Məsihçi birliyimiz Allaha izzət gətirir
«Ruhun birliyini qorumağa ürəkdən çalışın» (EFES. 4:3).
1. Birinci əsrdə Efesdə yaşayan məsihçilər Allahı necə izzətləndirirdilər?
QƏDİM Efes yığıncağında hökm sürən birlik həqiqi Allah olan Yehovanı izzətləndirirdi. Böyük ticarət mərkəzi olan bu şəhərdə yaşayan məsihçilərin bəziləri varlı quldarlar olduğu halda, digərləri qul, ya da olduqca kasıb idilər (Efes. 6:5, 9). Başqaları həvari Pavelin üç ay ərzində sinaqoqda təbliğ edərkən həqiqəti onun dilindən eşidən yəhudilər idi. Digərləri isə əvvəllər Artemida ilahəsinə ibadət edir və sehrbazlıqla məşğul olurdular (Həv. iş. 19:8, 19, 26). Gördüyümüz kimi, həqiqi din cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları birləşdirmişdi. Pavel yaxşı bilirdi ki, yığıncaqda hökm sürən birlik Yehovanı izzətləndirir. O demişdi: «[Yehovaya] yığıncaq... vasitəsilə eşq olsun» (Efes. 3:21).
2. Efes yığıncağının birliyini təhlükə qarşısında qoyan nə idi?
2 Lakin Efes yığıncağının birliyi təhlükə altında idi. Pavel həmin yığıncağın ağsaqqallarını xəbərdar edirdi: «Sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər» (Həv. iş. 20:30). Bundan əlavə, bəzi qardaşlar Pavelin haqqında danışdığı «itaətsiz adamlarda fəaliyyət göstərən» və nifaq salan ruhdan tamamilə azad olmamışdılar (Efes. 2:2; 4:22).
Birliyin vacibliyini vurğulayan məktub
3, 4. Pavelin efeslilərə yazdığı məktubda birliyin vacibliyi necə vurğulanır?
3 Pavel dərk edirdi ki, əgər məsihçilər bundan sonra da birgə əməkdaşlıq etmək istəyirdilərsə, onda hər biri birliyin hökm sürməsi üçün əlindən gələni əsirgəməməli idi. Allah Paveli əsas mövzusu birlik olan «Efeslilərə məktub»u yazmağa ilhamlandırmışdı. Məsələn, Pavel yazmışdı ki, Allah hər şeyi ‘Məsihdə birləşdirməyi qərarlaşdırıb’ (Efes. 1:10). O həmçinin məsihçiləri tikilini təşkil edən müxtəlif daşlara bənzətmişdi. «Bütün tikili onunla... həmahəng şəkildə birləşərək ucalıb Yehova üçün müqəddəs məbəd olur» (Efes. 2:20, 21). Bundan əlavə, Pavel yəhudilərdən və başqa millətlərdən olan məsihçilər arasındakı birliyi vurğuladı və qardaşların hamısının Allah tərəfindən yaradıldığını xatırlatdı. O, Yehovanı Ata adlandıraraq ‘göydə və yerdə olan hər ailənin öz adı ilə [Ona] borclu olduğunu’ da qeyd etdi (Efes. 3:5, 6, 14, 15).
4 «Efeslilərə məktub»un dördüncü fəslini araşdırarkən növbəti suallara cavab tapacağıq: nəyə görə birlik üçün səy tələb olunur? Yehova aramızda birliyi necə yaradır? Birliyi qoruyub saxlamağa bizə hansı xüsusiyyətlər kömək edəcək? Yaxşı olardı ki, bu məqalədən daha çox fayda əldə etmək üçün həmin fəsli başdan-ayağa kimi oxuyasan.
Nəyə görə birliyi qorumaq üçün səy tələb olunur?
5. a) Nəyin sayəsində mələklər Allaha birlik içində xidmət edirlər? b) Birliyimizi qorumağı çətinləşdirən nədir?
