ON BEŞİNCİ FƏSİL
Yaşlı valideynlərimizə hörmət edək
1. Valideynlərimizə nədə borcluyuq və bu səbəbdən onlara qarşı hansı hissləri bəsləməli və onlarla necə davranmalıyıq?
QƏDİMDƏ müdrik bir insan belə məsləhət vermişdi: “Öz atanı dinlə və ixtiyar olduğu zaman, ananı xor görmə” (Süleymanın məsəlləri 23:22). Siz deyə bilərsiniz: “Mən əsla belə etmərəm!” Bizlərdən əksəriyyətimiz valideynlərimizə nəinki xor baxmır, hətta əksinə, onlara dərin məhəbbət bəsləyirik. Onlara çox şey borclu olduğumuzu anlayırıq. Hər şeydən öncə, onlar bizə həyat veriblər. Doğrudur, Yehova həyat Mənbəyidir, amma valideynlərimiz olmadan biz dünyaya gəlməzdik. Valideynlərimizə verə biləcəyimiz heç bir şey, həyat qədər dəyərli deyil. Bundan əlavə, uşaq böyütmək üçün necə fədakarlıq tələb olunduğu, nə qədər həyəcan keçirildiyi, nə dərəcədə məhəbbət dolu diqqət lazım gəldiyi və çoxlu miqdarda vəsait xərcləndiyi barədə düşünün. Buna görə də, Allahın Kəlamında verilən məsləhət necə də hikmətlidir: “Atana, anana hörmət et ki, sənə yaxşılıq olsun və yer üzündə uzunömürlü olasan” (Efeslilərə 6:2, 3).
ONLARIN EMOSİONAL TƏLƏBATLARINI ANLAMAQ
2. Yetkin yaşlı övladlar valideynlərinin “haqqını” necə ödəyə bilərlər?
2 Həvari Pavel məsihçilərə yazırdı: “Qoy onlar [övladlar və nəvələr] qabaqca öz şəxsi ailələrinə hörmət etməyi, valideynlərinə də haqqını verməyi öyrənsinlər; çünki bu, Allaha xoşdur” (1 Timoteyə 5:4). Artıq böyük yaşda olan uşaqlar valideynlərinin, eləcə də nənə–babalarının illər boyu onlara göstərdikləri məhəbbət, əmək və qayğıya görə minnətdarlıq təzahür etdirməklə onların haqqını ödəmiş olurlar. Uşaqlar üçün bunu etməyin üsullarından biri, hər kəs kimi, yaşlıların da məhəbbət və köməyə ehtiyac duyduqlarını və çox vaxt da bu ehtiyacın ümidsiz dərəcədə olduğunu anlamağa çalışmalarıdır. Hamımız kimi, yaşlılar da onlara qiymət verildiyini bilməlidirlər. Onlar, əbəs yerə yaşamadıqlarını hiss etməlidirlər.
3. Valideynlərimizə, nənə–babalarımıza necə hörmət göstərə bilərik?
3 Buna görə də biz, valideynlərimizə, nənə və abalarımıza onları sevdiyimizi göstərməklə hörmət edə bilərik (1 Korinflilərə 16:14). Əgər valideynlərimizdən ayrı yaşayırıqsa, bizdən bir balaca xəbər almağın onlar üçün nə qədər böyük mə’na kəsb etdiyini unutmamalıyıq. Əgər ruhlandırıcı bir məktub yazsaq, zəng etsək və ya qonaq getsək onlara böyük sevinc bəxş edərik. Yaponiyada yaşayan Miyo, 82 yaşında ikən yazmışdı: “[Əri səyyah nəzarətçi olan] qızım mənə deyir: Anacan, xahiş edirəm, sən də bizimlə “səyahət et”. O mənə hər həftə olduqları yerin ünvanını və telefon nömrəsini göndərir. Mən xəritəyə baxıb deyirəm: Aha... indi onlar buradadırlar! Belə bir qıza sahib olmaq böyük xeyir–duadır; buna görə mən Yehovaya həmişə öz minnətdarlığımı bildirirəm”.
