Bütün bəşəriyyətə fayda gətirən padşah və kahin tayfası
«Siz “seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs millət, Allahın məxsusi xalqısınız”» (1 PET. 2:9).
1. Nəyə görə «Ağamızın şam [yeməyi]» həm də Xatirə gecəsi adlanır və bu mərasimin məqsədi nədir?
ERAMIZIN 33-cü ilinin 14 nisan axşamı İsa Məsih və onun 12 həvarisi yəhudi Pasxasını sonuncu dəfə qeyd edirdilər. İsa satqın Yəhuda İskariotu göndərib, sonradan «Ağamızın şam [yeməyi]» adlanan başqa bir mərasim təsis etdi (1 Kor. 11:20). İsa iki dəfə demişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin». Bu mərasim həm də Xatirə gecəsi kimi tanınır. Həmin əlamətdar gündə biz Məsihin etdiklərini, xüsusilə də onun bizim uğrumuzda həyatını qurban verdiyini yad edirik (1 Kor. 11:24, 25). Yehovanın Şahidləri bütün dünyada ildə bir dəfə Məsihin ölümünün Xatirə gecəsini qeyd etməklə onun göstərişinə uyğun davranırlar. Müqəddəs Kitab təqviminə görə, 2012-ci ildə nisanın 14-ü cümə axşamı aprelin 5-də, günbatandan sonra başlayır.
2. İsa mərasim zamanı istifadə etdiyi simvollar barədə nə demişdi?
2 İsanın həmin axşam etdiklərini və dediklərini şagird Luka iki ayə ilə izah etdi: «[İsa] çörək götürdü, Allaha şükür edib çörəyi böldü və şagirdlərinə verib dedi: “Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin”. Şam yeməyini yeyəndən sonra eynilə də camı götürüb dedi: “Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir”» (Luka 22:19, 20). Həvarilər bu sözləri necə başa düşmüşdülər?
3. Həvarilər simvolların mənasını necə başa düşmüşdülər?
3 Həvarilər yəhudi olduqları üçün Yerusəlimdəki məbəddə kahinlərin Allaha gətirdikləri heyvan qurbanları ilə yaxşı tanış idilər. Yehovanın lütfünü qazanmaq məqsədilə təqdim olunan belə qurbanların çoxu həm də günahların bağışlanması üçün gətirilirdi (Lev. 1:4; 22:17—29). Buna görə də İsa bədənini fəda edəcəyini və qanının axıdılacağını deyəndə həvarilər onun kamil həyatını qurban verəcəyini başa düşmüşdülər. Bu qurban heyvan qurbanlarından daha üstün olacaqdı.
4. İsa: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir», — deməklə nəyi nəzərdə tuturdu?
4 Bəs İsa: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir», — deməklə nəyi nəzərdə tuturdu? Həvarilər Yeremya 31:31—33 ayələrində yazılan yeni əhd barədəki peyğəmbərlikdən agah idilər. (Ayələri oxu.) İsanın sözləri onun yeni əhd bağladığını göstərirdi və bu əhd Yehovanın Musa vasitəsilə bağladığı Qanun əhdini əvəz edəcəkdi. Bu iki əhd arasında hər hansı bir bağlılıq var idimi?
5. Qanun əhdi İsrail xalqı üçün hansı imkanları açmışdı?
5 Bəli, hər iki əhdin məqsədi arasında sıx bağlılıq var idi. Yehova İsrail xalqı ilə Qanun əhdi bağlayanda növbəti sözləri demişdi: «Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız» (Çıx. 19:5, 6). Bu sözlər israillilər üçün hansı mənanı kəsb edirdi?
