Yeqovaya layiq şəkildə hərəkət etməkdə başqalarına kömək edin
“Sizin üçün dua edib, yalvarmaqdan vaz keçmirik ki... Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salasınız; hər cür xeyirli işdə səmərə verəsiniz” (KOLOSLULARA 1:9, 10).
1, 2. İnsanlara xüsusilə sevinc və məmnunluq gətirən nədir?
“BİZ bir fermada, qoşma vaqonda yaşayırıq. Yerli əhaliyə xoş müjdəni təbliğ etməyə daha çox vaxt ayıraraq sadə həyat tərzi sürürük. Allah da bizi bol-bol xeyir-dualandırır: artıq bir çox insanlara həyatlarını Yeqovaya həsr etməyə kömək etmişik” - bu, Cənubi Afrika Respublikasında tammüddətli xidmət edən ər-arvadın sözləridir.
2 Yəqin siz razılaşacaqsınız ki, başqalarına xidmət etmək sevinc gətirir. Bə’ziləri müntəzəm olaraq xəstələrə, məzlumlara və ya tənhalara kömək etməyə cəhd göstərir və bundan məmnunluq duyurlar. Məsihçilər əmindirlər ki, Yeqova Allah və İsa Məsih haqqındakı biliyi başqaları ilə bölüşməklə onlara böyük köməklik edirlər. Məsihin fidiyə qurbanlığını qəbul etmək və Allahla yaxşı münasibət yaratmaq üçün insanlara məhz bu kömək edəcəkdir, bunun sayəsində isə onlar əbədi həyatı ala bilərlər (Həvarilərin işləri 3:19—21; 13:48).
3. Biz diqqətimizi hansı növ köməkliyə cəmləşdirməliyik?
3 Bəs artıq məsihçi “yolu” ilə gedərək Allaha xidmət edənlərə kömək etmək barədə nə demək olar? (Həvarilərin işləri 19:9). Şübhəsiz ki, onlara böyük maraq göstəririk, ancaq istisna hal deyil ki, onlar üçün daha çox və ya daima kömək etməyi nəzərdən qaçırırıq. Bundan əlavə, bizə elə gələ bilər ki, vəziyyətimizlə əlaqədar həmimanlılarımıza yalnız bir az kömək edə bilərik, az kömək etməyin müqabilində isə az da məmnunluq duyuruq (Həvarilərin işləri 20:35). Koloslulara yazılan məktubdan həm başqalarına, həm də həmimanlılarımıza kömək etməyə dair nə isə öyrənə bilərik.
4. a) Pavel Kolosdakı məsihçilərə məktubunu hansı şəraitlərdə yazmışdı? b) Epafra ilə Paveli birləşdirən nə idi?
4 Həvari Pavel Kolosdakı məsihçilərə məktub yazarkən ev dustağı olduğuna baxmayaraq, başqaları ilə görüşməyə icazəsi vardı. Gözləndiyi kimi, Pavel özünün məhdud azadlığından Allahın Padşahlığı haqqındakı müjdəni e’lan etmək üçün istifadə edirdi (Həvarilərin işləri 28:16—31). Pavelin yanına həmimanlıları da gəlirdi; ehtimal ki, bə’zilərini qısa müddətə həbs edib onunla birlikdə məhbus edirdilər (Koloslulara 1:7, 8; 4:10). Onların arasında, Kiçik Asiyadakı (müasir Türkiyə) Efes şəhərindən şərq tərəfə - düzən ərazidə yerləşən Frikiyanın Kolos şəhərindən olan çox çalışqan müjdəçi Epafra da vardı. Epafra Kolosdakı yığıncağın yaranmasında iştirak etmiş və qonşu Laodikiya və İyerapolisdəki yığıncaq üçün xidmət edirdi (Koloslulara 4:12, 13). Epafra Romaya, Pavelin yanına nə üçün gedirdi və Pavelin bu hərəkətə münasibətindən biz nə öyrənə bilərik?
