TƏLİM MƏQALƏSİ 13
Yehova sizi qoruyacaq
«Ağa vəfalıdır. O, sizi möhkəmləndirəcək və Şərirdən qoruyacaq» (2 SALON. 3:3).
NƏĞMƏ 124 Sədaqətli olaq
İCMALa
1. Nəyə görə İsa şagirdlərini qorumağı Yehovadan xahiş etdi?
YER ÜZÜNDƏKİ həyatının son gecəsi İsa şagirdlərinin üzləşəcəyi çətinliklər barədə düşünürdü. Şagirdlərinə olan sevgisindən irəli gələrək, İsa Atasından xahiş etdi ki, onları Şərirdən qorusun (Yəh. 17:14, 15). İsa bilirdi ki, o, göyə qalxandan sonra Şeytan Yehovaya ibadət edən kəslərlə vuruşmağa davam edəcək. Aydındır ki, Yehovanın xalqının müdafiəyə ehtiyacı olacaqdı.
2. Yehovanın dualarımıza cavab verəcəyinə nəyə görə əmin ola bilərik?
2 Yehova İsanı sevdiyi üçün onun xahişini yerinə yetirdi. Əgər biz Yehovanı razı salmaq üçün var gücümüzlə çalışsaq, O bizi də sevəcək və dua edib Ondan kömək istəyəndə bizi qoruyacaq. Yehova qayğıkeş Ata kimi övladlarını həmişə sevəcək və onların qayğısına qalacaq. Əks halda, Onun adına ləkə gələr.
3. Nəyə görə Yehovanın bizi qorumasına indi həmişəkindən daha çox ehtiyac var?
3 Yehovanın bizi qorumasına indi həmişəkindən daha çox ehtiyac duyuruq. Göydən atılan Şeytan böyük qəzəb içindədir (Vəhy 12:12). O, bəzi insanları inandırıb ki, bizi təqib etməklə onlar «Allaha qulluq» etmiş olurlar (Yəh. 16:2). Allaha inanmayan insanlar isə bu dünyanın meyarına uymadığımız üçün bizi təqib edir. Səbəb hər nə olursa olsun, biz qorxmuruq. Çünki Allahın Kəlamında deyilir: «Ağa vəfalıdır. O, sizi möhkəmləndirəcək və Şərirdən qoruyacaq» (2 Salon. 3:3). Yehova bizi necə qoruyur? Gəlin bunun iki üsuluna baxaq.
YEHOVANIN VERDİYİ YARAQLAR
4. Efeslilərə 6:13—17 ayələrinə əsasən, Yehova bizi necə qoruyur?
4 Yehova bizi yaraqlarla təmin edir. Bu yaraqlar bizi Şeytanın hücumlarından qoruyur. (Efeslilərə 6:13—17 ayələrini oxuyun.) Allahın verdiyi bu yaraqlar möhkəm və keyfiyyətlidir. Amma bu yaraqların bizi qoruması üçün gərək onların hər birini geyinək və əynimizdən çıxarmayaq. Söhbət hansı yaraqlardan gedir? Onların hər biri nəyi təmsil edir? Gəlin baxaq.
5. Həqiqət qurşağı nədir və nəyə görə onu belimizə bağlamalıyıq?
5 Həqiqət qurşağı. Allahın Kəlamındakı həqiqətləri təmsil edir. Nəyə görə bu qurşağı belimizə bağlamalıyıq? Çünki «yalanın atası» olan Şeytan minilliklərdir ki, yalan danışır və «bütün dünyanı» aldatmağa müvəffəq olub (Yəh. 8:44; Vəhy 12:9). Amma Müqəddəs Kitabdakı həqiqətlər bizi aldanmağa qoymayacaq. Bu məcazi qurşağı belimizə necə bağlaya bilərik? Yehova haqqında həqiqəti öyrənməklə, Ona «ruha və həqiqətə uyğun ibadət» etməklə və hər sahədə dürüst davranmaqla (Yəh. 4:24; Efes. 4:25; İbr. 13:18).
