Bir-birinizi qüvvətləndirin
“Onlar mənə təsəlli verdilər [“dayaq oldular”, YD]” (KOLOSLULARA 4:11).
1, 2. Təhlükəyə baxmayaraq, nəyə görə dostları həbsdə olan Pavelə baş çəkirdilər?
ƏDALƏTSİZ olaraq həbs edilsə də, həbsxanada əziyyət çəkən adamın dostu olmaq təhlükəlidir. Həbsxana müdiriyyəti cinayət işlətməyəcəyinə əmin olmaq üçün hər bir hərəkətinə göz qoyaraq, sənə şübhə ilə yanaşa bilər. Buna görə də, dostunla sıx əlaqə saxlamaq və ona həbsxanada baş çəkmək üçün cəsarət tələb olunur.
2 Lakin həvari Pavelin bə’zi dostları, təxminən 1 900 il bundan qabaq məhz bu cür davranmışdılar. Onlar həbsdə olan dostunu ruhən qüvvətləndirmək üçün onun yanına gəlməkdən qorxmurdular və həvari məhz onların vasitəsilə zəruri olan təsəllini və qüvvəni əldə edirdi. Bu sədaqətli dostlar kimlər idilər? Və onların cəsarəti, sadiqliyi və məhəbbəti bizə nə öyrədə bilər? (Süleymanın məsəlləri 17:17).
Dayaq
3, 4. a) Pavelin beş dostu kimlər idi və Pavelin həyatında onların hansı rolu olmuşdur? b) “Dayaq” nə deməkdir?
3 Gəlin xəyalən b. e. təxminən 60-cı ilinə qayıdaq. Həvari Pavel qiyam qaldırmaqda yalandan ittiham edilərək Romada həbsə alınıb (Həvarilərin işləri 24:5; 25:11, 12). Pavel onunla olan beş məsihçini — Asiya əyalətindən olan şəxsi elçisi və “Rəbb yolunda sadiq xidmətkarı” Tixiki, Kolos şəhərindən olan “sadiq və sevimli qardaşı” Onisimi, bir müddət Pavellə birlikdə həbsdə olmuş, əslən Solonik şəhərindən olan makedoniyalı Aristarxı, adı ilə bağlı Müjdəni yazan və Barnabanın əmisi oğlu olan, missioner xidmətində Pavelin əməkdaşı olan Markı, həmçinin “Allahın Səltənəti [Padşahlığı] üçün” onun əməkdaşı olan Yustu xatırladır. Bu beş nəfər barəsində Pavel deyir: “Onlar mənə təsəlli verdilər [“dayaq oldular”, YD]” (Koloslulara 4:7-11).
4 Pavel, sadiq dostlarının ona göstərdikləri köməkliyi çox mə’nalı surətdə təsvir etmişdir. O, Müqəddəs Kitabda yalnız bu ayədə istifadə edilən “dayaq” kimi tərcümə olunan yunan sözünü (pareqoriʹa) istifadə etmişdir. Bu sözün çox mə’naları var və xüsusilə də söhbət müalicədən gedəndə tez-tez istifadə olunurdua. Onu həm də “ovundurmaq”, “yüngülləşdirmək”, “təsəlli vermək” və “rahatlamaq” kimi sözlərlə tərcümə etmək olar. Pavel belə bir qüvvətləndirilməyə ehtiyac duyurdu, həmin beş qardaş da onun ehtiyacını tə’min etdilər.
Pavel nəyə görə dayağa ehtiyac duyurdu?
5. Həvari olmasına baxmayaraq Pavel nəyə ehtiyac duyurdu və vaxtaşırı olaraq biz hamımız nəyə ehtiyac duyuruq?
5 Pavelin, həvarinin, qüvvətləndirilməyə ehtiyac duyması kimə isə qəribə görünə bilər. Lakin bu belə idi. Doğrudur, Pavelin güclü imanı vardı, o dəfələrlə sərt münasibətlərə tab gətirmiş, ‘saysız-hesabsız kötək yemiş, çox vaxt ölüm təhlükəsində olmuş’, həm də başqa səbəblərdən əziyyət çəkmişdir (2 Korinflilərə 11:23-27). Buna baxmayaraq, o insan idi, bütün insanlar isə bu və ya başqa bir vaxtda kiminsə onlara təsəlli verməsinə və imanını möhkəmlətməkdə kömək etməsinə ehtiyac duyurlar. Bu hətta İsa ilə də baş vermişdir. Həyatının son gecəsi Getsamani bağında ona bir mələk göründü və “Ona qüvvət verdi” (Luka 22:43).
