-
Öyrəndiklərinizə əməl edinGözətçi qülləsi 2002 | 1 dekabr
-
-
“Əfsanələri” rədd edin
8. a) Şeytan bizim imanımızı sındırmağa necə çalışır? b) Pavel 2 Timoteyə 4:3, 4 ayələrində nə barədə xəbərdarlıq etmişdi?
8 Şeytan öyrəndiklərimizin doğru olduğuna dair şübhələr oyadaraq bizi həqiqət yolundan döndərməyə çalışır. Birinci əsrdə olduğu kimi, bu gün də dönüklər və bə’zi başqa insanlar sadəlövh adamların imanını sındırmağa çalışırlar (Qalatiyalılara 2:4; 5:7, 8). Bə’zən onlar kütləvi informasiya vasitələrində Yehovanın xidmətçilərinin fəaliyyəti və məqsədləri haqqında təhrif edilmiş mə’lumatlar, hətta ağ yalanlar yayırlar. Həqiqətdən kiminsə üz döndərəcəyi barədə həvari Pavel də xəbərdarlıq etmişdi: “Vaxt olacaqdır ki, sağlam tə’limə təhəmmül etməyəcəklər; lakin səsləri qulaqlarına xoş gələn və arzularına uyğun olan müəllimləri ətraflarına toplayacaqlar. Və öz qulaqlarını həqiqətdən uzaqlaşdırıb, əfsanələrə meyl göstərəcəklər” (2 Timoteyə 4:3, 4, İ–93).
9. “Əfsanələr” dedikdə, Pavel nəyi nəzərdə tuta bilərdi?
9 Bə’ziləri sağlam sözlərin nümunəsinə riayət etmək əvəzinə, ‘əfsanələrlə’ maraqlanmağa başlamışdılar. Bu əfsanələr nə idi? Ola bilsin, Pavel bunu dedikdə Tobitin apokrofik kitabında yazılan uydurma əfsanələr kimi hekayələri nəzərdə tuturdua. Əfsanələrə hay-küyə səbəb olan və həqiqətə uyğun olmayan şayiələr də aid ola bilərdi. Başqa insanlar isə “arzularına uyğun” olaraq, Allahın normalarına və ya yığıncaqda rəhbərliyi üzərlərinə götürənləri tənqid edənlər tərəfindən aldadıla bilərdilər (3 Yəhya 9, 10; Yəhuda 4). Büdrəməyə hər nə səbəb olsa da, gördüyümüz kimi, bə’zi insanlar yalanları Allahın Kəlamındakı həqiqətlərdən üstün tuturdular. Bir az keçdikdən sonra onlar öyrəndiklərinə əməl etməyə son qoyub, ruhani cəhətdən özlərinə zərər vurdular (2 Peter 3:15, 16).
10. Bu gün hansı əfsanələr mövcuddur və ehtiyatlı olmağın vacibliyini Yəhya necə vurğuladı?
10 Əgər dinlədiyimiz, yaxud oxuduğumuz şeylərə diqqət yetirər və ehtiyatlı olarıqsa, müasir əfsanələrdən qaçına bilərik. Məsələn, çox vaxt kütləvi informasiya vasitələrində əxlaqsızlıq nümayiş etdirilir. Bir çox insanlar aqnostisizmi, yaxud açıqca ateizmi müdafiə edirlər. Müqəddəs Kitab tənqidçiləri, Müqəddəs Kitabın Allahdan ilham aldığının təsdiqinə istehza edirlər. Müasir dönüklər isə məsihçilərin imanını qırmaq üçün daim onlarda şübhələr oyatmağa çalışırlar. Birinci əsrdə yalançı peyğəmbərlərdən izhar olunan buna bənzər təhlükələr haqqında həvari Yəhya yazmışdır: “Sevimlilərim, hər ruha inanmayın, amma ruhları sınaqdan keçirin ki, onların Allahdan olub-olmadığını biləsiniz. Çünki dünyada çoxlu yalançı peyğəmbər yayılmışdır” (1 Yəhya 4:1). Gördüyümüz kimi, bizə ehtiyatlı olmaq lazımdır.
