Əlçatan məqsədlərə can at və sevincini qoru
«YENƏ də alınmadı!» Yəqin ki, məqsədinə nail olmadığın hallarda bu sözləri özünə dəfələrlə demisən. Gənc məsihçi ana belə hisslər keçirə bilər. Çünki o, yeni doğulmuş uşağı daima diqqət tələb etdiyindən yorulur və ruhani işlərə istədiyi qədər vaxt ayıra bilmir. Digər məsihçi, aldığı tərbiyənin ucbatından düşünə bilər ki, heç nəyə yaramır və yığıncaqda kifayət qədər fəal deyil. Yaşlı bacı indi məsihçi xidmətində əvvəllər etdiyi qədər edə bilmədiyi üçün məyusluğa qapıla bilər. Ailə şəraitinin Yehovaya xidmətdə istədiyi qədər etməyə yol vermədiyi Kristina deyir: «Pioner xidmətinə təşviq edən çıxışlara qulaq asmağım bəzən kifayətdir ki, məni ağlamaq tutsun».
Bu hisslərin öhdəsindən necə gəlmək olar? Bəzi məsihçilər öz şəraitinə real baxmağı necə öyrəniblər? Özümüzdən həddən artıq çox şey tələb etməsək, bunun bizə hansı faydası olacaq?
Qarşına əlçatan məqsədlər qoy
Həvari Pavel: «Rəbbə aid olduğunuz üçün həmişə sevinin; və bir də deyirəm: sevinin. Qoy sizin mülayimliyiniz [yaxud tarazlılığınız] bütün insanlara məlum olsun», — deyərək sevinci qorumağın sirrini açıqlayır (Filip. 4:4, 5). Allaha xidmətimiz sevinc və məmnunluq gətirsin deyə, özümüzdən bacarığımızın və şəraitimizin yol verdiyindən artıq şey gözləməməyi öyrənməliyik. Əgər nəyin bahasına olursa-olsun qeyri-real məqsədlərə nail olmaq üçün dəridən-qabıqdan çıxırıqsa, deməli, özümüzü gərəksiz stressə düçar edirik. Digər tərəfdən, diqqətli olmalıyıq ki, məsihçi xidmətində az iştirak etmək üçün müxtəlif bəhanələr axtararaq özümüzə bəraət qazandırmayaq.
Şəraitimizdən asılı olmayaraq, Yehova Ona malik olduğumuz ən yaxşı şeyi verməyimizi, yəni canla-başla və səmimi-qəlbdən xidmət etməyimizi gözləyir (Kolos. 3:23, 24). Əgər Yehovaya imkanımızın yol verdiyindən az veririksə, deməli, Ona həsr olunmağımıza uyğun yaşamırıq (Rom. 12:1). Üstəlik, özümüzü sidqi-ürəkdən xidmət etməyin gətirdiyi dərin məmnunluqdan, əsl sevincdən və bir çox başqa xeyir-dualardan məhrum etmiş olardıq (Sül. məs. 10:22).
Müqəddəs Kitabda «mülayim» kimi tərcümə olunan yunan sözü anlayışlı olmaq mənasını daşıyır. Onun hərfi mənası «güzəştə gedən» deməkdir (Yaq. 3:17). Bu sözün, özünə qarşı həddən artıq tələbkar olmamaq çaları da var. Deməli, bu keyfiyyətləri özümüzdə yetişdirmişiksə, şəraitimizə dair tarazlı nöqteyi-nəzərimiz olacaq. Bəs bunu etmək çətindirmi? Bəziləri üçün çətindir, halbuki onlar başqa insanlara anlayışla yanaşırlar. Misal üçün, təsəvvür edək ki, yaxın dostumuz öz üzərinə çox iş götürdüyü üçün yorulub əldən düşür. Məgər həyatında dəyişiklik etməyin müdrik davranış olduğunu göstərərək ona kömək etməyə çalışmazdıqmı? Eynilə, biz də imkanlarımızın həddini görməyi öyrənməliyik (Sül. məs. 11:17).
Valideynlərimiz bizə qarşı həddən artıq tələbkar olublarsa, imkanlarımıza tarazlı yanaşmağımız daha çətin ola bilər. Belə ailələrdə böyüyən bəzi insanlar uşaqlıqda düşünüblər ki, valideynlərinin məhəbbətini qazanmaq üçün həmişə daha çox səy göstərməli və ya hər şeydə daha yaxşı olmalıdırlar. Biz də belə ailədə tərbiyə almışıqsa, Yehovanın bizə necə yanaşdığına dair yanlış fikrimiz ola bilər. Yehova sadəcə Ona bütün ürəkdən xidmət etdiyimizə görə bizi sevir. Allahın Kəlamı bizi əmin edir ki, Yehova «necə yarandığımızı bilir, torpaqdan düzəlməyimizi unutmur» (Məz. 103:14). Yehova imkanlarımızın məhdud olduğundan bixəbər deyil və əlimizdən gəldiyi qədər Ona səylə xidmət edəndə bizdən razıdır. Yehova Allahımızın sərt nəzarətçi olmadığını yadımızda saxlasaq, özümüzdən artıq şey gözləməyəcəyik və təvazökarlıqla imkanlarımızın məhdud olduğunu etiraf edəcəyik (Mik. 6:8).
