Əbədi həyata qovuşduran su
«Mənim verəcəyim sudan... kim içərsə, əsla susamaz, ona verəcəyim su onda əbədi həyata qovuşduran su mənbəyi olacaqdır» (YƏHYA 4:14).
«QƏFİLDƏN Ayın kənarından... sirli qaranlıq dəryasından balaca mirvari kimi yavaş-yavaş qalxaraq ağ-mavi cavahir, burulan bəyaz örtüklərlə bəzədilən açıq mavi rəngli kürə peyda olur». Astronavt Edqar Mitçell Yer kürəsinin kosmosdan görünüşünü belə təsvir etmişdir.
Planetimizə belə gözqamaşdırıcı parıltı verən nədir ki, astronavt gördüyünü poetik tərzdə ifadə etmişdir? Bu, Yer kürəsinin təxminən dörddə üç hissəsini əhatə edən sudur. Əlbəttə, su planetimizi gözəlləşdirməklə yanaşı, yer üzündə həyatın mövcud olmasına da səbəb olur. İnsan bədəninin təxminən 65 faizi sudan ibarətdir. Buna görə «Britaniya ensiklopediyası»nda su haqqında deyilir: «Su həyat üçün olduqca zəruridir. Demək olar ki, bitkilərdə və heyvanlarda baş verən hər bir prosesdə iştirak edir» («Encyclopædia Britannica»).
Suyun dövranı sayəsində yer üzündə onun ehtiyatı tükənmir. «Uorld buk» ensiklopediyasında izah edilir: «İşlətdiyimiz hər damcı su əvvəl-axır okeanlara qayıdır. Sonra günəşin şüalarının təsiri nəticəsində buxarlanır. Və yağış halında yenidən yerə qayıdır. Sudan təkrar-təkrar istifadə edilir və o heç zaman tükənmir» («The World Book Encyclopedia»). Təxminən 3 000 il əvvəl bu heyrətamiz proses Müqəddəs Kitabda təsvir edilmişdir: «Bütün çaylar dənizə axır, amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, təzədən axsınlar». Təbiətdə su dövranı əsl möcüzədir! (Vaiz 1:7).
Suyun həyat üçün vacibliyini və onun tükənmədiyini nəzərə alsaq, suyun Müqəddəs Kitabda 700 dəfədən çox xatırlanması təəccüblü deyil. Müqəddəs Kitabda suyun özünəməxsus xassəsi, yəni onun təmizləmə qüvvəsi və həyatın mövcud olmasında rolu adətən ruhani dəyərləri təmsil edir (Yeşaya 58:11; Yəhya 4:14).
Müqəddəs Kitabın təmizləmə qüvvəsi
İsraillilər müntəzəm çimdiklərinə və pal-paltarlarını yuduqlarına görə fiziki təmizlikləri ilə seçilirdilər. Onlarda yemək yemək üçün evə girərkən ayaqlarını yumaq adət idi (Luka 7:44). İsraillilər çimməkdən və paltarlarını yumaqdan savayı, Allahın qarşısında paklanmaq üçün də sudan istifadə edirdilər. Hüzur çadırında xidmət edən kahinlər bədənlərini və paltarlarını tez-tez yumalı idilər (Çıxış 30:18-21). Sonralar padşah Süleyman Yerusəlimdəki məbəddə misdən dairəvi «hovuz» düzəltdi və ora adətən 44 000 litr su doldurulurdu. Bu su, məbəddə Allahın təmizlik barədə qanununa riayət etmək üçün kifayət idi (2 Salnamələr 4:2, 6). Suyun bu tərzdə istifadə edilməsi məsihçilər üçün hansı mənanı kəsb edir?