Kolos məsihçilərinə tə’sir bağışlayan kömək
5. Pavel Kolosdakı məsihçilərə məktubunu nə üçün yazdı?
5 Kolos yığıncağında yaranan vəziyyət barədə Pavellə məsləhətləşmək üçün, Epafra Romaya əziyyətli bir səyahət etmişdi. O, Pavelə Kolosdakı məsihçilərin imanı və məhəbbəti, həmçinin onların müjdə uğrunda çəkdikləri əziyyət barədə danışdı (Koloslulara 1:4—8). Yəqin ki, Epafra, Kolos məsihçilərinin ruhani inkişafına təhlükə yaradan pis tə’sirlər barədə olan narahatçılığını da bölüşdü. Buna cavab olaraq, Pavel, yalançı müəllimlər tərəfindən yayılan fikirlərin yalan olduğunu sübut edən ilhamlanmış məktub yazdı. Pavel əsas diqqəti İsa Məsihin mühüm roluna yönəldira. Ancaq Pavelin həmimanlılara köməkliyi təkcə Müqəddəs Kitabın əsas həqiqətlərini qeyd etməkləmi başa çatır? Pavel Kolosdakı məsihçilərə daha necə kömək etdi və bundan, başqalarına kömək etməklə əlaqədar biz nə öyrənə bilərik?
6. Kolosdakı məsihçilərə yazdığı məktubunda Pavel əsas diqqəti nəyə yönəldir?
6 Pavelin məktubunun giriş sözləri bizə, diqqətimizdən yayına biləcək köməklik üsulu haqqında təsəvvür verir. Bu üsul insanlara uzaq məsafədən kömək etməyə imkan yaradır (Pavel və Epafra Kolos şəhərində deyildilər). Pavel yazır: “Sizin üçün daim dua edərək, Rəbbimiz İsa Məsihin Atası Allaha şükr edirik”. Bəli, bu xüsusi dualar, məhz Kolosdakı məsihçilər üçün edilirdi. Sonra Pavel əlavə edir: “Buna görə də eşitdiyimiz gündən sizin üçün dua edib, yalvarmaqdan vaz keçmirik ki, tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavrayasınız” (Koloslulara 1:3, 9).
7, 8. Şəxsi dualarımızda və yığıncaqlarda söylənilən dualarda çox vaxt hansı mövzulara toxunulur?
7 Mə’lumdur ki, Yeqova “duanı eşidən” Allahdır, deməli, şübhə etməmək olar ki, Onun iradəsinə uyğun olan dualarımızı hazırlıqla dinləyir (Məzmur 65:2; 86:6; Süleymanın məsəlləri 15:8, 29; 1 Yəhya 5:14). Bəs başqaları üçün etdiyimiz dualar haqqında nə demək olar?
8 Tez-tez “dünyadakı qardaşlarımız” barədə düşünmək və onlar üçün dua etmək olar (1 Peter 5:9). Və yaxud, təbii fəlakətdən zərər çəkən ərazilərdə yaşayan məsihçilər və başqa insanlar üçün, Yeqovaya dua etmək olar. Birinci əsrdə Yəhudeyadakı qıtlıq haqqında eşidəndə şagirdlər, yəqin ki, qardaşlarına yardım göndərməzdən əvvəl onlar üçün çoxlu dua etmişdilər (Həvarilərin işləri 11:27—30). Bizim günlərimizdə bütün məsihçi qardaşlığı və ya qardaşların böyük qrupu üçün dualar məsihçi görüşlərində edilir: bu görüşlərdə çoxlu adamlar iştirak edir və “amin” demək üçün, söhbətin kimlər haqqında getdiyini onlar başa düşməlidirlər (1 Korinflilərə 14:16).
Qoy dualarınız konkret olsun
9, 10. a) Konkret şəxslər haqqında dua etməyin münasib olduğunu hansı nümunələr göstərir? b) Konkret olaraq Pavel üçün kimlər dua edirdi?