PADŞAH VƏ KAHİN TAYFASI VƏD EDİLİR
6. Qanun əhdi hansı vədin yerinə yetirilməsinə xidmət edirdi?
6 İsraillilər «əhd» sözünün mənasını başa düşürdülər, çünki Yehova onların ulu babaları Nuh və İbrahimlə də buna bənzər müqəddəs sazişlər bağlamışdı (Yar. 6:18; 9:8—17; 15:18; 17:1—9). Yehovanın İbrahimlə kəsdiyi əhdə: «Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq», — vədi də daxil idi (Yar. 22:18). Qanun əhdi bu vədin yerinə yetirilməsinə xidmət edirdi. Bu əhdə əsasən, İsrail xalqı «bütün xalqlar arasından... [Yehovaya] məxsus xalq» ola bilərdi. Nə üçün? Yehovaya «xidmət edən kahinlər padşahlığı» olmaq üçün.
7. «Kahinlər padşahlığı» ifadəsinin mənası nədir?
7 İsraillilər padşah və kahinlərin vəzifələrinin nədən ibarət olduğunu bilirdilər. Lakin keçmişdə yaşayan yalnız bir adam — Melkisedek Yehovanın iznilə eyni vaxtda hər iki vəzifəni icra edirdi (Yar. 14:18). İndi isə Yehova Qanun əhdi vasitəsilə İsrail xalqına onların arasından seçilən «kahinlər padşahlığı»na sahib olmaq imkanı verdi. Müqəddəs Kitabın digər ayəsində onlar «padşah və kahin tayfası», başqa sözlə, kahin vəzifəsini icra edəcək padşahlar adlanır (1 Pet. 2:9).
8. Allahın təyin etdiyi kahinlərin vəzifəsi nədən ibarət idi?
8 Padşah hökmranlıq edən kəsə deyilir. Bəs kahinin işi nədən ibarət idi? İbranilərə 5:1 ayəsində izah edilir: «İnsanlar arasından seçilən hər bir baş kahin bəxşiş və günahlara görə qurban təqdim etmək üçün insanların rifahından ötrü Allahın qarşısında xidmətə təyin edilir». Yehova tərəfindən təyin edilən kahin Onun qarşısında günahlı xalqı təmsil edirdi. Kahin Qanunda nəzərdə tutulan qurbanları Yehovaya təqdim etməklə Ondan xalqın günahlarını bağışlamağı xahiş edirdi. Kahin həmçinin xalqa Yehovanın qanunlarını öyrətməklə Onu təmsil edirdi (Lev. 10:8—11; Mal. 2:7). Beləliklə, Allahın təyin etdiyi kahinlər xalqa Allahla barışmağa kömək edirdilər.
9. a) Yalnız hansı şərtlə İsrail xalqı «kahinlər padşahlığı» ola bilərdi? b) Nəyə görə Yehova İsrail xalqı arasında kahin tayfası təyin etmişdi? c) Nəyə görə Qanun əhdi altında olan israillilər «kahinlər padşahlığı» ola bilmədilər?
9 Beləliklə, Qanun əhdi israillilərə «bütün xalqlar»a fayda gətirəcək padşah və kahin tayfası olmaq kimi möhtəşəm imkan vermişdi, lakin bir şərtlə: onlar Allahın sözünə «diqqətlə qulaq asıb» əhdinə riayət etməli idilər. İsraillilər Yehovanın sözünə «diqqətlə» qulaq asa biləcəkdilərmi? Müəyyən dərəcədə. Bəs onlar bunu mükəmməl şəkildə edə bilərdilərmi? Xeyr (Rom. 3:19, 20). Məhz bu səbəbdən Yehova o vaxt İsrail xalqı arasında padşahlıq etmək işi ilə bağlılığı olmayan kahin tayfası təyin etmişdi ki, israillilərin qaçılmaz olaraq edəcəkləri günahlara görə heyvan qurbanları gətirsinlər (Lev. 4:1—6:7). Bu günahlara həmçinin kahinlərin etdikləri günahlar da daxil idi (İbr. 5:1—3; 8:3). Yehova belə qurbanları qəbul etsə də, bu qurbanlar onları gətirən insanların günahlarını tamamilə aradan qaldırmırdı. Qanun əhdi əsasında təşkil olunan kahinlər tayfası hətta səmimi israilliləri belə tamamilə Allahla barışdırmağa qadir deyildi. Həvari Pavel bunu belə izah etmişdi: «Öküzlərin və keçilərin qanı günahları heç cür yuya bilməz» (İbr. 10:1—4). Qanunu pozduqlarına görə israillilər lənətli hesab olunurdular (Qalat. 3:10). Belə vəziyyətdə çətin ki, onlar dünyaya padşah və kahin tayfası kimi xidmət edə bilərdilər.