6. Salehlik zirehi nədir və nəyə görə onu taxmalıyıq?
6 Salehlik zirehi. Yehovanın qoyduğu salehlik normalarını təmsil edir. Nəyə görə salehlik zirehini taxmalıyıq? Zireh əsgərin ürəyini qoruduğu kimi, salehlik zirehi də bizim məcazi ürəyimizi, yəni daxili varlığımızı qoruyur və qoymur ki, bu dünya bizi öz qəlibinə salıb pis insana çevirsin (Məs. 4:23). Yehova istəyir ki, biz bütün qəlbimizlə Onu sevək və Ona xidmət edək (Mət. 22:36, 37). Şeytan bu dünyanın təklif etdiyi, Yehovanın isə nifrət etdiyi şeyləri bizə sevdirərək ürəyimizi haçalamağa çalışır (Yaq. 4:4; 1 Yəh. 2:15, 16). Bu fəndi işə yaramayanda o, hədə-qorxulara əl ataraq bizi Yehovanın yolundan sapdırmağa cəhd edir.
7. Salehlik zirehini necə taxa bilərik?
7 Biz «salehlik zirehini» necə taxa bilərik? Yehovanın gözündə nəyin düzgün, nəyin yanlış olduğunu öyrənməklə və ona uyğun yaşamaqla (Zəb. 97:10). Bəzi insanlara elə gəlir ki, Yehovanın qoyduğu qayda-qanunlar insanın azadlığını əlindən alır. Əgər həyatımızın hansısa məqamında Müqəddəs Kitab prinsiplərinə daha əməl etməsək, döyüşün qızğın yerində zirehinin ağır olduğunu düşünüb onu əynindən çıxaran əsgərə bənzəmiş olacağıq. Bu, ağılsız hərəkət olardı. Amma Yehovanı sevənlər üçün Onun əmrləri ağır deyil, əksinə, müdafiədir (1 Yəh. 5:3).
8. Sülh müjdəsini təbliğ etmək hazırlığını ayağa geyinmək nə deməkdir?
8 Sülh müjdəsini təbliğ etmək hazırlığı. Bu yarağı ayağa geyinmək o deməkdir ki, Padşahlıq müjdəsini təbliğ etməyə həmişə hazır olmalıyıq. Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşəndə imanımız möhkəmlənir. Çox ruhlandırıcıdır ki, bütün dünyada Yehovanın xalqı hər fürsətdən istifadə edib, müjdəni təbliğ edir. Onlar ev-ev təbliğ etməklə yanaşı, işdə, məktəbdə, işgüzar ərazilərdə, mağazalarda təbliğ edirlər. Qohumlarına, rastlaşdıqları hər kəsə şahidlik verirlər. Hətta evdən çıxa bilməmək də onlar üçün maneə deyil. Amma biz qorxuya qapılıb təbliğ etməsək, döyüş vaxtı səndəllərini çıxardan əsgərə bənzəyəcəyik. Belə vəziyyətdə əsgərin ayağı tez zədələnəcək. Nəticədə, o nə düşmənin hücumuna müqavimət göstərə biləcək, nə də sərkərdəsinin tapşırıqlarını icra edə biləcək.
9. Nəyə görə böyük iman qalxanını götürməliyik?
9 Böyük iman qalxanı. Yehovaya olan imanımızı təmsil edir. Biz inanırıq ki, Yehova bütün vədlərini yerinə yetirəcək. Bu bizə Şəririn bütün alovlu oxlarını söndürməyə kömək edəcək. Nəyə görə böyük iman qalxanını götürməliyik? Çünki bunun sayəsində dönüklərin təlimlərinə uymayacağıq və rişxəndçilərin istehzalı sözlərinə görə ruhdan düşməyəcəyik. İmanımız olmasa, insanlar bizi Yehovanın qayda-qanunlarını pozmağa təhrik edəndə təslim olacağıq və bu şeylərə qarşı durmağa gücümüz olmayacaq. Amma hər dəfə işdə və ya məktəbdə imanımıza uyğun davranıb Yehovanın bəyənmədiyi əməllərdən uzaq duranda iman qalxanı bizi qoruyur (1 But. 3:15). Hər dəfə ibadətimizə mane olan yüksək maaşlı işi rədd edəndə iman qalxanını əlimizə alırıq (İbr. 13:5, 6). Və hər dəfə müqavimətə baxmayaraq, Yehovaya xidmət edəndə bu qalxan bizi müdafiə edir (1 Salon. 2:2).