6, 7. a) Romada Paveli kimlər kədərləndirdi, bəs kimlər ruhlandırdı? b) Məsihçi qardaşlar Romada Pavel üçün dayaq olaraq, ona hansı işlərdə qulluq göstərirdilər?
6 Pavel də qüvvətləndirilməyə ehtiyac duyurdu. O, məhbus kimi Romaya gətiriləndə, həmyerliləri tərəfindən səmimiliklə qarşılanmadı. Həmin yəhudilərin böyük əksəriyyəti Padşahlıq haqqındakı xoş xəbərə həssas deyildilər. “Həvarilərin işləri” kitabında, yəhudilərdən olan adlı-sanlı adamların nəzarət altında olan Pavelin yanına gəlişindən sonra nə baş verdiyi haqda deyilir: “Pavelin dediyi sözlərə bə’ziləri inandılar, bə’ziləri də inanmadılar. Onlar bir-birləri ilə razılaşmadıqda... getdilər” (Həvarilərin işləri 28:17, 24, 25). Onların Yehovanın xeyirxahlığına qarşı olan naşükürlüyü, yəqin ki, Paveli kədərləndirirdi! Onun buna görə çox narahat olduğunu, bir neçə il qabaq Romadakı yığıncağa yazdığı məktubundan görürük: “Böyük kədərim və ürəyimdə daimi iztirabım var. Çünki qardaşlarım [yəhudilər], yə’ni cismani soydaşlarım olan israillilər uğrunda mən özüm Məsihdən uzaqlaşıb, lə’nət olunmaq istərdim” (Romalılara 9:2, 3). Buna baxmayaraq, o, Romada, cəsarət və məhəbbətləri onun ürəyinə sakitlik gətirən sadiq, e’tibarlı yoldaşlar tapdı. Bunlar onun əsl ruhani qardaşları idilər.
7 Həmin beş qardaş Pavel üçün hansı mə’nada dayaq oldu? Dustaq olduğu üçün onlar Paveldən kənar qaçmadılar. Bunun əvəzinə, məhəbbətdən irəli gələrək onlar müxtəlif işlərdə Pavelə həvəslə qulluq göstərir və həbsdə olduğu üçün özünün edə bilmədiyi işləri onun üçün edirdilər. Məsələn, onun elçiləri kimi fəaliyyət göstərir, Pavelin məktublarını və şifahi göstərişlərini müxtəlif yığıncaqlara çatdırır, həmçinin Romada və digər yerlərdə olan qardaşlar haqqında Pavelə yaxşı xəbərlər gətirirdilər. Ehtimal ki, onlar Pavel üçün zəruri olan şeyləri, məsələn, qış paltarı, kitablar və yazı ləvazimatları gətirirdilər (Efeslilərə 6:21, 22; 2 Timoteyə 4:11-13). Göstərilən bütün bu yardımlar, həbsdə olan həvarini qüvvətləndirir və ruhlandırırdı, o isə öz növbəsində, bütöv yığıncaqları da daxil etməklə, başqaları üçün dayaq ola bilirdi (Romalılara 1:11, 12).
Biz necə dayaq ola bilərik?
8. Pavelin dayağa ehtiyac duyduğunu həlimliklə boynuna almasından nə öyrənirik?
8 Pavel və onun beş əməkdaşı ilə baş verən hadisədən biz hansı dərsləri öyrənə bilərik? Gəlin diqqətimizi dərslərdən birinə yönəldək: bəlaya düşən adamın köməyinə çatmaq üçün cəsarət və fədakarlıq tələb olunur. Bundan əlavə, biz bəlaya düçar olanda köməyə ehtiyac duyduğumuzu boynumuza almaq üçün, həlimlik tələb olunur. Pavel köməyə ehtiyac duyduğunu boynuna almaqla kifayətlənmədi, həm də bu köməkliyi minnətdarlıqla qəbul etdi və ona kömək edənləri tə’riflədi. O, başqalarından kömək qəbul etməyin zəiflik əlaməti, nə isə alçaldıcı bir şey olduğunu düşünmürdü, bunu biz də düşünməli deyilik. Əgər biz yardıma heç zaman ehtiyac duymadığımızı söyləsəydik, bu o mə’nanı daşıyardı ki, biz fövqəltəbii bacarığa malikik. Yadda saxla: İsanın nümunəsi göstərir ki, hətta kamil insana da bə’zən imdad diləmək lazım gəlir (İbranilərə 5:7).
