Fədakarlıq ruhunu qoruyun
«Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin» (MAT. 16:24).
1. İsa fədakarlığa dair hansı mükəmməl nümunəni qoymuşdu?
YER ÜZÜNDƏ olduğu müddətdə İsa fədakarlığa dair mükəmməl nümunə qoymuşdu. O, Allahın iradəsini yerinə yetirməyi öz istək və rahatlığından üstün tuturdu (Yəh. 5:30). İşgəncə dirəyində ölənədək sadiqliyini qorumaqla o sübut etdi ki, onda olan fədakarlıq ruhu tükənməzdir (Filip. 2:8).
2. Fədakarlıq ruhunu necə təzahür etdirə bilərik və bu nə üçün vacibdir?
2 İsanın davamçıları olan bizlər də fədakarlıq ruhu təzahür etdirməliyik. Bəs fədakarlıq ruhu nə deməkdir? Sadə sözlə desək, bu, başqalarına kömək etmək üçün onların maraqlarını özümüzünkündən üstün tutmağa hazır olmaq deməkdir. Müəyyən mənada, bu ruh xudbinliyin əksidir. (Matta 16:24 ayəsini oxu.) Fədakarlıq ruhu sayəsində biz öz hiss və qərarlarımızı başqalarınkından üstün tutmayacağıq (Filip. 2:3, 4). İsa da öyrədirdi ki, fədakarlıq ruhu bizim ibadətimizin özəyidir. Bizi fədakarlıq ruhunu göstərməyə təşviq edən məsihçi məhəbbəti İsanın həqiqi davamçılarının ən başlıca cəhətidir (Yəh. 13:34, 35). Fədakarlıq ruhunu əks etdirən ümumdünya qardaşlığın bir hissəsi olmağın gətirdiyi xeyir-dualar üzərində bir düşünün!
3. Bizdə olan fədakarlıq ruhunu nə yox edə bilər?
3 Bununla belə, bizdə olan fədakarlıq ruhunu zəli kimi sormağa çalışan bir düşmənlə üz-üzəyik. Bu düşmən bizdə baş qaldıran xudbinlikdir. Adəmlə Həvvanın necə xudbin davrandıqlarını yadınıza salın. Həvvanın ürəyindən Allah kimi olmaq keçirdi və o, bu xudbin istəyinə uyğun hərəkət etdi. Əri də xudbincəsinə arvadını razı salmağa çalışdı (Yar. 3:5, 6). Adəmlə Həvva həqiqi ibadətdən üz çevirdikdən sonra da İblis insanları xudbinliyə təhrik edirdi. O, hətta İsanı sınağa çəkərkən də onu xudbinliyə sövq etməyə çalışmışdı (Mat. 4:1—9). Bu gün Şeytan insanları bir çox sahələrdə xudbin davranmağa təhrik edərək onları məharətlə azdırır. Biz bu məsələyə barmaqarası yanaşmamalıyıq, çünki bütün dünyanı bürüyən xudbinlik ruhuna biz də yoluxa bilərik (Efes. 2:2).
4. a) Hal-hazırda xudbinliyə meyildən yaxa qurtarmaq mümkündürmü? İzah edin. b) Hansı sualları müzakirə edəcəyik?
4 Xudbinliyi dəmir üzərində əmələ gələn pasa bənzətmək olar. Əgər dəmir əşya hər hansı maddələrin təsirinə məruz qalarsa, paslanmağa başlaya bilər. Ən böyük təhlükə isə, yaranmış pası görməməzlikdən gəlib onun dəmiri tamamilə çürütməsinə yol verməkdir. Eynilə, hal-hazırda qeyri-kamillikdən və xudbinliyə meyildən yaxa qurtarmaq mümkün olmasa da, bu kimi meyillərə qarşı sayıqlığımızı qorumalı və mübarizə aparmalıyıq (1 Kor. 9:26, 27). Bəs biz özümüzdə xudbinliyin əlamətlərini necə sezə bilərik? Və bizdə olan fədakarlıq ruhunu daha necə yetişdirə bilərik?
MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ ÖZÜNÜZÜ YOXLAYIN
5. a) Müqəddəs Kitab hansı mənada güzgüyə bənzəyir? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Xudbinlik məsələsində özümüzü yoxlayarkən nədən qaçmalıyıq?
5 Zahiri görünüşümüzü yoxlamaq üçün güzgüdən istifadə etdiyimiz kimi, daxilimizi yoxlamaq və tapdığımız qüsurları düzəltmək üçün də Müqəddəs Kitabdan istifadə etməliyik. (Yaqub 1:22—25 ayələrini oxu.) Lakin güzgüdən yalnız düzgün istifadə etdiyimiz təqdirdə onun bizə köməyi dəyə bilər. Misal üçün, güzgüyə ötəri baxsaq, xırda, lakin vacib qüsurları gözdən qaçıra bilərik. Yaxud biz güzgüyə bir küncdən baxsaq, özümüzlə yanaşı başqasını da görə bilərik. Eynilə, Müqəddəs Kitabın bizdə xudbinlik kimi qüsurları göstərməsini istəyiriksə, biz onu ötəri oxumamalı və ya başqalarında səhv tutmaq üçün istifadə etməməliyik.
6. Kamil qanuna necə bağlı qala bilərik?
6 Biz Allahın Kəlamını müntəzəm, hətta hər gün oxusaq belə daxilimizdə yetişən xudbinlik ruhunun cücərtilərini sezməyə bilərik. Bu necə mümkündür? Gəlin düşünək: Yaqubun güzgü ilə bağlı çəkdiyi nümunədə problem adamın güzgüyə diqqətlə baxmamağı deyildi. O yazır ki, adam güzgüdə «özünə baxır». Yaqub burada diqqətlə və ya hərtərəfli baxmaq mənasını verən yunan sözündən istifadə edir. Bəs onda həmin adam nəyi düz etməmişdi? Yaqub əlavə edir: «O... çıxıb gedir və dərhal görünüşünü unudur». Bəli, o, özünə əl gəzdirmədən güzgüdən uzaqlaşır. Ağıllı adam isə təkcə «kamil qanununa diqqətlə [baxmır]», həmçinin «ona bağlı [qalır]». Həmin adam Allahın Kəlamının kamil qanunundan uzaqlaşmaq əvəzinə, orada yazılanlara qətiyyətlə riayət etməyə çalışır. İsa da növbəti sözləri deyərkən oxşar fikir söyləmişdi: «Əgər mənim sözlərimi qəlbinizdə saxlasanız, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz» (Yəh. 8:31).
7. Müqəddəs Kitab vasitəsilə xudbinliyə meyilli olub-olmadığımızı necə yoxlaya bilərik?
7 Buna görə də xudbinliklə mübarizədə qələbə çalmaq üçün, ilk növbədə, Allahın Kəlamını diqqətlə oxumaq lazımdır. Bu, sizə diqqət yetirməli olduğumuz sahələri görməyə kömək edəcək. Lakin bununla kifayətlənməyin. Dərin axtarışlar aparın. Müqəddəs Kitab hadisəsini təsəvvürünüzdə aydın canlandırmaq üçün özünüzə növbəti sualları verin: «Mən belə vəziyyətdə necə davranardım? Həqiqətən də, düzgün addım atardımmı?» Ən əsası isə, oxuduqlarınızın üzərində düşündükdən sonra onu tətbiq etməyə çalışın (Mat. 7:24, 25). Gəlin görək Şaul padşahın və həvari Peterin hadisəsini araşdırmaq bizə fədakarlıq ruhunu qorumağa necə kömək edə bilər.
ŞAUL PADŞAHIN HƏRƏKƏTLƏRİNDƏN NƏTİCƏ ÇIXARIN
8. Şaul padşahlığının əvvəlində necə insan idi və o, bunu necə göstərirdi?