10. Xilas dəbilqəsi nədir və nəyə görə onu taxmalıyıq?
10 Xilas dəbilqəsi. Yehovanın bizə bəxş etdiyi ümidi təmsil edir. Ümid edirik ki, həyatımızı itirsək də, Yehova bizi dirildəcək və iradəsini yerinə yetirən hər bir kəsə mükafat verəcək (1 Salon. 5:8; 1 Tim. 4:10; Tit. 1:1, 2). Dəbilqə əsgərin başını qoruduğu kimi, xilas ümidi də bizim düşüncəmizi qoruyur. Necə? Bu ümid bizə diqqətimizi Allahın vədlərinə cəmləməyə və problemlərimizə aludə olmamağa kömək edir. Bu dəbilqəni başımıza necə taxa bilərik? Düşüncə tərzimizi Allahın düşüncə tərzinə uyğunlaşdırmaqla. Misal üçün, biz ümidimizi gəldi-gedər var-dövlətə yox, Allaha bağlayırıq (Zəb. 26:2; 104:34; 1 Tim. 6:17).
11. Ruhun qılıncı nədir və nəyə görə ondan istifadə etməliyik?
11 Ruhun qılıncı. Allahın sözünü, yəni Müqəddəs Kitabı təmsil edir. Bu qılınc hər cür yalanı ifşa etməyə və insanları yalan təlimlərin, zərərli vərdişlərin köləliyindən azad etməyə qadirdir (2 Kor. 10:4, 5; 2 Tim. 3:16, 17; İbr. 4:12). Biz mütaliə edərək və Allahın təşkilatından təlim alaraq bu qılıncdan düzgün istifadə etməyi öyrənirik (2 Tim. 2:15). Bu yaraqlardan əlavə, Yehova bizi digər bir üsulla da qoruyur. Bu hansı üsuldur?
DÖYÜŞ MEYDANINDA TƏK DEYİLİK
12. Bizim başqa nəyə ehtiyacımız var və nəyə görə?
12 Təcrübəli əsgər bilir ki, o, böyük bir qoşunun qabağına tək çıxa bilməz. Ona əsgər yoldaşlarının köməyi lazımdır. Eynilə, biz də Şeytanla və onun tərəfdarları ilə təkbaşına mübarizə apara bilmərik. Bizə bacı-qardaşlarımızın köməyi lazımdır. Yehovanın sayəsində bizim bütün dünyada bacı-qardaşlarımız var. Onlar həmişə bizə kömək etməyə hazırdırlar (1 But. 2:17).
13. İbranilərə 10:24, 25 ayələrinə əsasən, yığıncaq görüşlərinin hansı faydaları var?
13 Biz bir neçə yolla kömək alırıq. Onlardan biri yığıncaq görüşləridir. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Bəzən hər birimiz ruh düşkünlüyünə qapılırıq. Amma yığıncaq görüşlərində olanda ruhən təravətlənirik. Bacı-qardaşlarımızın verdiyi səmimi şərhlər bizi ruhlandırır. Müqəddəs Kitaba əsaslanmış çıxışlar, səhnəciklər Yehovaya xidmət etmək əzmimizi möhkəmləndirir. Görüşdən əvvəl və sonra bacı-qardaşlarla etdiyimiz xoş ünsiyyət əhvalımızı yüksəldir (1 Salon. 5:14). Həmçinin ibadət görüşlərində başqalarına kömək etmək imkanımız olur, bu da bizim sevincimizə sevinc qatır (Həv. 20:35; Rom. 1:11, 12). Görüşlərimiz başqa sahədə də bizə kömək edir. Məcazi dillə desək, döyüş bacarığımızı itiləyir, yəni xidmət etmək qabiliyyətimizi təkmilləşdirir. Məsələn, Xidmət üçün vəsaitlərdəki nəşrlərdən effektiv şəkildə istifadə etməyi öyrənirik. Buna görə də yığıncaq görüşlərinə yaxşı hazırlaşın. Görüşə diqqətlə qulaq asın. Görüşdən sonra isə öyrəndiklərinizə əməl edin. Belə etməklə siz «Məsih İsanın cəsur əsgəri» olacaqsınız (2 Tim. 2:3).