5 Pavel Efesdəki qardaşlara yalvarırdı: «Ruhun birliyini qorumağa ürəkdən çalışın» (Efes. 4:3). Bunun vacibliyini başa düşmək üçün gəlin Allahın mələklərinin nümunəsinə nəzər salaq. Yer üzündə yaşayan heç bir canlı digərinə tam bənzəmir. Buradan belə nəticəyə gəlirik ki, Yehovanın yaratdığı milyonlarla mələyin hər biri digərindən fərqlənir (Dan. 7:10). Onların hamısı Yehovaya qulaq asdığı və iradəsini yerinə yetirdiyi üçün vəhdət içində Ona xidmət edir. (Məzmur 103:20, 21 ayələrini oxu.) Sadiq mələklərdən fərqli olaraq, məsihçilərin çoxlu gözəl xüsusiyyətləri ilə yanaşı, qüsurları da var. Birliyimizi qorumağı çətinləşdirən də elə budur.
6. Hansı xüsusiyyətlər müxtəlif qüsurları olan bacı-qardaşlara bir-biri ilə əməkdaşlıq etməyə kömək edə bilər?
6 Qeyri-kamil insanlar bir-biri ilə əməkdaşlıq etməyə çalışanda aralarında asanlıqla çətinliklər yarana bilər. Nümunə üçün Yehovaya birgə xidmət edən iki qardaşı götürək. Onlardan biri həlim, eyni zamanda çox vaxt gecikən, digəri isə həmişə vaxtında gələn, ancaq kəmhövsələdir. Onlar səhvi bir-birində görə bilərlər. Amma yaddan çıxarırlar ki, onların özlərində də səhv var. Bu iki qardaşın Yehovaya həmahəng şəkildə birgə xidmət etməsi necə mümkündür? Gəlin görək, Pavelin növbəti ayələrdə məsləhət gördüyü xüsusiyyətlər onlara necə kömək edə bilər. O yazırdı: ‘Sizə yalvarıram: tam təvazökarlıq, həlimlik, səbir və məhəbbətlə bir-birinizə qarşı dözümlü olun, sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa ürəkdən çalışın’ (Efes. 4:1—3).
7. Qeyri-kamil bacı-qardaşlarımızla birlik içində yaşamağı öyrənmək nəyə görə olduqca vacibdir?
7 Qeyri-kamil insanlarla birlik içində Yehovaya xidmət etməyi öyrənmək olduqca vacibdir, çünki yalnız bir həqiqi din var. «Dəvət olunduğunuz ümid bir olduğu kimi, bir bədən, bir ruh, bir Ağa, bir iman, bir vəftiz vardır... Bütün insanların Atası Allah da birdir» (Efes. 4:4—6). Yehova Öz ruhunu və xeyir-dualarını yalnız bir xalqa verir. Hətta yığıncaqda kimsə bizim xətrimizə dəysə belə, biz başqa hara gedə bilərik ki? Əbədi həyatın sözlərini yalnız və yalnız burada eşitmək olar (Yəh. 6:68).
Birliyimizi möhkəmləndirən «insanlar timsalında hədiyyələr»
8. Aramızda nifaq sala biləcək təsirlərə qarşı möhkəm durmağımız üçün Məsih kimlərdən istifadə edir?
8 Pavel yığıncağı birləşdirmək üçün İsanın «insanlar timsalında hədiyyələr»i necə verdiyini qədim dövrlərdə əsgərlər arasında geniş yayılmış adətin əsasında əyani şəkildə göstərdi. Bəzən qələbə çalmış əsgərlər yadelli əsirləri evlərinə gətirirdilər ki, arvadlarına ev işlərində kömək etsinlər (Məz. 68:1, 12, 18). Buna bənzər tərzdə, İsanın bu dünya üzərində qələbə çalması sayəsində onun çoxlu könüllü qulları oldu. (Efeslilərə 4:7, 8 ayələrini oxu.) İsa bu simvolik əsirlərdən necə istifadə edir? «O, kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini də çoban və müəllim təyin edib ki, onlar xidmət işi üçün müqəddəsləri mükəmməlləşdirsinlər, Məsihin bədənini möhkəmləndirsinlər. Nəticədə biz hamımız imanda birliyə... yetişək» (Efes. 4:11—13).
