddəs Kitab biliklərini bundan sonra da əldə etməliyik?
5 Allaha həsr olunmamıza müvafiq yaşamaq üçün, imanı möhkəmlədən Müqəddəs Kitab biliklərini əldə etməyi davam etdirməliyik. Allahın həqiqəti ilə ilk dəfə tanış olarkən, ruhani qidanı necə də məmnunluqla qəbul edirdik! (Matta 24:45-47). Həmin “yeməklər” çox dadlı idi, ruhən qidalanmağımızda onların vacib rolu olmuşdur. Ruhani cəhətdən bəsləyici qidanı bundan sonra da qəbul etmək vacibdir: o zaman biz, Yehovaya həsr olunmuş xidmətçilərə layiq sabit ürəyi qoruyub saxlaya bilərik.
6. Həqiqətə görə səmimi minnətdarlıq inkişaf etdirməkdə sizə necə kömək ediblər?
6 Müqəddəs Kitabdan əldə etdiyimiz bilikləri dərindən anlamaq asan deyil. Bunu, böyük qüvvə tələb edən xəzinə axtarışları ilə müqayisə etmək olar. Lakin qazandığımız mükafat çəkdiyimiz əməyə dəyər - biz, “Allah biliyini” əldə edirik! (Süleymanın məsəlləri 2:1-6). Padşahlığın təbliğçisi Müqəddəs Kitabı sizinlə ilk dəfə öyrənəndə, yəqin ki, “Əbədi həyata aparan bilik” kitabından istifadə edirdi. Bu tədris kursunu başa vurmaq üçün, olsun ki, müəyyən vaxt tələb olunub, bə’zi fəsilləri isə, ehtimal ki, bir-neçə dəfəyə araşdırmısınız. Fəsillərdə gətirilən Müqəddəs Kitab ayələri oxunur və izah edilirdi. Hansısa fikir çətin göründükdə, onu sizə izah edirdilər. Sizinlə Müqəddəs Kitab öyrənməsi keçirən adam yaxşı hazırlaşırdı, müqəddəs ruh haqqında dua edir və həqiqətə görə səmimi minnətdarlıq hissi inkişaf etdirməkdə sizə kömək edirdi.
7. İnsan həqiqəti başqalarına öyrətmək üçün necə hazırlıq keçir?
7 Pavelin yazdığı, “Allahın Kəlamı haqqında tə’lim alan, tə’lim verənlə hər cür ne’məti bölüşdürsün” sözlərindən göründüyü kimi, bu cür sə’ylər özünü doğruldurdu (Qalatiyalılara 6:6). Buradakı yunan mətni ona işarə edir ki, Allahın Kəlamındakı tə’limlər, “Rəbb yolunda tə’lim” alan kəslərin ağlında və ürəyində kök salır. Bu cür tə’lim almaqla, siz başqaları üçün də müəllim ola bilərsiniz (Həvarilərin işləri 18:25). Həsr olunmanıza sadiq qalmanız üçün, Allahın Kəlamını müntəzəm oxuyaraq ruhani sağlamlığınızı və sabitliyinizi qorumalısınız (1 Timoteyə 4:13; Titusa 1:13; 2:2).
Tövbə etdiyinizi və döndüyünüzü yadda saxlayın
8. Allaha məqbul tərzdə davranmaqda bizə nə kömək edər?
8 Həqiqəti öyrəndiyiniz, tövbə edib Məsihin fidiyə qurbanlığına əsasən Allahın sizi bağışladığını bildiyiniz zaman necə yüngüllük hiss etdiyinizi yadda saxlayırsınızmı? (Məzmur 32:1-5; Romalılara 5:8; 1 Peter 3:18). Sözsüz ki, əvvəlki günahlı yola qayıtmaq istəmirsiniz (2 Peter 2:20-22). Lakin Allaha məqbul tərzdə davranmaq, həsr olunmamıza müvafiq yaşamaq və Yehovaya həmişə sədaqətlə xidmət etmək üçün, ilk növbədə hər vaxt dua etmək vacibdir (2 Peter 3:11, 12).