MADDİ CƏHƏTDƏN KÖMƏK
4. Yəhudi dini ən’ənələri, insanların öz qoca valideynləri ilə insafsızcasına davranmalarına necə səbəb olmuşdu?
4 Valideynlərə hörmət etmək, onların maddi tələbatlarını ödəmək mə’nasını da daşıya bilərmi? Bəli. Belə hallar çox olur. İsanın günlərində yəhudi din rəhbərləri belə bir ən’ənəyə riayət edirdilər: əgər bir nəfər öz pulunu və ya əmlakını “Allaha təqdim” etdiyini bildirərdisə, həmin əmlakdan valideynlərinin qeydinə qalmaq üçün istifadə edə bilməzdi (Matta 15:3–6). Bu necə də insafsız davranışdır! Əslində həmin din rəhbərləri insanları valideynlərinə hörmət etməyə deyil, eqoistcəsinə onların tələbatları haqda düşünmədən, onlara qarşı sayğısızlıq göstərməyə təşviq edirdilər. Biz, əsla belə davranmaq istəmirik! (Təsniyə 27:16).
5. Bə’zi ölkələrdə hakimiyyət tərəfindən kömək göstərilməsinə baxmayaraq, valideynlərə ehtiram göstərmək, nəyə görə bə’zən onlara maddi cəhətdən kömək etmək mə’nasını da daşıyır?
5 Bu gün bir çox ölkələrdə, yaşlıların qida, paltar və mənzil kimi maddi tələbatları hökumətin sosial proqramları hesabına ödənilir. Bundan əlavə, ola bilsin ki, həmin insanların özləri qocalıq dövrü üçün bir qədər pul yığmışlar. Lakin əgər yığılan pullar artıq xərclənibsə və ya kifayət etmirsə, övladlar valideynlərinin maddi ehtiyaclarını tə’min etmək üçün əllərindən gələni edərək, onlara hörmət edirlər. Yaşlı valideynlərin qeydinə qalmaq, ailənin Banisi olan Yehova Allaha sadiqlik haqda şəhadət edir.
MƏHƏBBƏT VƏ FƏDAKARLIQ
6. Öz valideynlərinin ehtiyaclarını tə’min etmək üçün, bə’ziləri hansı dəyişiklikləri edirlər?
6 Yetkin yaşlı övladların çoxu, taqətdən düşmüş valideynlərinin ehtiyacına məhəbbət və fədakarlıqla hay verirlər. Bə’ziləri valideynlərini öz evlərinə aparır və ya onlara yaxın yerə köçürlər. Digərləri isə valideynlərinin yanına köçürlər. Bu cür dəyişikliklər çox vaxt həm valideynlər, həm də övladlar üçün xeyir–dua olur.
7. Yaşlı valideynlərə kömək etmək lazım gəldikdə tələsik qərar qəbul etməmək nəyə görə yaxşıdır?
7 Bə’zən isə köçmək heç bir fayda gətirmir. Nəyə görə? Ola bilsin, ona görə ki, alınan qərarlar tələsik və ya emosiyalara əsaslanmışdır. Müqəddəs Kitab müdrikliklə xəbərdarlıq edir: “Fərasətli adam öz gedişinə diqqət edər” (Süleymanın məsəlləri 14:15). Fərz edək ki, yaşlı ananıza tək yaşamaq çətindir və sizin yanınıza köçməsinin daha yaxşı olacağını düşünürsünüz. Atacağınız addımlar haqda lazımi dərəcədə düşünərkən növbəti şeyləri nəzərə ala bilərsiniz: Anamın tələbatları əslində nədən ibarətdir? Münasib alternativ qərar təklif edilən xüsusi və ya dövlət tərəfindən himayə edilən sosial xidmət varmı? Ananız köçmək istəyirmi? İstəyirsə, bu onun həyatına necə tə’sir edəcək? Dostlarından ayrılmalı olacaqmı? Bu ona emosional cəhətdən necə tə’sir edə bilər? Bu sualları onunla birlikdə müzakirə etmisinizmi? Ananızın yanınıza köçməsi sizə, həyat yoldaşınıza və uşaqlarınıza necə tə’sir göstərəcəkdir? Lazım gələrsə, ananızın qeydinə kim qalacaqdır? Məs’uliyyəti ailə üzvləri arasında bölüşdürmək mümkündürmü? Bu məsələni onlarla müzakirə etmisinizmi?