9. a) «İnsanlar timsalında hədiyyələr» olan nəzarətçilər birliyimizi qorumağa necə kömək edirlər? b) Nəyə görə yığıncağın hər bir üzvü birliyi qorumaq üçün əlindən gələni etməlidir?
9 Qayğıkeş çobanlar kimi, «insanlar timsalında hədiyyələr» olan bu nəzarətçilər bizə birliyi qorumağa kömək edirlər. Məsələn, yığıncağın ağsaqqalı iki qardaşın ‘bir-birini rəqabətə təhrik etdiyini’ görəndə onlara təklikdə «mülayimcəsinə» məsləhət verə bilər. Belə etməklə o, yığıncağın birliyini daha da möhkəmləndirmiş olur (Qalat. 5:26—6:1). Bir müəllim kimi isə, onlar bizə Müqəddəs Kitab təlimləri əsasında imanımızı möhkəmləndirməyə kömək edirlər. Bununla birliyimizi qoruyur və məsihçi yetkinliyinə doğru irəliləməkdə bizə dəstək olurlar. Pavel bunun səbəbini izah edərək yazırdı: «Belə ki, daha insanların fırıldağı, kələyi, ustalıqla uydurduğu yalanından doğan hər cür təlim küləyinin ora-bura apardığı, dəniz dalğalarının atıb-tutduğu uşaq kimi olmayaq» (Efes. 4:13, 14). Bədənimizin hər bir üzvü digər üzvləri lazımi şeylərlə təmin edərək onları möhkəmləndirdiyi kimi, hər bir məsihçi də ümumdünya qardaşlıq birliyini möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir. (Efeslilərə 4:15, 16 ayələrini oxu.)
Özündə gözəl xüsusiyyətlər yetişdir
10. Əxlaqsız davranış birliyimizə necə xələl gətirə bilər?
10 Fikir verdinsə, Pavelin efeslilərə yazdığı məktubunun dördüncü fəslində göstərilir ki, yetkin məsihçilər kimi birliyə nail olmaq üçün məhəbbət təzahür etdirmək zəruridir. Daha sonra orada bunu necə edə biləcəyimizdən bəhs edilir. Əvvəla, əsil məhəbbət cinsi əxlaqsızlığa və pozğun davranışa yol vermir. Pavel qardaşlarını təşviq edirdi ki, «başqa millətlər kimi» davranmasınlar. Belə insanlar «abır-həyanı büsbütün itirərək... özlərini pozğunluq girdabına qərq ediblər» (Efes. 4:17—19). Yaşadığımız pozğun dünya birliyimizi təhlükə altına alır. İnsanlar ədəbsiz lətifələr söyləyir, əxlaqsızlığı tərənnüm edən mahnılar oxuyur, verilişlərə, filmlərə və kliplərə baxırlar; onlar istər gizlincə, istərsə də açıqca əxlaqsızlıq edirlər. Hətta eşqbazlıq etmək, yəni ailə qurmaq fikrində olmadığı insana guya ondan xoşu gəldiyini göstərmək belə məsihçini Yehovadan və yığıncaqdan uzaqlaşdıra bilər. Nəyə görə? Çünki bu, asanlıqla əxlaqsızlıqla nəticələnə bilər. Üstəlik, ailəli insanın zinaya gətirib çıxaran bu hərəkəti uşaqları valideynlərindən, günahsız tərəfi isə həyat yoldaşından qəddarcasına ayıra bilər. Həqiqətən də, bu, birliyi pozur! Buna görə də Pavel haqlı olaraq növbəti sözləri deyir: «Siz Məsihi belə tanımamısınız»! (Efes. 4:20, 21).
