Bəşəriyyətin problemləri tezliklə həll olunacaqdır!
“HMANİTAR fəaliyyət, konfliktlərin səbəbini aradan qaldıran daha geniş strategiyanın və siyasətin ayrılmaz hissəsi deyilsə, təəssüflər olsun ki, məhdud dəyərə malikdir. Təcrübə dəfələrlə göstərmişdir ki, əslində siyasi mahiyyət daşıyan problemləri yalnız humanitar fəaliyyətin köməyi ilə həll etmək mümkün deyil” (“The State of the World’s Refugees 2000”).
Xeyriyyəçilik fəaliyyətinə baxmayaraq, bəşəriyyətin problemləri durmadan artır. Xeyriyyəçiliyin siyasi problemlərə tamamilə son qoyacağına ümid etmək olarmı? Sözün açığı, çətin. Bəs daha nəyə ümid etmək olar? Cavabı həvari Pavelin Efes məsihçilərinə yazdığı məktubun bir parçasında tapmaq olar. Orada Allahın, insanların problemlərini necə həll edəcəyi barədə bəhs edilir. Pavel, Allahın bu gün insanları mə’yus hala salan problemlərin ilk səbəblərini nəyin vasitəsilə həll edəcəyini də xatırladır. Gəlin Pavelin, Efeslilərə 1:3-10 ayələrində yazılmış sözlərinə diqqət yetirək.
“Hər şeyi Məsihin başçılığı altında yenidən bir yerə toplamaq”
Həvarinin sözlərinə görə, Allahın niyyəti “vaxt tamam olduqda icra ediləcək” işlərə aiddir. Bu nə deməkdir? Bu o deməkdir ki, “həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında birləşdirmək [“yenidən bir yerə toplamaq”, YD]” üçün Allah vaxt tə’yin edib (Efeslilərə 1:10). Bəli, Allah xüsusi quruluş işə salaraq onun vasitəsilə göylərdə və yerdə olan hər şeyi öz rəhbərliyi altında birləşdirib, əvvəlki harmoniyanı bərpa edəcək. Onu da qeyd etməyə dəyər ki, Müqəddəs Kitab alimi İ. H. Teyerin fikrincə, “yenidən bir yerə toplamaq” ifadəsi “(günah üzündən indiyə kimi birliyi pozulmuş) canlı və cansız olan hər şeyi özü üçün yenidən... Məsihin başçılığı altında toplamaq mə’nasını verir”.
Bu onu göstərir ki, Allah birliyi pozan ilk səbəbi nəzərə alır. Bəşər tarixinin başlanğıcında ulu valideynlərimiz Adəm və Həvva, İblisin Allaha qarşı üsyanına qoşuldular. Onlar, nəyin pis, nəyin yaxşı olduğunu özləri qərara almaqla müstəqil olmaq istədilər (Təkvin 3:1-5). Allahın ədalətinə müvafiq olaraq onlar Allahın ailəsindən qovuldular və Onunla münasibətlərini itirdilər. Adəm və Həvva bəşəriyyəti, bu günədək hiss etdiyimiz qeyri-kamilliyə düçar etdilər (Romalılara 5:12).
Pisliyə müvəqqəti yol verilib
Bə’ziləri soruşa bilər: “Allah pisliyə nəyə görə yol vermişdir? Bizim bu günə kimi çəkdiyimiz ağrı və acıların qarşısını almaq üçün, nəyə görə Allah o zaman öz əzəmətli qüvvəsindən istifadə edərək üsyançıları tabe olmağa məcbur etmədi?” İlk baxışdan elə gələ bilər ki, məhz bu cür davranmaq lazım idi. Ancaq bu cür rəfedilməz qüvvənin tətbiq edilməsi nəyi göstərərdi? Məgər kim isə elə ilk mübahisədən öz düşmənini sadəcə olaraq gücü çatdığı üçün məhv etsəydi, xoşunuza gələrdimi? Əlbəttə ki, yox.
Əslində üsyançılar Allahın Qadir olduğunu deyil, Onun rəhbərliyinin qanuniliyini və doğruluğunu şübhə altına aldılar. Bu vacib məsələləri birdəfəlik həll etmək üçün, Yehova yol verdi ki, yaratdığı varlıqlar bir müddət bilavasitə Onun rəhbərliyi olmadan özbaşına yaşasınlar (Vaiz 3:1; Luka 21:24). Həmin vaxt başa çatdıqda, Allah yer üzündə rəhbərliyi yenidən ələ alacaqdır. O zaman tamamilə aydın olacaq ki, yer üzündə yaşayanlar üçün sarsılmaz sülhü, xoşbəxtliyi və firavanlığı yalnız Allahın rəhbərliyi zəmanət edə bilər. O zaman dünyadakı əziyyətlərin hamısına son qoyulacaq (Məzmur 72:12-14; Daniel 2:44).