8. Yaşlı valideynlərə kömək etməyi qərara alarkən, kiminlə məsləhətləşmək olar?
8 Valideynlərin qeydinə qalmaq məs’uliyyəti hər bir övladın üzərinə düşdüyü üçün, bütün qərarları birlikdə qəbul etmək məqsədilə, ailəliklə toplaşıb məsləhətləşmək müdriklik olardı. Məsihçi yığıncağının ağsaqqalları ilə və ya eyni vəziyyətlə qarşılaşmış dostlarla söhbət etmək faydalı ola bilər. Müqəddəs Kitab xəbərdarlıq edir: “Öyüd olmayan yerdə təşəbbüslər boşa çıxar, fəqət öyüd verənlərin çoxluğu ilə durarlar” (Süleymanın məsəlləri 15:22).
ŞƏFQƏTLİ VƏ ANLAYIŞLI OLUN
9, 10. a) Qocalara qulluq edərkən, onların yaşlarına baxmayaraq, nəyi nəzərə almaq lazımdır? b) Yetkin yaşlı övladlar, valideynlərinin xeyrinə olaraq hansı qərarı qəbul edirlərsə–etsinlər, onlar həmişə öz valideynlərinə necə münasibət göstərməlidirlər?
9 Yaşlı valideynlərə hörmət etmək üçün şəfqətli və anlayışlı olmaq gərəkdir. İllər ötdükcə, qocalar üçün yerimək, yemək və bir şeyi yadda saxlamaq get–gedə çətinləşə bilər. Onların köməyə ehtiyacları ola bilər. Çox vaxt övladlar valideynlərinə elə həvəslə qayğı göstərirlər ki, özlərinin nəzarət və göstərişləri olmadan onların bir addım belə atmalarına imkan vermirlər. Lakin qocalar — həyatları boyu müdriklik və təcrübəyə sahib olmuş, öz qeydinə qalmış və qərarlar qəbul etmiş yetkin insanlardır. Ola bilsin, onların şəxsiyyəti və özlərinə hörmət hissləri, valideyn və yetkin insan olmalarına əsaslanır. Həyatlarının rəhbərliyini övladlarına verməli olduqlarını duyan valideynlər, depressiyaya düşər və ya qəzəb hissinə qapıla bilərlər. Bə’ziləri inciyir və bəlkə də, azadlıqdan məhrum edildiklərini düşünərək, müqavimət göstərirlər.
10 Burada asan çıxış yolu yoxdur, lakin yaşlı valideynlərin imkan daxilində özlərinə qayğı göstərmələrinə və şəxsi qərarlarını özləri qəbul etmələrinə imkan vermək, xeyirxahlıq əlaməti olardı. Əvvəlcə valideynlərlə söhbət etmədən, onlar üçün nəyin yaxşı olacağını qərara almaq müdriklik olmazdı. Bəlkə də, artıq onlar özləri bir çox işlərin öhdəsindən gələ bilmirlər. Lakin imkan verin ki, gücləri çatan işləri özləri etsinlər. Valideynlərinizin həyatını nə qədər az idarə etməyə çalışsanız, onlarla münasibətinizin bir o qədər də yaxşı olacağını görəcəksiniz. Həm valideynləriniz, həm də siz daha xoşbəxt olacaqsınız. Hətta valideynlərin xeyrinə olaraq nədə isə israr etmək lazım gəlsə belə, onlara ehtiram göstərmək — onların şəxsi ləyaqət hisslərini nəzərə almaq və layiq olduqları tərzdə hörmətlə yanaşmaq mə’nasını daşıyır. Allahın Kəlamında məsləhət verilir: “Ağsaçlının önündə ayağa qalxacaqsan və qocalmış olana hörmət edəcəksən” (Levililər 19:32).
DÜZGÜN MÜNASİBƏTİ QORUMAQ
11—13. Keçmişdə valideynləri ilə münasibəti pis olsa belə, övlad onlara qoca yaşlarında qayğı göstərmənin gətirdiyi çətinliyin öhdəsindən necə gələ bilər?
11 Bə’zən, yaşca böyük övladların, əvvəllər aralarında olan münasibətə görə, qoca valideynlərinə hörmət etmələri çətin olur. Ola bilsin, sizin atanız soyuq və laqeyd, ananız isə hökmlü və sərt adam olmuşdur. Valideynləriniz sizin istədiyiniz kimi olmadıqlarına görə, hələ də mə’yusluq, qəzəb və ya inciklik hissi keçirə bilərsiniz. Bu cür hisslərdən yaxa qurtara bilərsinizmi?a
12 Finlandiyada böyümüş Basse söyləyir: “Ögey atam faşist Almaniyasında SS zabiti olmuşdur. O özündən tez çıxır və bu zaman çox təhlükəli olurdu. Dəfələrlə gözümün önündə anamı döymüşdür. Bir dəfə mənə qəzəbləndi və kəmərini çıxarıb toqqası ilə üzümə vurdu. Zərbə elə güclü idi ki, mən çarpayıya yıxıldım”.