8 İsrailin padşahı Şaul xudbinliyin fədakarlıq ruhunu yeyib-bitirə biləcəyinin bariz nümunəsidir. Padşahlığının əvvəlində Şaul sadə və təvazökar insan idi (1 Şam. 9:21). O, hakimiyyətinə qarşı deyinən israilliləri cəzalandırmadı, halbuki o, Allahın ona verdiyi mövqeyin müdafiəsi naminə bunu edə bilərdi (1 Şam. 10:27). Şaul padşah ammonlular üzərində qələbə çaldıqları döyüşdə israillilərə başçılıq etməklə Allahın ruhunun rəhbərliyini qəbul etdi. Hər şeydən əlavə, o, çaldığı qələbəyə görə izzəti təvazökarlıqla Yehovaya verdi (1 Şam. 11:6, 11—13).
9. Xudbin düşüncə Şaulun ürəyində necə kök saldı?
9 Lakin vaxt keçdikcə pas dəmiri çürütdüyü kimi, Şaul xudbin düşüncənin və qürurun onda kök salmasına yol verdi. Amaleqlilərlə döyüşdə qalib gələndə o, öz istəklərini Yehovaya itaətkarlıqdan üstün tutdu. Şaul Allahın əmr etdiyi kimi, hər şeyi məhv etmək əvəzinə, acgözlük edərək onları mənimsədi. Həmçinin qürurlanıb özünə abidə qoydurdu (1 Şam. 15:3, 9, 12). Şamuel peyğəmbər onun tutduğu bu işdən Yehovanın narazı olduğunu deyəndə Şaul diqqəti Allahın əmrindən yerinə yetirdiyi hissəyə yönəltməklə və səhvinə görə başqalarını günahlandırmaqla özünə haqq qazandırdı (1 Şam. 15:16—21). Üstəlik, təkəbbürə qapılmış Şaul Allahı razı salmaqdan çox, insanların gözündən düşməməyin dərdini çəkirdi (1 Şam. 15:30). Bəs biz fədakarlıq ruhunu qorumaq üçün Şaulun əhvalatından bir güzgü kimi necə istifadə edə bilərik?
10, 11. a) Fədakarlıq ruhunu qorumağa dair Şaulun hadisəsindən nə öyrənirik? b) Şaulun pis nümunəsini izləməmək üçün nə edə bilərik?
10 Birincisi, Şaulun nümunəsi göstərir ki, əvvəllər fədakarlıq ruhu göstərməyimiz indi də avtomatik olaraq belə qalacağımızı zənn etməyə əsas vermir (1 Tim. 4:10). Unutmayaq ki, Şaul əvvəl-əvvəl yaxşı başlamışdı və Allah ondan razı idi. Amma o, ürəyində baş qaldıran xudbinliyə meyli qoparıb atmadı. Və nəticədə, Yehova Şaulu itaətsizliyinə görə rədd etdi.
11 İkincisi, diqqətimizi yalnız yaxşı işlərimizə cəmləməkdən və düzəltməli olduğumuz cəhətlərimizə göz yummaqdan qaçmalıyıq. Bu, güzgüyə baxanda üzümüzdəki hər hansı ləkəni görüb əhəmiyyət vermədən əynimizdəki yeni paltara baxmağa bənzəyərdi. Hətta, Şaul kimi, özümüzdən razı olmasaq da, bu yola sürükləyə biləcək istənilən meyildən qəti uzaq durmalıyıq. Əgər məsləhəti qəbul ediriksə, gəlin nöqsanlarımızı kiçildərək və ya başqalarının boynuna ataraq özümüzə bəraət qazandırmayaq. Şauldan fərqli olaraq, verilən məsləhətləri ürəkdən qəbul edək. (Məzmur 141:5 ayəsini oxu.)