“Dünya yaranmazdan qabaq”
Bütün bunlar çoxdan, Pavelin dediyi kimi, “dünya yaranmazdan qabaq” Allahın niyyətinə daxil idi (Efeslilərə 1:4). Bu, Yer kürəsinin, həmçinin Adəmlə Həvvanın yaranmasından əvvəlki vaxtı nəzərdə tutmur. Üsyan qaldırılmazdan qabaq mövcud olan dünya “çox yaxşı idi” (Təkvin 1:31). Bəs onda həvari Pavel hansı dünyadan bəhs edirdi? O, Adəmlə Həvvanın nəslindən ibarət insanların, yə’ni fidiyə vasitəsilə qurtuluş ümidinə malik olan günahlı və qeyri-kamil insanların dünyasından bəhs edirdi. Yehova ilk insanların uşaqları olmazdan əvvəl, fidiyə qurbanlığına ümid edən Adəmin nəslini necə xilas edəcəyini əvvəlcədən bilirdi (Romalılara 8:20).
Əlbəttə, bu o demək deyil ki, Kainatın Hökmdarı, yaranacaq hər hansı fövqəl’adə vəziyyətlər üçün geniş strateji planlar hazırlayan insanlar kimi hərəkət edir. Xeyr, Qadir Allah sadəcə öz niyyətini həyata keçirir. Pavel izah edir ki, Yehova problemi necə aradan qaldıracağını və bəşəriyyəti günahdan birdəfəlik azad edəcəyini qərara almışdır. Allah bunun üçün hansı tədbiri görüb?
Xilası kim təqdim edəcək?
Pavel, Adəmin günahının nəticəsinin aradan qaldırılmasında Məsihin ruhla məsh edilmiş şagirdlərinin xüsusi rol oynayacağını deyir. Pavel yazır ki, İsa ilə birlikdə səmavi Padşahlıqda idarə etmək üçün Yehova “bizi Məsihdə seçdi”. Sonra o izah edir ki, Yehova “bizi qabaqcadan Özü üçün İsa Məsih vasitəsilə oğulluğa tə’yin etdi” (Efeslilərə 1:4-6). Əlbəttə ki, Yehova qabaqcadan onların hər birini ayrı-ayrılıqda oğulluğa tə’yin etmədi. Lakin Şeytan İblis və Adəmlə Həvva tərəfindən bəşəriyyətə vurulan pisliyi aradan qaldırmaq üçün Məsihlə bərabər idarə edəcək insanları qrup halında oğulluğa tə’yin etdi (Luka 12:32; İbranilərə 2:14-18).
Təəccüblüdür: Şeytan Allaha qarşı üsyan qaldırmaqla demək istəyirdi ki, Allah insanları qüsurlu yaradıb və təzyiq altında, yaxud sınaqlar zamanı onlar Onun rəhbərliyini qəbul etməyəcəklər (Eyub 1:7-12; 2:2-5). Yehova Allah Adəmin günahlı nəslindən bə’zilərini, Onun ruhani övladları olsunlar deyə, “Öz iradəsinin iltifatını” heyranedici tərzdə təzahür etdirdi. Yehova, bu kiçik qrupu göyə götürmək niyyətində oldu. Hansı məqsədlə? (Efeslilərə 1:3-6; Yəhya 14:2, 3; 1 Saloniklilərə 4:15-17; 1 Peter 1:3, 4).
Pavelin sözlərinə görə, Allahın oğulluğa götürülən bu xidmətçiləri səmavi Padşahlıqda “Məsihin həmvarisləri” olacaqlar (Romalılara 8:14-17). Onlar, insanları ağrı və əzablardan azad etmək işində padşah və kahinlər kimi xidmət edəcəklər (Vəhy 5:10). Həqiqətən də, “bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir”. Lakin bir azdan Allahın seçilmiş bu oğulları İsa ilə birlikdə fəaliyyət göstərməyə başlayacaq və bütün itaətkar insanlar “çürüklüyə olan köləliyindən azad olunub [yenidən] Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır” (Romalılara 8:18-22).