9 Lakin Müqəddəs Kitabda başqaları üçün söylənilən digər,- daha konkret dualar da yazılıb. İsanın, Luka 22:31, 32-ci ayələrində yazılan sözləri barədə düşünək. İsanın 11 sadiq həvarisi onu dövrəyə almışdır. Onları, Allahın köməyinə ehtiyacları olacaq çətin anlar gözləyirdi, İsa onlar üçün dua edirdi (Yəhya 17:9—14). Lakin İsa, həvarilərin sırasından Peteri ayıraraq, bu şagirdi üçün xüsusi xahişlə dua etdi. Digər nümunələr: Elişa Allaha dua etdi ki, konkret bir insana - onun xidmətçisinə kömək etsin (2 Krallar 6:15—17). Həvari Yəhya, Qayın fiziki və ruhani rifahı üçün dua edirdi (3 Yəhya 1, 2). Başqa dualarda da məhdud sayda insanlar haqqında xahişlər əks olunur (Eyub 42:7, 8; Luka 6:28; Həvarilərin işləri 7:60; 1 Timoteyə 2:1, 2).
10 Pavelin məktubu konkret dualar haqqındakı məsələyə daha çox aydınlıq gətirir. O, özü haqqında, yaxud özü və yoldaşları haqqında dua etməyi xahiş edirdi. Koloslulara yazılan məktubun 4:2, 3-cü ayələrində oxuyuruq: “Duada sabit olun və onda şükran ilə oyaq durun; eyni zamanda bizim üçün də dua edin ki, kəlamı təbliğ etmək üçün Allah bizə bir qapı açsın və uğrunda həbs edildiyim Məsihin sirrini e’lan edim”. Digər nümunələr isə bunlardır: Romalılara 15:30; 1 Saloniklilərə 5:25; 2 Saloniklilərə 3:1; İbranilərə 13:18.
11. Romada olarkən Epafra nə barədə dua edirdi?
11 Həmin sözləri Pavelin Romadakı yoldaşları aqqında da demək olar. “Epafra sizə salam göndərir. O, hər zaman dualarında sizin üçün sə’y göstərir” (Koloslulara 4:12, İ—93). “Sə’y göstərir” kimi qeyd olunan söz özlüyündə, qədimdə keçirilən idman oyunları zamanı idmançının sərf etdiyi qüvvə, onun apardığı mübarizə barəsindəki fikri daşıyır. Demək olarmı ki, Epafra ürəkdən etdiyi duanı, ümumiyyətlə dünyada və yaxud da Kiçik Asiyada yaşayan bütün imanlılar üçün söyləyirdi? Pavel, Epafranın məhz Kolos məsihçiləri üçün dua etdiyini göstərir. Epafra onların vəziyyətlərini bilirdi. Biz bütün Kolos məsihçilərini adbaad tanımırıq, onların qarşılaşdıqları problemlərdən də xəbərimiz yoxdur, amma gəlin bu problemləri təsəvvürümüzə gətirək. Ola bilər ki, hökm sürən fəlsəfələrin tə’sirinə qarşı durmaq gənc Linus üçün çətin idi, Rufusa isə əvvəlki yəhudi ən’ənələrinə qayıtmaq istəyinə təslim olmamaq üçün güc tələb olunurdu. İmansız əri olan Persisə, uşaqlarını Rəbbin tərbiyəsi ilə yetişdirsin deyə, çox güman ki, təhəmmül və müdriklik lazım idi, ölümcül xəstəlikdən əziyyət çəkən Asinkritin isə əlavə təsəlliyə ehtiyacı vardı. Bəli, Epafra, doğma şəhərindəki yığıncağın üzvlərini tanıyaraq onlar üçün ürəkdən dua edirdi, çünki necə o, eləcə də Pavel arzu edirdilər ki, Yeqovaya sadiq olan bu insanlar, Ona layiq tərzdə davransınlar.
12. Şəxsi dualar necə daha konkret ola bilər?
12 Bu nümunələrin əsasında başqalarına kömək etməyin necə mümkün olduğunu görürsünüzmü? Artıq qeyd olunduğu kimi, məsihçi yığıncaqlarında edilən dualar - bu görüşlərdə çoxlu insanlar olduğundan - daha çox ümumi xarakter daşıyır. Lakin bizim şəxsi və ailəvi dualarımız tamamilə konkret ola bilər. Əlbəttə, bə’zən Allahdan bütün səyyah nəzarətçilər və ruhani çobanlar üçün xeyir-dua və rəhbərlik haqqında xahiş edə bilərik. Axı nəyə görə bə’zən daha dəqiq olmayaq? Nəyə görə yığıncağımıza gələn rayon nəzarətçisinin və ya kitaböyrənmə rəhbərinin adını çəkərək onun üçün dua etməyək? Filipililərə 2:25—28-ci və 1 Timoteyə 5:23-cü ayələrində göstərildiyi kimi, Pavel konkret olaraq Timoteyin və Epafranın sağlamlığı üçün narahat olurdu. Adlarını bildiyimiz xəstə olan kəslər üçün, biz də belə qayğı göstərə bilərikmi?