Amma yenə də bəzilərinə tarazlı olmaq çətindir. Əgər belə problemin varsa, nəyə görə səni yaxşı tanıyan yetkin məsihçidən kömək istəməyəsən? (Sül. məs. 27:9). Tutaq ki, daimi pioner olmaq istəyirsən. Bu, əla məqsəddir! Bəs buna nail olmaqda bir çətinliyin varmı? Bəlkə, həyatını sadələşdirmək üçün sənə kömək lazımdır? Yaxud ailə vəziyyətini nəzərə alaraq indi daimi pioner xidmətinə başlamaq sənin üçün nə dərəcədə münasib olardı? Nəyə görə bunu etibarlı dostunla müzakirə etməyəsən? O, pioner xidmətinin öhdəsindən gəlib-gəlməyəcəyini, yaxud daha fəal olmaq üçün nə edə biləcəyini görməyə kömək edə bilər. Bu vəziyyətdə ər də arvadına kömək edə bilər ki, o, imkanlarından lazımınca istifadə etsin. Məsələn, arvadı daha çox xidmət etməyi planlaşdırırsa, əri ona yeni xidmət ayı başlamazdan öncə bir az istirahət etməyi təklif edə bilər. Bunun sayəsində o, qüvvəsini bərpa edəcək və xidmətdə sevincini qoruyacaq.
Diqqətini edə biləcəyin işlərə yönəlt
Qocalıq və səhhətin get-gedə zəifləməsi Yehovaya xidmətdə müəyyən məhdudiyyətlər qoya bilər. Əgər balaca uşaqların varsa, səndə elə təəssürat yarana bilər ki, əksər vaxtını və gücünü onlar aldığına görə şəxsi öyrənmədən və ya məsihçi görüşlərindən az fayda əldə edirsən. Elə olurmu ki, şəraitinin yol vermədiyi şeylər haqqında düşünərək edə biləcəklərini nəzərdən qaçırırsan?
Min illər əvvəl bir levili mümkün olmayan bir şeyi arzulamışdı. Onun ildə iki həftə məbəddə xidmət etmək üstünlüyü vardı. Lakin o, qurbangahın yanında daima xidmət etməyi arzulayırdı. Bu, tərifəlayiq idi (Məz. 84:1-3). Bəs bu sadiq leviliyə sevincini qorumağa nə kömək etdi? O anladı ki, məbədin həyətində hətta bir gün olmaq belə, müqayisəolunmaz şərəfdir (Məz. 84:4, 5, 10). Eynilə, qeyri-mümkün şeylər haqda xəyal etməkdənsə, bacardığımız şeyləri sezməli və onları qiymətləndirməyə çalışmalıyıq.
Gəlin Kanadada yaşayan Nerland adlı bacımızın nümunəsinə nəzər salaq. O, əlil arabası ilə hərəkət edir və xidmətdə cüzi iş gördüyünü fikirləşirdi. Amma yaxınlıqdakı ticarət mərkəzində təbliğ edə biləcəyini götür-qoy edəndə əhval-ruhiyyəsi dəyişdi. O deyir: «Mən ticarət mərkəzində skamyanın yanında əlil arabamda otururam. Bir az istirahət etmək üçün orada əyləşən insanlara təbliğ etmək mənə sevinc gətirir». Xidmətin bu dəyərli növündə iştirak etmək Nerlandı çox məmnun edir.
Lazım gələrsə, dəyişikliklər et
Yelkənli gəmi küləyin sayəsində sürətlə gedir. Amma gəmini idarə edən qasırğanın başladığını görəndə yelkənləri aşağı salmalı olur. Düzdür, o, qasırğanı yatıra bilməz, amma yelkənlərdə dəyişiklik etməklə gəmisini idarə edə bilir. Buna bənzər tərzdə, həyatda qarşılaşdığımız qasırğayabənzər əlverişsiz şəraitləri çox vaxt dəyişmək iqtidarında deyilik. Amma fiziki, əqli və emosional imkanlarımızdan düzgün istifadə etməklə «həyatımızın sükanını» əldə saxlaya bilərik. Yeni şəraitimizə uyğunlaşsaq, Allaha xidmətdə məmnunluğumuzu və sevincimizi qoruyub saxlayacağıq (Sül. məs. 11:2).