Fidiyə vasitəsilə xilas
İsa Məsihin qurbanlığı sayəsində insanların günahdan azad olmaq ümidləri var. Bütün bunlar Allahın insanlara olan inayətinin ən valehedici və əzəmətli təzahürü sayəsində mümkündür. Pavel yazır: “Məsihdə, Məsihin qanı vasitəsilə xilasa, günahlarımızın əfvinə malikik” (Efeslilərə 1:7, 8).
Allahın niyyətinin həyata keçirilməsində İsa Məsih əsas rolu oynayır (İbranilərə 2:10). Məsihin fidiyə qurbanlığı, Yehovanın öz qanun və prinsiplərinə e’tibarı qırmadan Adəmin nəslindən olan bə’zi adamları səmavi ailəsinə qəbul edib, bəşəriyyəti Adəmin günahının əsarətindən azad etməsi üçün qanuni əsas oldu (Matta 20:28; 1 Timoteyə 2:6). Yehova salehliyinə və kamil ədalətinə müvafiq fəaliyyət göstərir (Romalılara 3:22-26).
Allahın “iradəsinin sirri”
Minilliklər boyu Allah, Yerə aid niyyətini necə yerinə yetirəcəyini tam açmamışdır. O, eramızın I əsrində İsanın davamçılarına “Öz iradəsinin sirrini” açdı (Efeslilərə 1:9). Pavel və digər məsh edilmiş məsihçilər, Allahın niyyətinin yerinə yetməsində İsa Məsihin vacib rol oynadığını aydın surətdə başa düşdülər. Eyni zamanda özlərinin səmavi Padşahlıqda Məsihin şərikləri kimi xüsusi rollarını da anlamağa başladılar (Efeslilərə 3:5, 6, 8-11). Bəli, İsa Məsihin və onun hakimiyyət şəriklərinin əlində olan bu Padşahlığın vasitəsilə Allah nəinki göylərdə, həm də yer üzündə daimi sülh quracaq (Matta 6:9, 10). Bu Padşahlığın vasitəsilə Allah ilk niyyətinə daxil olan şəraitləri yer üzündə yaradacaq (İşaya 45:18; 65:21-23; Həvarilərin işləri 3:21).
Allahın yer üzünü hər cür əziyyət və ədalətsizlikdən təmizləmək üçün tə’yin etdiyi vaxt çox yaxındır. Əslində Yehova hələ bizim eranın 33-cü ilinin Pentikost günündən yer üzünü bərpa etməyə başlamışdır. Necə? O, “göylərdə olan”ı, yə’ni Məsihlə bərabər göylərdə idarə edəcək kəsləri toplamağa başladı. Onların arasında efesli məsihçilər də vardı (Efeslilərə 2:4-7). Sonralar, bizim günlərdə Yehova “yerdə olan”ları toplayır (Efeslilərə 1:10). Ümumdünya təbliğ fəaliyyəti sayəsində bütün insanlara, İsa Məsih başda olmaqla Allahın Padşahlığı barədə xoş xəbər çatdırılır. Elə bu günə qədər, Müqəddəs Kitabın xəbərinə meylli olan insanlar ruhani müdafiə və şəfa alaraq Allah tərəfindən toplanırlar (Yəhya 10:16). Tezliklə onlar təmizlənmiş yer üzü cənnətdə ədalətsizlik və əziyyətdən tamamilə azad olacaqlar (2 Peter 3:13; Vəhy 11:18).
Bu gün ehtiyacı olanlara humanitar kömək göstərilməkdə “böyük irəliləyiş edilmişdir” (“The State of the World’s Children 2000”). Lakin ən böyük irəliləyişi, bir azdan yerin işinə müdaxilə edəcək səmavi Padşahlıqda İsa Məsih və onun şərikləri edəcəklər. Onlar, bizə əziyyət verən hər cür münaqişəni və pisliyi kökündən qoparıb atacaqlar. Bununla da, bəşər ailəsinin bütün problemləri həll olunacaqdır (Vəhy 21:1-4).
[4-cü səhifədəki şəkillər]
Xeyriyyəçilik bəşər ailəsinin problemlərini həll edə bilməmişdir.
[6-cı səhifədəki şəkil]
Məsihin fidiyə qurbanlığı bəşəriyyətə Adəmin günahından qurtuluşu tə’min etdi.
[7-ci səhifədəki şəkil]
Bu gün ruhani müdafiə və şəfa tapmaq mümkündür.
[7-ci səhifədəki şəkillər]
Xilaskar Padşahlığın vasitəsilə bəşəriyyətin bütün problemləri tezliklə həll olunacaqdır.