13. Şəxsi dualarımızda hansı vəziyyətlər barədə danışmağımız münasib olardı?
13 Aydın məsələdir ki, özgəsinin işinə qarışmaq olmaz, ancaq tanıdığımız və bizə əziz olan adamların rifahı üçün səmimi maraqlarımızı duada ifadə etmək tamamilə münasib olardı (1 Peter 4:15; 1 Timoteyə 5:13). Tutaq ki, bir qardaş iş yerini itirib, biz isə onu başqa işlə tə’min edə bilmirik. Lakin şəxsi duamızda onun adını çəkib, məhz onun qarşılaşdığı çətinlik barədə danışa bilərik (Məzmur 37:25; Süleymanın məsəlləri 10:3). Və ya ola bilər ki, artıq gənc olmayan bacı yalnız “Rəbbə bağlı” olan kişiyə ərə getmək qərarına görə hələ də subaydır və uşaqları yoxdur (1 Korinflilərə 7:39). Nəyə görə şəxsi dualarımızda Yeqovadan xahiş etməyək ki, o bacını xeyir-dualandırsın və xidmətdə hədsiz sədaqəti qoruyub saxlamaqda kömək etsin? Daha bir nümunə: iki ağsaqqal səhvə yol verən qardaşa öyüd verir. Nəyə görə ağsaqqalardan hər biri vaxtaşırı o qardaşın adını çəkərək, şəxsi dualarında onu xatırlatmasınlar?
14. Konkret edilən dualar başqalarına necə kömək edə bilər?
14 Şəxsi dualarımızda Yeqovanın köməkliyinə, Onun təsəllisinə, müdrikliyinə, müqəddəs ruhuna və ya ruhun səmərələrindən birinə ehtiyac duyanları həmişə xatırlatmaq olar. Aramızdakı uzaq məsafəyə və ya başqa səbəblərə görə ola bilər ki, biz onlara maddi cəhətdən və ya bilavasitə kömək edə bilmirik. Lakin bacı-qardaşlarımız üçün dua etməyi unutmayaq. Biz bilirik ki, onlar Yeqovaya layiq şəkildə hərəkət etmək istəyirlər, amma bunu həmişə etmək üçün onların köməyə çox ehtiyacları ola bilər. Və kömək etmək üsullarından biri, bizim onlar üçün etdiyimiz dualardır (Məzmur 18:2; 20:1, 2; 34:15; 46:1; 121:1—3).
Başqalarına dayaq olun
15. Koloslulara yazılan məktubun sonuncu hissəsi bizi nə üçün maraqlandırmalıdır?
15 Səmimi, konkret dualar - başqalarına, xüsusən də bizim doğmalarımız və yaxınlarımıza edə biləcəyimiz yeganə kömək üsulu deyil. Bu, Pavelin Koloslulara yazdığı məktubundan aydın olur. Bir çox alimlərin rə’ylərinə görə, öz məktubunda tə’limləri qeyd edəndən və praktiki məsləhətlər verəndən sonra, Pavel şəxsən tanıdığı kəsləri salamlayır (Koloslulara 4:7—18). Lakin, artıq aydınlaşdırdığımız kimi, məktubun sonuncu hissəsində salamlardan əlavə, qiymətli məsləhət də var.
16, 17. Koloslulara 4:10, 11-ci ayələrində xatırladılan qardaşlar haqqında nə demək olar?
16 Pavel yazırdı: “Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir (Mark haqqında əmrləri almısınız; yanınıza gəldikdə onu qəbul edin). Yustus adlanan Yeşu da sizə salam göndərir; sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər” (Koloslulara 4:10, 11, İ—93).
