Yehovanın Kəlamı canlıdır
«Qalatiyalılara», «Efeslilərə», «Filipililərə» və «Koloslulara» məktublardan diqqətəlayiq fikirlər
İUDAİZM tərəfdarlarının bəzi məsihçiləri təmiz ibadətdən döndərməsini eşidən Pavel «Qalatiyanın imanlı cəmiyyətlərinə» təsirli məktub yazır (Qalat. 1:2). Eramızın 50-52-ci illəri arasında yazılan bu məktubda açıq məsləhət və ciddi nəsihət verilir.
Təxminən on il sonra «Məsih İsanın məhbusu» kimi Romada olan Pavel Efes, Filipi və Kolosdakı yığıncaqlara məktub yazıb ağıllı məsləhət verir və onları məhəbbətlə ruhlandırır (Efes. 3:1). Müqəddəs Yazıların «Qalatiyalılara», «Efeslilərə», «Filipililərə» və «Koloslulara» kitablarındakı sözlərə diqqət yetirməyin bu gün bizə də faydası ola bilər (İbr. 4:12).
NƏYİN ƏSASINDA ‘SALEH SAYILIRLAR’?
İudaizmin tərəfdarları hiyləgərliklə Paveli nüfuzdan salmağa çalışdıqları üçün o, tərcümeyi-halının müəyyən təfərrüatlarını gətirərək öz həvariliyini müdafiə edir (Qalat. 1:11–2:14). Onların yalan təlimləri ilə mübarizə apararaq, Pavel qeyd edir: «İnsan Müqəddəs Qanuna riayət etməklə yox, yalnız İsa Məsihə iman vasitəsilə saleh sayılır» (Qalat. 2:16).
Pavel deyir ki, Məsih məsihçi azadlığından həzz almaları üçün ‘Qanun altında olanları azad etdi’. Pavel ciddi surətdə Qalatiyalılara nəsihət verir: «Möhkəm durun və yenidən əsarətin boyunduruğunu taxmayın» (Qalat. 4:4, 5; 5:1).
Müqəddəs Kitab suallarına cavablar:
3:16-18, 28, 29 — İbrahimlə bağlanan əhd hələ də qüvvədədirmi? Bəli. Qanun əhdi Allahın İbrahimlə bağladığı əhdi əvəz etmirdi, ona əlavə idi. Buna görə də, İbrahimlə bağlanan əhd Qanun ‘ləğv edildikdən’ sonra da qüvvədə qaldı (Efes. 2:15). Onun vədləri İbrahimin həqiqi ‘nəslinin’ əsas hissəsi olan Məsih İsaya və ‘Məsihinkilərə’ ötürülür.
6:2 — ‘Məsihin Qanunu’ nədir? Bu Qanun Məsihin bütün əmrlərinin və təlimlərinin məcmusudur. Bu Qanuna xüsusilə də ‘bir-birimizi sevmək’ əmri daxildir (Yəh. 13:34).
6:8 — Biz ‘Ruh üçün’ necə əkirik? Bunu Allahın ruhunun bizə sərbəst təsir etməsinə yol verən həyat tərzi sürməklə edirik. Ruh üçün əkmək ruhun verilməsinə şərait yaradan işlərdə ürəkdən iştirak etməyi özünə daxil edir.
Bizim üçün ibrət dərsləri:
1:6-9. Yığıncaqda problem baş qaldıranda məsihçi ağsaqqallar ləngimədən hərəkətə keçməlidirlər. Onlar Müqəddəs Yazılardan istifadə etməklə yanaşı sağlam mühakimə yürütməklə yanlış fikirləri dərhal rədd edə bilərlər.
2:20. Fidiyə Allahın şəxsən bizə verdiyi hədiyyədir. Biz onu belə qəbul etməliyik (Yəh. 3:16).
5:7-9. Pis dostluq ‘həqiqətə itaət etməmizə’ mane ola bilər. Ondan qaçmaq müdrik davranışdır.
6:1, 2, 5. «Ruhanilər» bizə yükümüzü daşımağa, məsələn, bilmədən səhv addım atmağın nəticəsində düşdüyümüz çətin vəziyyətin və ya narahatçılığın öhdəsindən gəlməyə kömək edə bilərlər. Ruhani məsuliyyətlərimizin yükünə gəldikdə isə, bu yükü özümüz daşımalıyıq.
