Yaxşılıq et və başqaları ilə bölüş
1 Tabitanın «etdiyi xeyirli işlər və verdiyi sədəqələr lap çox idi» (Həvarilərin işləri 9:36, 39). Tabitanı tanıyanlar və Allah onu bu cür comərdliyinə görə sevirdilər. İbranilərə 13:16 ayəsində deyilir: «Yaxşılıq etməyi və malınızı başqaları ilə bölüşdürməyi yaddan çıxarmayın, çünki bu cür qurbanlar Allaha məqbuldur». Biz bu məsləhətə necə riayət edə bilərik?
2 Məsələn, ‘var-dövlətimizlə’ bölüşməklə (Sül. məs. 3:9). Ümumdünya işinə etdiyimiz ianələr sayəsində bütün dünyada Padşahlıq və Konqres Zalları, həmçinin filiallar tikilir. Əliaçıqlığımız milyonlarla insanların teokratik tə’limdən və inkişafetdirici ruhani ünsiyyətdən fayda əldə etmələrinə imkan vermişdir.
3 Başqaları ilə bölüşməklə, onlara təsəlli veririk. Yehovanın xalqı fəlakətdən zərər çəkən həmimanlılarına, eləcə də imanlarına şərik olmayan insanlara ‘yaxşılıq etməyə’ hazırdır (Qalat. 6:10). Fransadakı kimya zavodunda baş verən partlayışdan sonra, yaxınlıqda yaşayan bir ər-arvad demişdir: «Həmimanlılarımız dərhal köməyimizə gəldilər. Onlar həm bizim mənzili, həm də binamızda olan digər mənzilləri təmizləməkdə kömək etdilər. Bu qədər adamın köməyə gəlməsi qonşularımızı təəccübləndirdi». Başqa bir bacı isə əlavə etmişdir: «Biz ağsaqqallarımızın qayğısını hiss etdik. Onlar bizi ruhlandırmağa gəlmişdilər. Bizim buna, maddi köməkdən də çox ehtiyacımız vardı».
4 Yaxınlarımıza kömək etməyin müxtəlif üsulları olsa da, ən vacibi — Yehovanın və’d etdiyi «əbədi həyat ümidin»i də daxil edən dəyərli həqiqət biliklərini onlarla bölüşməkdir (Tit. 1:1, 2). Dünyada hökm sürən şəraitin və öz günahlı vəziyyətinin ucbatından yaslı olanlara Müqəddəs Kitabda yazılan xəbər əsl təsəlli verir (Mat. 5:4). Gəlin əlimizdən gəldiyi qədər yaxşılıq edək və başqaları ilə bölüşək (Sül. məs. 3:27).