TƏLİM MƏQALƏSİ 46
«Böyük iman qalxanını»zı qoruyursunuz?
«Böyük iman qalxanını götürün» (EFES. 6:16).
NƏĞMƏ 119 İman sahibi olaq
İCMALa
1, 2. a) Efeslilərə 6:16 ayəsinə əsasən, nəyə görə «böyük iman qalxanı»na ehtiyacımız var? b) Hansı sualları araşdıracağıq?
BÖYÜK iman qalxanınız var? (Efeslilərə 6:16 ayəsini oxuyun.) Şübhəsiz ki, var! Bədənin çox hissəsini qoruyan böyük qalxan kimi, iman da sizi bu şər dünyanın əxlaqsız, zorakı və Allaha məqbul olmayan təsirlərindən qoruyur.
2 Nə qədər ki «axırzamanda» yaşayırıq, hər birimizin imanı sınanacaq (2 Tim. 3:1). Bəs iman qalxanınızın möhkəm olduğunu necə yoxlaya bilərsiniz? Qalxanınızı möhkəm saxlamaq üçün nə edə bilərsiniz? Gəlin bu sualları araşdıraq.
QALXANINIZI YAXŞICA YOXLAYIN
3. Əsgərlər qalxana necə və nəyə görə qulluq edirdilər?
3 Qədimdə əsgərlərin qalxanları çox vaxt dəri ilə örtülü olurdu. Əsgərlər dərini yaxşı saxlamaq və qalxanın metal hissəsini pasdan qorumaq üçün onu yağlayırdılar. Qalxanın zədələndiyini görəndə hər an növbəti döyüşə hazır olmaq üçün onu təmir etdirirdilər. Bu nümunəni imanımıza necə tətbiq etmək olar?
4. Nəyə görə iman qalxanınızı yoxlamalısınız və bunu necə etmək lazımdır?
4 Qədimdə yaşamış əsgərlər kimi, siz də hər an döyüşə hazır olmaq üçün iman qalxanınızı yoxlamalı və ona qulluq etməlisiniz. Bir məsihi kimi, biz ruhani döyüşdə iştirak edirik, düşmənlərimiz isə şər ruhlardır (Efes. 6:10—12). Heç kim bizim yerimizə iman qalxanımızı qoruya bilməz. Bəs iman sınaqlarına hazır olduğunuzu necə yoxlaya bilərsiniz? Əvvəla, dua edib Allahdan kömək istəməlisiniz. Daha sonra özünüzə Allahın gözü ilə baxmaq üçün Müqəddəs Kitaba müraciət etməlisiniz (İbr. 4:12). Kəlamda yazılıb: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə» (Məs. 3:5, 6). Bu ayəni nəzərə alaraq son zamanlar verdiyiniz qərarları yadınıza salın. Məsələn, ciddi maddi sıxıntı ilə üzləşmisiniz? Həmin vaxt Yehovanın «səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» vədi yadınıza düşmüşdü? İbranilərə 13:5 ayəsində yazılmış bu vəd Yehovanın sizə kömək edəcəyinə əminlik verir? Verirsə, deməli, siz iman qalxanınızı yaxşı vəziyyətdə saxlayırsınız.
5. İmanınızı yoxlayarkən nə aşkar edə bilərsiniz?
5 İmanınızı yaxşıca yoxlayarkən aşkar etdiyiniz şeylər sizi təəccübləndirə bilər. Ola bilsin, özünüzün də bilmədiyiniz zəif cəhətlərinizi aşkar edəsiniz. Məsələn, hədsiz narahatlıq, yalanlar və ruh düşkünlüyü ucbatından imanınızın zədələndiyini görə bilərsiniz. Bu zaman imanınızın daha çox zədələnməməsi üçün nə edə bilərsiniz?