‘HƏR ŞEYİN MƏSİHİN BAŞÇILIĞI ALTINDA BİRLƏŞDİRİLMƏSİ’
Efeslilərə məktubunda məsihçi birliyini vurğulayaraq, Pavel ‘vaxt tamam olduqda həm göylərdə, həm də yerdə olan hər şeyin Məsihin başçılığı altında birləşdirilməsindən’ danışır. Məsih hamının ‘imanda birliyə çatması’ üçün «insanlar timsalında hədiyyələr» (YD) vermişdir (Efes. 1:10; 4:8, 13).
Allahı izzətləndirmək və birliyi qorumaq üçün məsihçilər ‘yeni mənliyi geyinməli’ və ‘Məsih qorxusu ilə bir-birlərinə tabe olmalıdırlar’. Onlara həm də bütün ruhani zirehləri geyinərək ‘İblisin hiylələrinə qarşı durmaq’ lazımdır (Efes. 4:24; 5:21, İ–93; 6:11).
Müqəddəs Kitab suallarına cavablar:
1:4-7 — Məsh olunmuş məsihçilər hansı mənada doğulmazdan çox əvvəl təyin olunmuşlar? Onlar ayrı-ayrı şəxslər kimi yox, bir qrup və ya sinif kimi təyin olunmuşlar. Bu, günahlı bəşəriyyət mövcud olmazdan əvvəl baş vermişdir. Həvvanın ilk günahlı insana hamilə qalmasından əvvəl deyilən Yaradılış 3:15 ayəsindəki peyğəmbərliyə Allahın Məsihlə birlikdə bəzi davamçılarının göydə idarə etməsinə dair niyyəti də daxildir (Qalat. 3:16, 29).
2:2 — Dünyanın ruhu hansı mənada hava kimidir və onun hakimiyyəti haradadır? ‘Dünyanın ruhu’ — müstəqillik və itaətsizlik ruhu — nəfəs aldığımız hava kimi hər yandadır (1 Kor. 2:12). Onun hakimiyyəti, yəni gücü inandırıcı, daimi və aramsız olmasındadır.
2:6 — Məsh olunmuş məsihçilər hələ yerdə ikən necə «səmavi aləmdə» ola bilərlər? Buradakı ‘səmavi aləm’ ifadəsi onların vəd olunmuş səmavi miraslarına aid deyil. Əksinə, bu onların ‘vəd olunmuş Müqəddəs Ruh ilə möhürlənmələri’ nəticəsində malik olduqları yüksək ruhani mövqeləridir (Efes. 1:13, 14).
Bizim üçün ibrət dərsləri:
4:8, (YD), 11-15. İsa Məsih ‘bir ordu əsiri Özü ilə apardı’, yəni onları Şeytanın nəzarətindən götürdü ki, məsihçi yığıncağının inkişafı üçün hədiyyə kimi istifadə etsin. Biz üzərimizdə rəhbərlik edənlərə itaət edib, tabe olmaqla və yığıncağın işlərində onlarla əməkdaşlıq etməklə ‘məhəbbətlə Məsihə doğru hər cəhətdən boy ata’ bilərik (İbr. 13:7, 17).
5:22-24, 33. Qadın ərinə tabe olmaqla yanaşı, ona hörmət də etməlidir. O bunu, əri haqqında yaxşı danışaraq və qərarlarının uğurla həyata keçməsi üçün əlindən gələni edərək, ‘həlim və sakit ruh’ göstərməklə və ona ehtiram etməklə edir (1 Pet. 3:3, 4; Tit. 2:3-5).
5:25, 28, 29. Ər özünü ‘yedirdiyi’ kimi, arvadını da fiziki, emosional və ruhani cəhətdən yaxşı təmin etməlidir. O, həmçinin arvadına kifayət qədər vaxt ayırmaqla, sözündə və hərəkətində nəvazişlə davranmaqla onu bəsləməlidir.
6:10-13. Şər qüvvələrlə mübarizə aparmaq üçün bizə sidq-ürəkdən Allahın bütün ruhani zirehlərini geyinmək lazımdır.
‘O ƏYARA GÖRƏ HƏRƏKƏT EDƏK’
Pavelin filipililərə məktubunda məhəbbət vurğulanır. O deyir: «Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından getdikcə daha çox artsın». Onlara özünəarxayınlıq tələsindən qaçmağa kömək edərək o nəsihət verir: «Öz xilasınızı başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət edin» (Filip. 1:9; 2:12).
Pavel yetkin məsihçiləri ‘Allahın yüksək dəvətinə daxil olan mükafat üçün hədəfə doğru qaçmağa’ təşviq edir. O deyir: «Hansı səviyyəyə çatdıqsa, o əyara görə də hərəkət edək» (Filip. 3:14-16).