9. Pis işlərdən döndükdən sonra hansı yolla getmək lazımdır?
9 Pis işlərdən dönərək, sabit ürəyi qorumaqda Allahdan kömək axtarmağa davam edin. Siz, demək olar ki, yanlış yol ilə gedirdiniz, lakin sonra e’tibarlı xəritənin köməyi ilə düzgün yolu tapdınız. Bir daha yoldan sapmayın. Allahın rəhbərliyinə güvənməyə davam edin və əbədi həyata aparan yolda qalmağa qətiyyətlə hazır olun (İşaya 30:20, 21; Matta 7:13, 14).
Həsr və vəftiz olunduğunuzu heç zaman unutmayın
10. Allaha həsr olunmamızla əlaqədar nəyi yadda saxlamalıyıq?
10 Yadda saxlayın ki, duada Yehovaya, Ona əbədiyyət boyu sədaqətlə xidmət etməyə söz verərək özünüzü həsr etmisiniz (Yəhuda 20, 21). Həsr olunma, müqəddəs məqsəd üçün ayrılmaq mə’nasını daşıyır (Levililər 15:31; 22:2). Allaha həsr olunma, müvəqqəti bağlanan müqavilə deyil. Bu, həmçinin insanlar qarşısında məs’uliyyət daşımaq mə’nasını da vermir. Siz özünüzü Kainatın Hakiminə həsr etmisiniz, buna müvafiq olaraq yaşamaq üçün isə, Allaha ömrünüz boyu sadiq qalmalısınız. Bəli, “yaşayırıqsa, Rəbb üçün yaşayırıq; ölürüksə, Rəbb üçün ölürük” (Romalılara 14:7, 8). Xoşbəxtliyimiz, Allahın iradəsinə itaət etməyimizdən və ürəyimizdə sabitliyi qoruyaraq Ona xidmət etməyimizdən asılıdır.
11. Vəftiziniz və onun mə’nası barədə xatırlamanız nəyə görə vacibdir?
11 Allaha səmimi qəlbdən həsr olunmanıza işarə olaraq vəftiz olunduğunuz barədə heç zaman unutmayın. Siz zor gücünə vəftiz edilməmisiniz, bu qərarı siz şəxsən qəbul etmisiniz. İndi siz öz iradə azadlığınızı həyatınız boyu Allahın iradəsi ilə uyğunlaşdırmağa hazırsınızmı? Siz təmiz vicdan barədə Allaha müraciət etmisiniz və Ona həsr olunmanıza işarə olaraq vəftiz olunmusunuz. Həsr olunmanıza müvafiq yaşayaraq, təmiz vicdanınızı qoruyun, Yehova da sizə bol-bol xeyir-dua verəcək (Süleymanın məsəlləri 10:22).
İradəniz əhəmiyyət kəsb edir
12, 13. Bizim iradəmiz həsr və vəftiz olunmamızla necə bağlıdır?
12 Bütün dünyada milyonlarla insanlar həsr və vəftiz olunaraq xeyir-dualar alırlar. Allaha həsr olunmamızı suda vəftizlə simvollaşdıranda, əvvəlki həyat tərzimiz üçün ölürük, amma iradə azadlığından imtina etmirik. Lazımi tə’limi aldıqdan sonra, könüllü surətdə özümüzü duada Yehovaya həsr edir və vəftiz olunuruq. Amma bunun üçün, Allahın iradəsinin nədən ibarət olduğunu bilməli və sonra bu iradəni şüurlu tərzdə həyata keçirməliyik (Efeslilərə 5:17). Bununla biz, könüllü surətdə dülgərlik sənətini atıb, vəftiz olan və özünü bütünlüklə səmavi Atasının iradəsini yerinə yetirməyə həsr edən İsanı təqlid edirik (Məzmur 40:7, 8; Yəhya 6:38-40).
