«Qoy sözünüz həmişə... duz qatılmış kimi olsun»
1 «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Kolos. 4:6). Sözlərimizə duz qatmaq düz sözlər seçmək və xoş tərzdə danışmaq deməkdir. Xidmətdə bunu etmək olduqca vacibdir.
2 İsanın nümunəsi. İsa su quyusunun yanında dincələndə fürsətdən istifadə edərək, su çəkməyə gələn samariyalı qadınla söhbətə başladı. Söhbət əsnasında qadın bir neçə dəfə yəhudilərlə samariyalılar arasında uzun müddətdir ki sürən düşmənçilik məsələsinə toxundu. Yəhudilər samariyalıların digər xalqlardan törədiyini iddia etsələr də, qadın samariyalıların Yaqubun nəslindən olduğuna dair əminliyini də bildirdi. İsa onunla mübahisəyə girişmədi, əksinə, söhbəti müsbət səmtə yönəltdi. Nəticədə onun təbliği həm qadına, həm də onun yaşadığı şəhərin sakinlərinə fayda gətirdi (Yəh. 4:7-15, 39).
3 Yadda saxlamalıyıq ki, təbliğ zamanı bizim məqsədimiz ‘yaxşı şeyləri müjdələməkdir’ (Rom. 10:15). İstəyimiz həmsöhbətimizdə onun etiqadını tənqid edən insan təəssüratı yaratmaq yox, ona Müqəddəs Kitabdan maraqlı və ruhlandırıcı fikirlər söyləməkdir. Əgər o, yanlış bir fikir söyləyirsə, dərhal onun səhvini düzəltməyə çalışmamalıyıq. Həmsöhbətimizin hansı sözləri ilə razılaşa və ya onu hansı fikirlərinə görə tərifləyə bilərik? Bəlkə də, «siz bu haqda nə vaxtsa düşünmüsünüzmü?» sualını verərək, ona bir ayə oxuya bildik.
4 Bəs həmsöhbətimiz təhqiramiz danışığa yol verirsə və ya mübahisə qaldırırsa, nə edə bilərik? Biz danışığımızda və davranışımızda sakitliyi və həlimliyi qorumalıyıq (2 Tim. 2:24, 25). Əgər o, Padşahlıq xəbərinə maraq göstərmirsə, yaxşı olar ki, onu hörmətcil şəkildə tərk edək (Mat. 7:6; 10:11-14).
5 Yaxşı nəticələr. Bir bacımız qonşusuna təbliğ etmək istəyəndə, qadın qəzəblə onun sözünü kəsib təhqir etməyə başladı. Bacı mülayimliklə «bağışlayın, narahat etdim» deyib onunla sağollaşdı. İki həftədən sonra qadın bacının qapısını döyüb, davranışına görə üzr istədi və dedi ki, bacının keçən dəfə demək istədiklərinə qulaq asmağa gəlib. Bəli, mülayim cavab adətən yaxşı nəticələr gətirir! (Sül. məs. 15:1; 25:15).
6 Xoş xəbəri bəyan edərkək çalış sözlərin duz qatılmış kimi olsun. Həmsöhbətin dinləmək istəməsə də, ola bilsin, növbəti dəfə Yehovanın Şahidləri ona təbliğ edəndə o, qulaq asacaq.
[Öyrənilmə üçün olan suallar]
1. Sözlərimizə duz qatmaq nə deməkdir?
2. İsa samariyalı qadına təbliğ etməyə necə müvəffəq oldu?
3. Xidmətdə İsanın nümunəsini necə təqlid edə bilərik?
4. Həmsöhbətimiz təhqiramiz danışığa yol verirsə, nə etməliyik?
5. Bir bacı mülayim cavabı ilə yaxşı nəticəyə necə nail oldu?
6. Təbliğdə sözlərimizə duz qatmaq nə üçün vacibdir?