ÖZÜNÜZÜ HƏDSİZ NARAHATLIQDAN, YALANLARDAN VƏ RUH DÜŞKÜNLÜYÜNDƏN QORUYUN
6. Nələrə görə narahat olmaq yaxşıdır?
6 Bəzi şeylərə görə narahatlıq keçirmək düzgündür. Məsələn, narahat oluruq ki, Yehovanı və İsa Məsihi birdən narazı salarıq (1 Kor. 7:32). Ciddi günaha yol vermişiksə, Allahla münasibətlərimizi qaydasına salmaq haqda düşünürük (Zəb. 38:18). Həmçinin həyat yoldaşımızın, ailə üzvlərimizin, dindaşlarımızın rifahı üçün nigarançılıq keçiririk (1 Kor. 7:33; 2 Kor. 11:28).
7. Məsəllər 29:25 ayəsinə əsasən, nə üçün insanlardan qorxmamalıyıq?
7 Lakin hədsiz narahatlıq imanımızı zədələyə bilər. Məsələn, yeməyimizin, paltarımızın olması üçün, ola bilsin, daim narahatlıq içindəyik (Mət. 6:31, 32). Buna görə də fikrimiz-zikrimiz maddi şeylər əldə etməkdə ola bilər. Hətta bizdə pula sevgi yarana bilər. Buna yol versək, Yehovaya imanımız zəifləyəcək və ruhaniliyimizə ciddi ziyan dəyəcək (Mark 4:19; 1 Tim. 6:10). Yaxud ola bilsin, insanların bizim haqda nə düşündüyünə görə hədsiz narahatlıq keçirək. Rişxənd olunmaq və təqib edilmək qorxusu Yehovanı narazı salmaq qorxusunu üstələyə bilər. Özümüzü belə bir təhlükədən qorumaq, insan qorxusunu aşmaq üçün Yehovaya yalvararaq bizə iman və cəsarət verməsini diləməliyik. (Məsəllər 29:25 ayəsini oxuyun; Luka 17:5.)
8. Yalanlara necə yanaşmalıyıq?
8 «Yalanın atası» olan Şeytan əlaltıları vasitəsilə Yehova və dindaşlarımız haqda yalanlar yayır (Yəh. 8:44). Məsələn, dönüklər internet, televiziya və digər kütləvi informasiya vasitələri ilə Yehovanın təşkilatı barədə yalanlar söyləyir və faktları təhrif edir. Bu yalanlar Şeytanın «alovlu oxları»dır (Efes. 6:16). Kimsə bizə bu cür yalanlar danışanda nə etməliyik? Qulaq asmamalıyıq! Çünki biz Yehovaya iman edirik və dindaşlarımıza inanırıq. Biz ümumiyyətlə, dönüklərlə münasibətdən uzaq dururuq. Heç kimə, heç nəyə görə, hətta maraq xatirinə belə, onlara qulaq asmırıq və ya onlarla mübahisəyə girişmirik.
9. Ruh düşkünlüyü bizə necə təsir edə bilər?
9 Ruh düşkünlüyü imanımızı zəiflədə bilər. Bəzən problemlər ucbatından məyus oluruq. Düzdür, problemlərimiz yoxmuş kimi davrana bilmərik. Amma problemlərin fikirlərimizi zəbt etməsinə yol verməməliyik. Əks halda, Yehovanın verdiyi möhtəşəm ümid barədə unuda bilərik (Vəhy 21:3, 4). O qədər ruhdan düşə bilərik ki, gücümüz zəifləyər və bu, Yehovaya xidməti dayandırmağımıza gətirib çıxarar (Məs. 24:10). Biz bunun baş verməsinə imkan verməməliyik.
10. Bir bacının yazdığı məktubdan nə öyrənirsiniz?
10 Gəlin görək Birləşmiş Ştatlarda yaşayan bir bacı ciddi xəstəliyi olan ərinə qulluq edə-edə imanını necə qoruyur. O, baş idarəyə belə bir məktub yazmışdı: «Vəziyyətimiz hərdən gərgin, məyusedici olsa da, ümidimiz möhkəmdir. Yehovanın imanımızı möhkəmləndirmək və bizi ruhlandırmaq üçün verdiyi hər şeyə görə çox minnətdaram. Bu məsləhətlərə və ruhlanmağa çox ehtiyacımız var. Bunun sayəsində xidmətimizi davam etdirə və Şeytanın üstümüzə yağdırdığı sınaqlara qarşı dura bilirik». Bacının sözlərindən öyrənirik ki, ruh düşkünlüyünə qalib gəlmək mümkündür. Bunun üçün üzləşdiyiniz çətinliklərə Şeytanın sınağı kimi baxın. Yehovanın sizə təsəlli verəcəyinə inanın. Həmçinin Onun verdiyi ruhani qidanı qiymətləndirin.