10. Qanun əhdi hansı məqsədə xidmət edirdi?
10 Bəs bu, o demək idimi ki, israillilər heç vaxt «kahinlər padşahlığı»nın bir hissəsi ola bilməyəcəkdilər və Yehovanın vədi boşa çıxacaqdı? Əsla! Əgər onlar səmimi-qəlbdən Yehovaya itaət etməyə çalışsaydılar, onlarda bu imkan olacaqdı, lakin Qanun altında olduqları müddətdə yox. Nəyə görə? (Qalatiyalılara 3:19—25 ayələrini oxu.) Bunu başa düşmək üçün biz Qanun əhdinin məqsədini bilməliyik. Qanun itaətkar israilliləri hasar kimi yalan ibadətdən qoruyurdu, onların günahkar olduqlarını və baş kahinlərin gətirdikləri qurbanlardan daha üstün qurbana ehtiyac duyduqlarını göstərirdi. Qanun həmçinin onları «Məsh olunmuş» mənasını daşıyan Məsihə aparan tərbiyəçi rolunu oynayırdı. Lakin Məsih gələndə o, Yeremyanın peyğəmbərlik etdiyi yeni əhdi təsis edəcəkdi. Məsihi qəbul edənlər yeni əhdin şərikləri olmaq dəvətini alıb «kahinlər padşahlığı» olacaqdılar. Gəlin görək necə.
YENİ ƏHDİN ŞƏRİKLƏRİ PADŞAH VƏ KAHİN TAYFASININ ÜZVLƏRİ OLURLAR
11. İsa padşah və kahin tayfasının bünövrəsi necə oldu?
11 Nazaretli İsa eramızın 29-cu ilində Məsih oldu. Təxminən 30 yaşı olanda o, Yehovanın sırf onun üçün nəzərdə tutduğu xüsusi niyyətini həyata keçirmək üçün özünü təqdim edib bunu suda vəftiz olunmaqla simvolizə etdi. Yehova İsanın Onun «sevimli» Oğlu olduğunu etiraf edərək onu yağla yox, müqəddəs ruhla məsh etdi (Mat. 3:13—17; Həv. iş. 10:38). Bundan sonra o, bütün dünyada ona iman edən hər bir insan üzərində Baş Kahin və gələcək Padşah təyin olundu (İbr. 1:8, 9; 5:5, 6). İsa əsil padşah və kahin tayfasının bünövrəsi olacaqdı.
12. İsanın qurbanlığı sayəsində nə mümkün oldu?
12 Baş Kahin kimi, İsa necə qurban təqdim edə bilərdi ki, ona iman edən hər bir insan miras aldığı günahdan tamamilə azad olsun? Ölümünün Xatirə gecəsini təsis edən zaman özünün dediyi kimi, həmin qurban onun kamil insan həyatı idi. (İbranilərə 9:11, 12 ayələrini oxu.) İsa 29-cu ildə vəftiz olunduğu gündən bəri son nəfəsinədək Baş Kahin kimi sınanır və təlim keçirdi (İbr. 4:15; 5:7—10). Dirildikdən sonra o, göyə qalxdı və fidyə qurbanlığının dəyərini Yehovaya təqdim etdi (İbr. 9:24). Bundan sonra İsa, bir havadar kimi, onun bu qurbanlığına iman edənlər üçün Allaha yalvara və gələcəkdə əbədi həyatı ala bilmələri üçün Ona xidmət etməyə kömək edə bilərdi (İbr. 7:25). Üstəlik, onun qurbanlığı yeni əhdi hüquqi cəhətdən təsdiq etdi (İbr. 8:6; 9:15).