17 Bu ayələrdə, Pavel diqqətə layiq olan qardaşların adını çəkir. O qeyd edir ki, bu qardaşlar sünnətlilərdən, daha doğrusu, yəhudilərdəndir. Romada sünnətli yəhudilər çox idi və onlardan bə’ziləri məsihçi oldular. Lakin Pavelin qeyd etdiyi qardaşlar onun köməyinə gəlirdilər. Yəqin ki, onlar qeyri-yəhudilərdən olan məsihçilərlə ünsiyyətdə olmaqdan utanmırdılar və Pavellə birlikdə qeyri-yəhudilərə sevinclə təbliğ edirdilər (Romalılara 11:13; Qalatiyalılara 1:16; 2:11—14).
18. Pavel, onunla olanlar barədə hansı fikirdə idi?
18 Pavelin bu qardaşlar haqqında söylədiyi fikrə diqqət yetirin: “Bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər [“dayaq oldular”, YD]”. Pavelin istifadə etdiyi Yunan sözü, Müqəddəs Kitabda yalnız bu yerdə işlənilir. Bir çox tərcüməçilər bu sözü “təsəlli” kimi ifadə edirlər. Lakin “təsəlli” sözü başqa Yunan sözündən (parakalе́o) tərcümə olunur. Pavel bu sözü Koloslulara məktubunda istifadə edir, ancaq 4:11-ci ayəsində yox (Matta 5:4; Həvarilərin işləri 4:36; 9:31; 2 Korinflilərə 1:4; Koloslulara 2:2; 4:8).
19, 20. a) Pavelin, Romada ona kömək edən qardaşlara aid işlətdiyi sözün mə’nası nədir? b) O qardaşlar, ehtimal edildiyi kimi, Pavelə necə kömək edirdilər?
19 Pavelin, adlarını çəkdiyi kəslər, göründüyü kimi, ona yalnız sözlə təsəlli vermirdilər. Koloslulara 4:11-ci ayəsində “dayaq” kimi işlədilən Yunan sözü, dini olmayan mətnlərdə xəstəliyi yüngülləşdirən dərman mə’nasında işlədilirdi. Pavelin yanında olan məsihçi qardaşlar ona hansı köməkliyi göstərə bilərdilər?
20 Pavelə, yanına gələnləri qəbul etməyə icazə verilsə də o, bir çox vacib işləri, misal üçün, qida və qış üçün geyim almağı özü edə bilməzdi. Öyrənmək üçün tumarları və ya yazı ləvazimatlarını o, necə əldə edə bilərdi? (2 Timoteyə 4:13). Ehtimal etmək olar ki, qardaşlar, Pavelin əsas tələbatlarını tə’min etməklə, vacib olan şeyləri almaqla və bu kimi işləri yerinə yetirməklə ona kömək edirdilər. Çox güman ki, Pavel bu və ya digər yığıncağda işlərin gedişatına nəzarət etməyi və həmin yığıncağı ruhlandırmağı vacib bilirdi. Pavel həbsdə olduğu üçün bu mümkün deyildi; ancaq həmin qardaşlar onun əvəzinə bu yığıncağa baş çəkir, Pavelin demək istədiyi sözləri onlara çatdırır və hesabatlarla geri qayıdırdılar. Bu, həqiqətən də “dayaq” idi.
21, 22. a) Koloslulara 4:11-ci ayəsindəki sözlər bizi nə üçün maraqlandırmalıdır? b) Biz Pavelin yoldaşlarının nümunəsinə nədə riayət edə bilərik?
21 Pavelin, ona “dayaq” olan qardaşlar haqqında yazdıqları, başqalarına necə yardım etmək lazım olduğunu başa düşməkdə bizə də kömək edir. Həmimanlılarımız Yeqovanın əxlaq normalarına riayət edərək, məsihçi yığıncaqlarına gələrək və təbliğ işində iştirak edərək Ona layiq şəkildə hərəkət edirlər. Onlar buna görə tə’rifə layiqdirlər. Bəs biz, Pavelin yoldaşları kimi, onlara “dayaq” olaraq, daha artıq köməklik edə bilmərikmi?