11. İmanımızı yoxlamaq üçün hansı sualların üzərində düşünməliyik?
11 İman qalxanınızda təmir olunası hissələr var? Son aylar ərzində hədsiz narahatlığa qapılmamaq alınıb? Dönüklərin haqqımızda yaydığı yalanlara qulaq asmaq və onlarla mübahisə etmək istəyini boğa bilmisiniz? Ruh düşkünlüyünün öhdəsindən gələ bilmisiniz? Əgər alınıbsa, deməli, imanınız yaxşı vəziyyətdədir. Biz gözdə-qulaqda olmalıyıq, çünki Şeytanın bizə qarşı başqa silahları da var. Gəlin onlardan birinə baxaq.
ÖZÜNÜZÜ MALPƏRƏSTLİKDƏN QORUYUN
12. Malpərəstlik nələrə gətirib çıxara bilər?
12 Malpərəstlik diqqətimizin yayınmasına və iman qalxanımızı unutmağımıza səbəb ola bilər. Həvari Bulus demişdi: «Əsgərlikdə olan heç bir adam qazanc əldə etmək üçün hərbidən kənar işlərlə məşğul olmur, əksinə, onu hərbi xidmətə çağırmış adamın rəğbətini qazanmağa çalışır» (2 Tim. 2:4). Qədim Romada əsgərlərə hər hansı əlavə işlə məşğul olmağa izin verilmirdi. Əgər əsgərlər bu göstərişə məhəl qoymasa idi, nə baş verərdi?
13. Nə üçün əsgərlər ticarətlə məşğul olmurdular?
13 Belə bir səhnəni təsəvvür edin. Bir qrup əsgər səhər qılıncları ilə məşq edir, lakin əsgərlərdən biri məşqə gəlməyib. Həmin əsgər şəhərdə ərzaq satmaqla məşğuldur. Axşam əsgərlər silahlarını yoxlayır və qılınclarını itiləyir. Amma həmin əsgər növbəti gün satacağı ərzaqları hazırlayır. Növbəti səhər düşmən gözlənilmədən hücuma keçir. Hansı əsgər döyüşə hazır olacaq və komandirinin rəğbətini qazanacaq? Bəs siz həmin döyüşdə olsaydınız, hansı əsgərin yanında dayanmaq istəyərdiniz: hazırlıqlı olanın, yoxsa digərinin?
14. Məsihin əsgərləri olaraq bizim üçün dəyərli olan nədir?
14 Bu əsgərlər kimi, biz də əsas məqsədimizdən yayınmaq istəmirik. Ali Baş Komandanımız Yehova Allahı və İsa Məsihi razı salmaq bizim üçün hər şeydən önəmlidir. Bu, Şeytan dünyasında qazana biləcəyimiz istənilən şeydən dəyərlidir. Yehovaya xidmət etmək, iman qalxanımızı və digər ruhani yaraqlarımızı yaxşı vəziyyətdə saxlamaq üçün kifayət qədər vaxtımızın və gücümüzün olduğunu yoxlamalıyıq.
15. Həvari Bulus hansı məsləhəti vermişdi və nə üçün?
15 Biz daima gözdə-qulaqda olmalıyıq! Çünki həvari Bulus varlanmaq istəyənlərin iman yolundan çıxacağını xəbərdar etmişdi (1 Tim. 6:9, 10). «İman yolundan çıxmaq» ifadəsi göstərir ki, lazımsız şeyləri əldə etməyə çalışmaq diqqətimizi yayındıra bilər. Nəticədə ürəyimiz «bir çox mənasız və zərərli xəyallara» qapılar. Biz bu cür xəyallara qapılmamalı və onların Şeytanın bizə zərər yetirmək üçün istifadə etdiyi silahlar olduğunu unutmamalıyıq.