13 Yehova Allahın iradəsinə əsasən, Onun Oğlu “ələmlərlə kamala” yetişməli idi. Buna görə də İsa öz iradəsi ilə bu iztirablara sədaqətlə dözməli idi. O, “güclü fəryadla və göz yaşları ilə dualar və xahişlər etmiş və Allah qorxusu sayəsində eşidilmişdi” (İbranilərə 2:10, 18; 5:7, 8). Yehovanın qarşısında buna bənzər ehtiramlı qorxu hissi duyuruqsa, biz də əmin ola bilərik ki, “eşidiləcəyik” və Yehova sabit və sədaqətli Şahidlər olaraq qalmağımıza kömək edəcək (İşaya 43:10).
Ürəyinizdə sabitliyi qoruya bilərsiniz
14. Müqəddəs Kitabı nəyə görə hər gün oxumalıyıq?
14 İmanda sabit qalmaqda və bununla da Allaha həsr olunmanıza müvafiq yaşamaqda sizə nə kömək edə bilər? Allahın Kəlamını daha dərindən anlamaq məqsədi ilə Müqəddəs Kitabı hər gün oxuyun. “Sadiq və ağıllı qul” bizi həmişə məhz buna təşviq edir. Bu cür məsləhət ona görə verilir ki, Allahın həqiqətində daima irəliləyərək həsr olunmamıza müvafiq yaşaya bilək. Əgər Yehovanın təşkilatı bilərəkdən yalan tə’limləri müdafiə etsəydi, nə Yehovanın Şahidlərinə, nə də onların təbliğ etdikləri kəslərə Müqəddəs Kitabı oxumaq heç zaman məsləhət görülməzdi.
15. a) Qərarlar qəbul edərkən nəyi yadda saxlamaq lazımdır? b) Nəyə görə məsihçilər üçün iş ikinci dərəcəli yeri tutur?
15 Qərarlar qəbul edərkən, Allaha həsr olunduğunuz barədə həmişə xatırlayın. Məsələn, qərarlar sizin işinizlə bağlı ola bilər. İşinizin, Allaha izzət gətirməkdə sizə kömək etməsinə çalışırsınızmı? Ümumi götürsək, iş sahibləri məsihçilərin e’tibarlı və bacarıqlı işçilər olduqlarını bilsələr də, onu da görürlər ki, Yehovanın Şahidləri şöhrətpərəst deyillər və daha yüksəkməvacibli vəzifə tutmağa çalışaraq başqaları ilə rəqiblik etmirlər. İş ondadır ki, Şahidlər zənginliyə, şöhrətə, nüfuza və ya hakimiyyətə nail olmaq məqsədində deyillər. Allaha həsr olunmasına müvafiq yaşayan kəslər üçün ən vacib iş Allahın iradəsini yerinə yetirməkdir. Bu cür insanlar işə, çörək pulu qazanmaq üsulu - ikinci dərəcəli əhəmiyyət kəsb edən iş kimi baxırlar. Həvari Pavel kimi, onlar üçün ən vacibi məsihçi xidmətidir (Həvarilərin işləri 18:3, 4; 2 Saloniklilərə 3:7, 8; 1 Timoteyə 5:8). Padşahlığın maraqları sizin həyatınızda da vacib yeri tuturmu? (Matta 6:25-33).