Həvari Pavel izah edir ki, İsa məsihçi yığıncağını ‘su ilə yuyub, kəlamla təmizlədi’. Hərfi mənada təmizləyən su kimi, Allahın Kəlamındakı həqiqət əxlaqi və ruhani cəhətdən təmizləmək qüvvəsinə malikdir. Belə təmizliyin sayəsində Məsihin şagirdləri ‘müqəddəs və nöqsansız olurlar’ (Efeslilərə 5:25-27). Buna görə də, Allahın lütfünü qazanmaq istəyən hər kəs özünü mənəvi və ruhani cəhətdən «nöqsansız [və] ləkəsiz» saxlamağa çalışmalıdır (2 Peter 3:11, 14). Allahın Kəlamı bu işdə necə kömək edir?
Yehova Allaha məqbul olmaq istəyənlər Müqəddəs Kitabı müntəzəm araşdırmaqla, sanki, ruhani su içirlər. Aldıqları bilik zehinlərinə və ürəklərinə təsir edəndə onlarda Müqəddəs Kitabın növbəti göstərişinə əməl etməyə güclü istək yaranır: «Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin» (Romalılara 12:2).
Allahın iradəsi haqqında dəqiq bilik belə insanlara davranış və düşüncələrində nöqsanları və «ləkələri» görməyə kömək edəcək. Onlar Müqəddəs Kitab prinsiplərini tətbiq etdikcə Allahın Kəlamı onlara hətta ciddi günahlardan belə ‘təmizlənməyə’ kömək edəcək (1 Korinflilərə 6:9-11).
Görün İspaniyada yaşayan Alfonsonun həyatında hansı dəyişikliklər baş verib. O danışır: «18 yaşında özümü bədbəxt hiss edirdim». Alfonso narkotikə qurşandı və qatı cinayətkar oldu. «Özümə və başqalarına pislik etdiyimə görə özümü murdar hiss edirdim».
Alfonso davam edir: «Məktəbdə həmyaşıdım olan bir qıza rast gəldim. O, həmişə səliqəli görünürdü və əxlaqi cəhətdən təmiz idi, bu isə həmin qızı digər şagirdlərdən fərqləndirirdi. Onun nümunəsi məni də belə təmiz həyat sürüməyə təşviq etdi. Onun dəvətilə Yehovanın Şahidlərinin yığıncaq görüşünə getdim. Tezliklə Müqəddəs Kitabı öyrənməyə və Allaha yaxınlaşmağa başladım. Bir ilin içində həyatımda dəyişiklik etdim və Yehovanın Şahidi kimi vəftiz oldum. Bu təəccüb doğuran dəyişikliyi görən qonşular yanıma gəlib xahiş edirdilər ki, onların narkoman uşaqlarına kömək edim».
Əbədi həyat gətirən su
Bir dəfə İsa Yaqubun quyusundan su çəkməyə gələn samariyalı qadına «həyat suyu» haqqında danışmışdı. O dedi: «Mənim verəcəyim sudan... kim içərsə, əsla susamaz, ona verəcəyim su onda əbədi həyata qovuşduran su mənbəyi olacaqdır» (Yəhya 4:10, 14). Müqəddəs Kitabda izah olunduğu kimi, İsanın bu sözləri göstərir ki, «həyat suyu» Allahın həyat üçün təqdim etdiyi bütün şeyləri nəzərdə tutur. Bütün bunların sayəsində insanların əbədi yaşamaq imkanı olacaq. Bu simvolik suyun əsas hissəsini İsa Məsihin fidiyə qurbanlığı təşkil edir. İsa dedi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16).
Yuxarıda adı çəkilən Alfonso Allahın təqdim etdiyi ‘həyat suyunu’ yüksək qiymətləndirdi. O, cinayət yolundan dönməyənləri və narkotikləri atmayanları xatırlayaraq deyir: «Mənim doğma qardaşım, həmçinin köhnə dost-tanışlarımın hamısı ölüb. Allahın Kəlamından aldığım bilik məni belə aqibətdən qorudu. Mən isə Yehovanın ruhani köməyi sayəsində yaşayıram». Üstəlik, Alfonso Müqəddəs Kitabdan öyrəndiklərinə əsasən Allahın vəd etdiyi yeni dünyada əbədi həyatı səbirsizliklə gözləyir (2 Peter 3:13).
