Korinflilərə ikinci məktub
4 Bizə göstərilən mərhəmət sayəsində belə bir xidmətimiz var. Buna görə də biz ruhdan düşmürük. 2 Biz abırsız işləri, gizlində görülən əməlləri rədd edir, hiyləgərliklə hərəkət etmir, Allahın sözünü təhrif etmirik,+ əksinə, insanlara həqiqəti açıb Allahın qarşısında hər insanın vicdanı üçün yaxşı örnək oluruq.+ 3 Əgər təbliğ etdiyimiz müjdə örtülüdürsə, məhv yolunda olanlar üçün örtülüdür. 4 Bu dövrün* allahı+ bu imansızların zehnini kor edib+ ki, onlar Allahın bənzəri olan Məsih+ haqqındakı şanlı müjdənin nurunu görməsinlər.+ 5 Biz təbliğ edəndə özümüz haqqında yox, Məsih İsanın Ağa olduğu, bizim də onun xatirinə sizin qulunuz olduğumuz barəsində təbliğ edirik. 6 Çünki Allah belə buyurub: «Qoy zülmətdə işıq parlasın».+ Allah ürəyimizə işıq saçdı+ və ürəyimizi Məsihin üzü vasitəsilə Özü haqqındakı şanlı biliklə nurlandırdı.
7 Ancaq bu xəzinəmiz+ ona görə saxsı qablarda+ saxlanılır ki, insan gücündən üstün olan gücün özümüzdən yox, Allahdan gəldiyi bəlli olsun.+ 8 Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirənməmişik; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil*;+ 9 bizi təqib edirlər, amma tək deyilik;+ bizi vurub yerə səriblər, amma məhv edilməmişik.+ 10 Biz İsaya çəkdirilən iztirabları həmişə bədənimizdə daşıyırıq+ ki, onun həyatı bizim bədənimizdə təzahür olunsun. 11 Bəli, İsanın həyatı bizim fani bədənimizdə təzahür olunsun deyə, sağ olan bizlər İsaya görə daima ölümlə üz-üzə dururuq.+ 12 Buna görə də ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir.
13 Belə yazılıb: «İman etdiyim üçün danışdım».+ Biz də eyni iman ruhuna sahib olduğumuz üçün iman edib danışırıq 14 və bilirik ki, İsanı dirildən Allah onu diriltdiyi kimi, bizi də dirildib sizinlə bərabər onun hüzuruna gətirəcək.+ 15 Bütün bunlar sizin üçündür. Təki Allahın zəngin lütfü daha çox adamın şükür etməsi sayəsində daha da bol olsun və beləcə, Allah şərəflənsin.+
16 Buna görə də biz ruhdan düşmürük, zahirən solsaq da, daxilən günbəgün yeniləşirik. 17 Çünki çəkdiyimiz əziyyətlər qısamüddətli və yüngül olsa da, əvəzində bizə misli-bərabəri olmayan, əbədi mükafat gətirəcək.+ 18 Biz gözümüzü görünən yox, görünməyən şeylərə dikmişik,+ çünki görünən şeylər müvəqqəti, görünməyən şeylər isə əbədidir.