13. Yeni əhdin şərikləri olmaq dəvətini alanlara bu, hansı faydanı gətirdi?
13 Yeni əhdin şərikləri olmaq dəvətini alanlar da müqəddəs ruhla məsh olunmalı idilər (2 Kor. 1:21). Bu həm iman edən yəhudilərə, həm də başqa millətlərdən olanlara aid idi (Efes. 3:5, 6). Yeni əhdin şəriklərinə bu, hansı faydanı gətirdi? Onların günahları tamamilə bağışlandı. Yehova vəd etmişdi: «Təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» (Yer. 31:34). Günahları qanuni şəkildə ləğv olunduğu üçün onlar artıq «kahinlər padşahlığı» ola bilərdilər. Peter məsh olunmuş məsihçilərə müraciət edərək demişdi: «Siz “seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs millət, Allahın məxsusi xalqısınız”, sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın “əzəmətli keyfiyyətlərini bəyan etmək” üçün seçilmisiniz» (1 Pet. 2:9). Burada Peter Yehovanın İsrail xalqına Qanun verdiyi zaman dediyi sözləri sitat gətirir və onları yeni əhdin şərikləri olan məsihçilərə tətbiq edir (Çıx. 19:5, 6).
PADŞAH VƏ KAHİN TAYFASI BÜTÜN BƏŞƏRİYYƏTƏ FAYDA GƏTİRİR
14. Padşah və kahin tayfası harada xidmət edir?
14 Yeni əhdin şərikləri harada xidmət edirlər? Yer üzündə. Bir qrup kimi, onlar kahin tayfasını təşkil edir və Yehovanı insanlar qarşısında təmsil etməklə «əzəmətli keyfiyyətlərini» bəyan edir və onları ruhani qida ilə təmin edirlər (Mat. 24:45; 1 Pet. 2:4, 5). Onlar ölüb dirildikdən sonra isə göydə Məsihlə birlikdə padşah və kahin kimi fəaliyyət göstərir və bu vəzifələrin hər ikisini də tam şəkildə icra edirlər (Luka 22:29; 1 Pet. 1:3—5; Vəhy 1:6). Buna bir sübut olaraq həvari Yəhya aldığı görüntüdə göydə Yehovanın taxtı qarşısında çoxlu ruhani varlıq görmüşdü. Onlar Quzuya ünvanlanan «yeni mahnı» oxuyurdular: «Sən... hər tayfadan, hər dildən, xalqdan və millətdən olan insanları öz qanınla Allah üçün satın aldın, onları Allahımızın xidmətində durmaq üçün padşah və kahin təyin etdin. Onlar yer üzərində hökmranlıq edəcəklər» (Vəhy 5:8—10). Sonrakı görüntülərin birində Yəhya bu hökmdarlar barədə demişdi: «Onlar Allahın və Məsihin qarşısında kahin kimi xidmət edəcək və min il ərzində Məsihlə birlikdə hakimiyyət sürəcəklər» (Vəhy 20:6). Məsihlə birgə onlar bütün bəşəriyyətə fayda gətirən padşah və kahin tayfasını təşkil edirlər.
15, 16. Padşah və kahin tayfası bəşəriyyətə hansı xeyir-duaları gətirəcək?
15 Yer üzündə yaşayanlara 144 000 nəfər hansı xeyir-duaları gətirəcək? «Vəhy» kitabının 21-ci fəslində onlar «Quzunun [arvadı]» adlandırılaraq səmavi şəhər, Yeni Yerusəlim kimi təsvir olunur (Vəhy 21:9). 2-dən 4-dək ayələrdə deyilir: «Mən həmçinin müqəddəs şəhəri — Yeni Yerusəlimi gördüm. O, göydən, Allahın yanından enirdi və sanki nişanlısı üçün bəzənib-düzənmişdi. Bu vaxt taxtdan gələn gur bir səs eşitdim. Səs deyirdi: “Allahın çadırı insanlarladır və O, insanlarla yaşayacaq, onlar da Allahın xalqı olacaqlar. Allah Özü onlarla olacaq. Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi”». Bu necə də gözəl, möhtəşəm xeyir-dualardır! Ölümün aradan qaldırılması ilə göz yaşlarının, ağrı-acının, qəm-qüssənin əsas səbəbi yox olacaq. Sadiq insanlar kamilliyə qovuşacaq və Allahla tamamilə barışacaqlar.