16. Həddindən artıq narahatlıqlar Allaha həsr olunmamıza müvafiq yaşamağımıza mane olursa, nə etmək olar?
16 Həqiqəti tapana kimi bə’zilərini müxtəlif narahatlıqlar üstələyirdi. Lakin Padşahlıq haqqındakı həqiqəti qəbul etdikdən sonra, onların ürəkləri böyük sevinc, Allaha minnətdarlıq və məhəbbətlə dolmuşdur! Həmin vaxtdan e’tibarən əldə etdikləri xeyir-dualar üzərində düşünmək, sözsüz ki, onlara Yehovaya həsr olunmalarına müvafiq yaşamağa kömək edəcək. Digər tərəfdən, bə’zən tikanlar bitkinin böyüməsinə və bəhrə gətirməsinə mane olduğu kimi, yaşadığımız indiki sistemə xas problemlər ucbatından yaranan hədsiz narahatlıqlar da “kəlamı boğur”sa, onda nə etməli? (Luka 8:7, 11, 14; Matta 13:22; Mark 4:18, 19). Əgər buna bənzər şeylərin sizinlə və ya ailə üzvlərinizlə baş verdiyini hiss edirsinizsə, Yehovaya güvənin və məhəbbətdə, həmçinin minnətdarlıq hissində böyümənizə kömək göstərməsi üçün dua edin. Əgər siz qayğılarınızı Onun üzərinə qoysanız, O, sizə dəstək olacaq və güc verəcəkdir ki, ürəyinizdə sabitliyi qoruyaraq bundan sonra da Ona bəxtiyarcasına xidmət edəsiniz (Məzmur 55:22; Filipililərə 4:6, 7; Vəhy 2:4).
17. Ağır sınaqlara necə tab gətirmək olar?
17 Yehova Allaha həsr olunan zaman dua etdiyiniz kimi, həmişə dua etməyə davam edin (Məzmur 65:2). Səhv hərəkət etmək həvəsiniz yaranan və ya çətin sınaqlarla qarşılaşan zaman Allahın rəhbərliyini axtarın və bu rəhbərliyə riayət etmək üçün kömək haqqında dua edin. İmana malik olmağın vacibliyi haqqında xatırlayın, axı şagird Yaqub yazırdı: “Əgər sizlərdən birinin [sınaqlara tab gətirmək üçün] hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir. Amma qoy imanla diləsin, heç şübhə etməsin. Çünki şübhə edən, küləyin qaldırdığı və təlatümə gətirdiyi dəniz dalğasına bənzər. Qoy belə bir adam düşünməsin ki, Rəbbdən bir şey alacaqdır. Mütərəddid adam etdiyi heç bir şeydə sabit deyil” (Yaqub 1:5-8). Əgər sınaqlar dəfedilməz görünürsə, onda əmin olun ki, “siz hər insanın başına gələndən başqa bir imtahana mə’ruz qalmadınız. Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13).
18. Əgər gizli edilən ciddi günah Allaha həsr olunmanıza müvafiq yaşamaq qərarımızı zəiflədirsə, nə etmək olar?
18 Bəs əgər gizli edilən ciddi günah vicdanınıza əzab verirsə və Allaha həsr olunmanıza müvafiq yaşamaq qərarınızı zəiflədirsə, onda necə olmalı? Əgər tövbə edirsinizsə, təsəlli tapa bilərsiniz ki, “Allah, qırılmış və əzilmiş ürəyi xor” görmür (Məzmur 51:17). Qayğıkeş ağsaqqalların Yehovanı təqlid edərək, səmavi Atanızla yaxşı münasibətlər yaratmaq istəyinizə e’tinasız yanaşmayacaqlarını bilərək, kömək üçün onlara müraciət edin (Məzmur 103:10-14; Yaqub 5:13-15). O zaman ürəyinizdəki sabitliyin və ruhani qüvvənin artdığını hiss edərək, ayaqlarınız üçün doğru yollar sala bilər və əvvəlki kimi, Allaha həsr olunmanıza müvafiq yaşaya bilərsiniz (İbranilərə 12:12, 13).
Ürəyinizdə sabitliyi qoruyun
19, 20. Günbəgün həsr olunmamıza müvafiq yaşamaq nə üçün olduqca zəruridir?
19 Bu çətin vaxtlarda, həsr olunmamıza müvafiq yaşamaq və sabit ürəyi qoruyaraq Allaha xidmət etmək üçün olduqca sə’y göstərmək lazımdır. İsa dedi: “Axıra qədər səbr edən xilas olacaqdır” (Matta 24:13). “Axır günlərdə” yaşadığımız üçün, son, bizim gözləmədiyimiz vaxtda gələ bilər (2 Timoteyə 3:1). Bundan əlavə, sabahkı günə sağ çıxacağımıza heç birimiz əmin deyilik (Yaqub 4:13, 14). Buna görə də, günbəgün həsr olunmamıza müvafiq yaşamağımız olduqca zəruridir!