11. Müqəddəs Kitab məsihçiləri hansı dəyişiklikləri etməyə səsləyir?
11 Pavel birliyimizi pozan düşüncə tərzindən qaçınmağın və başqaları ilə sülh və birlik içində yaşamağa kömək edən xüsusiyyətləri inkişaf etdirməyin vacibliyini vurğulamışdı. Biz oxuyuruq: «Əvvəlki davranış tərzinizə xas olan və aldadıcı arzuları ilə pozğunlaşan köhnə şəxsiyyəti əyninizdən çıxarmalı, əqlinizi hərəkətə gətirən qüvvə ilə yeniləşməli, Allahın iradəsi ilə həqiqi salehlik və sədaqət içində yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz» (Efes. 4:22—24). Bəs biz ‘əqlimizi hərəkətə gətirən qüvvə ilə’ necə ‘yeniləşə’ bilərik? Bunun üçün Allahın Kəlamından və yetkin məsihçilərin nümunəsindən öyrəndiyimiz şeylərin üzərində minnətdarlıqla düşünərək əlimizdən gələni etməliyik. Belə etdiyimiz təqdirdə biz «Allahın iradəsi ilə... yaradılmış» yeni şəxsiyyətə bürünə bilərik.
Nitq ənamından düzgün istifadə etməyi öyrən
12. Həqiqəti danışmaq birliyə necə səbəb olur və nəyə görə dürüst olmaq bəzilərinə çətindir?
12 Ailədə və yığıncaqda həqiqəti söyləmək xüsusilə vacibdir. Səmimi, açıq və mülayim danışıq tərzi insanları bir-birinə yaxınlaşdırır (Yəh. 15:15). İnsan yaxınlarına yalan danışsa və sonradan bu üzə çıxsa, onların bir-birinə olan etibarı sarsılacaq. Pavelin növbəti sözləri nəyə görə yazdığını başa düşmək çətin deyil. O demişdi: «Qoy hər kəs yaxınına həqiqəti söyləsin, çünki biz hamımız bir bədənin üzvləriyik və bir-birimizə məxsusuq» (Efes. 4:25). İstər uşaqlıqdan, istərsə də sonradan yalan danışmağa vərdiş edən insanlara dəyişilmək çətin ola bilər. Yehova belə insanların səyini qiymətləndirir və onlara kömək edir.
13. İnsan təhqiramiz danışığa necə son qoya bilər?
13 Yehova bizə danışığımıza ciddi fikir verməyi öyrədərək yığıncaqda və ailədə bir-birimizin hörmətini saxlamağa və birliyimizi qorumağa kömək edir. «Qoy dilinizdən heç bir pis söz çıxmasın... Qoy kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq, ümumiyyətlə hər cür pislik sizdən uzaq olsun» (Efes. 4:29, 31). Təhqiramiz danışıqdan qaçınmaq üçün başqalarına daha çox hörmət etməyi öyrənməliyik. Məsələn, arvadı ilə kobud danışan ər Yehovanın qadınlara necə yanaşdığını öyrəndikcə ona qarşı münasibətini dəyişməyə çalışmalıdır. Allah hətta bəzi qadınları müqəddəs ruhla məsh edərək Məsihin hakimiyyət şərikləri olmaq şərəfinə layiq görüb (Qalat. 3:28; 1 Pet. 3:7). Həmişə ərinin üstünə qışqıran qadın isə İsadan nümunə götürməli və dəyişilməlidir. Başqaları İsanı hövsələdən çıxaranda belə o, özünə hakim olurdu (1 Pet. 2:21—23).
14. Özündən çıxmaq nəyə görə təhlükəlidir?