9, 10. İnsanın köməyə ehtiyac duyduğunu e’tiraf etməsi nəyə görə yaxşıdır və bu, onun ailəsinin, həm də yığıncağın üzvlərinə necə tə’sir edir?
9 Məs’ul qardaşlar hər şeyə qadir olmadıqlarını və kənardan köməyə ehtiyac duyduqlarını e’tiraf edəndə yaxşı nəticələr əldə oluna bilər (Yaqub 3:2). Belə olan halda, səlahiyyəti olanlarla, bu səlahiyyətə tabe olanlar arasında münasibət möhkəmlənir və səmimi, həm də sərbəst ünsiyyət yaranır. Həlimlik göstərərək və edilən köməkliyi qəbul edərək, bu qardaşlar eyni vəziyyətdə olanlara nümunə verirlər. Beləliklə onlar göstərirlər ki, üzərinə rəhbərlik götürənlər də insandırlar və onlara həmişə asanlıqla yaxınlaşmaq olar (Vaiz 7:20).
10 Əgər uşaqlar bilsələr ki, valideynləri də uşaqlıqda eyni çətinliklərlə qarşılaşıb, onlara problemləri və düzgün olmayan arzuları dəf etməkdə valideynlərinin köməyini qəbul etmək daha asan olacaq (Koloslulara 3:21). O zaman valideynlərlə uşaqlar arasındakı ünsiyyət qapısı açıq olacaqdır. Müqəddəs Kitab nəsihətləri, ehtimal ki, daha inandırıcı səslənəcək və daha həvəslə qəbul ediləcək (Efeslilərə 6:4). Eyni tərzdə, yığıncağın üzvləri ağsaqqalların da problemlərinin olduğunu və onların da nədənsə qorxduqlarını və ya çaşqınlıq içində qaldıqlarını bilsələr, ağsaqqalların köməyini daha həvəslə qəbul edəcəklər (Romalılara 12:3; 1 Peter 5:3). Çox ehtimal ki, onda yaxşı ünsiyyət yaranacaq, ağsaqqallar da Müqəddəs Kitab tə’limləri ilə bölüşüb, imanı möhkəmlədə biləcəklər. Yadda saxlamaq lazımdır ki, bacı-qardaşlarımız bu gün heç zaman olmadığı qədər qüvvətləndirilməyə ehtiyac duyurlar (2 Timoteyə 3:1).
11. Nəyə görə bu gün bu qədər çox insana dayaq lazımdır?
11 Harada yaşamağımızdan, kimliyimizdən və yaşımızdan asılı olmayaraq, hamımızın həyatında çətin vaxtlar olur. Bu, bugünkü dünyanın çətinliklərinin bir hissəsidir (Vəhy 12:12). Fiziki və ya emosional cəhətdən kədərləndirici şəraitlər imanımızın keyfiyyətini sınağa çəkir. Sınaqlar iş yerində, məktəbdə, ailədə və ya yığıncaqda yarana bilər. Buna ciddi xəstəlik və ya vaxtilə keçirdiyi sarsıntı səbəb ola bilər. Həyat yoldaşımız, ağsaqqal və ya dostumuz bizi xoş sözləri və köməyi ilə ruhlandıranda, necə də təsəlliverici olur! Bu, dərinin sızıldayan hissəsi üçün sakitləşdirici məlhəm kimidir! Buna görə də qardaşlarından hansınınsa ağır vəziyyətdə olduğunu görürsənsə, ona dayaq ol. Əgər sənin özünü hansısa problem yorur və incidirsə, ruhən yetkin məsihçilərdən kömək dilə (Yaqub 5:14, 15).
Yığıncaq necə kömək edə bilər?