13 Ancaq atanın başqa xüsusiyyətləri də vardı. Basse davam edir: “Digər tərəfdən, ailəmizi tə’min etmək üçün özünə yazığı gəlmədən, canla–başla çalışırdı. O, mənə heç vaxt atalıq hissi göstərməmişdir, lakin mən onun bunu bacarmadığını bilirdim. Gənc yaşlarında ikən, anası onu evdən qovmuşdur. O özünə həyatda yumruqla yol açaraq böyümüş və gənc yaşlarında müharibəyə getmişdi. Atamı müəyyən dərəcədə başa düşürdüm və onu qınamırdım. Böyüdükdə, ölümünə qədər, hər işdə bacardığım qədər ona kömək etmək qərarına gəldim. Asan deyildi, amma mən əlimdən gələni edirdim. Axıra qədər yaxşı oğul olmağa çalışdım və onun da məni məhz belə bir övlad olaraq gördüyünü düşünürəm”.
14. Yaranan müxtəlif vəziyyətlərdə, məsələn, yaşlı valideynlərin qeydinə qalarkən, Müqəddəs Kitabın hansı ayəsi tətbiq ediləndir?
14 Başqa məsələlərdə olduğu kimi, ailədə olan müxtəlif vəziyyətlərdə də Müqəddəs Kitabın məsləhəti tətbiq ediləndir: “Mərhəmət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirliliyi geyin; bir–birinizə təhəmmül edin və birinin digərindən şikayəti varsa, bağışlasın. Rəbb [“Yehova”, YD] sizi bağışladığı kimi, siz də bir–birinizi bağışlayın” (Koloslulara 3:12, 13, İ–93).
QAYĞI GÖSTƏRƏNLƏRİN DƏ QAYĞIYA EHTİYACI VAR
15. Valideynlərin qeydinə qalmaq nəyə görə bə’zən üzücü ola bilər?
15 Zəif valideynlərin qeydinə galmaq asan iş deyil; çünki bu, özünə çox şey daxil edən, vaxt tələb edən böyük məs’uliyyətdir. Lakin buna hər şeydən çox emosional cəhətdən tab gətirmək daha çətindir. İnsanın gözü qarşısında valideynlərinin öz sağlamlığını, yaddaşını və sərbəstliyini itirmələri kədərlidir. Puerto–Rikodan olan Sendi söyləyir: “Anam ailəmizin dirəyi idi. Əzablarını görərək, ona qayğı göstərmək çox üzücü idi. O, əvvəlcə axsamağa başladı, sonra əl ağacına, daha sonra qoltuqağacına və nəhayətdə əlil arabasına ehtiyacı oldu. Sonra vəziyyəti get–gedə pisləşdi və nəhayət öldü. Anamın sümüyündə xərçəng xəstəliyi inkişaf edirdi və gecə–gündüz ona qulluq etmək tələb olunurdu. Biz onu çimizdirir, yedizdirir və ona kitab oxuyurduq. Bu çox çətin idi, xüsusilə də emosional cəhətdən. Anamın ölmək üzrə olduğunu başa düşdükdə ağladım, çünki onu çox sevirdim”.
16, 17. Zəif valideynlərinə qayğı göstərən insanlara tarazlığı qorumaqda hansı məsləhət kömək edə bilər?
16 Əgər siz də eyni vəziyyətdəsinizsə, bunun öhdəsindən necə gələ bilərsiniz? Müqəddəs Kitabı oxuyaraq Yehovanı dinləmək və Onunla duada söhbət etmək böyük köməkdir (Filipililərə 4:6, 7). Praktiki baxımdan, yaxşı qidalanmaq və kifayət qədər yatmaq lazımdır. Bu, əziz adamınızın qayğısına qalmaq üçün, fiziki və emosional sağlamlığınızı qorumağınıza kömək edəcəkdir. Ara–sıra gündəlik işlərdən dincəlmək olar. Mə’zuniyyət baş tutmasa da, istirahət üçün bir qədər vaxt ayırmaq müdriklik olardı. Bir az dincəlmək üçün, xəstə olan ata və ya ananızın yanında başqa birinin qalmasını xahiş edə bilərsiniz.