16. Mark 10:17—22 ayələri bizi hansı sualların üzərində düşünməyə təşviq etməlidir?
16 Ola bilsin, maddi şeyləri almağa imkanımız əl verir. Ürəyimiz istəyən, amma o qədər də ehtiyacımız olmayan şeyləri almağımız qəbahətdir? Xeyr. Lakin bu sualların üzərində düşünmək gərəkdir: «Bir şeyi almağa imkanımız çatsa belə, onun istifadəsinə və qulluğuna vaxtımız və gücümüz çatacaq? Əşyalarımıza həddindən artıq bağlanmayacağıq? Maddi şeylərə olan sevgimiz Məsihin dəvətini rədd edən gənc kimi davranmağımıza — Allaha daha çox xidmət etməkdən imtina etməyimizə səbəb olmayacaq ki?» (Mark 10:17—22 ayələrini oxuyun.) Sadə həyat tərzi sürüb dəyərli vaxtımızı və gücümüzü Allahın bizə həvalə etdiyi işə ayırmaq daha yaxşı olmazmı?!
İMAN QALXANINIZI MÖHKƏM SAXLAYIN
17. Nəyi heç vaxt unutmamalıyıq?
17 Bu şər dünyada döyüş meydanında olduğumuzu unutmamalı və hər gün vuruşmağa hazır olmalıyıq (Vəhy 12:17). Bacı-qardaşlarımız bizim yerimizə iman qalxanımızı daşıya bilməz. Onu şəxsən özümüz möhkəm saxlamalıyıq.
18. Nə üçün qədimdə əsgərlər qalxanlarını möhkəm saxlayırdılar?
18 Qədimdə döyüşdə qalib gələn əsgər şərəfə layiq görülürdü. Lakin döyüşdən qalxansız geri qayıtmaq biyabırçılıq idi. Roma tarixçisi Tasit yazmışdı: «Əsgərin qalxansız qalması böyük rüsvayçılıq hesab olunurdu». Onların qalxanlarını möhkəm saxlamağa çalışmalarının səbəblərindən biri məhz bu idi.
19. İman qalxanımızı möhkəm saxlamaq üçün nə edə bilərik?
19 Biz müntəzəm olaraq yığıncaqlara qatılmaqla, Yehovanın adı və Onun Padşahlığı haqda başqalarına danışmaqla iman qalxanımızı əlimizdə möhkəm saxlayırıq (İbr. 10:23—25). Həmçinin hər gün dua edib Allahın Kəlamını oxuyuruq və hər bir addımımızda oradakı məsləhət və göstərişləri tətbiq edirik (2 Tim. 3:16, 17). Belə ediriksə, əmin ola bilərik ki, Şeytanın heç bir silahı bizə sağalmaz yara vura bilməyəcək (Əşy. 54:17). «Böyük iman qalxanı»mız bizi qoruyacaq. Biz möhkəm dayanacaq və bacı-qardaşlarımızla çiyin-çiyinə çalışacağıq. Üstəlik, nəinki gündəlik döyüşlərdən qalib çıxacağıq, hətta İsa Məsih Şeytana və onun tərəfdarlarına qarşı müharibədə qələbə qazananda biz də böyük fəxrlə onun tərəfində olacağıq (Vəhy 17:14; 20:10).
NƏĞMƏ 118 «İmanımızı artır»
a Qədimdə əsgərin xəsarət almaması üçün qalxana ehtiyacı var idi. Bizim qalxanımız isə imandır. Qalxan kimi, imanı da qorumaq lazımdır. Bu məqalədə «böyük iman qalxanını» yaxşı vəziyyətdə saxlamağın vacibliyindən danışılacaq.
b ŞƏKLİN İZAHI. Televizorda Yehovanın Şahidləri barədə yalanlar yayan dönüklər haqda reportaj göstərilən zaman məsihi ailə dərhal televizoru söndürür.
c ŞƏKLİN İZAHI. Ailəvi ibadət zamanı ata ailəsinin imanını möhkəmləndirmək üçün Müqəddəs Kitabdan bir hissə oxuyur.