12. Ciddi günaha yol verəndə fədakarlıq ruhu necə kömək edə bilər?
12 Bəs əgər ciddi günaha yol vermişiksə, onda necə? Şaul öz ad-sanını qorumağa çalışdı və bu, ona ruhani cəhətdən dirçəlməyə mane oldu. Ancaq fədakarlıq ruhu bizə qətiyyətsizliyin öhdəsindən gəlməyə və lazımi dəstəyi almağa kömək edə bilər (Sül. məs. 28:13; Yaq. 5:14—16). Məsələn, bir qardaş 12 yaşından pornoqrafiyaya baxmağa başlamışdı və bu vərdişini on ildən çox gizlətmişdi. O bölüşür: «Əl çəkə bilmədiyim bu əməlimi həyat yoldaşıma və ağsaqqallara etiraf etmək çox çətin idi. Amma mən bunu etdim, elə bil, üstümdən dağ boyda yük götürüldü. Xidməti köməkçilikdən çıxarılanda bəzi dostlarım məyus oldular, sanki, bütün ümidlərini puç etmişdim. Ancaq əminəm ki, xidmətim indi Yehovanı daha çox razı salır, nəinki pornoqrafiyaya baxanda. Mənim üçün də ən vacibi elə budur».
PETER XUDBİNLİYƏ QALİB GƏLDİ
13, 14. Peter xudbinliyə meyilli olduğunu necə göstərdi?
13 İsadan təlim alan həvari Peter fədakarlıq ruhu təzahür etdirirdi (Luka 5:3—11). Bununla belə, o, xudbinlik xüsusiyyəti ilə də mübarizə aparırdı. Məsələn, həvari Yaqub və Yəhya Allahın Padşahlığında İsanın sağında-solunda mötəbər mövqeyə malik olmaq istədiklərini bildirəndə Peter özündən çıxdı. Ola bilsin, Peter düşünürdü ki, bu yerlərdən biri ona məxsus olmalıdır, çünki İsa artıq Peterə demişdi ki, o, xüsusi rola sahib olacaq (Mat. 16:18, 19). Hər bir halda, İsa Yaqub və Yəhyanı, o cümlədən Peteri və digər həvariləri qardaşları üzərində xudbincəsinə «ağalıq» etmək sevdasından çəkindirdi (Mark 10:35—45).
14 İsa Peterin düşüncə tərzinə düzəliş edəndən sonra da o, özü ilə mübarizə aparmağa davam edirdi. İsa həvarilərinə müvəqqəti olaraq onu tərk edəcəklərini deyəndə Peter yalnız özünün sadiq qalacağını iddia etməklə başqalarını alçaltdı (Mat. 26:31—33). Lakin onun özünə arxayın olmağı əsassız idi, çünki elə həmin gecə o, fədakarlıq ruhunu göstərə bilmədi. Peter o qədər canının hayına qalmışdı ki, nəticədə, İsanı düz üç dəfə inkar etdi (Mat. 26:69—75).
15. Ümumi götürdükdə, nə üçün Peter bizə əsil nümunədir?
15 Bu yıxılıb-qalxmalara rəğmən, Peterin həyatı bizim üçün əsil nümunədir. Peter göstərdiyi səyin və Allahın müqəddəs ruhunun köməyi sayəsində yanlış düşüncə tərzinə qalib gəldi, eləcə də təmkinlik və fədakar məhəbbət təzahür etdirdi (Qalat. 5:22, 23). O, əvvəllər məğlub olduğu sınaqlardan qat-qat şiddətli sınaqların öhdəsindən gələ bilmişdi. Məsələn, həvari Pavel başqalarının yanında ona irad bildirəndə o, təvazökarlıq göstərdi (Qalat. 2:11—14). Danlaq eşidən Peter Pavelin iradının onun şanına xələl gətirdiyini düşünərək ürəyində kin saxlamadı. O, Pavelə məhəbbət göstərməyə davam etdi (2 Pet. 3:15). Peterin nümunəsi bizə özümüzdə fədakarlıq ruhunu yetişdirməyə kömək edə bilər.
16. Çətin vəziyyətlərdə fədakarlıq ruhunu necə təzahür etdirə bilərik?