Müqəddəs Kitab suallarına cavablar:
1:23 — Paveli ‘iki tərəfdən sıxışdıran’ nə idi və o, nəyin həsrətində idi? Üzləşdiyi şəraitlərə görə, o, qarşısında açılan iki imkan: həyat və ölüm tərəfindən sıxışdırılırdı (Filip. 1:21). Hansı seçimi etdiyini deməmiş, Pavel «ayrılmaq və Məsih ilə olmaq» həsrətində olduğunu bəyan edir (Filip. 3:20, 21; 1 Salon. 4:16). Onun bu arzusu Yehovanın onun üçün hazırladığı mükafatı Məsihin «iştirakı» (YD) zamanı qəbul edəndə yerinə yetdi (Mat. 24:3).
2:12, 13 — ‘Həm istəməmizə, həm də icra etməmizə’ Allah necə səbəb olur? Yehovanın müqəddəs ruhu xidmətdə əlimizdən gələni etmək arzusunu artırmaq üçün ürəyimizə və ağlımıza təsir edə bilər. Deməli, ‘öz xilasımızı başa çatdırarkən’ biz köməksiz deyilik.
Bizim üçün ibrət dərsləri:
2:5-11. İsanın nümunəsindən göründüyü kimi, təvazökarlıq zəifliyin yox, mənəvi gücün əlamətidir. Bundan başqa, Yehova təvazökarları ucaldır (Sül. məs. 22:4).
3:13. ‘Arxada qalan şey’ gəlirli iş, varlı ailədən olmağın açdığı imkanlar və ya tövbə edib ‘təmizləndiyimiz’ keçmiş ciddi günahlarımız kimi şeylər ola bilər (1 Kor. 6:11). Biz bütün bunları unutmalı, yəni onlarla bağlı narahatçılıqdan azad olmalı və ‘qarşıda olana çatmağa can atmalıyıq’.
4:14-16. Maddi cəhətdən korluq çəksələr də, filipililər səxavət göstərməkdə bizə gözəl nümunə qoymuşlar (2 Kor. 8:1-6).
‘İMANDA MÖHKƏMLƏNİN’
Koloslulara məktubunda Pavel yalançı müəllimlərin yanlış baxışlarını ifşa edir. O, mülahizə yürüdərək bildirir ki, xilas Qanunun tələblərindən yox, ‘imanda möhkəm və sabit durmaqdan’ asılıdır. Pavel kolosluları ‘Məsih İsanın yolunda yeriməyə, Onda kök salıb, inkişaf etməyə və imanda möhkəmlənməyə’ təşviq edir. Bu onlara necə təsir etməlidir? (Kolos. 1:23; 2:6, 7).
Pavel yazır: «Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin. Məsihin sülhü qoy ürəklərinizdə hakim olsun». Həvari onlara deyir: «Hər nə etsəniz, insanlar üçün yox, Rəbb üçün edir kimi, canla-başla edin». O, yığıncağın xaricindəkilərlə ‘hikmətli davranmağı’ tapşırır (Kolos. 3:14, 15, 23; 4:5).
Müqəddəs Kitab suallarına cavablar:
2:8 — Pavelin çəkindirdiyi ‘dünyanın ibtidai qüvvətləri’ nədir? Bunlar Şeytan dünyasının elementləridir, yəni onu təşkil edən, rəhbərlik edən, başqa sözlə, hərəkətə gətirən əsas şeylər və ya prinsiplərdir (1 Yəh. 2:16). Fəlsəfi fikirlər, var-dövlətə hərislik və bu dünyanın yalan dinləri onların sırasına daxildir.
4:16 — Nəyə görə Laodikiyalılara yazılan məktub Müqəddəs Kitaba daxil deyil? Ola bilər, həmin məktubda bu gün bizim üçün vacib olan məlumat yox idi. Yaxud digər kanonik məktublardakı fikirlər orada təkrar olunurdu.
Bizim üçün ibrət dərsləri:
1:2, 20. Allahın Öz lütfündən irəli gələrək təqdim etdiyi fidiyə vicdanımızı günahdan təmizləyə və bizə daxili sülh verə bilər.
2:18, 23. «Mütilik» — başqalarında təəssürat oyatmaq üçün maddi şeyləri rədd etməklə və ya bədənə əziyyət verməklə göstərilən riyakar həlimlik — insanın ‘cismani ağlı ilə lovğalandığını’ gösrərir.