12. Yığıncaqda hər bir kəs qardaşlarının imanını necə qüvvətləndirə bilər?
12 Yığıncağın bütün üzvləri, hətta uşaqlar və yeniyetmələr belə bu və ya digər tərzdə başqaları üçün dayaq ola bilərlər. Sənin müntəzəm olaraq yığıncaqda olmağın və təbliğdə iştirak etməyin başqalarının imanını çox möhkəmlədir (İbranilərə 10:24, 25). Müqəddəs xidmətdə mətanət göstərməyin sübut edir ki, sən Yehovaya sadiqsən və problemlərinə baxmayaraq ruhən oyaqsan (Efeslilərə 6:18). Bu cür mətanət göstərməyin, qardaşlarına qüvvətləndirici tə’sir göstərir (Yaqub 2:18).
13. Bə’ziləri nəyə görə qeyri-fəal olurlar və onlara necə kömək etmək olar?
13 Bə’zən həyatın ağırlığından və ya digər çətinliklər ucbatından kim isə az təbliğ etməyə, yaxud da təbliğ xidmətində qeyri-fəal olmağa başlayır (Mark 4:18, 19). Biz onları yığıncaq görüşlərində görməyə bilərik. Lakin onlar, ehtimal ki, hələ də ürəklərində Allaha məhəbbət duyurlar. Onların imanını necə qüvvətləndirmək olar? Ağsaqqallar qeyri-fəal olanlara baş çəkərək onlara xeyirxahlıqla yardım göstərirlər (Həvarilərin işləri 20:35). Onlar yığıncağın başqa üzvlərindən də kömək diləyə bilərlər. Ehtimal ki, bu cür ziyarətlər və göstərilən qayğı, imanda zəif olana yenidən ayağa qalxmaqda kömək edən məhz həmin dərman olacaq.
14, 15. Başqalarını ruhlandırmaq üçün Pavel bizə hansı məsləhəti verdi? Onun məsləhətinə riayət edən bir yığıncaq haqqında danışın.
14 Müqəddəs Kitab bizi təşviq edir: “Cəsarətsizləri [“kədərli olanları”, YD] ruhlandırın, zəiflərə yardım edin” (1 Saloniklilərə 5:14). Ola bilər bu cür “kədərli olanlar” cəsarətlərinin azaldığını görür və qarşılarında olan maneəni başqalarının köməyi olmadan dəf edə bilmədiklərini düşünürlər. Onlara yardım əlini uzada bilərsənmi? “Zəiflərə yardım etmək” ifadəsi zəifləri “möhkəm tutmaq” və ya onlara “möhkəm yapışmaq” mə’nalarını da daşıya bilər. Yehova bütün qoyunlarını əzizləyir və sevir. Onlar Yehova üçün dəyərlidir və O istəmir ki, axın onlardan hansınısa uzaqlaşdırsın. Ruhən zəiflər qüvvətlənənə kimi, onları “möhkəm tutmaqda” yığıncağa kömək edə bilərsənmi? (İbranilərə 2:1).
15 Bir ağsaqqal altı il qeyri-fəal olan ər-arvada baş çəkdi. Ağsaqqal yazır: “Bütün yığıncaq tərəfindən göstərilən xeyirxahlıq və məhəbbət, onları sürüyə qayıtmağa təşviq edən güclü stimul oldu”. Yığıncağın üzvlərinin ziyarətləri qeyri-fəal olan bir bacıya necə tə’sir etdi? O danışır: “Bizə yenidən fəal olmaqda kömək edən o oldu ki, nə bizə gələn qardaşlar, nə də onlarla gələn bacılar bizə heç vaxt məhkumedici və ya tənqidi surətdə yanaşmırdılar. Əksinə, onlar anlayışlı idilər və bizi Müqəddəs Kitabdan olan fikirlərlə ruhlandırırdılar”.
16. Qüvvətləndirilməyə ehtiyacı olanlara kömək etməyə hər zaman hazır olan kimdir?
16 Şübhəsiz ki, Məsihin həqiqi davamçıları başqaları üçün dayaq olmağı arzulayırlar. Elə şəraitlər yarana bilər ki, bizə də qardaşların köməyi lazım ola bilər. Lakin realist olaq, elə vəziyyət yarana bilər ki, çətin anlarda bizə kömək etmək üçün yanımızda heç kim olmaz. Lakin hər zaman yanımızda olan və hər zaman bizə kömək etməyə hazır olan qüvvə Mənbəyimiz var. Bu, Yehova Allahdır (Məzmur 27:10).