11. İmanda olub-olmadığımızı yoxlamağın üsullarından biri hansıdır?
11 Bununla bağlı Pavel yazmışdır: “Özünüzü yoxlayın, görün iman yolundasınızmı?” (2 Korinflilərə 13:5). Bu sözlərlə həvari, məsihçi tə’liminin məcmusuna riayət edib-etmədiyimizi müəyyən etmək üçün özümüzü yoxlamağa təşviq edir. Məsələn, əgər biz həmişə nədənsə narazı olan adamı dinləməyə meylliyiksə, dua edərək özümüzü yoxlamağımız gərəkdir (Məzmur 139:23, 24). Yehovanın xalqında nöqsanlar axtarmağa meylliyikmi? Əgər elədirsə, bunun səbəbi nədir? Kiminsə sözləri, yaxud hərəkəti xətrimizə dəyirmi? Əgər elədirsə, vəziyyəti düzgünmü qiymətləndiririk? Bu dünyada qarşılaşdığımız hər bir sıxıntı müvəqqətidir (2 Korinflilərə 4:17). Hətta əgər bə’zi sınaqlarla yığıncaqda qarşılaşırıqsa, bundan ötrü Allaha xidməti dayandırmalıyıqmı? Əgər bizi nə isə narahat edirsə, problemin həlli üçün əlimizdən gələni edib, sonra məsələni Yehovanın öhdəsinə buraxmaq daha yaxşı olmazmı? (Məzmur 4:4; Süleymanın məsəlləri 3:5, 6; Efeslilərə 4:26).
12. Veriyalılar hansı sahədə bizim üçün yaxşı nümunədir?
12 Tənqidi əhval-ruhiyyə təzahür etdirməkdənsə, gəlin şəxsi öyrənmə zamanı və yığıncaq görüşlərində əldə etdiyimiz biliklərə qarşı ruhən sağlam münasibəti qoruyub saxlayaq (1 Korinflilərə 2:14, 15). Allahın Kəlamını şübhə altına qoymağın əvəzinə isə, birinci əsrdə yaşamış və Müqəddəs Yazıları diqqətlə araşdıran veriyalıları təqlid etmək nə qədər müdrik olardı! (Həvarilərin işləri 17:10, 11). Buna görə də, gəlin əfsanələrdən qaçınaraq və həqiqətin tərəfində duraraq öyrəndiklərimizi həyata keçirək.
13. Bilmədən əfsanələri necə yaya bilərik?
13 Qaçınmağımız gərək olan əfsanələrin daha bir növü mövcuddur. Bu, tez-tez elektron poçtu ilə yayılan sensasiyalı mə’lumatlardır. Bu cür hekayələrə, xüsusilə də əgər onların ilk mənbəyi bizə mə’lum deyilsə, ehtiyatla yanaşmaq müdriklik olardı. Hətta əgər bu mə’lumatı göndərən hörmətli bir məsihçidirsə, o, ehtimal ki, yazılan hadisələrin şahidi olmamışdır. Buna görə də, yoxlanılmamış mə’lumatları istifadə etməkdən, yaxud yaymaqdan qaçınmaq vacibdir. Əlbəttə ki, biz müqəddəsliyə ləkə gətirən “murdar əfsanələri” təkrar etmək istəmirik, çünki bu əfsanələr Allahın həqiqətinə uyğun deyil (1 Timoteyə 4:7). Bir-birimizə həqiqəti söyləmək borcumuz olduğu üçün bilmədən də olsa, yalan yaymağımıza səbəb olacaq hər bir hərəkətdən çəkinsək müdrik davranmış olarıq (Efeslilərə 4:25).
-
-
Öyrəndiklərinizə əməl edinGözətçi qülləsi 2002 | 1 dekabr
-
-
a Ehtimal olunduğu kimi, eramızdan əvvəl III əsrdə yazılmış Tobit kitabı Tobit adlı bir yəhudinin mövhumatla dolu hekayələrini özünə daxil edir. Hekayədə deyilir ki, Tobit nəhəng balığın ürəyinin, ödünün və ciyərinin köməyi ilə xəstələrə şəfa vermək, cinləri qovmaq gücünə sahib idi.
-