22 Əgər siz 1 Korinflilərə 7:37 (YD) ayəsindəki prinsipə müdrikliklə riayət edən və hazırda müəyyən səbəblər ucbatından qohumlarından uzaqda yaşayan bir bacını tanıyırsınızsa, onu ailənizlə birlikdə hansısa bir işdə məşğul olmaq üçün də’vət etmək olmazmı? Nəyə görə onu nahar və ya şam yeməyinə, yaxud da dostlarla və qohumlarla qeyd etdiyiniz kiçik dostluq görüşlərinə də’vət etməyəsiniz? Bəlkə də ailəniz onu özü ilə konqresə və ya mə’zuniyyətə apara bilərdi? Və yaxud ona münasib vaxtda sizinlə birlikdə bazarlığa getməyi təklif edin. Həmin sözləri dul qadınlar və kişilər, həmçinin çətinliklə yeriyənlər haqqında da demək olar. Başlarına gələn hadisələr haqqında söhbətləri, yaxud da meyvə və ya uşaq geyimi seçmək barədəki adi bilikləri sizin üçün çox dəyərli ola bilər (Levililər 19:32; Süleymanın məsəlləri 16:31). Siz onlarla daha da yaxın ola bilərsiniz. O zaman, misal üçün əgər aptekdən dərman almaq lazım gələrsə, sizdən kömək diləmək onlara asan olacaq. Romada qardaşlar Pavelə əməlləri ilə kömək edirdilər, ona dayaq idilər. Buna sizin də gücünüz çatar. Bu, əvvəllər olduğu kimi, indi də məhəbbət tellərini möhkəmləndirir və Yeqovaya birlikdə xidmət etmək sə’yini qoruyub saxlayır.
23. Bizlərdən hər birimizin nəyə vaxt ayırması yaxşı olardı?
23 Hər birimiz bu məqalədə təsvir olunan vəziyyətlər üzərində düşünməliyik. Bunlar sadə nümunələrdir, lakin bu nümunələr bizə, bacı-qardaşlarımıza “dayaq” kimi xidmət edə biləcəyimiz real vəziyyətlər haqqında xatırlada bilər. Biz, özümüzü bütünlüklə xeyriyyəçiliyə həsr etməyə təşviq olunmuruq. Koloslulara 4:11-ci ayəsində xatırladılan qardaşlar buna can atmırdılar. Onlar “Allahın Padşahlığı üçün” (İ—93) əməkdaşlar idilər. Və onların Pavelə “dayaq” olmaları, birbaşa bu hadisə ilə bağlı idi. Gəlin biz də eynilə belə davranaq!
24. Başqaları üçün dua etməyimizin və onlara dayaq olmaq istəyimizin əsas səbəbi nədir?
24 Şəxsi dualarımızda başqalarının adını çəkməyimizin və onlara dayaq olmaq istəyimizin səbəbi budur: biz inanırıq ki, bacı-qardaşlarımız “Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salmağa” sə’y göstərirlər (Koloslulara 1:10). Lakin vacib olan təkcə bu deyil: Pavelin sözlərinə görə Kolos məsihçiləri üçün etdiyi dualarda Epafra arzu edirdi ki, onlar “dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi”dursunlar (Koloslulara 4:12, YD). Bəs bizim hər birimiz buna necə nail ola bilərik? Buna növbəti məqalədə baxarıq.
[Haşiyə]
a Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi “Müqəddəs Yazıların dərk edilməsi” (ing.) ensiklopediyasının I-ci cildinə, 490, 491-ci səhifələrinə və “Hər Müqəddəs Yazı Allahdan ilham alıb və faydalıdır” (ing.) kitabının 226—228-ci səhifələrinə baxın.
Siz diqqət yetirdinizmi?
• Şəxsi duaların vasitəsilə başqalarına daha artıq necə kömək etmək olar?
• Bə’zi məsihçilər Pavelə hansı mə’nada “dayaq” idilər?
• Biz hansı hallarda başqalarına “dayaq” ola bilərik?
• Bacı-qardaşlarımız üçün dua edərkən və onları ruhlandırmağa sə’y göstərərkən biz hansı məqsədi güdürük?
[10-cu səhifədəki şəkil]
Həmimanlılardan kimi isə ailənizin məşğuliyyətlərində iştirak etməyə də’vət etmək olmazmı?
[İcazə ilə]
Green Chimney’s Farm-ın iltifatlı icazəsi ilə