16 Padşah və kahin tayfasının gətirəcəyi növbəti xeyir-dualar Vəhy 22:1, 2 ayələrində təsvir olunur: «O, mənə həyat suyu axan, büllur kimi şəffaf bir çay göstərdi. Çay Allahın və Quzunun taxtından çıxıb şəhərin [Yeni Yerusəlim şəhərinin] baş küçəsi ilə axırdı. Çayın hər iki sahilində həyat ağacları bitirdi. Bu ağaclar ildə on iki dəfə bar gətirir, hər ay meyvə verirdilər. Millətlər onların yarpaqlarından şəfa tapırdılar». Bu tədbirlər sayəsində «millətlər», yəni bəşər ailəsi Adəmdən miras aldığı qeyri-kamillikdən tamamilə sağalacaq. Bir sözlə, «əvvəlki şeylər» keçib gedəcək.
PADŞAH VƏ KAHİN TAYFASI İŞİNİ BAŞA VURUR
17. Minilliyin sonunda padşah və kahin tayfası hansı işi başa vuracaq?
17 Minilliyin sonunda padşah və kahin tayfasının xidməti sona çatanda bəşəriyyət kamilliyə yetişəcək. Bundan sonra Baş Kahin və Padşah olan Məsih kamil bəşər ailəsini Yehovaya təqdim edəcək. (1 Korinflilərə 15:22—26 ayələrini oxu.) Bununla da padşah və kahin tayfası ona həvalə olunan işi bitirmiş olacaq.
18. Padşah və kahin tayfası öz işini bitirəndən sonra Yehova Məsihin şəriklərindən necə istifadə edəcək?
18 Bəs bundan sonra Yehova Məsihin yüksək vəzifəli hakimiyyət şəriklərindən necə istifadə edəcək? Vəhy 22:5 ayəsində deyilir: «Onlar əbədiyyət boyu hakimiyyət sürəcəklər». Kimlərin üzərində? Müqəddəs Kitab bu haqda heç nə demir. Yehova gələcək niyyətləri üçün onları hökmdarlar kimi əbədiyyən istifadə edəcək, çünki onlar ölməzliyə, çürüməzliyə və qeyri-kamil bəşəriyyətə kömək etməkdə zəngin təcrübəyə malik olacaqlar.
19. Məsihin Xatirə gecəsi iştirakçılara nəyi xatırladacaq?
19 2012-ci ilin aprelin 5-də, cümə axşamı Məsihin Xatirə gecəsini qeyd edən zaman Müqəddəs Kitabdan öyrəndiyimiz bu biliklər bizim yaddaşımızda olacaq. Hələ yer üzündə yaşayan və sayı az olan məsh olunmuş məsihçilər mayasız çörək və qırmızı şərabdan qəbul edərək yeni əhdin şərikləri olduqlarını göstərəcəklər. Məsihin qurbanlığının rəmzi olan bu simvollar onlara möhtəşəm üstünlüklərini və Allahın əbədi niyyətindəki məsuliyyətlərini xatırladacaq. Qoy bu mərasimdə iştirak edən bütün insanların ürəyi Yehovanın bəşəriyyətə xeyir-dualar gətirəcək padşah və kahin tayfasına görə minnətdarlıq hissi ilə dolub-daşsın.
[29–cu səhifədəki şəkil]
Padşah və kahin tayfası bəşəriyyətə əbədi xeyir-dualar gətirəcək