Bəzi məqamlara diqqət yetirək. Əgər tez yoruluruqsa, axşam yığıncaq görüşünə getməyə gücümüz olsun deyə, həmin gün ağır işlərlə məşğul olmamaq faydalı olardı. Onda həmimanlılarımızla ünsiyyət bizə daha çox sevinc gətirəcək. Yaxud əgər ana uşağı xəstələndiyindən evdən-evə təbliğə çıxa bilmirsə, o, bir bacını evinə dəvət edib, uşağı yatdığı müddətdə telefonla təbliğ edə bilər.
Bəs yığıncaq görüşlərində müzakirə ediləcək materialı əvvəlcədən oxuyub araşdırmağa şəraitin yol vermirsə, onda necə? Nə qədər material hazırlaya biləcəyini müəyyən et və ona mümkün qədər yaxşı hazırlaş. Şəraitimizə uyğun məqsədlərə can atsaq, fəallığımızı və sevincimizi qoruya bilərik.
Məqsədimizi dəyişmək üçün qətiyyət və səy tələb oluna bilər. Fransada yaşayan Serj və Anye planlarında böyük dəyişiklik etməli oldular. Serj deyir: «Uşağımız olacağını biləndə başa düşdük ki, missioner olmaq arzumuz baş tutmayacaq». İndi onların iki şən və fəal qızı var və Serj bir ailə kimi qarşılarına qoyduqları məqsəddən danışır: «Başqa ölkədə xidmət etmək istəyimiz baş tutmasa da, biz öz ölkəmizdə “missioner” olmaq qərarına gəldik və əcnəbidilli qrupa keçdik». Yeni məqsəd onlara hansı xeyir-duanı gətirdi? Serj deyir: «Hiss edirik ki, xidmətimiz yığıncağa fayda gətirir».
Fransada yaşayan 70 yaşlı Odil bacı dizlərində osteoartrit xəstəliyindən əziyyət çəkdiyi üçün ayaq üstə çox dayana bilmir. Səhhəti ilə bağlı problemləri evdən-evə təbliğ etməyinə əngəl törətdiyinə görə o, çox ruhdan düşürdü. Amma bacımız Odil təslim olmadı və şəraitinə uyğunlaşaraq telefonla təbliğ etmək qərarına gəldi. Bacı deyir: «Bu, fikirləşdiyimdən asan və daha sevindirici oldu!» Bu üsul onun xidmətdə iştirak etmək həvəsini yenidən alovlandırdı.
Əlçatan məqsədlər xeyir-dualar gətirir
Özümüzdən həddindən artıq şey tələb etməməyi öyrənmək bizi bir çox məyusluqdan qoruyacaq. Məhdud imkanlarımıza baxmayaraq, qarşımıza əlçatan məqsədlər qoymaqla məmnunluq duyuruq. Etdiklərimiz az olsa da, əlimizdən gələni ediriksə, bu bizə sevinc gətirəcək (Qalat. 6:4).
İmkanlarımıza tarazlı nöqteyi-nəzərlə baxmağı öyrəndikcə, həmimanlılarımıza qarşı daha anlayışlı olacağıq. Onların şərait və imkanlarını nəzərə alanda bizim üçün etdiklərini həmişə qiymətləndirəcəyik. Bizə göstərilən hər bir köməyə minnətdarlığımızı bildirməklə yığıncaqdakı əməkdaşlıq ruhunu möhkəmləndirəcəyik və bir-birimizi daha yaxşı başa düşəcəyik (1 Pet. 3:8). Onu yadda saxla ki, Yehova, sevən bir Ata kimi, heç vaxt bizdən gücümüzdən artıq şey gözləmir. Bacarıq və şəraitlərimizə tarazlı nöqteyi-nəzərlə baxsaq və qarşımıza əlçatan məqsədlər qoysaq, Yehovaya xidmət bizə daha çox məmnunluq və sevinc bəxş edəcək.
[29-cu səhifədəki çərçivə]
Allaha xidmətimiz sevinc və məmnunluq gətirsin deyə, özümüzdən bacarığımızın və şəraitimizin yol verdiyindən artıq şey gözləməməyi öyrənməliyik
[30-cu səhifədəki şəkil]
Nerland xidmətdə əlindən gələni etməkdən sevinc duyur
[31-ci səhifədəki şəkil]
«Yelkənləri idarə etməyi» öyrən
[İcazə ilə]
Wave Royalty Free/age fotostock
[32-ci səhifədəki şəkil]
Yeni məqsədlər Anye və Serjə xeyir-dua gətirdi