Yehova — başlıca qüvvə Mənbəyi
17, 18. Yehova Öz Oğlu İsa Məsihi necə qüvvətləndirirdi?
17 Dirəyə mismarlanmış İsa nida etdi: “Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm” (Luka 23:46). Bundan sonra o öldü. Cəmi bir neçə saat əvvəl o, həbs olunmuşdur, yaxın dostları isə onu tərk edib qaçmışdılar (Matta 26:56). İsanın yalnız bir qüvvə Mənbəyi — onun səmavi Atası qalmışdır. İsanın da Yehovaya bel bağlaması əbəs deyildi. Yehova Öz Oğluna sədaqətlə köməklik edərək, onu sadiqliyinə görə mükafatlandırdı (Məzmur 18:25; İbranilərə 7:26).
18 İsa yer üzündəki xidməti zamanı nöqsansızlığını sona qədər qoruyub saxlaya bilmək üçün lazım olan hər bir şeyi Yehovadan alırdı. İsa, məsələn, xidmətinə başlayaraq vəftiz olunduğu zaman, Atası onu bəyəndiyini və sevdiyini ucadan bildirdi. İsa köməyə ehtiyac duyanda, Yehova onu qüvvətləndirmək üçün mələklərini göndərirdi. İsa yer üzündəki həyatının sonunda ən böyük sınaqla qarşılaşdığı zaman, Yehova onun yalvarışlarını və diləklərini iltifatla eşitdi. Sözsüz ki, bütün bunlar İsa üçün dayaq idi (Mark 1:11, 13; Luka 22:43).
19, 20. Çətin anlarda Yehovanın bizi qüvvətləndirəcəyinə nəyə görə əminik?
19 Yehova bizim üçün də başlıca qüvvə Mənbəyi olmaq istəyir (2 Tarixlər 16:9). O, böyük qüvvənin və üstün qüdrətin həqiqi Mənbəyidir və ehtiyac duyduğumuz zaman bizə dayaq ola bilər (İşaya 40:26). Müharibə, yoxsulluq, xəstəliklər, ölüm, bizim şəxsi qeyri-kamilliyimiz — bütün bunlar bizim üçün ağır yük ola bilər. Həyatın sınaqları “qüvvətli düşmən” kimi bizə güc gələndə, Yehova bizim gücümüz və qüvvəmiz ola bilər (Məzmur 18:17; Çıxış 15:2). Bizə kömək etmək üçün Onun qüvvətli müqəddəs ruhu var. Yehova Öz ruhu ilə “zəif olana qüvvət verir” ki, onlar ‘qartallar kimi qanad gərsinlər’ (İşaya 40:29, 31).
20 Allahın ruhu Kainatda ən güclü qüvvədir. Pavel demişdir: “Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm”. Bizim sevən səmavi Atamız, bizə “ən üstün qüdrət”i verə bilər ki, O, artıq olduqca yaxın olan və’d edilmiş Cənnətdə hər şeyi ‘yeniləşdirənə’ qədər biz hər bir çətinliyə tab gətirək (Filipililərə 4:13, İ–93; 2 Korinflilərə 4:7; Vəhy 21:4, 5).
[Haşiyə]
a Vaynın lüğətində deyilir: “[Pareqoriʹa] sözünün fe’li forması, qıcıqlanmanı sakitləşdirən dərman mə’nasını daşıyır” (“Vine’s Complete Expository Dictionary of Old and New Testament Words”).
Yadınızdadırmı?
• Romadakı qardaşlar Pavel üçün necə dayaq oldular?
• Yığıncaqda biz necə dayaq ola bilərik?
• Qüvvənin başlıca Mənbəyi olan Yehovadan biz necə güc ala bilərik?
[29-cu səhifədəki şəkil]
Sürünü qüvvətləndirməkdə ağsaqqallar rəhbərliyi öz üzərlərinə götürürlər.
[31-ci səhifədəki şəkil]
Qardaşlar Paveli sədaqətlə qüvvətləndirərək və ruhlandıraraq, həmçinin ona müxtəlif işlərdə qulluq göstərərək, onun üçün dayaq oldular.