20 Həvari Peter buna bənzər fikri ikinci məktubunda söyləmişdir. O, əxlaqsızların Tufanda həlak olması ilə, simvolik yerin - əxlaqsız insan cəmiyyətinin - “Rəbbin Günündə” məhvi arasında paralel gətirir. Sonra Peter yazır: “Siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız!”. Peter həmimanlılara həmçinin öyüd verir: “Ey sevimlilər, bunları qabaqcadan bilərək ehtiyat edin ki, [yalançı müəllimlərin və] pozğun adamların xatası ilə yoldan azdırılmayasınız və sabit vəziyyətinizdən ayrılmayasınız” (2 Peter 3:5-17). Vəftiz olunmuş məsihçinin həqiqi yoldan dönüb, sabit ürəyi qoruya bilmədiyi üçün həlak olması necə də kədərli olardı.
21, 22. Məzmur 57:7 ayəsindəki sözlər Davudun üzərində necə yerinə yetdi və məsihçilərə gəldikdə necə doğru çıxır?
21 Əgər vəftiz olunduğunuz xoşbəxt günü yadınızda saxlayarsınızsa və sözlərinizin, həmçinin əməllərinizin Allahın ürəyini sevindirməsi üçün Ondan kömək diləyərsinizsə, onda Allaha həsr olunmanıza müvafiq yaşamaq qərarınız sabit olacaqdır (Süleymanın məsəlləri 27:11). Yehova öz xalqını heç zaman pis vəziyyətdə qoymur, əlbət ki, biz də Ona sadiq olmalıyıq (Məzmur 94:14). Allah Davuda, onun düşmənlərinin planlarını pozmaqla və onu xilas etməklə mərhəmət və şəfqət göstərirdi. Buna görə minnətdarlıq hissi duyaraq, Davud öz Xilaskarına sadiqliyi və sarsılmaz məhəbbətini söylədi. O, ürəkdən oxuyurdu: “Ürəyim sabitdir, ey Allah, ürəyim sabitdir; nəğmə oxuyub tərənnüm edərəm” (Məzmur 57:7).
22 İsanın həqiqi davamçıları, Davud kimi, Allaha həmişə sadiq qalırlar. Ürəklərində sabitliyi qoruyaraq, xilas və müdafiə etdiyinə görə Yehovaya minnətdarlıq edir və Onu sevinclə tərənnüm edirlər. Ürəyiniz sabitdirsə Yehovaya güvənəcək və Onun köməyi ilə həsr olunmanıza müvafiq yaşayacaqsınız. Bəli, siz, məzmuçunun haqqında oxuduğu “saleh” insan kimi olacaqsınız. Məzmurçu oxuyurdu: “Pis xəbərdən qorxmayacaqdır; Rəbbə güvənərək ürəyi sabitdir” (Məzmur 112:6, 7). Allaha iman gətirərək və Ona tam e’tibar edərək həsr olunmanıza müvafiq yaşayacaq və ürəyinizdə sabitliyi qoruyaraq Yehovaya həmişə xidmət edə biləcəksiniz.
Xatırlayırsınızmı?
• Müqəddəs Kitabın dəqiq biliklərini bundan sonra da əldə etmək nə üçün vacibdir?
• Tövbə etdiyimizi və döndüyümüzü nəyə görə yadda saxlamalıyıq?
• Həsr və vəftiz olunduğumuzu unutmamaq nəyə görə faydalıdır?
• Yehovaya, ürəyimizdə sabitliyi qoruyaraq xidmət etməyə nə kömək edər?
[28-ci səhifədəki şəkillər]
Məsihçi xidmətini həyatımızda ən vacib iş hesab etməklə, Yehovaya ürəyimizdə sabitliyi qoruyaraq xidmət edə bilərik.
[28-ci səhifədəki şəkil]
Allahın Kəlamını hər gün oxuyaraq ruhani sağlamlığınızı qoruyursunuzmu?