14. Yehova bizə başqa necə kömək edir?
14 Bizə həmçinin milyonlarla qüdrətli mələklər kömək edir. Təkcə bir mələyin nəyə qadir olduğunu yadımıza salaq (Əşy. 37:36). İndi düşünün görün bir ordu mələk nələrə qadirdir! Heç bir insan, heç bir cin Yehovanın qüdrətli ordusuna bata bilməz. Yehova Kainatda ən qüdrətli Varlıqdır. Buna görə də əleyhdarlar nə qədər çoxluq təşkil etsə də, bir insan üstəgəl Yehova hər zaman güclü tərəf olur (Hak. 6:16). Bu, reallıqdır, buna əmin ola bilərik! İş yoldaşınız, məktəb yoldaşınız, yaxud imanınıza şərik olmayan qohumunuz sözləri və ya hərəkətləri ilə sizi qorxuya salanda bu fikirləri yadınıza salın. Unutmayın, siz bu döyüşdə tək deyilsiniz, çünki Yehovanın göstərişi ilə hərəkət edirsiniz.
YEHOVA BİZİ HƏMİŞƏ QORUYACAQ
15. Əşiya 54:15, 17 ayələrinə əsasən, nəyə görə Allahın xalqını heç kəs susdura bilməz?
15 Şeytanın rəhbərlik etdiyi bu dünya bir çox səbəbə görə bizə nifrət edir. Biz siyasi bitərəfliyi qoruyuruq və müharibədə döyüşmürük. Biz Allahın adını bəyan edir, yalnız Onun Padşahlığının bəşəriyyətə sülh gətirəcəyini təbliğ edir və Onun adil qayda-qanunları ilə yaşayırıq. Biz bu dünyanın hökmdarının, yəni Şeytanın yalançı və qatil olduğunu ifşa edirik (Yəh. 8:44). Şeytan dünyasının məhvinin qaçılmaz olduğunu bəyan edirik. Şeytan və onun tərəfdarları bizi heç vaxt susdura bilməyəcəklər. Biz hər bir vasitədən istifadə edərək Yehovaya həmd etməyə davam edəcəyik! Şeytan nə qədər qüdrətli olsa da, Padşahlıq haqda müjdənin bütün dünyaya yayılmasının qarşısını ala bilmir. Çünki bizi qoruyan Yehovadır. (Əşiya 54:15, 17 ayələrini oxuyun.)
16. Yehova böyük müsibət vaxtı xalqını necə qoruyacaq?
16 Qarşıda bizi nə gözləyir? Böyük müsibət vaxtı Yehova iki dəfə bizi möhtəşəm surətdə qoruyacaq. Birinci dəfə yerin padşahlarını yalan dini təmsil edən Böyük Babili məhv etməyə təhrik edəndə (Vəhy 17:16—18; 18:2, 4). İkinci dəfə Armageddonda Şeytan dünyasının qalan hissəsini məhv edəndə (Vəhy 7:9, 10; 16:14, 16).
17. Yehovaya yaxın olmağın bizə hansı faydası var?
17 Yehovaya yaxın olsaq, Şeytan bizə sağalmaz yara vura bilməyəcək. Əslində, onun özü sağalmaz yara alacaq, birdəfəlik məhv ediləcək (Rom. 16:20). Beləliklə, bütün yaraqları əyninizə geyinin və heç vaxt əyninizdən çıxartmayın! Şeytanla, onun dünyası ilə təkbaşına döyüşməyin. Bacı-qardaşlara dəstək olun, Yehovanın göstərişi ilə hərəkət edin. Əgər bu cür davransanız, əmin ola bilərsiniz ki, səmavi Atanız sizi möhkəmləndirəcək və qoruyacaq (Əşy. 41:10).
NƏĞMƏ 149 Zəfər nəğməsi
a Müqəddəs Kitabda vəd edilir ki, Yehova bizi möhkəmləndirəcək, həmçinin bizi ruhani cəhətdən qoruyacaq və heç nəyin bizə sağalmaz yara vurmasına yol verməyəcək. Bu məqalədə növbəti suallara cavab tapacağıq: Bizim nəyə görə müdafiəyə ehtiyacımız var? Yehova bizi necə qoruyur? Yehovanın təqdim etdiyi köməkdən fayda əldə etmək üçün nə etməliyik?