Hamı dəvət olunur
Müqəddəs Yazıların sonuncu kitabında ‘Allahın və Quzunun taxtından çıxan büllur kimi parlaq, təmiz həyat suyu axan çaydan’ danışılır (Vəhy 22:1). Bu axan çay, yəni Allahın təqdim etdiyi hər bir şey insanlara kömək edəcək ki, bəşər tarixinin başlanğıcında Adəm ilə Həvvanın malik olduqları kamilliyə çatsınlar.
Bu çay təsvir edildikdən sonra belə bir dəvət səslənir: «Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün» (Vəhy 22:17). Bizim günlərdə bu dəvət bütün dünyada səslənir. Yehovanın Şahidləri təxminən 235 ölkə və ərazidə insanlara Müqəddəs Kitabdan həyatverici biliyi almağa kömək etmək üçün hər il bir milyarddan çox saat sərf edirlər.
Siz də həyat suyu üçün susamısınızmı? Bu büllur kimi təmiz suyu içməklə, yəni Yaradanın təqdim etdiyi hər bir şeyi öyrənib tətbiq etməklə, siz də əbədi həyata nail olmaq məqsədilə ‘özlərinə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplayanlar’ arasında olacaqsınız (1 Timoteyə 6:19).
[16-cı səhifədəki çərçivə]
Hərfi mənada təmizləyən su kimi, Allahın Kəlamındakı həqiqət əxlaqi və ruhani cəhətdən təmizləmək qüvvəsinə malikdir
[17-ci səhifədəki çərçivə/şəkil]
QƏDİMDƏ İNSANLAR SUYU HARADAN ALIRDILAR?
Qədim vaxtlarda insanlar yararlı su mənbələri tapmaq üçün çox çalışmalı olurdular. İbrahim və İshaq ailələrinin və sürülərinin kifayət qədər su ilə təmin olunması üçün Beer-Şevanın yaxınlığında su quyuları qazmışdılar (Yaradılış 21:30, 31; 26:18).
Dayaz quyular uzun və qızmar yay mövsümündə adətən quruyurdu. Buna görə də su quyuları dərin olmalı idi (Süleymanın məsəlləri 20:5). Məsələn, Lakişdə yerləşən bir quyunun dərinliyi 44 metr idi. Giveonda yerləşən başqa quyunun dərinliyi 25, eni isə 11 metr idi. Belə quyunu qazmaq üçün təxminən 3 000 ton daş-torpaq qazıb çıxarmaq lazım idi. Su çəkmək üçün Yaqubun quyusuna gələn samariyalı qadın İsaya dedi: ‘Quyu dərindir’. Ola bilsin, həmin quyuda suyun səviyyəsi torpaqdan 23 metr aşağı idi (Yəhya 4:11).
Qədim zamanlarda Yaxın Şərqdə digər su mənbəyi su anbarları idi. Bu yeraltı hovuzlara oktyabrdan aprelə qədər yağan yağışların suyu yığılırdı. Yağış sularını bu anbarlara yönəltmək üçün dağın, yaxud təpənin döşündə kanallar qazırdılar. İsraillilər su toplamaq üçün böyük yeraltı hovuzlar qazırdılar (2 Salnamələr 26:10).
Quyulardan və su anbarlarından su çəkmək, indi olduğu kimi, keçmişdə də asan iş deyildi. Rivqa və Yetronun qızları kimi qadınlar hər gün ailələri və sürüləri üçün su çəkməklə vacib iş görürdülər (Yaradılış 24:15-20; Çıxış 2:16).
[17-ci səhifədəki şəkil]
Alfonso Allahın Kəlamını təbliğ edir