16 Üzləşdiyiniz müxtəlif vəziyyətlərdə necə davrandığınız üzərində düşünün. Peter və həvarilər təbliğ etdiklərinə görə həbs edilib döyüləndə onlar «İsanın adı naminə təhqirə layiq görüldüklərinə görə» sevinirdilər (Həv. iş. 5:41). Siz də təqiblərə fədakarlıq ruhu göstərərək Peteri təqlid etmək və İsanın izləri ilə getmək fürsəti kimi baxa bilərsiniz. (1 Peter 2:20, 21 ayələrini oxu.) Üstəlik, bu cür düşüncə tərzi sizə ağsaqqallardan eşidə biləcəyiniz tənbehi qəbul etməyə kömək edər. Küsüb-incimək əvəzinə, Peterdən nümunə götürün (Vaiz 7:9).
17, 18. a) Ruhani məqsədlərlə bağlı özümüzə hansı sualları verə bilərik? b) Ürəyimizdə xudbinliyin baş qaldırdığını hiss ediriksə, nə etməliyik?
17 Ruhani məqsədlərə gəldikdə də Peterin nümunəsindən yararlana bilərsiniz. Siz bu məqsədlərə fədakarlıq ruhu təzahür etdirməklə nail ola bilərsiniz. Lakin ehtiyatlı olun ki, ruhani məqsədə can atmaq mövqe dalınca qaçmağa çevrilməsin. Buna görə də özünüzdən soruşun: «Mən nəyə görə xidmətimi təkmilləşdirmək və ya genişləndirmək istəyirəm: başqalarından tərif eşitmək üçün, yoxsa Yaqubla Yəhya kimi, daha çox səlahiyyətə malik olmaq üçün?»
18 Ürəyinizdə xudbinlik baş qaldırdığını görəndə düşüncələrinizə və hisslərinizə düzəliş verməsi üçün Yehovadan kömək istəyin; sonra isə əlinizdən gələni edin ki, diqqətinizi özünüzə yox, Yehovanı izzətləndirməyə cəmləyəsiniz (Məz. 86:11). Həmçinin qarşınıza elə məqsədlər qoyun ki, diqqəti özünüzə cəlb etməyəsiniz. Məsələn, ruhun bəhrəsinin sizin üçün xüsusilə çətin olan cəhətləri üzərində daha çox işləyə bilərsiniz. Yaxud əgər siz yığıncaqda çıxış edəcəyiniz bəndlərə canla-başla hazırlaşır, lakin Padşahlıq zalının yığışdırılmasında bir o qədər həvəsli deyilsinizsə, onda Romalılara 12:16 ayəsindəki məsləhəti tətbiq etməyi qarşınıza məqsəd qoya bilərsiniz. (Ayəni oxu.)
19. Allahın Kəlamının güzgüsünə baxanda gördüyümüz şeylərə görə ruhdan düşməmək üçün nə edə bilərik?
19 Allahın Kəlamının güzgüsünə baxanda və özümüzdə qüsurlar, hətta xudbinliyin əlamətlərini görəndə ruhdan düşə bilərik. Əgər eyni şey sizinlə də baş veribsə, Yaqubun haqqında bəhs etdiyi və problemlərinin öhdəsindən uğurlu gəlmiş adamın nümunəsi üzərində düşünün. Yaqub insanın özündə gördüyü problemləri nə qədər tez həll etdiyini, yaxud hər nöqsanını aradan qaldıra bildiyini vurğulamır, əksinə, o bildirir ki, həmin adam «kamil qanununa... bağlı [qalır]» (Yaq. 1:25). O, güzgüdə gördüyünü yadda saxlayır və öz üzərində işləyir. Bəli, özünüzə müsbət gözlə baxmağa çalışın və qeyri-kamilliyinizə tarazlı yanaşın. (Vaiz 7:20 ayəsini oxu.) Kamil qanuna diqqətlə baxmağa davam edin və özünüzdə olan fədakarlıq ruhunu qorumağa çalışın. Yehova, qeyri-kamil olmalarına baxmayaraq, Onun lütfünü və xeyir-bərəkətini qazanan minlərlə bacı-qardaşa kömək etdiyi kimi, sizə də kömək etməyə hazırdır.