14 Təhqiramiz danışıq çox vaxt qəzəbi cilovlamamaqdan irəli gəlir. Bu da bir-birinə yaxın olan insanların arasına nifaq sala bilər. Qəzəb alov kimidir. O, tez bir zamanda nəzarətdən çıxa və fəlakət törədə bilər (Sül. məs. 29:22). Narazılığını bildirməyə əsası olsa da, insan başqaları ilə gözəl münasibətlərinə xətər dəyməsin deyə var gücü ilə qəzəbini cilovlamağa çalışmalıdır. Məsihçilər bir-birini bağışlamalı, giley-güzar etməməli və olub-keçənləri dilə gətirməməlidirlər (Məz. 37:8; 103:8, 9; Sül. məs. 17:9). Pavel efeslilərə məsləhət görürdü: «Qəzəblənsəniz də günah işləməyin; qoy hirsiniz gün batmamış soyusun, İblisə fürsət verməyin» (Efes. 4:26, 27). Qəzəbini cilovlamayan insan İblisə yığıncaqda birliyi pozmağa və hətta araya münaqişə salmağa şərait yaradır.
15. Başqasının əşyasını icazəsiz götürmək nə ilə nəticələnə bilər?
15 Yığıncaqda birliyi qoruyub saxlamaq üçün biz başqalarının əşyalarını icazəsiz götürməməliyik. Müqəddəs Kitabda deyilir: «Oğurluq edən daha oğurluq etməsin» (Efes. 4:28). Yehovanın xalqı arasında bir-birinə etibar var. Əgər məsihçi bu etibardan sui-istifadə edərək başqasının əşyasını icazəsiz götürərsə, birliyimizə zərər vurmuş olacaq.
Bizi birləşdirən Allah sevgisi
16. Birliyimizi möhkəmləndirmək üçün nitq ənamından necə istifadə etməliyik?
16 Allaha olan məhəbbət hər birimizi başqalarını sevməyə təşviq edir ki, bunun da nəticəsində məsihçi yığıncağında birlik hökm sürür. Allahın xeyirxahlığına görə minnətdarlıq bizi növbəti məsləhətə canla-başla riayət etməyə təşviq edir: «Zərurətə görə imanı möhkəmləndirən söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin. Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun, Allah Məsih vasitəsilə sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın» (Efes. 4:29, 32). Yehova bizim kimi qeyri-kamil insanları ürəkdən bağışlayır. Başqalarının qeyri-kamilliyini görəndə biz də onları bağışlamalı deyilikmi?
17. Nəyə görə biz var gücümüzlə birliyimizi qorumağa çalışmalıyıq?
17 Yehovanın xalqı arasındakı birlik Ona izzət gətirir. Onun ruhu bizi birliyi qorumağa təşviq edir. Əlbəttə, biz müqəddəs ruhun rəhbərliyinə qarşı çıxmaq istəmirik. Pavel yazmışdı: «Allahın müqəddəs ruhunu kədərləndirməyin» (Efes. 4:30). Birliyimiz misilsiz dəyərə malik olan xəzinədir və onu göz bəbəyimiz kimi qorumalıyıq. Bu, bizə sevinc, Yehovaya isə izzət gətirir. «Beləliklə, Allahın sevimli övladları olduğunuz üçün Ona bənzəməyə çalışın və məhəbbət yolunda yeriyin» (Efes. 5:1, 2).
Necə cavab verərdiniz?
• Hansı xüsusiyyətlər bizə birliyi qorumağa kömək edir?
• Davranışımızla birliyi necə qoruya bilərik?
• Danışıq tərzimiz bizə başqaları ilə əməkdaşlıq etməyə necə kömək edəcək
[17-ci səhifədəki şəkil]
Müxtəlif insanlar birlik içində yaşayırlar
[18-ci səhifədəki şəkil]
Eşqbazlıq etməyin təhlükəli olduğunu dərk edirsənmi?