17 Taqətdən düşmüş valideynlərinin qayğısına qalan insanlar, çox vaxt özlərinə qarşı çox tələbkar olurlar. Nəyi isə edə bilmədikdə özünüzü günahlandırmaq lazım deyil. Bə’zən sevdiyiniz adamı, tibbi xidmət göstərilən qocalar evinə e’tibar etmək lazım gələ bilər. Əgər zəif valideynlərinizə qayğı göstərirsinizsə, özünüzə qarşı həddindən artıq tələbkar olmayın. Siz yalnız valideynlərinizin deyil, uşaqlarınızın, həyat yoldaşınızın və özünüzün də qeydinə qalmalısınız.
QEYRİ–ADİ QÜDRƏT
18, 19. Yehova kömək haqqında hansı və’di verib və hansı nümunə göstərir ki, O, həmin və’di yerinə yetirir?
18 Yehova, öz Kəlamı olan Müqəddəs Kitabın vasitəsilə, qoca valideynlərinin qeydinə qalan insana köməklik göstərən rəhbərliyi məhəbbətlə təqdim edir; lakin Onun köməyi bununla məhdudlaşmır. Məzmurçu, Allahdan ilham alaraq yazırdı: “Rəbb, onu çağıranların hamısına yaxındır... fəryadlarını eşidir və onları qurtarar”. Yehova öz xidmətçilərini, hətta ən çətin şəraitlərdə belə qurtaracaq və ya qoruyacaqdır (Məzmur 145:18, 19).
19 Filippində yaşayan Mirna, iflic olan anasına qulluq edərkən, bunu dərk etdi. Mirna yazır: “Sevdiyin adamın iztirab çəkdiyini, hətta harasının ağrıdığını deyə bilmədiyini görmək qədər ağır şey yoxdur. Mənə elə gəlirdi ki, anam yavaş–yavaş batır, mən isə bunu görür, amma heç bir şey edə bilmirəm. Dəfələrlə diz çöküb, artıq yorulduğumu Yehovaya söyləyirdim. Mən də, gözyaşlarını bir şüşəyə yığmasını və onu xatırlamasını Yehovadan xahiş edən Davud kimi, ağlayırdım [Məzmur 56:8]. Yehova və’d etdiyi kimi, mənə lazımi qüvvəni verdi. “Rəbb mənə dəstək oldu” (Məzmur 18:18).
20. Müqəddəs Kitabın hansı və’dləri, zəif olan valideynlərinin qeydinə qalan insanlara, qulluq etdikləri adamın ölməsinə baxmayaraq, nikbin qalmaqda kömək edir?
20 Deyirlər ki, yaşlı valideynlərə qayğı göstərmək “kədərli sonu olan hekayəyə” bənzəyir. Mirnanın anası ilə baş verdiyi kimi, hətta ən yaxşı qulluq göstərilsə də, qoca insan ölə bilər. Lakin Yehovaya e’tibar edənlər bilirlər ki, ölüm heç də son demək deyil. Həvari Pavel demişdir: “Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). Dirilməyə və Allahın “artıq ölüm mövcud olmayacaq” gözəl yeni dünya yaradacağı və’dinə ümid etmək, yaşlı valideynləri ölən insanlara təsəlli verir (Vəhy 21:4).
21. Yaşlı valideynlərə hörmət etmək hansı yaxşı səmərələri gətirir?
21 Allahın xidmətçiləri, valideynləri qocalsa belə, onlara dərin hörmət bəsləyirlər (Süleymanın məsəlləri 23:22–24). Onlar valideynlərinə ehtiram göstərirlər. Belə davranaraq, onlar Allahdan ilham almış məsəlin necə həyata keçdiyini görürlər: “Atan və anan sevinsinlər və səni doğan məsrur olsun” (Süleymanın məsəlləri 23:25). Ən başlıcası odur ki, insanlar yaşlı valideynlərinə hörmət etməklə, Yehova Allahı sevindirir və Ona ehtiram etmiş olurlar.
a Burada, valideynlərin onlara həvalə olunan səlahiyyət və e’tibardan cinayətlə müqayisə ediləcək dərəcədə sui–istifadə etdikləri hallar müzakirə edilmir.